Heydər Əliyev qüdrətli Azərbaycanın banisidir

post-img

“Heydər Əliyev xatirələr işığında” layihəsinin qonağı Azərbaycan Respublikasının Baş prokuroru, I dərəcəli dövlət ədliyyə müşaviri Kamran Əliyevdir. Müsahibəmizi davam etdiririk. 

(əvvəli https://xalqqazeti.az/musahibe/130590-ssri-rehberliyinde-heyder-eliyev-kimi-xalq-arasinda-sevilen-ikinci-dovlet-xadimi-yox-idi )

– Heydər Əliyev 1993-cü ildə hakimiy­yətə qayıdandan sonra xarici televiziyalar­dan birinə verdiyi müsahibədə qeyd edir ki, SSRİ rəhbərliyi, xüsusilə Qorbaçov onun Azərbaycanda rəhbər olduğu 1969–1982-ci illər dövrünün araşdırılması və fəaliyyətində cinayət tərkibi tapmaqda çox maraqlı olub. Bizim prokurorluğun arxivlərində Qorbaçovun əlaltılarının ədalətsiz və qondarma işləri ilə bağlı hər hansı məlumat varmı?

– Çox maraqlı məqamlara toxundunuz. Bu məsələləri konkret bir müsahibədə açıq­lamağa xeyli vaxt lazımdır. Söhbətimizin əv­vəlində də qeyd etdim ki, SSRİ məkanında Heydər Əliyevin nüfuzu, siyasi çəkisi çox böyük idi. Ulu öndər Moskvada çalışdığı qısa müddət ərzində bütün Sovet İttifaqında öz prinsipiallığı, işgüzarlığı, qayğıkeşliyi ilə insanların böyük rəğbət və sevgisini qazan­mışdı. Həmin dövrün bir çox görkəmli dövlət xadimlərinin, dünyanın məşhur siyasətçiləri­nin, onunla ünsiyyətdə olmuş ziyalıların xa­tirələrində dahi rəhbərin zəngin erudisiyası, qeyri-adi yaddaşı, siyasətin, iqtisadiyyatın, sənayenin ən müxtəlif sahələrinə nüfuz et­mək bacarığı, xarizması heyranlıqla qələmə alınmışdır. Heydər Əliyev qeyri-adi zəkası, kreativliyi, başladığı işin nəticəsini öncə­dən görə bilməsi, yüksək idarəçilik məharə­ti, təşkilatçılıq qabiliyyəti və bir çox üstün şəxsi keyfiyyətləri ilə Siyasi Büronun bütün üzvlərindən seçilirdi. Təbii ki, bütün bunlar Kremlin bəzi “sakinlərində” ona qarşı paxıl­lıq, həsəd oyadırdı. 

Həmin illərdə mən Rusiyada tələbə idim və yaxşı bilirsiniz ki, tələbələr bütün dövrlər­də cəmiyyətin ən aktiv təbəqəsi hesab edi­liblər. Biz aydın görürdük ki, xalq, ittifaqın ziyalı ictimaiyyəti Andropovdan sonra SSRİ rəhbərliyində Heydər Əliyevi görmək istəyir­di. Əlbəttə Kremldə özünü Baş katib postu kürsüsündə görən Siyasi Büronun bir çox üzvləri də bunu yaxşı bilirdilər və bu da on­larda qıcıq yaradırdı. Xüsusilə Çernenkonun ölümündən sonra özünü Kremlin sahibi kimi görən Mixail Qorbaçov Heydər Əliyevə olan paxıllığını, həsədini gizlədə bilmirdi. 

Qorbaçov hakimiyyətə gələndən sonra belə, Baş katib olmasına baxmayaraq, yenə Heydər Əliyevin kölgəsindən çıxa bilmirdi. Heydər Əliyevin xarizması, nüfuzu və ona olan xalq sevgisi Qorbaçovu rahat burax­mırdı. İkinci tərəfdən, Heydər Əliyev bir çox məsələlərdə Siyasi Büronun toplantılarında Qorbaçovun verdiyi qərarların düzgün olma­dığını açıq bəyan edir və onlarla razı olma­dığını söyləyirdi. Bu da Qorbaçovun sərbəst hərəkət etməsinə mane olurdu. Ona görə də onun diktəsilə Heydər Əliyevə təzyiqlər baş­ladı. Açıq deyək ki, müsəlman-türk dünya­sının lideri kimi beynəlxalq aləmdə nüfuzu getdikcə artan Heydər Əliyevə qarşı bütün bu ədalətsizliklər, nəhayət, onun 1987-ci il oktyabr plenumunda öz ərizəsilə istefaya get­məsinə səbəb oldu. 

