Milli Məclisin yubiley iclası

post-img

Dünən Milli Məclisin Sədri Sahibə Qafarova, sədrin müavinləri, deputatlar aparatın məsul əməkdaşları Milli Qurtuluş Günü münasibətlə Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, abidəsi önünə əklil qoyublar.

Görkəmli oftalmoloq-alim akademik Zərifə xanım Əliyevanın xatirəsi də ehtiramla anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Sonra Milli Məclisdə Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş xüsusi iclas keçirilib. Parlamentin Sədri Sahibə Qafarova ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən iclasın taleyüklü hadisənin ildönümü ərəfəsində keçirildiyini bildirib. Xalqımız ulu öndərin qəhrəmanlığını və fədakarlığını təcəssüm etdirən Milli Qurtuluş Gününün 30-cu ildönümünü dərin ehtiramla qeyd edir. Sonra Milli Məclis Sədrinin birinci müavini Əli Hüseynli, sədr müavini Fəzail İbrahimli, komitə sədrləri və deputatlar ümummilli liderin yubiley tədbirlərinin Milli Məclisdə çox yüksək səviyyədə, müxtəlif formatlarda, ardıcıl olaraq keçirilməsini ulu öndərə məhəbbətin və minnətdarlığın ifadəsi kimi dəyərləndiriblər. Sonra ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Bəyanat qəbul edilib. Sənədin mətnini təqdim edirik:

Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin anadan ol­masının 100 illiyi bu il dövlət səviyyəsin­də tədbirlər ilə qeyd edilir. Böyük siyasi və dövlət xadiminin Vətən və millət qarşı­sında misilsiz xidmətləri dərin minnətdar­lıq duyğuları ilə xatırlanır.

Bütün həyatını Azərbaycanın inkişafı­na, qorunmasına və istiqlalına həsr edən, onu zamanın burulğanlarından xətərsiz çıxarmağa nail olan Heydər Əliyev qə­dim tariximizin ən böyük şəxsiyyətlərinin ön cərgəsində dayanmaq haqqı qazan­mışdır. Xalqımızın yaradıcılıq enerjisini, zəkasını, əzmini və iradəsini öz fəaliyyə­tində təcəssüm etdirən ulu öndər təkcə dövləti idarə etməyin deyil, həm də vətə­ni necə sevmək lazım olduğunun parlaq nümunələrini göstərmişdir.

Ötən əsrin 60-cı illərinin sonlarında və 90-cı illərinin əvvəllərində Heydər Əli­yevin hakimiyyətə hər iki gəlişi ölkəmizin və xalqımızın həyatında çox ağır sınaq­lar dövrünə təsadüf etmişdir. Hər dəfə də Heydər Əliyev ona bəslənən ümidləri doğruldaraq həqiqi milli lider olduğunu sübuta yetirmişdir.

1969-cu ildə Heydər Əliyev Azərbay­canın siyasi həyatına gələcəyi görmək və yaratmaq bacarığına malik qüdrətli rəh­bər kimi daxil oldu, cəmiyyət tərəfindən prinsipial, qətiyyətli, iradəli və etibarlı bir insan kimi qəbul edildi. Onun respublika­ya ilk dəfə rəhbərlik etdiyi 13 il ərzində Azərbaycanda dövlət quruculuğunun bü­tün tarixi ərzində əldə olunmayan sürətli inkişaf yolu keçildi, sənaye və kənd təsər­rüfatı nəhəng addımlarla irəliləməyə baş­ladı. Elmin, mədəniyyətin, incəsənətin, ədəbiyyatın, digər yaradıcılıq sahələrinin inkişafına qayğı və diqqət artırıldı. Mü­hüm sosial dəyişikliklər həyata keçirildi, əhalinin həyat tərzi dəyişdi. Azərbaycan keçmiş ittifaqın qabaqcıl respublikaları sırasına çıxdı, cəmiyyətdə yeniləşmə, gələcəyə inam hissi bərqərar oldu.

Milli-mənəvi sərvətlərin qorunmasına və artırılmasına, milli mənlik şüurunun oyanmasına və güclənməsinə yönələn düşünülmüş tədbirlər görüldü. Xalqımı­zın qədim tarixi təbliğ edilməyə başlandı, 1978-ci ildə qəbul olunmuş Konstitusiya­da Azərbaycan dilinə dövlət dili statusu verildi.

