I. Qədim diyar daşnak quldurların hədəfində
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında 30 dekabr 2023-cü il tarixli Sərəncamı Azərbaycanın bu qədim diyarının son 1 əsrdəki keşməkeşli tarixinə bir daha nəzər salmağı, onun ana Vətənlə sıx bağlılığına, muxtariyyət statusuna gətirən mübarizə yoluna və ondan sonrakı mürəkkəb dövrün şərəfli və bəlalı gedişatına tarixi səyahət etməyi gündəmə gətirir.
Əvvəla, vurğulamaq istərdim ki, tarixçilərimiz həm sovet dövründə, həm də müstəqillik illərində Naxçıvan Muxtar Respublikasının, onun tarixinin ayrı-ayrı mərhələlərinin tədqiqi sahəsində gərəkli işlər görmüşlər. Bu sahədə ilk tədqiqatçılar sırasında Naxçıvan Dövlət Pedaqoji İnstitutunda (sonra Naxçıvan Dövlət Universiteti) sevimli müəllimimiz olmuş, tarix elmləri namizədi, dosent Əli Əliyevin (1905–1997) xüsusi yeri və xidməti vardır. Bu fədakar alim 1941–1970-ci illərdə Muxtar Respublikada yüksək dövlət vəzifələrində çalışmış, eyni zamanda, erməni-daşnak iddialarına və fitnələrinə qarşı hər zaman inadla elmi mübarizə aparmışdır.
Əli müəllim Naxçıvanda və digər bölgələrdə daşnak quldurlarının, onların liderlərinin xalqımıza qarşı kütləvi qətliamlar törətdiyini dəfələrlə SSRİ və Azərbaycan SSR rəhbərliyinə yazdığı məktublarında faktlarla göstərmiş və kəskin ittiham etmişdir. Sarsılmaz milli mövqeyinə görə daim təqiblərə məruz qalmasına baxmayaraq əqidəsindən dönməyən Əli Əliyev Naxçıvanın XX əsr tarixinin gizli saxlanılan səhifələrinə öz tədqiqatları ilə işıq salmışdır.
1917-ci il oktyabr bolşevik çevrilişindən sonra Qafqazın digər xalqları kimi Azərbaycan xalqı da öz müqəddəratını təyin etmək üçün mübarizəyə qalxdı. Əli Əliyevin şahidi olduğu və qələmə aldığı kimi, 1917-ci ilin sonlarında ermənilərin Naxçıvana qarşı iddialarının xüsusilə güclənməsi 1918-ci ilin əvvəllərində artıq real təhlükəyə çevrildi, daşnakların silahlı dəstələri türklərlə mübarizə adı altında Naxçıvanın ərazisinə soxulub soyqırımı keçirməyə başladılar. Yalnız Naxçıvan bölgəsində 73 min 727 nəfər Azərbaycan türkü qətlə yetirildi. 1917-ci ilin sonlarından 1918-ci ilin aprelinədək ermənilər Naxçıvanın da daxil olduğu və əhalisinin böyük əksəriyyətini Azərbaycan türklərinin təşkil etdiyi İrəvan quberniyasında 197 kəndi talan etdilər və etnik təmizləmə apardılar.
1917-ci ildə Rusiyada oktyabr çevrilişindən sonra bolşeviklərin çağırışı ilə Birinci Dünya müharibəsində, o cümlədən, Rusiya–Türkiyə cəbhəsində vuruşan rus əsgərləri evlərinə döndülər. Türkiyə ilə Rusiya arasında 18 dekabr 1917-ci ildə Ərzincanda bağlanan saziş müharibəyə son qoydu. Lakin rus ordusundakı on minlərlə silahlı erməni əsgər və zabiti hərbin əvvəlindən işğal altında olan, bir çox qismi isə hələ 1877–1878-ci illər müharibəsində istilasına məruz qalan Osmanlı torpaqlarında türk-müsəlman əhalini ucdantutma qırırdı.
Onlar rus ordusunun tərk etdiyi bu torpaqlarda gələcək “Böyük Ermənistan” qurmağı planlaşdırırdılar. Vladimir Leninin başçılıq etdiyi RSFSR Xalq Komissarları Sovetinin 29 dekabr 1917-ci il tarixli “Türkiyə Ermənistanı haqqında” dekreti bilavasitə buna xidmət edirdi. Elan edilirdi ki, Rusiyanın fəhlə və kəndli hökuməti “Türkiyə Ermənistanı” ermənilərinin tam müstəqilliyə qədər azad surətdə öz müqəddəratını təyinetmə hüququnu müdafiə edir.
