Xaricdə yaşayan soydaşlarımız Vətənin uğurlarına səs veriblər

post-img

Türkiyə

Azərbaycanın Türkiyədəki diplomatik nümayəndəliklərində təşkil olunan məntəqələrdə həmvətənlərimizin seçkilərə yüksək marağı müşahidə edilib. Ölkənin müxtəlif bölgələrində yaşayan azərbaycanlılar səhər saatlarından başlayaraq, xüsusi ayrılmış avtobuslarla və səyyar avtomobilləri ilə seçki məntəqələrinə gələrək səs veriblər.

Azərbaycanın Türkiyədəki səfirliyində 46 və 47, İstanbuldakı Baş konsulluğunda 53 və 54, Qarsdakı Baş konsulluğunda isə 55 saylı seçki məntəqələri yaradılıb. Türkiyədə daimi və ya müvəqqəti yaşayan, uzunmüddətli ezamiyyətdə və ya ümumiyyətlə, hazırda Türkiyədə olan 18 yaşına çatmış, aktiv seçki hüququna malik Azərbaycan vətəndaşları yerli vaxtla saat 19:00-dək seçki məntəqələrinə gələrək səsvermə hüququnu həyata keçiriblər.

Səsvermə prosesi Azərbaycan Respublikasının Konstitusiyasına, Seçki Məcəlləsinə və bu sahədəki digər qanunvericilik aktlarına uyğun aparılıb.

Qazaxıstan

Qazaxıstanın Aktau şəhərində yaşayan azərbaycanlılar da növbədənkənar prezident seçkilərində iştirak ediblər. 

Secki-2024.az saytı xəbər verib ki, səhər saatlarından seçicilər arasında aktivlik müşahidə edilib. Onlar kütləvi şəkildə seçki məntəqəsinə gələrək səsvermədə iştirak ediblər.

Özbəkistan

Fevralın 7-də Azərbaycanda keçirilən növbədənkənar prezident seçkiləri ilə bağlı ölkəmizin Özbəkistandakı səfirliyində səsvermə keçirilib.

Səfirlikdə yaradılan seçki məntəqəsində Daşkənddə və paytaxta yaxın yerlərdə yaşayan Azərbaycan vətəndaşları, Özbəkistanda keçirilən tədbirlərdə iştirak etmək üçün dost ölkəyə gələn vətəndaşlarımız iştirak ediblər. 

Azərbaycanın Özbəkistandakı səfiri, məntəqə seçki komissiyasının sədri Hüseyn Quliyev bildirib ki, səfirlikdə qeydə alınan 249 Azərbaycan vətəndaşının 235- i seçkidə iştirak edib. Seçkilərin şəffaf və demokratik keçirilməsi üçün səfirlikdə hər cür şərait yaradılıb. 

Hüseyn Quliyev deyib: “Çox şadam ki, bu seçkilər Qarabağ tam azad olunduqdan sonra keçirilir. Hazırda tamamilə dağıdılan yeddi şəhər və rayonumuzun bərpası və yenidən qurulması yolunda iş aparılır. Əminəm ki, bu istiqamətdə layihələrimiz yüksək səviyyədə həyata keçiriləcək. Mən bu gün Azərbaycanın iqtisadi inkişafına, sabitliyinə, Qarabağın dirçəldilməsinə, əhalinin maddi rifah halının yaxşılaşmasına səs verdim”.  

İş adamı Nazim Musazadə isə deyib ki, Azərbaycanın qalib və qürurlu vətəndaşı kimi öz namizədimə səs verdim, əminəm ki, seçimimdə yanılmamışam. 

Macarıstan

Macarıstanda yaşayan soydaşımız, Gənclərin İnteqrasiyası və İnkişafı Assosiasiyasının sədri Ramil Şükürov  deyib ki, hazırkı prezident seçkiləri onun iştirak etdiyi birinci səsvermədir.

Onun sözlərinə görə, bu hadisə həm də onunla əlamətdardır ki, prezident seçkiləri ilk dəfə Azərbaycanın bütün ərazisində keçirilir.

