Bölgələrdə səsvermə yüksək fəallıqla keçdi

post-img

GƏNCƏ

Növbədənkənar prezident seçkiləri günündən bir gün qabaq da şəhərdəki seçki məntəqələrinə baş çəkmişdik. Yerlərdə olan səliqə-səhman, hər xırda detalların belə, dönə-dönə yoxlanılması, məntəqə seçki komissiyaları üzvlərinin hazırlığı diqqətimizi cəlb etmişdi. Əvvəldən hiss olunurdu ki, şəhərdə bu seçkilər çox böyük mütəşəkkiliklə keçiriləcəkdir. Belə də oldu...

Fevralın 7-si səhər saat 8-in yarısıdır. Şəhərdə hara baxırsan adamlarla qarşılaşırsan. Hərə öz məntəqəsinə tələsir. Bir azdan seçki məntəqələrinin qarşısında növbələr yaranır. Hamı səbirsizliklə qapıların açılmasını gözləyir. 

Mərkəzi kitabxana binasında yerləşən seçki məntəqəsinə daxil oluruq. Əməlli-başlı qələbəlikdir. Məntəqənin sədri bildirir ki, xarici müşahidəçilər də öz heyranlıqlarını gizlədə bilmirdilər və açıqça deyirdilər ki, biz hələ heç harda seçkiyə bu qədər maraq göstərilməsinin şahidi olmamışıq. 

92 yaşlı seçici Fərrux Abdulayevlə ayaqüstü söhbət edirəm. Yanında dayanan həyat yoldaşı Valentina Abdullayevanı göstərərək “bayaqdan deyirəm bu məntəqədə ən yaşlı seçici mənəm, inanmır”. Çox seçkilərdə iştirak etmişəm, belə mütəşəkkillik heç vaxt görməmişəm” deyir.

Şəhərdəki 38 saylı məktəbdə təşkil olunan məntəqədə də xeyli seçici var. Məntəqə seçki komissiyasının üzvü Xumar Zeynalova səsvermənin gedişi haqqında məlumat verir:

– Artıq saat 3-ə kimi 805 nəfər seçicimiz səs verib. ATƏT-dən gələn müşahidəçilər Zauqin Kimberli, Eqan Brayn saat 2-nin yarısında burada idilər. Özləri də seçkinin necə şəffaflıqla keçirildiyinin şahidi oldular.

Məntəqənin sədri Yeganə Məmmədova bildirdi ki, 1393 seçicimiz var. Onların 90 faizindən çoxunun gəlib səs verəcəyinə inanıram.

... “Gəncə-Dəyirman” ASC-nin inzibati binasında yerləşən 40 saylı Dairə Seçki Komissiyasının 27 saylı məntəqəsində olan gözəl abu-hava, seçki əhval ruhiyyəsi diqqətimizi cəlb etdi. Seçicilər növbə ilə bülleten götürür, kabinələrə keçir və həvəslə səs verirdilər.

Qeyd edək ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov da seçkilərdə iştirak edib. Şəhər rəhbəri 40 saylı Gəncə üçüncü seçki dairəsinin 11 saylı seçki məntəqəsində səs verib.

Bütövlükdə isə Gəncə şəhəri üzrə 4 Dairə Seçki Komissiyası yaradılıb ki, bunlardan 38 saylı Gəncə birinci, 39 saylı Gəncə ikinci, 40 saylı Gəncə üçüncü və 41 saylı Gəncə-Samux-Goranboy seçki dairələridir. 

Dünən şəhər üzrə 133 seçki məntəqəsi fəaliyyət göstərmiş, səsvermə hüququ olan vətəndaşların sayı isə 180 min 582 nəfər olmuşdur. Şəhərin bütün məntəqələrində yüksək seçici fəallığı var idi. 

Səsvermə saat 19:00-da başa çatmış və məlum olmuşdur ki, 38 saylı Gəncə I seçki dairəsində 74,8 faiz, 39 saylı Gəncə II seçki dairəsində 75,64 faiz, 40 saylı Gəncə III seçki dairəsində 74,35 faiz, 41 saylı Gəncə–Samux–Goranboy seçki dairəsində 75,32 faiz seçici iştirak etmişdir.

GÖYGÖL

– Göygöldə seçicilərin fəallığı həm doğma Qarabağımızın yağı düşməndən tamamilə azad edilməsi, həm də son vaxtlar bu rayonda aparılan geniş abadlıq-quruculuq işləri ilə bağlıdır. Dövlət başçımızın Göygöl rayonuna göstərdiyi diqqət və qayğı hər bir sakinin ürəyindən xəbər verir…

Bu sözləri Yeni Qızılca kəndinin sakini Çingiz Vəliyev dedi. 

