Bölgələrdə səsvermə yüksək fəallıqla keçdi

post-img

Mingəçevir

Mingəçevirdə sonuncu dəfə nə vaxt olmusunuz? Mən xidməti işimlə əlaqədar tez-tez gedirəm. “Nur şəhəri”nin siması, demək olar ki, hər gün dəyişir,  hər dəfə bir yeniliyin şahidi olursan.  Təkcə son illər iri istehsal müəssisələri, məcburi köçkünlər üçün qəsəbələr, şəhid ailələri və Qarabağ əlillərinə yaşayış binaları, Heydər Əliyev mərkəzi, Gənclər evi tikilib, ona yaxın park salınıb.  Görülən işlər çoxdur, lap çox.  

53  saylı  Yevlax – Mingəçevir seçki dairəsinin sədri İsrafil Bəkirovun dediyi kimi, müşahidəçilər prezident seçkilərinə, bax belə bir əhval-ruhiyyə ilə qatılıblar.  

İsrafil müəllim onu  da  bildirdi ki, 52 min 295 nəfər seçicinin səs verdiyi 54 məntəqədə 7 veb-kamera quraşdırılıb. Yaxınlaşıb istədiyiniz müşahidəçidən soruşa bilərsiniz. Heç bir qanun pozuntusu qeydə alınmayıb. Seçicilər fəallıq göstərirlər. Onların istədikləri namizədə səs vermələri üçün  hər cür şərait yaradılıb. 

37 saylı məntəqədə iki övladını eyni gündə itirmiş Sevinc Əhmədovanı görürəm. Hamı başına toplaşıb. “Şəhid anasına olan ehtiramı görürsünüzmü? –  deyə məntəqənin sədri Tünzalə Məmmədova bildirir. 

Sevinc Əhmədovanın evində bir dəfə olmuşam. Canlı muzey yaradıb.  Talış     və    Suqovuşanda qəhrəmancasına həlak olmuş oğlanları Əli və  İslamın ən xırda əşyasına qədər qoruyur. Bu dünyada qısa bir ömür  yaşayan şəhidlərin şəkilləri, paltarları, hər şeyi əziz bir  yadigar kimi saxlanılır. Bir dəfə demişəm. Bir də yazıram. “Niyə tək qalırsınız?” sualına Sevinc xanım   belə cavab  vermişdi: “Özüm istəmirəm.Yanımda kimsə olsa, balalarımla rahat söhbət eləyə bilmərəm”. 

Şəki

Heyran Aslanovanın 18 yaşı  var. İlk dəfə  səs verməyə gəlib. “Sevincimin həddi-hüdudu yoxdur, – deyir. Fəxr edirəm ki,  ilk dəfə məntəqəyə gəlib, növbədənkənar Prezident seçkilərində istədiyim namizədə səs verəcəm. Bunun üçün hər cür şərait yaradılıb”. 

Heyranın atası Sahib Aslanov hərbçidir. İndi pensiyaya çıxıb. Ailəliklə səsverməyə gəliblər. 

114 saylı Şəki şəhər seçki dairəsinin 43 saylı məntəqəsinin sədri Şaiq  Hüseynov bildirir ki,  indiyə qədər  belə fəallıq olmayıb. Hamı həvəslə seçki məntəqəsinə gəlir. Saat 12-dir. Artıq 1463 nəfər seçicidən 60 faizi seçkilərdə  iştirak edib.

Eyni sözləri dairə seçki komissiyasının sədri Kamran Rəsulov da dedi. Bildirdi ki, 18 məntəqədə veb-kameralar quraşdırılıb. Fəallıq açıq-aşkar hiss olunur. Seçkinin gedişini 593 müşahidəçi izləyir. Hər  şey aydın, hər şey şəffaf.  Bir dəfə də olsun  dairəyə hər hansı neqativ halla bağlı müraciət daxil olmayıb.  

Balakən 

...Diqqətli oxucunun bəlkə də yadındadır. Təxminən,  bir il əvvəl Balakəndə İqor Perekrestovla görüşüb onun haqqında  yazı  hazırlamışdım. İqor Pavloviç 1926-cı ildə dünyaya  gəlib. Krasnodarda doğulub.  Fevralın 1-də 98 yaşı tamam olub.  Bölgədə sağ qalan  yeganə müharibə veteranıdır. Əvvəllər bütün tədbirlərə dəvət edərdilər, söz verərdilər. Xatirələrini danışardı. Son illər isə  səhhətində  problemlər yaranıb.  Heç  hara  gedə bilmir, ayaqları sözünə baxmır. Amma diqqətdən kənarda qoymurlar. Rayon rəhbərliyi  tez-tez gəlib baş çəkir, qayğıları ilə maraqlanır.