Diaspor fəalı deyib: “Növbədənkənar prezident seçkilərini haqlı olaraq xüsusi əhəmiyyətə malik Qələbə seçkiləri adlandırmaq olar. Bu səbəbdən çox həyəcanlıyam”.

Ramil Şükürov hələ də səsvermədə iştirak etməyən diaspor nümayəndələrini səfirliyə gələrək öz seçimlərini etməyə çağırıb.

Xatırladaq ki, Azərbaycanın Macarıstandakı səfirliyində yaradılmış seçki məntəqəsində yerli vaxtla saat ­08:00-dan növbədənkənar prezident seçkiləri ilə bağlı səsvermə keçirilir.

Pakistan

Dünən növbədənkənar Azərbaycan Respublikası prezidenti seçkiləri ilə əlaqədar ölkəmizin Pakistandakı səfirliyində də səsvermə keçirilib.

Səfirlikdən bildiriblər ki, Pakistanda yaşayan və ya uzunmüddətli xarici ezamiyyətdə olan Azərbaycan vətəndaşlarının Seçki Məcəlləsinə uyğun olaraq səsvermə hüququnun təminatı üçün səfirlikdə 16 saylı Yasamal ikinci seçki dairəsi üzrə 54 saylı məntəqə seçki komissiyası yaradılıb.

Səfirlikdə yaradılan məntəqədə bu ölkədə yaşayan vətəndaşlarımızla yanaşı, müxtəlif səbəblərdən həmin gün İslamabadda olacaq səsvermə hüququna malik seçicilər də səs veriblər.

Qeyd edək ki, Azərbaycanın Pakistandakı səfirliyində ilk dəfədir seçki məntəqəsi yaradılıb və səsvermə keçirilib.

Gürcüstan

Fevralın 7-nə təyin olunmuş növbədənkənar prezident seçkiləri ilə əlaqədar Azərbaycanın Gürcüstandakı səfirliyində məntəqə seçki komissiyası yaradılıb.

Komissiyasının sədri, səfir Faiq Quliyev bildirib ki, bu seçkilər ölkəmiz üçün tarixi hadisədir. Müstəqilliyin bərpasından sonra ilk dəfədir ki, Azərbaycanın bütün bölgələrində prezident seçkiləri keçirilib. Hazırda Gürcüstanda çalışan, təhsil alan, müvəqqəti ezamiyyətdə olan 18 yaşına çatmış və səsvermə hüququna malik Azərbaycan Respublikasının vətəndaşları bu gün səfirlikdə istədikləri namizədə səs veriblər. Bunun üçün səfirlikdə hər cür şərait yaradılıb.

Vətəndaşları fəal səsverməyə dəvət edən səfir özü ilk növbədə səs verib. Diplomat səfirlik əməkdaşlarına və səs vermək üçün səfirliyə gələn insanlara uğurlar arzulayıb.

Batumidə də məntəqə seçki komissiyası yaradılıb. Komissiyanın sədri, Baş konsul Pərviz İsmayılzadə bildirib ki, məntəqədə konsulluğun əməkdaşları ilə yanaşı, Batumidə fəaliyyət göstərən Azərbaycan şirkətlərinin əməkdaşları, azərbaycanlı tələbələr, eləcə də həmin gün müvəqqəti olaraq Batumidə səfərdə olan və xidməti vəzifələrini icra edən Azərbaycan vətəndaşları səs veriblər. Onların sərbəst şəkildə səs vermələri üçün hər cür şərait yaradılıb.

Pərviz İsmayılzadə konsulluğun əməkdaşlarına və Batumidəki soydaşlarımıza uğurlar arzulayıözü isə ilk səs verən olub.

Rusiya

Azərbaycanın Moskvadakı səfirliyində yaradılan seçki məntəqələrində ­2500-dən çox Azərbaycan vətəndaşı qeydiyyatdan keçib.