Hakimiyyətdən gedəndən sonra ona qarşı başlayan çirkin kampaniyaların başlaması da təsadüfi deyildi. Bilirsiniz ki, Mixail Qor­baçov karyerasının ən böyük strateji səhvinə yol verdi və Bakıya ordu hissələri yeridib yüzlərlə vətəndaşımızın qanını tökdü. Siyasi Büroda heç kim Qorbaçovun bu qanlı aksi­yasına etiraz edib kəskin fikir söyləməyə cəsarət etmirdi. Belə bir məqamda Qorbaçov hakimiyyətinin təqibi altında olan Heydər Əliyev yenidən meydana çıxdı. Xalqın faciə­sinə biganə qala bilməyən ulu öndər ailə üzv­ləri – oğlu, Prezidentimiz cənab İlham Əliyev və qızı Sevil xanımla birgə Moskvadakı Azərbaycan nümayəndiliyinə gələrək Qor­baçovun göstərişi ilə Bakıda törədilmiş küt­ləvi qırğına tarixi qiymət verdi, faciənin əsl səbəbkarlarını və təşkilatçılarını sərt ittiham etdi. Ulu öndərin məhz bu cəsarətli addımı Qorbaçov və onun əlaltılarının Heydər Əli­yevə qarşı yenidən çirkin böhtan kampani­yasına başlamalarına səbəb oldu. Ulu öndər özü bunu sonralar çıxışlarının birində belə açıqlamışdı: “1990-cı ildə Azərbaycana qar­şı bir təcavüz edildi. Mən o vaxt Moskvada bununla əlaqədar keçirilən mitinqə getdim. Orada Qorbaçovun, Kommunist Partiyasının, Sovetlər Birliyinin əleyhinə sözlər dedim. Onları məhkum etdim ki, siz Azərbaycana qarşı ədalətsizlik, təcavüz etmisiniz, insanlar şəhid olub, qan tökmüsünüz, siz cinayətkar­sınız. Bundan sonra məni həbs etməyə ça­lışdılar, qəzetlərdə mənim əleyhimə yazılar yazdılar...” 

Bu hadisədən iki həftə sonra qırmızı imperiyanın ruporu olan “Pravda” qəzetinin 1990-cı il 4 fevral tarixli sayında “Əliyev­çilik, yaxud xoş əyyamların xiffəti” çirkin məqaləsilə Heydər Əliyevə qarşı siyasi təqib­lər başlandı. Çox ürəkağrıdan faktlardan biri də o idi ki, Qorbaçov komandasının bu çirkin kampaniyasına Azərbaycanın o vaxtkı rəh­bərliyi də qoşuldu və yerli mətbuatda ulu ön­dərə qarşı qərəzli məqalələr dərc edildi.

Siz düz deyirsiniz ki, Heydər Əliyevi ləkələmək üçün çox ciddi cəhdlər oldu. Amma eldə bir məsəl var, deyir, “Günəş ləkə götür­məz”. Mərkəzdən gələn sifarişli tapşırığın tez­liklə icrası məqsədilə Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrün sənədlərini az qala mikroskop altında təhqiq etməyə başlayıblar. Hətta xüsusi tapşırıqla Bakıya gələn SSRİ-nin o vaxtkı hüquq-mühafizə orqanlarının bir qrupu nə qədər dəridən-qabıqdan çıxsalar da Heydər Əliyevin Azərbaycandakı fəaliyyətin­dən bircə mənfi fakt belə aşkar edə bilməyib­lər. Heç bir fitnə-fəsad, qara piar və uydurma ittihamlar ulu öndərin haqq yolunu bağlaya bilməmiş, həyatını xalqının firavan gələcəyinə həsr etmiş dahi şəxsiyyətin xidmətləri qarşı­sında bütün cəhdlər iflasa uğramışdır.