100 saylı Göygöl-Daşkəsən-Kəlbəcər seçki dairəsinin 51 saylı seçki məntəqəsində səs verən 90 yaşlı Daşdəmir Məmmədov da ölkəmizdə, eləcə də rayonda aparılan geniş miqyaslı quruculuq işlərindən razı qaldığını bildirdi.

…Qutular açılarkən məlum oldu ki, Göygöl–Daşkəsən–Kəlbəcər seçki dairəsində 75,11 faiz seçici iştirak etmişdir.

SAMUX

Samux rayonunda seçki prosesi əvvəlki seçkilərdən həm də ona görə seçilirdi ki, insanlar səhər tezdən məntəqələrə axışmışdılar. Yaşlı insanlar söyləyirdi ki, əvvəllər heç vaxt bu cür qələbəlik görməyiblər.

“Yeni Samux” qəzetinin redaktoru Azər Əhmədov məlumat verdi ki, indicə 1saylı məktəb-litseydəki seçki məntəqəsindən gəlirəm və hələ də orada gördüklərimin təəssüratı altındayam. Dedi ki, seçicilərin belə fəallığı adamda qürur hissi oyadırdı. Buradakı 1 saylı məntəqədə 1299 seçici qeydiyyatdadır. İlk səs verən isə Gəncə Dövlət Universitetinin 18 yaşlı tələbəsi Ayşən Məmmədova olub. Jurnalist həmkarımız onu da bildirdi ki, 5 saylı məntəqədə səs verən Səfərova Ziynət Yaqub qızının seçki günü 100 yaşının tamam olması da böyük bir hadisə kimi qarşılandı və keçmiş ibtidai sinif müəllimini evində gül-çiçək dəstələri ilə təbrik etdilər.

GƏDƏBƏY

103 saylı Gədəbəy seçki dairəsinin sədri Xaliq Xudaverdiyev səhər saat 8 radələrində özünün facebook səhifəsinə bir neçə şəkil yerləşdirərək yazırdı: “Xalq seçim üçün məntəqələrə axışır. Budur Gədəbəylilər! Xalq öz liderini seçir. Birinci və ikinci Qarabağ müharibəsində qəhrəmanlıq nümayiş etdirən əziz həmvətənlərimə eşq olsun! Yaşasın Azərbaycan!”

Bir azdan komissiyanın sədri ilə əlaqə saxlayırıq. Deyir ki, sevincimin həddi-hüdudu yoxdur. Təvəzökarlıqdan uzaq olsa da fəxrlə bildirmək istəyirəm ki, dairəmizin 20 saylı məntəqəsində ilk səs vermək mənə qismət oldu və bununla qürur duyuram.

Öyrənirik ki, digər bir məntəqədə ilk dəfə səs verən Şəfa Abdullayevanın isə həmin gün18 yaşı tamam olmuşdur və bu münasibətlə ona Mərkəzi Seçki Komissiyasının hazırladığı xüsusi vəsiqə təntənə ilə təqdim olunmuşdur.

Sədr məlumat verdi ki, saat 3-ə kimi seçicilərin 28 min 77 nəfəri məntəqələrə gələrək öz vətəndaşlıq borcunu yerinə yetirib.

Onu da öyrəndik ki, Gədəbəyin 9 məntəqəsində veb kameralar quraşdırılıb. Bir neçə xarici müşahidəçi, o cümlədən, Viktor Sazanov, Rimbu Helena və başqaları seçki prosesini izləyiblər. Bütövlükdə isə rayonun seçki məntəqələrində 650 müşahidəçi olub.

QAZAX

Saat 15 radələrində Qazax 109 saylı seçki dairəsini sədri xəyyam Salehovla əlaqə saxladıq.Mməlumat verdi ki,  rayonda seçki günü 41 məntəqə fəaliyyət göstərib. Artıq 48 min 296 seçicidən 34 min 203 nəfər öz Konstitusiya hüququndan istifadə edərək səs verib.

Sədr dedi ki, Kəmərli kənd sakini, 117 yaşlı Səyalı Nəbiyevanın bu gün səs verməsi rayonda böyük əks-səda yaradıb. Bütövlükdə isə Qazaxda çox böyük seçici fəallığı açıq-aşkar hiss olunur. 

Kəmərli kənd icra nümayəndəsi Səməd Orucov da dedi ki, bu gün ən çox axın seçki məntəqələrinə, bir də Səyalı nənənin evinədir. Onu hamı görmək, təbrik etmək istəyir. Kənddə iki məntəqə fəaliyyət göstərib. 39 saylı məntəqədə 1036 seçicidən ən yaşlısı Səyalı Nəbiyeva olub.