Moskvada və Moskva vilayətində yaşayan 18 yaşına çatmış, daimi və ya uzun müddət Rusiya Federasiyasının ərazisində yaşayan Azərbaycan vətəndaşları səsvermədə iştirak etmək imkanı qazanıblar. Səhər saat 8:00-dan açılmış məntəqələrdə Azərbaycan vətəndaşlarının səs verməsi üçün hər bir şərait yaradılmış, müasir texniki vasitələrlə təchiz olunmuşdu. Moskvanın ali məktəblərində təhsil alan azərbaycanlı tələbələr sırasında seçkilərdə ilk dəfə iştirak edən gənclərə səfirik tərəfindən xüsusi hədiyyələr də təqdim olunub.

Azərbaycanın Sankt-Peterburqdakı Baş Konsulluqdakı seçki məntəqəsinin seçici siyahısında isə 1 030 nəfər seçici qeydə alınıb. Səsvermənin gedişi prosesində MDB Parlamentlərarası Assambleyasının (PA) müşahidəçiləri məntqəyə gəliblər. MDB Parlamentlərarası Assambleyasının Demokratiyanın İnkişafının Monitorinqi Beynəlxalq İnstitutunun eksperti Satnisalv Tkaçenko bildirib ki, MDB PA-nın müşahidəçiləri həm səsvermənin gedişini, həm də səslərin hesablanması prosesini müşahidə ediblər.

Növbədənkənar prezident seçkiləri ilə əlaqədar Rusiyada 4 seçki məntəqəsi yaradılıb. 

Ukrayna

Azərbaycanda keçirilən növbədənkənar prezident seçkiləri ilə əlaqədar Kiyevdə səsvermə başa çatıb. Səsvermə seçici fəallığı ilə müşahidə edilib. 

Seçki məntəqəsinin seçici siyahısında olan Azərbaycan vətəndaşlarının böyük əksəriyyəti səsvermədə iştirak edib. Seçki komissiyasının üzvü Sabir ­Rzayev  bildirib ki, Kiyevdə yaradılan seçki məntəqəsində səsvermə uğurla başa çatıb. Ukraynanın müxtəlif bölgələrində yaşayan Azərbaycan vətəndaşları gələrək səsvermədə iştirak etdilər: “Bu gün Ukrayna ərazisinə, o cümlədən Kiyevə raket hücumuna baxmayaraq, vətəndaşlarımız 500-600 kilometr məsafəni qət edərək seçkilərdə iştirak etdilər”.

Belarus

Fevralın 7-nə təyin edilmiş növbədənkənar prezident seçkisi ilə əlaqədar Azərbaycanın Belarusdakı səfirliyində səsvermə uğurla başa çatıb.

Belarusdakı səfirliyində yaradılmış seçki məntəqəsində səsvermə yerli vaxtla saat 19:00-da başa çatıb.

Seçicilərin 78 faizə yaxını Zəfər seçkisində səsvermədə iştirak edib.

Səsvermə prosesi zamanı seçki komissiyasına hər hansı şikayət daxil olmayıb.

Çin

Çin Xalq Respublikasındakı səfirliyimizdə Azərbaycan prezidenti seçkiləri ilə əlaqədar səsvermə keçirilib.

Səsvermə prosesi Azərbaycan Respublikası Konstitusiyasına, Seçki Məcəlləsinə və bu sahədəki digər qanunvericilik aktlarına uyğun aparılıb. Məntəqə lazımi əyani vəsaitlərlə təmin edilib, burada səs verən seçicilərin siyahısı tərtib olunub. Yaşı 18-ə çatmış və seçki hüququna malik digər vətəndaşlarımız Azərbaycan Respublikasının etibarlı pasportu və ya şəxsiyyət vəsiqəsi ilə səsvermədə iştirak ediblər.

Seçicilərin öz iradələrini azad və sərbəst şəkildə bildirmələri üçün lazımi şərait yaradılıb.

Böyük Britaniya 

Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı Səfirliyində 7 fevral Azərbaycan Respublikası prezidenti seçkiləri ilə bağlı yaradılmış seçki məntəqəsində səsvermə prosesi uğutla başa çatıb.