– Heydər Əliyev respublika prokuror­luğunun 80 illik yubileyində qeyd edib ki, bu qurum hüquq-mühafizə orqanları içərisində xüsusi yer tutur. Ümummilli li­der prokurorluq orqanlarının fəaliyyətinə nəyə görə belə mühüm əhəmiyyət verirdi?

– Azərbaycan Milli Prokurorluğu fəaliy­yətə başladığı ötən bir əsrdən artıq müddət­də çətin və mürəkkəb, eyni zamanda, şərəfli inkişaf yolu keçmiş, millətə və dövlətçilik ideyalarına sədaqət nümayiş etdirmiş, qa­nunçuluğun möhkəmləndirilməsi, habelə cinayətkarlığa qarşı mübarizədə müstəsna xidmətlər göstərmişdir.

Dövlət müstəqilliyinin yenidən bərpa­sından sonra da dövrün səriştəsiz hakimiy­yətinin ölkəni anarxiya və xaosa sürüklədiyi çətin məqamlarda Vətənə, dövlətə sədaqətlə xidmət edən bir çox prokurorluq işçisi milli mənafeyin qorunması, böyük vüsət alan ci­nayətkarlığın, insanların hüquq və azadlıqla­rının kütləvi pozulması hallarının qarşısının alınması naminə şərəflə üzərlərinə düşən və­zifələri yerinə yetirmişlər.

Hüquq-mühafizə, o cümlədən, prokuror­luq orqanlarının fəaliyyətinə dərindən bələd olan ulu öndər daim prokurorluq orqanlarının ölkədəki ictimai-siyasi sabitliyin qorunması, ibtidai istintaq və prosessual rəhbərlik sahə­sində fəaliyyətini yüksək qiymətləndirərək deyirdi: “Respublika prokurorluğu və Baş prokuroru Azərbaycan dövlətçiliyinin əsas sütunlarından biridir”. Bu prokurorluq orqan­larına, Baş prokurora etimad, həm də üzəri­mizə qoyulmuş böyük məsuliyyətdir.

1994–1995-ci illərdə ölkəmizin Şi­mal-Qərb regionunda Azərbaycanın 1992–1993-cü illərin yaratdığı hakimiyyət struktur­larındakı boşluqdan istifadə edən cinayətkar ünsürlər aktivləşmişdi. Həmin cinayətkar ün­sürlərin qanunsuz əməlləri ilə bağlı rəhbərlik etdiyim istintaq qrupu təhqiqat aparırdı. İs­tintaq qrupumuzun müstəntiqi araşdırdığımız cinayət işində adları keçən cinayətkar silahlı dəstələr tərəfindən qəflətən girov götürül­müşdü. Həmin müstəntiqin azad edilməsi üçün şəxsən ulu öndərin atdığı qətiyyətli ad­dımlar gənc müstəntiq kimi mənim və həm­karlarımın yaddaşında silinməz izlər buraxdı. O vaxt bir daha müdrik rəhbərin qurumun fəaliyyətinə verdiyi önəmin, hər bir əməkda­şa olan qayğısının canlı şahidi olduq.

Ulu öndər prokurorluğun hüquq-mü­hafizə sistemindəki xüsusi yerinə, istintaq, əməliyyat-axtarış və məhkəmə orqanları ilə qarşılıqlı əlaqəsinin özünəməxsusluğuna ən gözəl qiyməti məhz elə qeyd etdiyiniz yubiley tədbirində vermişdi: “Prokurorluq hüquq-mühafizə orqanları sistemində demək olar ki, məhkəmə ilə polis orqanları, daxili işlər orqanları, milli təhlükəsizlik orqanla­rı arasında duran bir orqandır. Ona görə də prokurorluğun işindən çox şey asılıdır. Yəni onun keyfiyyətindən, işin ədalətliliyindən, peşəkarlığından çox şey asılıdır”. 