110 saylı Balakən seçki dairəsinin 2 saylı məntəqəsinin sədri Elmira Tahirova bildirir ki, İqor Pavloviçin evinə səsvermə qutusu aparılıb. Müharibənin od-alovundan keçmiş ağsaqqal  layiq bildiyi  namizədə səs verib.

Seçki  dairəsinin sədri Vahid Əliyevlə əlaqə saxladıq. Bildirdi ki, seçki prosesində heç kəs kənarda qalmayıb. Hamıya bildiriş göndərilib. Məntəqələrlə daim əlaqə saxlayırıq. Fəallıq yüksəkdir. Heç bir  müdaxilədən söhbət gedə bilməz.

44 məntəqənin 8-də veb-kamera quraşdırılıb. Seçkinin gedişini ATƏT-in və MDB-nin müşahidəçiləri izləyir.

Qanun pozuntusunun olması barədə məlumat daxil olmayıb. Seçicilər sərbəst şəkildə  öz  fikirlərini ifadə ediblər.

Axşama yaxın Vahid Əliyevə zəng vurduq. Cavabı konkret oldu.  Seçicilərin  77,4 faizi seçkilərdə iştirak edib. 

İsmayıllı

...Anastasiya Kazakovanın bu il iyul ayının 7-də 100  yaşı tamam olacaq. Amma  deyir ki, sənədində doğulduğu ayı  səhv yazıblar. Əslində, o,  yanvarın 7-də dünyaya gəlib. Odur ki, keçən  ay qızları, oğlu, nəvələri yığışıb Anastasiya Qriqoryevnanın 100 illiyini  qeyd  ediblər.  

Bilsəydim, mən də gedərdim. Amma eybi yoxdur, iyul  ayında İvanovkada onun  ad gününü bir də qeyd edərik. Sağlıq olsun! 

Bu gün isə 100 yaşlı Nastya nənə ­İsmayıllının İvanovka kəndində  yerləşən 26 saylı məntəqəyə gəlib. Gəlib ki,  prezident seçkilərində iştirak  etsin,  istədiyi namizədə səs versin. 

Məntəqənin sədr müavini Svetlana Sqokova  bildirir ki,  açığı, təklif etdik ki, əziyyət çəkməsin, səsvermə qutusunu evlərinə  göndərək. Etiraz  etdi.  “Yox, – dedi. – Ailəliklə gəlib səs verəcəyik”.

Budur, gəliblər.   Görüşürük. Məni görən kimi tanıyır.  Keçən il evlərində qonaq olmuşam, çayını içmişəm.   Ayrılanda özünün toxuduğu yun corabı mənə hədiyyə verib: “Qışda  geyinərsən, qoy ayaqların isti olsun”, – deyib. 

Bülleteni götürüb səsvermə qutusuna yaxınlaşır. “Kimə səs verəcəksiniz” – deyə soruşuram. 

Cavabı kəsə  olur: “Balalarımızın, nəvələrimizin xoşbəxt gələcəyinə”. 

89 saylı  İsmayıllı seçki  dairəsinin sədri Əlirəmzi Məhərrəmovla  söhbət  zamanı məlum oldu ki,  100 yaşını keçmiş daha dörd nəfər seçici var ki, onların evlərinə səsvermə qutusu göndərilib.  106 yaşlı Səltənət Hacıyeva, 1920-ci ildə  anadan olmuş  Yasəmən Rəhimova Quşencədə doğulub,  101  yaşını  haqlayan Mənsurə Əliyeva və bir əsr ömür sürmüş Sara İbrahimova övladlarının, nəvə-nəticələrinin əhatəsində səs  verəcəklər. 

61 məntəqədə 6 veb-kamera quraşdırılıb.  Seçkinin gedişini 799  nəfər  müşahidəçi izləyir. 2230 nəfər isə ilk dəfə səs verəcək.

Qax

Hər dəfə Qaxdan nəsə yazanda istər-istəməz buranın başı qarlı dağları, zümrüd  meşələri gəlib  gözümün önündə dayanır. Burada yaşayan insanlara bir az da həsədlə  baxırsan. Təəccüblənməyin. Qaxın gözəlliyindən inanın ki, doymaq olmur ki, olmur. Tələbə  yoldaşım, rayonda çıxan “Şəlalə” qəzetinin baş redaktoru Xavər Əfəndiyeva  zəng vurub: “Seçki məntəqəsindəyəm,  – deyir. – Ömür-gün yoldaşım Qabillə  birlikdə səsverməyə gəlmişəm.  Rayonda əsl bayram əhval-ruhiyyəsi var. Hamı seçki məntəqəsinə tələsir”. 