Heydər Əliyev Azərbaycan SSR-in əsasında inkişaf etmiş yetkin, müstəqil bir dövlətin cizgilərini formalaşdırırdı. Zəngin iqtisadi potensial yaradılması ilə yanaşı, yüksək ixtisaslı milli kadrların, o cümlədən hərbi mütəxəssislərin hazırlan­masına ümdə əhəmiyyət verilirdi.

1982–1987-ci illərdə Sov.İKP Mərkə­zi Komitəsi Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsində çalışarkən Heydər Əliyev Azərbaycan xalqını layiqincə təmsil et­mişdir. İttifaqın bir sıra nazirlik və ko­mitələrinin fəaliyyətinə nəzarət edən rəhbər şəxs kimi o, dövlət əhəmiyyətli məsələlərin həllində böyük uğurlar qa­zanmışdır.

Bununla yanaşı, ulu öndər Azərbay­canın inkişafı ilə bağlı məsələləri diqqət mərkəzində saxlayırdı. Onun təşəbbüsü ilə SSRİ rəhbərliyi Azərbaycanın iqtisadi inkişafı üçün böyük əhəmiyyətə malik bir sıra qərarlar qəbul etmişdi. Azərbaycan­da mərkəzdən maliyyələşdirilən bir çox iri layihələr həyata keçirilmişdi.

Heydər Əliyevin Sovet İttifaqının li­derlərindən biri olması Azərbaycana qar­şı düşmənçilik mövqeyi tutan qüvvələrin qarşısında ən böyük maneə idi. 1987-ci ilin oktyabr ayında ulu öndərin Sovetlər Birliyinin rəhbərliyində yüksək vəzifələr­dən uzaqlaşdırılması ilə Azərbaycanın faciələrinin əsası qoyuldu.

Heydər Əliyevin məcburi istefasından iki həftə keçməmiş erməni millətçiləri və onların sovet iqtidarında olan himayə­darları ovaxtkı Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkibindən çıxarılıb Ermənistana verilməsi ilə bağlı məsələ qaldırdılar. Azərbaycana qarşı ərazi iddiaları irəli sürülməsinə və Ermə­nistan Respublikasında azərbaycanlılara qarşı etnik təmizləmə aparılmasına haqq qazandırmaq üçün 1988-ci ilin fevralın­da SSRİ və Ermənistan xüsusi xidmət orqanlarının təşkilatçılığı ilə Sumqayıt şəhərində irimiqyaslı təxribat törədildi.

1990-cı ilin yanvarında fərsiz rəhbər­lərin milli xəyanəti və sovet imperiyasının dəhşətli cinayəti nəticəsində xalqımız gü­nahsız qurbanlar verəndə Heydər Əliyev heç bir təqib və təzyiqdən çəkinməyərək, ailə üzvləri ilə birlikdə Moskvada Azər­baycanın daimi nümayəndəliyinə gəldi, bəyanat verərək haqq səsimizi dünya ictimaiyyətinə çatdırdı. Ulu Öndər xalqı­mıza qarşı silah tətbiq edilməsinə qəti etirazını bildirərək, 20 Yanvar cinayəti­nin mahiyyətini və səbəblərini, bu faciəni törədən qüvvələrin niyyətlərini açıq şəkil­də göstərdi.

Bu hadisədən bir neçə ay sonra Hey­dər Əliyev xalqının yanında olmaq üçün ittifaq və respublika rəhbərliyinin törət­diyi müxtəlif maneələrə baxmayaraq, Bakıya qayıtdı, burada qalmağa imkan verilmədiyinə görə doğulduğu şəhərə – Naxçıvana getdi. Azərbaycan və Nax­çıvan parlamentlərinin deputatı, muxtar respublikanın Ali Məclisinin sədri seçildi. Naxçıvan əhalisi ilə birlikdə ağır blokada şəraitində yaşayıb işlədi, muxtar respub­likanın müdafiəsini möhkəmləndirmək üçün qətiyyətli tədbirlər görərək, Azər­baycanın bu qədim bölgəsini erməni iş­ğalından qoruyub saxladı.

Ulu öndərin rəhbərliyi ilə Naxçıvan Azərbaycanın həqiqi dövlət müstəqilli­yinə gedən yolda bayraqdar rolunu öh­dəsinə götürdü və bu rolu uğurla yerinə yetirdi. Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin üç­rəngli bayrağı Naxçıvan Ali Məclisinin sessiyasında Dövlət Bayrağı kimi qəbul edildi. Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından “Sovet Sosia­list” sözləri çıxarıldı.

