İstiqlal liderinin məfkurə irsi

post-img

AMEA-nın Naxçıvan Bölməsində “Məhəmməd Əmin Rəsulzadə ictimai xadim və ədəbiyyatşünas kimi” mövzusunda elmi konfrans keçirilib. 

Konfransı giriş sözü ilə açan AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev qeyd edib ki, yanvarın 31-də 140 illiyi tamam olan görkəmli icti­mai-siyasi xadim, Azərbaycan Xalq Cüm­huriyyətinin banilərindən biri, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin bizə miras qalan ictimai və ədəbi irsi də çox zəngindir. Odur ki, Azər­baycan Prezidentinin “Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilmə­si haqqında” 30 dekabr 2023-cü il tarixli Sərəncamı onun həyatının həm ictimai-si­yasi xadim, həm də ədəbiyyatşünas, yazı­çı, publisist kimi daha dərindən araşdırıl­masına rəvac verəcək. 

Konfransda bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev “Məhəmməd Əmin Rəsulzadə və mətbu­at”, Tarix, Etnoqrafiya və Arxeologiya İns­titutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent İlhami Əliyev “Məhəm­məd Əmin Rəsulzadənin ictimai-siyasi fəaliyyəti” və Naxçıvan Bölməsi Apa­ratının Beynəlxalq əlaqələr şöbəsinin aparıcı mütəxəssisi Mehriban Sulta­nova “Məhəmməd Əmin Rəsulzadənin “Əsrimizin Səyavuşu” əsəri” adlı mə­ruzələr ediblər. M.Ə.Rəsulzadənin həyatı haqqında geniş məlumat verilib, onun fəaliyyətinin əsas mərhələləri ətraflı şərh olunub. “Şərqi-rus”, “İran-nou”, “İrşad”, “Təkamül”, “İqbal”, “Açıq söz”, “Yeni Kaf­kasya” kimi qəzet və məcmuələrdə dərc olunan çoxsaylı məqalələrinin mahiyyəti, ideya-məzmun xüsusiyyətləri təhlil edilib. Vurğulanıb ki, M.Ə.Rəsulzadə məqalə, memuar və başqa jarnlarda yazdığı publisistik əsərləri vasitəsilə ideya və düşüncələrini ustalıqla xalqa çatdırma­ğı bacarmışdır. Gənclərdə milli hisslər formalaşdırmaq amalı ilə başladığı si­yasi mübarizlik həyatının 1908–1913-cü illəri əhatə edən İran və Türkiyə dövrü M.Ə.Rəsulzadənin inqilabçı demokrat kimi yetişməsində müstəsna rolu olmuş­dur. Gənc Məhəmməd Əmin türkçülük ideyalarının gələcək ideoloqlarından biri kimi püxtələşmişdir.

Məruzələrdə onun dövlət xadimi kimi Azərbaycan xalqı qarşısında xidmətləri, Azərbaycan Xalq Cümhuriyyəti dövründə fəaliyyəti, qəbul olunan mühüm tarixi qə­rarlar, yerinə yetirilən işlər, tarixi torpaqla­rımız olan Borçalı və Qarabağla bağlı fi­kirləri diqqətə çatdırılıb.

Həmçinin M.Ə.Rəsulzadənin “Əsrimi­zin Səyavuşu” əsərində əksini tapan fikir­lər siyasi, tarixi və fəlsəfi baxımdan təh­lilə cəlb olunub, əsərin ədəbi-mədəni fikir tariximizdəki roluna nəzər yetirilib. Şərq-Qərb mədəniyyətləri kontekstində Azər­baycanın ümumiləşmiş bədii obrazı olan Səyavuşun dilindən ifadə olunan fikirlər, əsərin ideyası əhatəli şərh edilib. 

XQ

Son xəbərlər