113 saylı Qax–Şəki seçki  dairəsinin sədri Abdulkərim Əliyevlə əlaqə saxlayıram. Sevinclə deyir ki, Şəkinin Baş Layski kəndindəki 66 saylı məntəqədə bu gün 18 yaşı tamam olan Təmraz Xəlilovun  ad  günü qeyd  olunur. O, həm də ilk dəfə  səs  verəcək. Əməlli-başlı qələbəlik var. Hamı ora yığışıb. Təəssüf edirəm ki,  mən  gedə bilmirəm...

Qax rayonunda  seçkiləri 920 müşahidəçi izləyib. 10 məntəqədə veb-kamera quraşdırılıb. 

Günün sonunda dairə  sədri ilə əlaqə saxladıq. Söylədi ki,  seçicilərin  77,3  faizi səsvermədə iştirak edib.

Lənkəran

Dünən “Cənub mirvarisi”ndə, sözün əsl mənasında, bayram ab-havası   duyulurdu. Səhər saatlarından başlayaraq, şəhərdə, eləcə də rayonun qəsəbə və kəndlərində bir qələbəlik, coşqu hökm sürürdü. İnsanlar dəstə-dəstə seçki məntəqələrinə axışırdı.  

Qeyd edək ki, 76 saylı Lənkəran–Masallı Seçki Dairəsi üzrə 42 min 431 seçici qeydə alınmışdı. Onlar 38 məntəqədə səs verirdilər. Seçicilərin 3 min 239 nəfəri ilk dəfə səs verən gənclər, 1 nəfəri isə 100 yaşdan yuxarı insan idi. Bütün məntəqələrdə tibbi xidmət üçün yerlər ayrılmışdı. 1, 15, 18  və 27 saylı məntəqələrdə isə veb-kameralar quraşdırılmışdı. Məntəqələr digər təchizat vasitələri ilə yanaşı, seçicilərin müraciətinə əsasən, daşınan qutularla da təmin olunmuşdu. 

Rayonun Xarxatan kənd sakini, 104 yaşlı Qızvəs Səmid qızı Mehtiyeva  seçki dairəsinin 29 saylı məntəqəsində səs verib. Qeyd edək ki, 104 yaşlı Qızvəs Mehtiyevanın 7 övladı, 27 nəvəsi, 45 nəticəsi və 12 kötükcəsi var. Bütün balalarının, bütün xalqın daha xoşbəxt gələcəyini istədiyini dedi. 

Bu dairə üzrə seçkilər 20 Yanvar  şəhidi Asif Əsədullayevin adını daşıyan Şağlaser kənd orta məktəbinin binasında yaradılmış 26 saylı seçki məntəqəsində də fəal keçib. Burada səsvermə prosesi tam qayda-qanuna uyğun aparılıb.         

Məntəqə seçki komissiyasının sədri Ayıq Əliyev dedi:    

– Seçkilərin azad, şəffaf və demokratik şəraitdə keçirilməsi üçün hərtərəfli şərait yaradılıb, məntəqə lazımi avadanlıqlarla təmin olunub. Burada 1465 nəfər seçici var ki, onlardan da 7 nəfəri ilk dəfə ölkə başçısının seçilməsində iştirak edir.  Məntəqə üzvləri sırasında Yeni Azərbaycan Partiyasının, Böyük Quruluş Partiyasının və Bütöv Azərbaycan Xalq Cəbhəsinin  təmsilçiləri yer alıb.

Prezidentliyə namizəd Zahid Orucun müşahidəçisi Əflatun Dadaşov bildirdi  ki, ölkəmizin hər yerində olduğu kimi, Lənkəran rayonunda da sağlam mənəvi-psixoloji mühit yaradılıb. 

– Ona görə də çox nikbinik. Sabaha böyük ümidlərlə baxırıq. Zəfər seçkilərində hər kəs qəlbinin hökmü ilə istədiyi namizədə səs verir. Məntəqədə müşahidə apardığım müddətdə bütün işlərin Seçki Məcəlləsinə uyğun qurulduğunun bir daha şahidi oldum.