Sumqayıt

...Sübh tezdən, yaşadığımız ərazidəki 42 saylı 1-ci seçki dairəsinin   məntəqələri açılan kimi burada növbədənkənar prezident seçkilərində ilk səs verənlərin sırasında bizim ailənin də 4 üzvü oldu. Sonra prosedurlardan keçərək, bülletenlərini seçki qutularına atan qonşularımızla görüşüb söhbət etdik. Hər kəs müstəqil Azərbaycanın suverenliyinin təntənəsinə qürurla səs verdiyini söylədi.

Eyni binada yaşadığımız gözəl qonşumuz, tanınmış şair Əşrəf Veysəlli də oğlu Şahin Şəfiyevlə birlikdə gəlib çıxdı. Uzun illər Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Komitəsinin Sumqayıt şəhər təşkilatının sədri olmuş 86 yaşlı dəyərli ziyalımız bizə xeyli gümrah təsir bağışlayırdı.  

Prezidentin fərdi təqaüdçüsü, Əməkdar mədəniyyət işçisi Əşrəf Veysəlli səs verdikdən sonra ürək sözlərini bizimlə bölüşdü:

– Ömrümdə, çox səsvermələrdə iştirak etmişəm. İnanın ki, hələ bu seçkilərdə iştirakımdan sevindiyim qədər heç vaxt sevinməmişəm. Bilirsiniz ki, mən əslən Füzuli rayonundanam və 30 il idi ki, dədə-baba yurdlarımız yağı tapdağında idi. 44 günlük Vətən müharibəsində Qarabağ və Şərqi Zəngəzur, o cümlədən də Füzuli işğaldan təmizləndi. Ötən ilin sentyabrında isə lokal antiterror tədbirləri sayəsində bütün suveren ərazilərimizə sahibləndik. Bu seçkilərdə bütövləşən Azərbaycanın tamhüquqlu vətəndaşı kimi seçimimi sonsuz qürurla elədim. Bundan böyük xoşbəxtlik olmaz. 

Əşrəf müəllim qonşu binamızın ­sakini– Vətən müharibəsi qazisi olan “Qarabağ” ordenli polkovnik-leytenant Ehtiram Məmmədovu görən kimi dedi ki, budur, bizim kəndlərimizi qarı düşmənin işğalından azad edən igid də gəldi. Müharibədə yurd yerlərimizə onun da qanı axıb. 

Seçki məntəqəsinə 69 yaşlı anası Hürzad xanım və ilk dəfə səs verən tələbə oğlu Təhməzlə gələn qazi qardaşımızın şərəfli döyüş yolunu ötən il işıqlandırmışdım. Bilirdim ki, “N” saylı hərbi hissədə briqada komandirinin müavini olub. Alxanlı–Füzuli istiqamətlərində döyüşlərə atılıb. Orada Azərbaycan Milli Ordusunun ilk əks-hücum əməliyyatları zamanı başından qəlpə yarası alıb, elə həmin yerdə ona tibbi yardım göstərilib. Tezliklə yenidən döyüşlərə qatılıb, Füzuli rayonunun Mahmudlu kəndinə qədər torpaqların düşməndən təmizlənməsində iştirak edib. Füzuli şəhəri alındıqdan sonra Ehtiram Məmmədov iki taborla digər kəndlər uğrunda döyüşlərdə hünər göstərib. Daha sonra Daşaltı–Şuşa istiqamətində gedən döyüşlərə qatılıb. Daşaltı kəndi işğaldan azad edilən zaman düşmən snayperinə tuş gələrək yaralanıb.

Böyük Zəfərlə bitən müharibədən sonra “Qarabağ” ordeni ilə bərabər, Füzulinin, Şuşanın və Xocavəndin azad olunmasına görə medallarla təltif edilən, hazırda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində çalışan Ehtiram Məmmədovun dedikləri:

– Hazırda ehtiyatda olan zabitəm. Vətən müharibəsindən sonra dövlət tərəfindən Sumqayıtda üçotaqlı mənzillə təmin edilmişəm. Sumqayıt şəhərinin və Qubadlı rayonunun icra hakimiyyətləri də məni hər zaman diqqətdə saxlayır, problemlərimlə, qayğılarımla maraqlanırlar. “YAŞAT” Fondu da mənim maddi və mənəvi yardımçımdır. Fond tərəfindən bütün xərclərim qarşılanmaqla Türkiyəyə bir həftəlik istirahətə göndərilmişəm. Sağ olsunlar, bütün müraciətlərimə operativ baxır və əllərindən gələni edirlər. Siz deyin, belə olduğu halda mən böyük siyasi hadisə olan bu seçkilərdən kənarda qala bilərdimmi? Əsla yox. Bir də ona sevinirəm ki, UNEC-in tələbəsi olan oğlum da artıq yaşı çatan bir vətəndaş kimi ilk dəfədir ki, seçki hüququndan istifadə elədi. Bu günə bütün ailəmizlə fərəhlənirik.