1992-ci ilin noyabr ayında Naxçıvan­da Yeni Azərbaycan Partiyasının təsis edilməsi və Heydər Əliyevin partiyaya sədr seçilməsi Azərbaycanın müasir si­yasi sisteminin formalaşması baxımın­dan önəmli bir hadisə oldu. Tarixi zərurət­dən yaranan Yeni Azərbaycan Partiyası qısa müddətdə cəmiyyətin aparıcı siyasi qüvvəsinə çevrildi.

1991-ci il oktyabrın 18-də Azərbay­can Respublikasının dövlət müstəqilliyi elan edildikdən sonra ölkəmiz son dərə­cə mürəkkəb problemlərlə qarşılaşıb çox çətin vəziyyətə düşmüşdü. Yeni ya­ranan dövlət quruluşunun siyasi, sosial və iqtisadi təməlini möhkəmləndirməyə, dəyişən şəraitə uyğun idarəçilik mexa­nizmləri hazırlamağa qadir siyasi rəhbər­liyin olmaması zəruri dövlət quruculuğu vəzifələrini yerinə yetirməyə imkan ver­mirdi.

1993-cü ilin əvvəllərində hakimiyyət tam iflic vəziyyətinə düşmüşdü. Ovaxtkı iqtidarın səriştəsizliyi və acizliyi üzündən hərc-mərcliyin dövlət həyatının bütün sahələrinə sirayət etməsindən, ölkədə hökm sürən başıpozuqluqdan, hakimiy­yət uğrunda didişmədən, əslində, milli ordunun olmamasından istifadə edən tə­cavüzkar Ermənistan Respublikası bir-bi­rinin ardınca torpaqlarımızı işğal edirdi.

1980-ci illərin sonlarında Ermənis­tandakı ata-baba torpaqlarından qovulan 250 minə yaxın azərbaycanlının ardınca işğal edilmiş bölgələrdən 700 mindən çox soydaşımız da yerindən-yurdundan di­dərgin salınmışdı. Sürətlə gedən dağılma prosesinin məntiqi nəticəsi kimi, 1993-cü ilin ortalarında ölkəmiz real vətəndaş müharibəsi təhlükəsi, separatçılıq meyil­ləri ilə üz-üzə dayanmışdı. Azərbaycan parçalanmaq, bir dövlət kimi məhv olmaq fəlakətinin lap yaxınlığında idi.

Azərbaycan dövlətçiliyinin müqəddə­ratının həll edildiyi ağır məqamda xalqın təkidli tələbi ilə Heydər Əliyevin ali haki­miyyətə qayıtması Azərbaycan üçün ha­zırlanmış planları alt-üst etdi. Ulu öndərin dövlət rəhbərliyinə qayıdışı sayəsində Azərbaycan uçurumun bir addımlığından geri döndü, xalqımızın mənliyi və ləyaqəti müdafiə olundu.

Azərbaycan Respublikasının həqiqi dövlət müstəqilliyinin tarixi məhz Qur­tuluş Günündən başlanır. Çünki ulu ön­dərin dediyi kimi, “Tarix dəfələrlə sübut etmişdir ki, xalqın əvəzsiz milli sərvəti olan müstəqilliyin qorunması onun əldə edilməsindən qat-qat ağır və mürəkkəb vəzifədir”. Bu gün tam inamla söyləmək olar ki, əgər o vaxt ölkədə baş verən ha­disələrə Heydər Əliyevin şəxsi müdaxilə­si olmasaydı, Azərbaycan dövlətinin var­lığına çoxdan son qoyulmuşdu.

Heydər Əliyevin böyük siyasətə qayı­dışı yolunda ilk addım 1993-cü il iyunun 15-də onun Azərbaycan Respublikası Ali Sovetinin sədri vəzifəsinə seçilməsi olmuşdur. Ümummilli liderimiz Prezident seçilənədək dörd aya yaxın parlamentə rəhbərlik etmişdir.

Heydər Əliyevin Azərbaycan parla­mentinin sədri vəzifəsində fəaliyyəti ölkə­mizdə qanunvericilik orqanının nüfuzunu yüksək səviyyəyə qaldırdı və onun peşə­kar nümayəndəli orqan kimi formalaşma­sı istiqamətlərini müəyyən etməyə imkan verdi. Milli Məclis mürəkkəb ictimai-siyasi problemləri müzakirə və həll etməyə qa­dir olan hakimiyyət orqanına çevrildi.