Səfirlikdən bildirilib ki, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında, İslandiya Respublikasında və İrlandiya Respublikasında daimi yaşayan və ya müvəqqəti olan, yaxud uzunmüddətli ezamiyyətdə olan 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşlarının daxil olmuş müraciətləri əsasında seçici siyahısına daxil edilməsi məqsədilə səfirlikdə qeydiyyat aparılıb. Həmin şəxslər böyük əksəriyyətlə səsvermədə iştirak ediblər.

İtaliya

Növbədənkənar prezident ­seçkiləri ilə əlaqədar Azərbaycanın İtaliyadakı səfirliyində yaradılan 15 saylı Yasamal birinci seçki dairəsinin 39 saylı məntəqəsində səsvermə prosesi seçici fəallığı şəraitində keçib.

İtaliya, Malta və San-Marinoda daimi və ya müvəqqəti yaşayan, o cümlədən bu ölkələrdə uzunmüddətli xarici ezamiyyətlərdə olan və 18 yaşını tamamlamış, aktiv seçki hüququna malik vətəndaşlarımız seçici hüququndan istifadə etməklə səsvermədə fəallıq göstəriblər.

Seçicilər iradələrini azad formada ifadə etməklə sərbəst şəkildə səsvermə hüquqlarından istifadə etdiklərini ­bildiriblər.

Polşa 

Azərbaycanın Polşadakı səfirliyində yaradılmış seçki məntəqəsində ­səsvermə prosesi yüksək seçici fəallığı ilə müşahidə olunub.

Varşavada və digər şəhərlərdə yaşayan 100-dən çox soydaşımız seçkidə iştirak edib. Polşa Azərbaycanlıları Şurasının rəhbəri Fərid Cəfərli bildirib: “Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı dünyanın müxtəlif ölkələrində olduğu kimi, Polşada da soydaşlarımız həmrəylik nümayiş etdirdilər. Biz də öz növbəmizdə Polşa Azərbaycanlıları Şurası olaraq, vətəndaş mövqeyi sərgiləyib həm səfirlikdə səsvermədə iştirak etdik, həm də vətəndaşlarımızın seçkidə iştirakı üçün hərtərəfli kömək etməyə çalışdıq. 

Polşanın digər şəhərlərində yaşayan 70-dən çox soydaşımızın seçkidə iştirakı üçün nəqliyyat vasitələrinin təşkilini həyata keçirdik. Bu qədər soydaşımızı bir arada görmək və bu işin təşkilində iştirak etmək həqiqətən çox qürurvericidir. Polşadakı soydaşlarımız da qalib ölkənin vətəndaşları kimi səsvermə hüquqlarından böyük qürur hissi ilə istifadə etdilər”.

Koreya 

Növbədənkənar Azərbaycan Respublikası prezidentinin seçkiləri ilə əlaqədar Koreya Respublikasındakı səfirliyimizdə yaradılan seçki məntəqəsində yerli vaxtla səhər saat 8:00-da (Bakı vaxtı ilə 03:00) səsverməyə start verilib. 

Bakı ilə saat fərqinə əsasən, səsvermə prosesi ilk olaraq ölkəmizin Seuldakı səfirliyində yaradılan məntəqə seçki komissiyasında başlayıb. Səsvermə prosesi Azərbaycan Respublikası Konstitusiyasına, Seçki Məcəlləsinə və bu sahədəki digər qanunvericilik aktlarına uyğun aparılır. Məntəqə lazımi əyani vəsaitlərlə təmin edilib, burada səs verən seçicilərin siyahısı tərtib olunub. Yaşı 18-ə çatmış və aktiv seçki hüququna malik Azərbaycan vətəndaşları Azərbaycan Respublikasının etibarlı pasportu və ya şəxsiyyət vəsiqəsi ilə səsvermədə iştirak ediblər. Seçicilərin öz iradələrini azad və sərbəst şəkildə bildirmələri üçün lazımi şərait yaradılıb.