– Ulu öndərin müstəqillik dönəmində Azərbaycan prokurorluğunun dövlətçilik­dəki yerinin möhkəmləndirilməsi və nüfu­zunun artırılması üçün həyata keçirdiyi işlər haqqında nə deyə bilərsiniz? Etiraf etmək lazımdır ki, müstəqilliyin ilk illərin­də yaranmış xaosda prokurorluq orqan­ları da, müəyyən mənada, öz üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirə bil­mirdilər. Dahi lider bunu bir neçə çıxışın­da xüsusi vurğulayıb… 

– Əlbəttə, ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra dövlətimizin üzləşdiyi siyasi və iqtisadi tənəzzül, vətəndaş müharibəsi təh­lükəsi prokurorluq orqanlarının da fəaliyyə­tinə təsirsiz ötüşməmişdi. Etiraf etmək lazım­dır ki, bu dövrdə cinayətkarlığın, insan hüquq və azadlıqlarının kütləvi şəkildə pozulması halları geniş vüsət almışdı. Amma bunlarla bərabər, bir neçə prokurorluq əməkdaşının daxili böhranın yaratdığı vətəndaş itaətsizli­yi, qeyri-stabil şəraitdə yer alan cinayətkar­lıqla mübarizə zamanı xidməti vəzifələrini icra edərkən şəhid olması da dövrün gerçək­lərindəndir. 

Heydər Əliyevin 1993-cü ilin çox mürək­kəb və gərgin bir dönəmində hakimiyyətə qayıdışı, dövlətçiliyin əsas sütunları olan strukturlarda qısa vaxtda apardığı islahatlar və çevik idarəetmə metodları tədricən ölkə­də qanunçuluğun və ədalətin bərpasına yol açdı. Əlbəttə prokurorluq orqanlarında yer alan neqativ hallara qarşı da çox sərt tədbirlər görüldü. Azərbaycan Prokurorluğunun döv­lətçilikdəki yerinin möhkəmləndirilməsi və nüfuzunun artırılması üçün həyata keçirilən işlərdən danışarkən, ilk növbədə, müstəqil­liyin əsas atributlarından olan, bilavasitə ulu öndərin təşəbbüsü və rəhbərliyi ilə hazırla­naraq qəbul edilən Azərbaycan Respublika­sının Konstitusiyası və bu mühüm sənəddə prokurorluğa dair xüsusi müddəalar təsbit edilərək ona konstitusion statusun verilməsi xüsusi qeyd edilməlidir.

Bundan başqa, görkəmli dövlət xadimi­nin təşəbbüsü əsasında beynəlxalq hüquq normalarına və mütərəqqi prinsiplərə uyğun hazırlanmış 7 dekabr 1999-cu il tarixli “Pro­kurorluq haqqında” Azərbaycan Respubli­kasının Qanunu və 1 sentyabr 2000-ci ildən qüvvəyə minmiş Azərbaycan Respublika­sının Cinayət-Prosessual Məcəlləsi ilə pro­kurorluğun artıq çağdaş dövrün tələblərinə uyğun qanunun aliliyinin real təminatçısına çevrilməsini müşahidə etmiş oluruq. 

2002-ci il sentyabrın 19-dan qüvvəyə minmiş “Azərbaycan Respublikasının Kons­titusiyasında dəyişikliklər edilməsi haqqın­da” referendum aktına əsasən isə prokuror­luğa qanunvericilik təşəbbüsü hüququnun verilməsi qurumun nəinki hüquq sistemində, o cümlədən, Azərbaycan dövlətçiliyindəki yerini və rolunu daha da gücləndirmişdir.

– Kamran müəllim, Heydər Əliyevin prokurorluq orqanlarının rəhbər heyəti ilə 26 aprel 2000-ci ildə keçirdiyi müşavirəni nə səbəbə Azərbaycan Prokurorluğunun tarixində dönüş nöqtəsi adlandırırlar?

– Sovetlər dönəmində prokurorluq orqan­ları son dərəcə fövqəladə sayılacaq “ümumi nəzarət” adlandırılan səlahiyyətə malik idi. Prokurorluq bütün vətəndaşların, müəssisə, idarə və təşkilatların, habelə ictimai və döv­lət orqanlarının və onların vəzifəli şəxslərinin fəaliyyətində qanunların icra olunmasına nə­zarəti həyata keçirirdi. 