Bölgəyə qoşun yeritmək, erməni “xalq milisi” yaratmaq, müxtəlif ölkələrdəki ermənilərin buraya köçürmək və s. məkrli məqsədlər nəzərdə tutulurdu. Bütün bu vəzifələr Qafqaz işləri üzrə müvəqqəti komissar Stepan Şaumyana həvalə olunmuşdu. Bu işğalçı siyasətin qarşısını almaq üçün Türkiyənin 3-cü ordusunun komandanı Vehbi Mehmet paşa Birinci Dünya müharibəsində şücaət göstərmiş Kazım Qarabəkirin onun ordusuna verilməsini baş komandanlıqdan xahiş etdi. 28 yanvar 1918-ci ildə kurmay-albay K.Qarabəkir I Qafqaz Kolordusu komandanlığına təyin olundu.
Ağır qış şəraitinə baxmayaraq, K.Qarabəkirin kolordusu fevralın 13-də Ərzincanı, martın 12-də Ərzurumu, martın 13-də Həsənqalanı erməni işğalından azad etdi. Sonra isə 40 il Rusiya işğalı altında qalan, 1917-ci ilin oktyabrından isə ermənilərin işğalına düşən torpaqların azad edilməsinə başlandı. Aprelin 25-də Sarıqamış, ondan sonra Qars qalası azad edildi. Bu xidmətlərinə görə K.Qarabəkirə mirliva (general-paşa) rütbəsi verildi.
Kazım Qarabəkir paşanın qoşunları 1918-ci il mayın 15-də artıq Osmanlı dövlətinin Rusiya ilə 1877-ci illərdəki sərhədlərinə çıxaraq Gümrüyə (Aleksandropol) hücuma başladı. 9 lokomotiv, 120 vaqon, çoxlu top, tüfəng və sairə ələ keçirildi. K.Qarabəkir paşa mayın 20-də Gümrünü tutub, qərargahını burada yerləşdirdi. Bir həftə içərisində erməni ordusunu 60–70 km geriyə sıxışdıraraq İrəvanı və Eçmiədzini (Üçkilsə) almaq üçün əlverişli mövqe qazandı.
O zaman Türkiyə ərazisində ermənilərin Ermənistan dövləti yaratmaq planı türk ordusunun qətiyyətli zərbələri ilə puça çıxmış, ermənilər əsas mərkəzləri olan Gümrünü və bir sıra mövqelərini buraxaraq geri çəkilməyə məcbur olmuşdular. 1918-ci ilin mayında Tiflisdə istiqlalını elan edən Ermənistanın Osmanlı dövlətindən sülh istəməsindən başqa yolu qalmamışdı. Türkiyədə belə qəti mövqe formalaşmışdı ki, onun ərazisində Erməni dövlətinin yaradılmasından söhbət gedə bilməz. Belə bir dövlət yaranacaqsa, bu Rusiya işğalındakı Qafqazda mümkün ola bilər.
Türklər ermənilərin o zaman əsas istinadgahı sayılan Gümrünü isə bir daha əldən vermək niyyətində deyildilər. Buna görə Ermənistan Respublikası elan ediləndə bu ölkənin paytaxtının hara olacağı sual altında idi. Müəyyən tövsiyələr olsa da, İrəvanın ermənilərə verilməsi ilə əlaqədar Azərbaycan hökumətinə ciddi bir təzyiq yox idi. Türkiyə Ordusu tərəfindən sıxışdırılan və əsasən İrəvana və quberniyanın yaxın qəzalarına doluşan ermənilərin hərbi gücü olsa da, İrəvan və bütün vilayət hüquqi olaraq Azərbaycan torpağı idi və əhalisinin mütləq əksəriyyətini soydaşlarımız təşkil edirdi.
1918-ci ilin mayında Gürcüstanda və Ermənistanda olduğu kimi, Azərbaycanda da müstəqillik elan olundu. Keçmiş İrəvan xanlığının, və quberniyasının ərazisində yaradılan Ararat Respublikası (Ermənistan) hökuməti müstəqilliyini elan edən andan Azərbaycana qarşı əsassız ərazi iddiaları irəli sürdü. Daşnak hökuməti tabeliyində olan, dünya müharibəsində iştirak etmiş, eləcə də Türkiyəyə qarşı döyüşlərdə təcrübə keçmiş minlərlə silahlı əsgərlə Azərbaycan torpaqlarını zorla ələ keçirməyə başladı.