Avstriya

Növbədənkənar Azərbaycan Respublikasının prezidenti seçkiləri ilə əlaqədar Azərbaycanın Avstriyadakı səfirliyində yaradılmış 17 saylı Yasamal üçüncü seçki dairəsinin 44 saylı seçki məntəqəsində səsvermə keçirilib.

Proses Azərbaycan Respublikası Konstitusiyasına, Seçki Məcəlləsinə və bu sahədəki digər qanunvericilik aktlarına uyğun aparılıb. Seçki məntəqəsi lazımi əyani vəsaitlə təmin edilib, burada səs verəcək seçicilərin siyahısı tərtib olunub, məntəqə seçki komissiyasının bir neçə dəfə iclası keçirilib. Konsulluq qeydiyyatında olan Azərbaycan vətəndaşları seçkilər barədə məlumatlandırılıb.

Seçki məntəqəsində səsvermə prosesində yüksək fəallıq müşahidə olunub. 

Moldova

Növbədənkənar prezident seçkilərində Moldovada müvəqqəti yaşayan və ezamiyyətdə olan vətəndaşlarımız da fəal iştirak ediblər.

Azərbaycanın Moldovadakı səfirliyində yaradılmış seçki məntəqəsində səsvermə yerli vaxtla saat 08:00-da (Bakı vaxtı ilə saat 10:00) başlayıb.

Seçki komissiyasından bildiriblər ki, Zəfər seçkilərində vətəndaşlarımız fəal iştirak ediblər. Onların arasında ilk dəfə səs verən gənclərimiz də var.

Seçkilərdə ilk dəfə iştirak edən Yəhya Muxtarov: “Qalib ölkənin vətəndaşı kimi Zəfər seçkilərində iştirak etmək olduqca qürurvericidir. Çünki bu səsvermə ilk dəfə olaraq Azərbaycanın bütün ərazisində keçirilir. Moldovada ilk dəfə seçkilərdə iştirak edən seçicilərin hamısı özlərini çox xoşbəxt hesab edir”.

İsveçrə

Prezident seçkiləri ilə əlaqədar Azərbaycan Respublikasının İsveçrə Konfederasiyası və Lixtenşteyn Knyazlığındakı səfirliyində yaradılmış 16 saylı Yasamal ikinci seçki dairəsinin 51 saylı seçki məntəqəsində səsvermə keçirilib.

Məntəqədə yerli vaxtla saat 8:00-da başlayan səsvermə prosesinin qanunvericiliyə tam uyğun qaydada keçirilməsi üçün hər cür şərait yaradılıb. Səsvermə prosesi qanunvericiliyin tələblərinə uyğun qaydada, demokratik, şəffaf və ədalətli şəkildə keçirilir. Azərbaycan vətəndaşları səsvermədə fəal iştirak ediblər.

Fransa

Azərbaycan prezidenti seçkiləri ilə əlaqədar Fransada səsvermə prosesinə yekun vurulub.

Fransadakı vətəndaşlarımız Parisdəki səfirliyimizdə yaradılan 16 saylı Yasamal ikinci seçki dairəsinin 46 saylı seçki məntəqəsində Zəfər seçkisində fəal iştirak ediblər. Həmvətənlərimizin səs verməsi üçün hər bir şərait yaradılmış və seçicilər sərbəst şəkildə səsvermə hüququndan istifadə ediblər. Tam azad, şəffaf və demokratik qaydada keçən səsvermə zamanı heç bir qanun pozuntusu qeydə alınmayıb, seçki komissiyasına hər hansı şikayət daxil olmayıb.

   Fransa vaxtı ilə saat 19:00-da səsvermə prosesi başa çatıb və məntəqə bağlanıb. Seçki qutusunun açılması və səslərin sayılmasına başlanıb.

Buxarestdə səsvermə prosesi seçicilərin yüksək fəallığı ilə başa çatıb.

 

Səhifəni “Xalq qəzeti”nin və xəbər agentliklərinin materialları əsasında Tahir Aydınoğlu hazırlayıb.

 

















Son xəbərlər