Müdrik rəhbərin hüquq sistemində baş­ladığı islahatların mahiyyətinə nəzər yetir­sək, sosialist ictimai-iqtisadi formasiyasın­dan yeni formasiyaya keçid dövründə belə müstəsna səlahiyyətlərə malik ali nəzarətedi­ci orqanın fəaliyyət dairəsinin sərhədlərinin yenidən müəyyən edilməsi, prokurorluğun funksiya və statusuna baxılması zərurətinin yarandığını görmüş olarıq. 1993-cü ildə ha­kimiyyətə gəldikdən sonra Heydər Əliyev artıq sosialist mülkiyyət münasibətlərinin bazar iqtisadi münasibətləri ilə ziddiyyət təş­kil etdiyini, bu ziddiyyətlərin sosial-iqtisadi inkişafı ləngitdiyini çox aydın görürdü. Ona görə də müstəqil Azərbaycanda iqtisadi, si­yasi böhrandan xilas olub, inkişaf və tərəqqi yoluna qədəm qoyulması üçün yeni ictimai münasibətlərin tənzimlənməsini, hüquqi is­lahatların aparılmasını çox vacib hesab etdi.

Bu məramla da ümummilli lider Heydər Əliyevin prokurorluq orqanlarının rəhbər işçiləri ilə qeyd etdiyiniz müstəsna əhəmiy­yətə malik görüşü, həmin tədbirdəki proqram xarakterli çıxışı prokurorluqda reallaşdırılan müasir məzmunlu islahatların əsasını təş­kil etdiyindən və qanunla nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə işlərin səmərəli təşkilinə təminat yaratdığından qurumun ta­rixində dönüş nöqtəsi hesab edilməkdədir.

Prokurorluğun həyatında yeni mərhələ­nin başlandığı həmin müşavirədə müdrik liderin söylədiyi – “Azərbaycan Prokurorlu­ğunda sağlam mənəvi mühit yaratmaq lazım­dır. Sağlam mənəviyyat ... yoxdursa, o insan nə qədər yaxşı işləyirsə-işləsin, bizim tələb­lərimizə cavab verə bilməyəcəkdir. Bizim tələblərimiz isə qanundur, qanunun aliliyidir. Mənəviyyatın da hamısı qanunun içərisində­dir” sözləri bu gün də prokurorluğun fəaliy­yətində əsas meyardır.

– Müstəqil Azərbaycanda Prokuror­luğunun yaranmasında və inkişafında Heydər Əliyevin xidmətləri nədən ibarət­dir?

– Əminliklə deyə bilərik ki, Azərbaycan Prokurorluğunun dövlətçiliyimizin maraqla­rına, qanunun aliliyinin təmin olunmasına, cinayətkarlıqla mübarizəyə, qanunçuluğun və hüquq qaydasının qorunmasına xidmət etməsi, onun fəaliyyətinin hərtərəfli təminatı üçün qanunvericilik və maddi-sosial bazanın yaradılması zəmanəmizin ən böyük azərbay­canlısı Heydər Əliyevin dövlətçilik siyasəti, yüksək qayğısı və dəstəyi nəticəsində müm­kün olmuşdur.

Böyük və qurucu dövlət xadiminin pro­kurorluğa olan diqqət və qayğısı onun 17 iyul 1998-ci il tarixli sərəncamla özünü par­laq şəkildə göstərir. Bu sərəncama əsasən hər il oktyabrın 1-nin respublikamızda pro­kurorluq işçilərinin peşə bayramı günü kimi qeyd olunması, ulu öndərin prokurorluq orqanlarının yaradılmasının 80 illik yubile­yində şəxsən iştirakı və “Azərbaycan Pre­zidenti kimi mən Azərbaycan Prokurorlu­ğuna inanıram, güvənirəm və arxalanıram” fikrini səsləndirməsi bu gün də Azərbaycan prokurorluq orqanlarının kollektivi tərəfin­dən dərin minnətdarlıq hissi ilə yad edilir.