Gənc seçici 19 yaşlı Lalə Ağazadə: 

– Lənkəran Dövlət Universiteti nəzdində sosial-aqrar texnoloji kollecin 2-ci kurs tələbəsiyəm. İlk dəfədir ki, seçici hüququndan istifadə edirəm.  Mənim üçün bu prosesi görmək çox maraqlıdır. Bir gənc olaraq düşünürəm ki, daha yaxşı gələcəkdə yaşamaq bizim də haqqımızdır. Ona görə də inkişafın davamlı və daimi olmasına səs verdim.   

Sonra yolumuzu 77 saylı Lənkəran şəhər seçki dairəsinin 2 saylı məntəqəsindən saldıq. Burada da qələbəlik idi. Azərbaycanın Milli Qəhrəmanı Əsgər Əliyevin atası Hacı Ələkbər Əliyev ürək sözlərini belə ifadə etdi:  

– İnsanların seçkilərdə öz vətəndaşlıq borclarını yerinə yetirmələri məni valeh edir. Seçicilər fəaldırlar. Belə də olmalıdır. Çünki bu seçkilərlə onlar dövlətin və xalqın gələcəyinə səs verirlər. Azərbaycan bizim Vətənimizdir və xoşbəxt sabahımız üçün namizədlərin ən layiqlisinə səs verməklə özümüzə dövlət başçısı seçmək müstəsna hüququmuzdur. Vətənini və xalqını sevən hər bir vətəndaş ölkəsinin taleyinə və mənafeyinə heç vaxt laqeyd qala bilməz. 

Müstəqil müşahidəçi Əlimərdan Əliyev də söhbətə qoşuldu: 

– Müşahidəçilər üçün hər cür şərait yaradılması sevindiricidir. Mən burada olduğum müddətdə məntəqədə heç bir qanun pozuntusuna rast gəlmədim. Seçicilər sərbəst şəkildə istədikləri namizədə səs verirlər. ATƏT nümayəndələri də Lənkəranda apardıqları müşahidələrdən razılıq ediblər. Onlar 37 saylı seçki məntəqəsində müşahidə aparıblar.

Bu seçki dairəsinin seçicisi Ümbulbani Hüseynovanın evinə yaşlı, xəstə və əlilliyi olan şəxslər üçün ayrılmış daşınan seçki qutusu aparılıb. O, şəhid Ehtiram Hüseynovun anasıdır.  Ümbulbani ananın dedikləri:

– Hər birinizə təşəkkür edirəm. Mənim müraciətimi qəbul edib gəlmisiz. Arzum idi seçkilərdə iştirak etmək. Səhhətim imkan vermədiyi üçün məntəqəyə gedə bilmədim. Şükür, arzum yerinə yetdi. Azərbaycanın gələcəyinə, xoşbəxtliyinə səs verdim. Bir oğul itirmişdim, min oğul qazandım.

Boladi kəndindən 103 yaşlı Şananə Mahmudovanın ötən il qonağı olmuşduq. Köklü-köməli, qol-budaqlı bir nəslin ağbirçəyidir. 10 övladı, 24 nəvəsi, 50 nəticəsi var. Bu günsə öyrəndik ki, növbədənkənar prezident seçkilərində səsini səslərə qataraq övladlarının, nəvə-nəticələrinin, bir sözlə, bütün xalqımızın daha gözəl, xoş günlərini diləyib.

Saatlı 

66 saylı Saatlı seçki dairəsi  üzrə növbədənkənar prezident seçkilərində  50 min 616 seçicinin 50 seçki məntəqəsində səsvermə hüququndan istifadə etməsi nəzərdə tutulmuşdur. Səsvermə başlanandan seçki məntəqələrində böyük canlanma yarandı. Seçkilərə hazırlıq prosesinin qanunvericilik çərçivəsində aparılması seçki zamanı özünü biruzə vedri. Aşağı seçki komissiyasının üzvləri hər hansı bir problemlə qarşılaşmadılar. Çünki MSK-nın təşkil etdikləri treninqlərində  seçki ilə bağlı bilik və bacarıqlarını daha da təkmilləşdirmişdilər. Bu barədə dairə seçki komissiyasının sədri  Arif Əliyev məlumat verdi.

DSK sədri qeyd etdi ki, 7 seçki məntəqəsində veb-kameralar quraşdırılıb. Fiziki qüsurlu seçicilərin səsvermə hüququnu təmin etmək məqsədilə 12 seçki dairəsində panduslar qoyulub. 5 və 10 saylı məntəqələrdə daha böyük coşqu və mütəşəkkillik olub. 

5 saylı seçki məntəqəsinin sədri Çingiz Fətullayevlə əlaqə yaratdıq. Dedi ki, seçkiyə böyük maraq var. Düşünürəm ki, bu, seçkilərin Azərbaycanın bütün ərazisində keçirilməsi ilə əlaqədardır. Ona görə də adları seçici siyahısında olan 957 nəfərin hamısı səsvermədə iştirak etmək istəyir. 