Heydər Əliyev siyasi iradəsi və qətiy­yəti, çevik və dərin ağlı, müdrikliyi və ya­radıcı düşüncəsi, zəngin təcrübəsi, ona inam bəsləyən xalqından aldığı dəstək sayəsində Azərbaycan dövlətinin qarşı­sında dayanan taleyüklü problemlərin həllinə nail oldu. Azərbaycan Respub­likası XX əsrin əvvəllərində cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cüm­huriyyətinin aqibətini yaşamaq və məhv olmaq təhlükəsindən qurtuldu. Sonralar ölkənin qanunvericilik orqanının xalqın arzu və istəklərini nəzərə alaraq, Heydər Əliyevin hakimiyyətə qayıtdığı 15 iyun gününü Milli Qurtuluş Günü kimi dəyər­ləndirməsi bu həqiqətin daha bir təsdiqi idi.

Ulu öndərin xilaskarlıq missiyasında ən mühüm addımı ölkəni dağılmaq və parçalanmaq həddinə gətirib çıxarmış dövlət və hakimiyyət böhranını aradan qaldırması, vətəndaş müharibəsi təh­lükəsinin, dövlət çevrilişi və terror cəhd­lərinin qarşısını alması oldu.

Müstəqilliyimizin ilk illərində səriştə­siz siyasi və hərbi rəhbərlik xarici hərbi təcavüzü dəf edə bilən silahlı qüvvələrin yaranmasına imkan verməmişdi. Ulu ön­dər torpaqlarımızı müdafiə etməyə qadir olan milli ordunun formalaşdırılmasını ən vacib vəzifələrdən biri kimi irəli sürdü. Bu istiqamətdə qəti tədbirlərin həyata keçiril­məsi döyüş əməliyyatları zonasında dö­nüş yaratdı və 1994-cü ilin may ayında cəbhə xəttində atəşkəs elan olundu.

Ölkə daxilində möhkəm ictimai-siyasi sabitlik yaradıldı. Azərbaycan dövlətinin yeni neft strategiyası müəyyən edildi. Xarici neft şirkətləri ilə çoxsaylı sazişlər imzalandı. Azərbaycanın karbohidrogen ehtiyatlarının dünya bazarlarına çıxa­rılması üçün Bakı–Tbilisi–Ceyhan neft, Bakı–Tbilisi–Ərzurum qaz kəmərlərinin çəkilişinə başlandı. Xarici tərəfdaşların yatırdığı milyardlarla dollar məbləğində investisiya Azərbaycan iqtisadiyyatının inkişafına əlavə təkan verdi. Təbii sər­vətlərdən götürülən gəlirlərin toplanması­nı, səmərəli idarə edilməsini və gələcək nəsillər üçün saxlanmasını təmin etmək məqsədi ilə beynəlxalq səviyyəli maliyyə qurumu olan Dövlət Neft Fondu yaradıldı.

Neft sənayesinin dirçəlməsi iqtisadiy­yatın qeyri-neft sektorunun inkişafına da şərait yaratdı. Bazar iqtisadiyyatı prin­sipləri tətbiq olundu, iqtisadi islahatlar, o cümlədən torpaq islahatı, özəlləşdir­mə aparıldı. Həyatın bütün sahələrində tənəzzülə son qoyuldu, ölkəmiz dinamik inkişaf yoluna çıxdı.

Dövlətimizin elmi təhlilə əsaslanan, müasir dünyanın reallıqları üzərində qu­rulan hərtərəfli və dolğun xarici siyasət konsepsiyası formalaşdırıldı və ardıcıl həyata keçirilməyə başlandı. Ölkəmizin dünyaya inteqrasiyası reallığa çevrildi. Azərbaycan Respublikası nüfuzlu bey­nəlxalq təşkilatların bərabərhüquqlu üzvü oldu. Dünyanın əksər dövlətləri ilə dost­luq münasibətləri yaradıldı.

Yeni Konstitusiyanın hazırlanıb ümumxalq səsverməsi yolu ilə qəbul olunması ölkəmizdə hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğuna, ha­kimiyyət bölgüsünə və demokratik təsi­satların yaranmasına yol açdı, qanunun aliliyi təmin olundu, demokratik seçki mexanizmi bərqərar edildi, yeni siyasi partiyalar fəaliyyətə başladı.