Prokurorluq orqanlarında yüksək bilikli və peşəkar kadrların çalışmasının əhəmiy­yətini gözəl bilən uzaqgörən liderin ilk dəfə məhz prokurorluqda müsabiqə yolu ilə işə qəbulun həyata keçirilməsinə dair fərmanı xüsusi qeyd edilməlidir. Bu gün də davam etdirilən bu müsabiqələr qurumun kadr tər­kibinin şəffaf prosedurlar əsasında, yüksək biliyə və mənəvi keyfiyyətlərə malik, dövlət­çilik ideyalarına sədaqətləri ilə seçilən gənc mütəxəssislər hesabına komplektləşdirilmə­sinə şərait yaratmışdır.

Məhz ulu öndərin göstərdiyi siyasi xəttə sədaqətin nümunəsidir ki, 2002-ci ilədək pro­kurorluq orqanlarında qulluq keçən 30 yaşı­nadək işçilərin sayı prokurorluq əməkdaşla­rının ümumi sayının 3 faizinə bərabər olduğu halda, həmin ildən sonrakı dövrdə müsabiqə yolu ilə işə qəbul edilmiş gənc prokurorluq işçilərinin sayı əhəmiyyətli dərəcədə artaraq hazırda kadr korpusunun 80 faizindən çoxu­nu təşkil edir. Onların da əksəriyyəti hazırda rəhbər vəzifələrdə çalışırlar.

– Cənab baş prokuror, Heydər Əliyevin prokurorluq qarşısında qoyduğu əsas və­zifələrdən biri də ötən əsrin 90-cı illərində Azərbaycan dövlətinə, ərazi bütövlüyünə, xalqa qarşı cinayətlərin araşdırılıb hüquqi qiymət verilməsi, cinayətkarların cəzalan­dırılmasıdır. Bu sahədə ulu öndərin qarşı­ya qoyduğu vəzifələr necə yerinə yetirilir? Fikrimcə, böyük Zəfərdən sonra bu işləri həyata keçirmək daha real görünür...

– Müasir müstəqil Azərbaycanın bani­sinin ölkəmizin ərazi bütövlüyünə, həm­vətənlərimizin təhlükəsizliyi əleyhinə yönəl­miş cinayət əməllərini törədənlərin ədalət mühakiməsi qarşısına çıxarılması ilə bağlı hüquq-mühafizə, o cümlədən, prokurorluq orqanları qarşısında qoyduğu vəzifələri 3 is­tiqamət üzrə ayıra bilərik.

Birinci istiqamət, xarici xüsusi xidmət orqanlarının dəstəyi ilə daxildən ölkəni par­çalamaq məqsədilə təşkil edilmiş, süni mil­li-etnik münaqişə fonunda separatçılığa meyl edən hərbiləşmiş dəstələrin cinayətkar əməl­lərinin ifşa edilməsi; ikinci istiqamət, bildir­diyiniz kateqoriyadan olan sülh və insanlıq əleyhinə müharibə cinayətləri törətmiş Ermə­nistan silahlı qüvvələrinin mənsublarının mə­suliyyətə cəlb edilməsi, üçüncü istiqamət isə erməni və digər xarici xüsusi xidmət orqanla­rı tərəfindən ölkə daxilində dinc əhaliyə qarşı törədilmiş terror aktlarının qarşısının alınma­sı ilə bağlı olmuşdur.

Hər üç istiqamət hüquq-mühafizə orqan­ları tərəfindən prioritet qəbul edilməklə kompleks tədbirlər həyata keçirilmiş, ilk öncə daxildə separatçı dəstələr tam zərər­sizləşdirilmiş, xarici dairələrin ölkədə gedən ictimai-siyasi proseslərə təsiri minimuma en­dirilməklə sabitlik bərqərar edilmişdir.

Möhtərəm Prezidentimiz, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük haqq savaşında əzəli torpaqlarımızın işğaldan azad edilməsi həm tarixi ədalətin bərpasına, həm də ulu öndər tərəfindən qarşımızda qoyulan vəzifələrin icrasına son dərəcə böyük imkanlar açmışdır. 