Belə bir şəraitdə 1918-ci il mayın 29-da Azərbaycan Milli Şurasının iclası keçirildi. Milli Şuranın üzvü Fətəli Xan Xoyski Milli Şura nümayəndələrinin erməni Milli Şurası nümayəndələri ilə Azərbaycanla Ermənistan arasında sərhədlərin müəyyənləşdirilməsi ilə əlaqədar aparılan müzakirələrin nəticəsi barədə məlumat verərək bildirdi ki, Aleksandropol Türkiyəyə keçdiyindən erməni dövlətinə siyasi mərkəz lazımdır. Belə mərkəz isə ancaq İrəvan ola bilər, ona görə bu şəhərin ermənilərə güzəşt edilməsi labüddür. Təklif səsə qoyulub qəbul edildi.
Sənəddən məlum olur ki, bu təklifin lehinə 16 nəfər səs vermiş, 1 nəfər əleyhinə olmuş, 3 nəfər səsvermədə iştirakdan imtina etmişdir. Deməli, həmin iclasda Milli Şuranın 28 üzvündən 20-si iştirak etmişdir.
Mayın 29-da, istiqlaliyyətin bəyan edilməsinin ertəsi günü Azərbaycan hökumətinin İrəvanı Ermənistana verdiyini elan etməsi nəinki erməniləri ərazi iddialarından çəkindirdi, əksinə, onların iştahını daha da artırdı. Azərbaycanın Baş naziri Fətəli xan Xoyski həmin günlərdə Batumda Milli Şura sədri Məhəmməd Əmin Rəsulzadə ilə bərabər, Osmanlı dövlətinin səlahiyyətli nümayəndələri ilə danışıqlarda iştirak edən xarici işlər naziri Məmmədhəsən Hacınskiyə Tiflisdən göndərdiyi teleqramında yazırdı: “Çox hörmətli Məmməd Həsən! Burada Azərbaycanın müstəqilliyi haqqında teleqramı göndərməyimizə müxtəlif maneələr yaradırlar. Teleqramın mətnini rus və fransız dillərində Sizə göndərirəm ki, oradan radio ilə, birbaşa xəttlə Konstantinopola, oradan da radio ilə digər yerlərə ötürülsün. Teleqramı xarici işlər naziri olaraq tək özünüz imzalaya bilərsiniz. Nəsib bəy və Sultanov əhalini məlumatlandırmaq və hazırlamaq üçün Yelizavetopola yola düşdülər. Ermənilərlə bütün mübahisələri bitirdik, onlar ultimatumu qəbul edər və mübahisələrə son qoyarlar. Biz İrəvanı onlara güzəştə getdik”.
Yeri gəlmişkən, qeyd edək ki, həmin akta Pezident İlham Əliyevin verdiyi qiymət tarixi reallıq və siyasi məzmun baxımından tamamilə obyektiv və ədalətlidir: “Sirr deyil ki, XX əsrdə Azərbaycan torpaqları hissə-hissə Ermənistana verilmişdir. 1918-ci ildə Azərbaycan Demokratik Respublikası yaranandan bir gün sonra, əfsuslar olsun ki, İrəvan şəhəri Ermənistana verildi. Halbuki, bunun heç bir əsası yox idi. Bu, qədim Azərbaycan şəhəridir... O qərara gəldikdə isə mən hesab edirəm və yəqin ki, hamı mənimlə razılaşar, o böyük bir tarixi cinayət idi, səhv yox, cinayət. Birincisi, İrəvanda o vaxt yaşayan azərbaycanlılardan soruşulmadı. İkincisi, nə qaçaqaç idi? Hara tələsirdilər?.. 1920-ci ilin aprelində sovetləşmədən sonra noyabr ayında artıq sovet hökuməti Qərbi Zəngəzurun böyük hissəsini Azərbaycandan qoparıb Ermənistana vermişdir”.
Göründüyü kimi, Naxçıvanın Azərbaycanın əsas hissəsindən bu şəkildə ayrı salınması, eləcə də, Azərbaycanın Türkiyə ilə təbii sərhədlərinin əldən verilməsi Ermənistanın Naxçıvana olan iddialarını daha da körükləmişdi. 29 may 1918-ci ildə İrəvana sahib olandan sonra daha da şirnikləşən daşnaklar Naxçıvan, Zəngəzur, Qarabağ torpaqları hesabına Ermənistanı genişləndirmək, eyni zamanda rus, ingilis himayəsindən istifadə edərək Türkiyənin bir sıra şərq vilayətlərini ələ keçirmək niyyətində idilər.
