Cızzax Dövlət Pedaqoji Universitetində III Özbəkistan–Azərbaycan Təhsil, Elm və İnnovasiyalar Akademik forumu keçirilib.
“Təhsil diplomatiyanın körpüsü kimi: Özbəkistan–Azərbaycan akademik və mədəni əməkdaşlığının 30 illiyi” mövzusunda keçirilən tədbir Özbəkistan və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi, Azərbaycanın Müstəqilliyin Bərpası Günü və özbək dilinin dövlət dili kimi qəbul edilməsinin ildönümü münasibətilə təşkil edilib.
Tədbirin təşkilatçıları sırasında Özbəkistan Ali Təhsil, Elm və İnnovasiyalar Nazirliyi, Cızzax Dövlət Pedaqoji Universiteti, Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi yer alıb.
Özbəkistan Ali Məclisi Senatının Elm, təhsil və səhiyyə məsələləri komitəsinin sədri Baxrom Abdullayev çıxışında qeyd edib ki, bu kimi elmi platformalar yalnız akademik əlaqələrin inkişafına deyil, həm də gənclərin intellektual potensialının artırılmasına, iki ölkə arasında dostluq və qarşılıqlı etimadın möhkəmlənməsinə xidmət edir. Cızzax Dövlət Pedaqoji Universitetinin rektoru Məqsudcon Yuldaşev isə çıxışında qeyd edib ki, üç il ərzində forum Özbəkistan və Azərbaycanın akademik çevrələri arasında səmərəli dialoq üçün sabit və etibarlı platformaya çevrilib.
Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru, tarix üzrə fəlsəfə doktoru Akif Marifli Azərbaycanla Özbəkistanı birləşdirən ortaq tarixi kökləri, mənəvi dəyərləri, ortaq dil birliyimizi və çoxəsrlik dostluğu xatırladaraq, bu kimi tədbirlərin humanitar sahədə qarşılıqlı anlaşmanı və mədəni yaxınlığı daha da gücləndirdiyini qeyd edib.
Forumun bölmə iclaslarında 100-dən artıq professor, müəllim və alim iştirak edib, təhsil, diplomatiya, tarix, ədəbiyyat və folklor mövzularında məruzələr edərək ölkələr arasında elmi və mədəni əlaqələrin inkişafında görülən işləri yüksək qiymətləndiriblər.
Qulu KƏNGƏRLİ,
XQ-nin Türküstan müxbiri
Daşkənd