44 günlük İkinci Qarabağ müharibəsində aparılan hərbi əməliyyatlar zamanı cəmiy­yətimizlə bərabər səfərbər olan prokurorluq orqanları da aidiyyəti dövlət qurumları ilə əlaqəli şəkildə fəaliyyət göstərərək, müha­ribənin gedişində törədilmiş hər bir cinayət faktı üzrə döyüş əməliyyatlarının aparıldığı şəraitdə mümkün istintaq hərəkətləri həyata keçirmişlər. Bu müddətdə hərbi qulluqçu­larımızın istintaqa təhvil verdikləri Birinci Qarabağ müharibəsi zamanı törətmiş oldu­ğu cinayət əməllərinə görə təqsirləndirilən “Yerkrapa” silahlı birləşməsinin üzvləri Lüd­vik Mkrtiçyan və Alyoşa Xosrovyan məh­kəmə məsuliyyətinə cəlb edilmişdir. Bundan başqa Xocalı, Qaradağlı, Bağanıs-Ayrım, Meşəli, Kərkicahan soyqırımı ilə yanaşı, di­gər sülh və insanlıq əleyhinə, habelə müha­ribə cinayətlərini törətməkdə təqsirləndirilən 297 şəxsin beynəlxalq hüquq normaları çər­çivəsində məsuliyyətə cəlb edilərək cəzalan­dırılmalarını təmin etmək məqsədilə istintaq və əməliyyat-axtarış tədbirlərinin icrası da­vam etdirilir.

Bunlarla bərabər, Ermənistan üçün təs­limçilik aktı olan üçtərəfli Bəyanatın imza­lanmasından dərhal sonra prokurorluq orqan­ları tərəfindən təxirə salınmadan işğaldan azad edilmiş ərazilərdə erməni vandalizmi nəticəsində talan edilmiş, dağıdılmış yaşayış məntəqələrinə, tarixi, dini-mədəni abidələrə və digər əmlaklara dəymiş ziyanın müəyyən edilməklə beynəlxalq məhkəmələrə müra­ciət olunması istiqamətində digər qurumlarla əlaqəli şəkildə müvafiq işlər həyata keçirilir.

– Kamran müəllim, bu gün tam əmin­liklə demək olarmı, Azərbaycan Prokuror­luğu ümummilli liderin arzuladığı key­fiyyətdə, milli mənafeyə uyğun, yüksək peşəkarlıqla fəaliyyət göstərən və cəmiyyə­tin ən layiqli adamlarındandır”?

– Əvvəldə qeyd etdiyim kimi, Azərbay­can Prokurorluğunun öz xalqının və müstəqil dövlətçiliyin maraqlarına xidmət edən, kons­titusion statuslu, yüksək dünya standartları­na uyğun təsisat kimi formalaşmasında ulu öndərin müstəsna xidmətləri var. Heydər Əliyevin həyata keçirdiyi islahatlar bu gün onun layiqli varisi, yeni dövrün yeni lideri cə­nab İlham Əliyev tərəfindən müasir çağırışlar nəzərə alınmaqla uğurla davam etdirilməkdə və ulu öndərin hüquqi dövlət quruculuğu konsepsiyası əzmlə gerçəkləşdirilməkdədir. Dövlət başçısının dəstəyi ilə prokurorluqda şəffaflığın təmin edilməsi, elmi-texniki nai­liyyətlərin tətbiqi, maddi-texniki bazanın və əməkdaşların sosial müdafiəsinin gücləndi­rilməsi, işin səmərəliliyini artırmağa, möv­cud çatışmazlıqları təxirə salınmadan aradan qaldırmağa təminat verən icra-nəzarət mexa­nizminin yaradılması daim önə çəkilmişdir. 

Ulu öndərin prokurorluq orqanları qarşı­sında qoyduğu tələblər, eləcə də dövlət başçı­sı cənab İlham Əliyevin rəhbər göstərişləri və müdrik tövsiyələrindən irəli gələn vəzifələrin yerinə yetirilməsi, prokurorluq fəaliyyətində səmərəliliyin artırılması və müasir iş metod­larını tətbiq etməyə qadir kadr korpusunun formalaşdırılması prosesi bu gün də intensiv şəkildə davam etməkdədir.