Qayıdaq Naxçıvana erməni quldur basqınlarının törətdiyi fəlakətlərə. 1918-ci il may ayının sonlarında Naxçıvan bölgəsinin əhalisi Kərim xan İrəvanlının başçılığı ilə Osmanlı dövlətinin Şərq cəbhəsinəki 3-cü Ordu komandanı Mehmed Vehbi paşanın yanına nümayəndə heyəti göndərib erməni işğalına qarşı hərbi qüvvə ilə yardım göstərməyi xahiş etdi. Türkiyə ilə müharibədə məğlubiyyətin labüd olduğunu anlayan ermənilər 1918-ci il mayın 26-da müstəqil dövlətlərini elan edən kimi Türkiyə ilə sülh bağlamağın zərurətini başa düşüb barış istədilər.
Bu vaxtlar gürcülər də Türkiyə ilə müharibə vəziyyətində idilər. 1918-ci il iyunun 4-də Batumda Türkiyə dövləti Ermənistan və Gürcüstanla ayrı-ayrılıqda sülh müqaviləsi bağladı. Həmin gün Türkiyə ilə Azərbaycan Xalq Cümhuriyyəti arasında isə dostluq müqaviləsi bağlandı. Müqaviləni Azərbaycan Cümhuriyyəti adından xarici işlər naziri Məhəmməd Həsən Hacınski və Milli Şura sədri Məhəmməd Əmin Rəsulzadə imzaladılar.
Azərbaycan Xalq Cümhuriyyəti ilə Türkiyə arasında 4 iyun 1918-ci ildə Batumda bağlanan müqavilə üzrə qardaş ölkənin göstərdiyi əsgəri yardım milli istiqlalımızın qələbəsində, eyni zamanda, xalqımızın erməni və rus işğalından qorunmasında əvəzsiz rol oynadı. Hələ Azərbaycan hökuməti Tiflisdən Gəncəyə köçürülməmiş Nuru paşanın komandanlığı ilə Azərbaycana yardıma gəlmiş Türk qoşunları Gəncədə yerləşib gözləyirdilər. Türk qoşunları Azərbaycana iki qrup halında gəlmişdilər. Birinci qrup Məhəmməd Əmin Rəsulzadənin “xilaskar mələk” adlandırdığı Nuru paşanın rəhbərliyi ilə 1918-ci il iyunun 7-də İran ərazisindən keçməklə Zəngəzur üzərindən, ikinci qrup isə iyunun 9-da Qazax üzərindən Gəncəyə çatmışdı. Vahiməyə düşən, bu hərbi yürüşdən həyacanlanan Stepan Şaumyan təcili Leninə və Stalinə teleqram vurmuşdu: “Türklər Qarakilsədən, Dilicandan keçib Ağstafaya çatıblar. Oradan da birbaşa Bakıya və Culfaya gedəcəklər. Xəbər verirəm: hücum başlanmışdır”.
Bu dövrdə erməni qulduru Andranik bolşeviklərlə işbirliyi yaradaraq Naxçıvanı, Zəngəzuru ələ keçirmək üçün əməliyyatlara başlamışdı. Bakıdakı bolşevik hökumətinin başçısı S.Şaumyandan dəstək alan Andranik Şərur–Dərələyəz və Naxçıvan qəzalarında qanlı qırğınlar törətmişdi. Bölgəni kütləvi qırğından yalnız Türkiyə xilas edə bilərdi.
1918-ci il iyunun əvvəllərində 9-cu və 11-ci Türk diviziyaları Uluxanlıdan Naxçıvana hərəkət etdi. 1918-ci ilin iyun ayının 4-də xilaskar türk qoşunu Naxçıvana daxil oldu. Şəhər əhalisi türk qoşununu toy-bayramla qarşıladı, şəhərdə Türkiyə bayrağı qaldırıldı. Naxçıvan üzərində Türkiyə himayəsi bərqərar oldu. Türk qoşunları və Naxçıvanın yerli müdafiə qüvvələri daşnak quldur dəstələrini darmadağın edib bölgədən qovdular. Naxçıvanın 15 kəndini viran qoymuş Andranik bu məğlubiyyətdən sonra Zəngəzura doğru hərəkət etdi.”
(ardı var)
Eynulla MƏDƏTLİ,
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktor müavini, tarix elmləri dokroru