Məntəqə sədri dedi ki, bu il ilk dəfə səs verən  14 nəfərin hamısı səsvermədə iştirak edib. Özləri də etiraf etdilər ki, ilk dəfə səsvermədə iştirakları çox uğurlu və yaddaqalan olacaq. Çünki  ilk dəfə səs vermələri Zəfər seçkisinə təsadüf edib. Ç.Fətullayev səsverməyə əlil ­arabasında gələnlərin də olduğunu bildirdi. Bu da prezident seçkilərinə böyük marağın olmasının göstəricisidr. Bir də ki, qazilərimizin Zəfər seçkisində iştirak etmələri onların haqqıdır. Axı Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasında qazilərimizin zəhməti əvəzsiz olub.

Ç.Fətullayev seçki zamanı hər hansı bir xoşagəlməz hadisənin baş ­vermədiyini bildirdi.

10 saylı seçki məntəqəsinin sədri Ağaxəlil Əzizovun seçki sahəsində təcrübəsi böyükdür. Bu seçkilərdə də iştirak etmək, məntəqə seçki komissiyasına sədrlik etməkdən qürur duyduğunu bildirdi. Dedi ki, növbədənkənar prezident seçkilərində məntəqədə 1429 nəfərin səs verməsi nəzərdə tutulmuşdu. Seçkiyə hazırlıq işləri yüksək səviyyədə həyata keçirilmişdi. Elə buna görə də seçki zamanı hər hansı problemlə qarşılaşmadıq. Bunu məntəqəmizə gələn müşahidəçilər də hiss etdilər. Səsvermədə 8 şəhid ailəsi və 7 qazi də iştirak edib. 

A.Əzizov yaşlıların da seçkidə şəxsən iştirak etdiklərini bildirdi. Sanki Zəfər seçkisində iştirak etməyi hər kəs özünə şərəf bilirdi. Ona görə də seçkilər mütəşəkkil şəraitdə başa çatdı.

Şirvan

Fevralın 7-də respublikamızın hər yerində olduğu kimi, Şirvan şəhərində də  növbədənkənar prezident seçkiləri keçirilib. Səhər saatlarından bütün məntəqələrdə seçici fəallığı müşahidə olunub.

Şəhərdə fəaliyyət göstərən 51 saylı Şirvan və 68 saylı Sabirabad – Şirvan seçki  dairələrini əhatə edən 47 seçki məntəqəsi səhər saat 8:00-da öz qapılarını seçicilərin üzünə açıb. 

Dairə seçki komissiyalarından verilən məlumata əsasən, səsvermənin azad, demokratik və şəffaf keçməsi üçün lazımi şərait yaradılıb, seçki məntəqələri zəruri texniki vasitələrlə, o cümlədən mürəkkəb balonları və ultrabənövşəyi lampalarla təchiz edilib. 

Məntəqələrdə səsvermənin gedişini müxtəlif siyasi partiyalar və qeyri-hökumət təşkilatlarını təmsil edən yerli, habelə nüfuzlu beynəlxalq təşkilatlardan çoxlu sayda müşahidəçi izləyib. 

Səhhəti ilə əlaqədar seçki məntəqəsinə gələrək səsvermədə iştirak edə bilməyən vətəndaşların yaşadığı evə daşınan seçki qutuları aparılır və onların seçkidə iştirakı təmin edilib.

Şirvan sakinləri seçkilərin şəffaf keçirilməsini yüksək qiymətləndiriblər. Şəhid atası Rəhim Hüseynov seçkilərdə fəal iştirak edənlərdən biridir. O, hər kəsi seçkilərdə fəal iştirak etməyə çağırıb: – Bu gün ölkənin hər yerində seçki bayramıdır. Gəlin, müharibədə birləşdiyimiz kimi bir yumruq olaq, ən layiqli olana səs verək. 

Qeyd edək ki, 2 seçki dairəsinin 12 seçki məntəqəsində veb-kameralar quraşdırılıb. Seçki dairələri üzrə 57 min 510 nəfər səsvermə hüququ olan vətəndaşın adı siyahıya alınıb. Onlardan 1223 nəfəri ilk dəfə səsverənlərdir.

 

Səhifəni hazırladılar:
Əli NƏCƏFXANLI, 
İlqar HƏSƏNOV, 
Əliqismət BƏDƏLOV, 
Fidan SALMANOVA, 
XQ

 













Son xəbərlər