Ölkəmizdə mövcud dayanıqlı ictimai-si­yasi sabitlik, dövlətimizin qüdrətinin artma­sı hüquq-mühafizə, xüsusən də prokurorluq orqanları əməkdaşlarının gündəlik fəaliy­yətlərini daha səmərəli təşkil etməyə, böyük əzm və vicdanla işləməyə, qanunun aliliyi­nin təmin edilməsində peşəkar, hərtərəfli və qətiyyətli olmağa sövq edir. Müasir dövrün yüksək texnoloji tendensiyalarına, rəqəm­sal xidmətlərin artmasına baxmayaraq, pro­kurorluq işçisi üçün ən vacib amillərdən biri onun müsbət şəxsi keyfiyyətlərə malik olma­sıdır. 

Bu, ulu öndərin yüksək dəyər verdiyi ən mühüm keyfiyyətlərdir: “Sağlam mənəviyyat hər bir prokurorluq işçisi üçün, qanun keşi­yində duran bizim hər bir məmurumuz üçün əsas meyar olmalıdır”. Heydər Əliyevin bu sözləri fəaliyyətimizin əsas meyarına çev­rilmişdir. Ona görə də prokurorluq işçiləri üzərlərinə düşən məsuliyyəti dərk edərək ulu öndərin göstərdiyi etibarı və Prezident cənab İlham Əliyevin yüksək etimadı dövlətçilik ideyalarına sədaqətlə, xidməti vəzifələrinin icrasına daim vicdanlı münasibət bəsləməklə doğrultmağa çalışırlar.

– Baş prokuror yox, sadəcə Azərbay­can vətəndaşı olan Kamran Əliyev üçün Heydər Əliyev kimdir – dahi, müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu ön­dər, yoxsa, epoxanın lideri?

– Bütün dahilərin qiymətini zaman ve­rir. Heydər Əliyev yaşadığı ömürdən ötən illər də göstərir ki, bu dahi şəxsiyyət dünya siyasət olimpində öz adını əməlləri və xid­mətləri ilə əbədiləşdirib. Təkcə hakimiyyətə qayıdışından sonrakı dövrdə onun xidmətlə­rinin miqyasının çərçivəsini tam əhatə etmək mümkün olmur. Zaman göstərdi ki, hakimiy­yətinin 10 ilində ulu öndərin apardığı siyasət son dərəcə mükəmməl və düzgün siyasət olub. Mən bunu bircə 2020-ci ildə, 44 gün­lük müharibədə işğalçı Ermənistan üzərində qazandığımız qələbə ilə əlaqələndirmək istə­yirəm. Bu qələbə ümummilli liderin başladı­ğı quruculuq siyasətinin və bu siyasi xəttin Prezidentimiz cənab İlham Əliyev tərəfindən ən mükəmməl şəkildə davam etdirilməsinin parlaq nəticəsi oldu. Bu zəfərin təməl daşla­rı – milli müstəqil dövlətçiliyin yaradılması, Milli Ordunun formalaşdırılması, hüquq-mü­hafizə orqanlarının ədalət prinsipləri əsasında saflaşdırılması, vətəndaş cəmiyyətinin for­malaşması, xalqın azərbaycançılıq və milli həmrəylik ideyası ətrafında birləşmək kimi mühüm təməllər Heydər Əliyev tərəfindən qoyuldu. Prezident İlham Əliyev müasir qlo­bal çağırışları nəzərə almaqla bunları ən yük­sək formada və müdrikliklə davam etdirərək Zəfərə nail oldu. Politoloqların, tədqiqatçıla­rın yanaşmaları göstərir ki, bu qələbə təkcə hərbi qələbə deyildi. Bu Azərbaycanın düş­mən üzərində diplomatik, iqtisadi, mədəni, mənəvi və humanitar qələbəsi idi. Onların hər birində Heydər Əliyevin özünəməxsus dəstixətti, izi var.

Ona görə də Heydər Əliyev mənim üçün zamanın fövqündə dayanan fenomenal insan, böyük düha sahibi, xalqa xidməti ilə zirvələri fəth edən, bütün zamanların ən qüdrətli Azər­baycanın banisidir. Heydər Əliyev ölkə, qitə miqyasını aşan, dünya şöhrətli siyasətçi, əbə­diyaşar lider, polad iradəli görkəmli dövlət xadimi, bir sözlə... bəşəriyyətin tarixə bəxş etdiyi dahi azərbaycanlıdır. 

 

Söhbəti qələmə aldı:
İlqar RÜSTƏMOV,
“Xalq qəzeti”




Müsahibə