Oradan məntəqələrimizin aid olduğu 42 saylı 1-ci seçki dairəsinə yollandıq. Komissiya sədri Ruslan Hacıyev, üzv Aydın Məlikov və müşahidəçilərlə görüşdük. Öyrəndik ki, 41 məntəqəni əhatə edən bu dairədə səsvermə hüququ olan 50 min 122 vətəndaş, həmçinin 417 müşahidəçi qeydiyyata alınıb. Dairədə seçkilərə hər cür zəruri hazırlıq görülməsini xətircəmliyi yaşanır. Seçicilərdən 25 nəfəri səhhəti ilə əlaqədar olaraq öz iradəsini səsvermə otağından kənarda – evlərinə aparılacaq səyyar qutular vasitəsilə ifadə edəcək. Dairənin 7 məntəqəsində veb-kameralar quraşdırılıb. Çaxsaylı müşahidəçilər qeydiyyatdan keçib. 

Elə orada MDB Parlamentlərarası Assambleyasını təmsil edən müşahidəçilərlə həmsöhbət olduq. Onlar soydaşımız – Leninqrad vilayəti Qanunverici Məclisinin vitse-spikeri Sayad Əliyev və Sankt-Peterburq şəhərindən deputat Sergey Qolovanov idi. Səhər tezdən 23-cü seçki məntəqəsində olduqlarını, açılışın və ilk səsvermələrin sırf qanun-qayda çərçivəsində aparıldığını bildirdilər. 

Sergey Qolovanov, MDB müşahidə missiyasının üzvü:

– Bundan əvvəl 2020-ci ildə Azərbaycanda parlament seçkilərində ilə iştirak etmişəm. O seçkilər də məndə xoş təəssürat yaratmışdı. Bu gün isə daha çox adam seçkilərə qatılıb. Hamı deyir ki, bu, ərazi bütövlüyümüz tam təmin olunandan sonra keçirilən ilk seçki olduğu üçün belə fəalıq. Müşahidələrim göstərir ki, birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə reallaşdırılır. Mən, həqiqətən də, sizin xalqınızın vətənpərvərliyinə heyranam. 

Qeyd edək ki, Sumqayıtda daha 5 seçki dairəsi fəaliyyət göstərir. Bunlar 43 saylı 2-ci, 44 saylı 3-cü, 45 saylı 4-cü, 46 saylı 5-ci və 47 saylı Sumqayıt–Abşeron–Qaradağ seçki dairələridir. 

Sumqayıt Dövlət Dram Teatrının binasında yerləşən 45 saylı 4-cü seçki dairəsində  seçkilərin gedişatı ilə maraqlandıq. Dairə seçki komissiyasının sədri Məhəbbət Məmmədova məlumatında bildirdi:  

–  Dairəmizə daxil olan 39 seçki məntəqəsinin 6-da veb-kamera quraşdırılıb, ümumi sayı 51 min 458 nəfər olan seçici kontingenti üçün sərbəst səsməkdən ötrü bütün zəruri şərait yaradılıb. 30 seçicinin müraciətinə əsasən onların evdə səs vermələri təmin ediləcək. İlk dəfə səs verənlərimizin sayı isə 1503 nəfərdir ki, hər birini ayrıca təbrik edəcəyik. Dairəyə gələn və öz istəkləri ilə seçdikləri məntəqələrdə səsverməni izləyən xarici müşahidəçilər heç bir pozuntu halı ilə rastlaşmadıqlarını söyləyiblər. Bu fikri yarım saat əvvəl burada olan ABŞ-dan  gəlmiş müşahidəçi Aske Norbi Bondanın və danimarkalı Marşa Velnermanın dediklərinə əsaslanaraq deyirəm. Özünüz də istədiyiniz məntəqəyə gedib baxa bilərsiniz.   

Sözügedən dairənin 1 saylı seçki məntəqəsində qələbəliyin şahidi olduq. Komissiya sədri Vidadi Məmmədov səsvermənin gedişatı barədə məlumat verərək dedi:

– Bizim məntəqədə 1487 seçicinin səs verməsi nəzərdə tutulub. Səhərdən yüksək seçici fəallığı müşahidə olunur. Saat 12-yə qədər artıq 585 nəfər səs verib ki, bu da ümumi sayın 39, 34 faizi qədərdir. 

Gün ərzində Sumqayıt seçicilərinin yüksək siyasi fəallığı və dövlətimiz, xalqımız üçün daha xoş gələcək arzuladıqları müşahidə olunurdu. 

Səhifəni hazırladılar:
Əli NƏCƏFXANLI,
Hamlet Qasımov, 
XQ

 















Son xəbərlər