Dünən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2024-cü il yaz sessiyasının ilk plenar iclası keçirilib.
Ali Məclis sədrinin müavini Anar İbrahimov altıncı çağırış sessiyanı açıq elan edərək bildirib ki, ötən il Ali Məclisin fəaliyyətinin qurulması istiqamətində mühüm işlər görülüb. Yaz sessiyasında isə əsas mövzulardan biri Naxçıvan Muxtar Respublikasının 100 illiyi ilə bağlı tədbirlər olacaq. Ali Məclisin bununla bağlı xüsusi iclası keçiriləcək. Yubiley münasibəti ilə digər önəmli tədbirlərin təşkil edilməsi də nəzərdə tutulur.
Qeyd edilib ki, bu sessiyada qanun layihələri müzakirə edilməklə yanaşı, Konstitusiyanın tələbinə uyğun olaraq, Nazirlər Kabinetinin hesabatı dinləniləcək. Bundan əlavə, Naxçıvan Muxtar Respublikasının 2023-cü il büdcəsinin icrası haqqında məsələ müzakirəyə təqdim ediləcək. Sessiyada İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) illik hesabatı da dinləniləcək. Bu sessiyada Ali Məclis Azərbaycan Respublikası Konstitusiyası ilə və Ali Məclisin Daxili Nizamnaməsində müəyyən edilmiş qaydada ölkə parlamentində qanunvericilik təşəbbüsü ilə, xüsusilə büdcə qanunvericiliyinin təkmilləşdirilməsi və digər məsələlərlə bağlı çıxış edəcək.
İclasın gündəliyinə aşağıdakı məsələlər verilib: Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik işləri planının təsdiqi; hesablayıcı komissiyasının yaradılması; intizam komissiyasının yaradılması.
Deputat Elman Cəfərli çıxış edərək “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” və “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” Prezident sərəncamlarının önəmini vurğulayıb. O, muxtar respublika əhalisini növbədənkənar prezident seçkilərində fəal iştiraka səsləyib.
İclasda “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2024-cü il yaz sessiyasının qanunvericilik işləri planı haqqında”, “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Hesablayıcı komissiyasının yaradılması haqqında” və “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin İntizam komissiyasının yaradılması haqqında” qərar layihələri müzakirə edildikdən sonra qəbul edilib.
Qəbul olunmuş qərarlarla deputatlardan Əmir Babayev, Günel Vəliyeva, İsa Məmmədov, Turan Məmmədli və Ehtibar İsmayılov Hesablayıcı komissiyanın, Vüsalə Əliyeva, Ehtimad Məmmədov, Hüseyn Niftəliyev, Aidə Allahverdiyeva və Tofiq Babayev isə İntizam komissiyasının üzvləri seçiliblər.
XQ