Ölkədə əsaslı siyasi, hüquqi və so­sial islahatlar həyata keçirildi. Şərq və müsəlman aləmində ilk dəfə olaraq ölüm cəzasının ləğv edilməsi və bir sıra digər tədbirlər dövlətimizin beynəlxalq nüfuzu­nu daha da artırdı.

Milli-mənəvi dəyərlərimizin qorun­ması, mədəniyyətin, ədəbiyyatın və incəsənətin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərinə çevrildi. Milli dövlətçilik ideologiyası və idarəçilik fəl­səfəsi formalaşdırıldı. Azərbaycançılıq, müstəqillik və dövlətçilik amalları naminə milli həmrəyliyin yaradılması istiqamətin­də əməli addımlar atıldı.

Dünyanın müxtəlif ölkələrində yaşa­yan soydaşlarımızla əlaqələrin inkişaf etdirilməsi, diaspor təşkilatlarının yaran­masına kömək göstərilməsi dövlət si­yasətinin tərkib hissəsinə çevrildi. Dünya azərbaycanlılarının qurultaylarının keçi­rilməsi ənənə halını aldı.

Bu möhtəşəm işlərin gerçəkləşdiril­məsində Milli Məclis həmişə ümummilli liderimizin yanında olmuş, onun uzaq­görən daxili və xarici siyasətini fəal surət­də dəstəkləmişdir.

Ulu öndər parlamentə daim böyük diqqət və qayğı göstərmişdir. 1995-ci il noyabrın 24-də Heydər Əliyev birinci ça­ğırış Milli Məclisin ilk iclasında iştirak et­miş, qanunvericilik orqanının üzvlərinə öz xeyir-duasını vermişdir. Sonrakı dövrdə də ulu öndər parlamentin bir sıra iclasla­rında iştirak və çıxış etmişdir.

Heydər Əliyevin qanunvericilik təşəb­büsü ilə Milli Məclis tərəfindən qəbul edilən çoxsaylı qanunvericilik aktları döv­lətimizin müasir beynəlxalq standartlara uyğun möhkəm hüquqi bazasının forma­laşmasını təmin etmişdir.

Heydər Əliyev Azərbaycana rəhbər­lik etdiyi otuz beş ilə yaxın dövr ərzində böyük bir siyasi məktəb yaratmış, xalqa xidmət etməyin yollarını silahdaşlarına və siyasi davamçılarına aşılamışdır. Bu baxımdan Heydər Əliyevin amalları təkcə dünənə və bu günə deyil, həm də gələ­cəyə ünvanlanmışdır.

Ümummilli liderimizin müəyyənləş­dirdiyi inkişaf strategiyasını zamanın çağırışlarına və tələbatına uyğun şəkil­də davam etdirmək naminə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasət Azərbaycanı geniş bir bölgədə söz sahibi olan güclü dövlətə çevirmiş­dir. Getdikcə daha da artan imkanlarımız qarşıya qoyulan hər bir mürəkkəb vəzifə­ni uğurla yerinə yetirməyə imkan yaradır. Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən nəhəng layihələr qlobal iqtisadiyyatda mühüm rol oynayır.

Azərbaycanda bərqərar olmuş etibar­lı siyasi rəhbərlik amili cəmiyyət və dövlət həyatının bütün sahələrində böyük nai­liyyətlərin təməlini təşkil edir. Ulu öndə­rin ən böyük arzusu həyata keçirilmiş, 44 günlük Vətən müharibəsində qələbə sayəsində əzəli və tarixi torpaqlarımız erməni işğalından qurtarılmış, dövlətimi­zin ərazi bütövlüyü və tarixi ədalət bərpa olunmuşdur. Azərbaycan Bayrağını azad Qarabağda və Şərqi Zəngəzurda dalğa­landıran xalqımız işğalçılar tərəfindən viran qoyulmuş yaşayış məntəqələrimizi bərpa edib gülüstana çevirərək, qurucu xalq olduğunu da dünyaya nümayiş et­dirir.

Heydər Əliyevin ölməz ideyaları Azər­baycanın qüdrətinin təməlində dayanan əsas amillərdən biridir. Ümummilli lide­rimizin müəyyən etdiyi yol Azərbaycanı xoşbəxt gələcəyə, xalqımızı firavanlığa və səadətə aparır. Nə qədər ki Azərbay­can var, Heydər Əliyev yaşayacaq, ulu öndərin ideyaları dövlətimizə və xalqımı­za yeni-yeni qələbələr qazandıracaqdır.



Son xəbərlər