15 İyun: Milli Qurtuluşa aparan yol və liderin xilaskarlıq məramı

post-img

XX əsrdə Azərbaycanın taleyində həlledici rol oynamış və inkişaf yolunu müəyyənləşdirmiş, millətimiz və dövlətimiz var olduqca müraciət ediləcək, öyrəniləcək, ibrət alınacaq bir neçə tarixi gün mövcuddur. 

Birincisi, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasıdır. Bu hadisə ilə millətimiz uzun illərdən sonra ilk dəfə olaraq döv­lət müstəqilliyini respublika formasında bərpa etdi, müsəlman Şərqi xalqlarına cümhuriyyət ideyasını, idarə üsulunu gətirdi, onlara müstəmləkəçilikdən xi­las olmağın yolunu göstərdi.

İkincisi, 1918-ci il sentyabrın 15-dəBakı şəhərinin yadelli qüvvələrdən azad edilməsi, Azərbaycan xalqının və dövlətinin öz paytaxtına qovuşma­sıdır. Cümhuriyyətin qurulması qədər əhəmiyyətli olan bu hadisə bütün son­rakı hadisə və proseslərə təsir etdi. O zaman Bakı şəhəri yadellilərdən azad edilməsəydi şəhərin taleyi qaranlıq qalacaqdı. Hətta 1920-ci ilin aprelin­də bolşevik işğalından sonra Bakının Azərbaycandan qopardılmasına dair müəyyən layihələr, hətta 50-ci illərdə də bəzi niyyətlər var idi. 

Üçüncüsü, 1920-ci il yanvarın 11-də Parisdə Azərbaycanın döv­lət müstəqilliyinin de-fakto tanınması xalqın iradəsinin, seçdiyi yolun qəbul edilməsi oldu. 

Dördüncüsü, hələ SSRİ-nin, kom­munist ideologiyasının və sovet siste­minin mövcud olmasına baxmayaraq, 1990-cı il noyabrın 17-də Naxçıvan şəhərində Azərbaycan xalqının ümum­milli lideri Heydər Əliyevin rəhbərliyi al­tında Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Sovetinin birinci sessi­yasının iclasında muxtar respublikanın adından “Sovet Sosialist” ifadələrinin çıxarılması,Azərbaycan Xalq Cümhu­riyyətin üçrəngli bayrağının dövlət rəm­zi kimi qəbul edilməsidir. 

Beşincisi, 1991-ci il oktyabrın 18-dəAzərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında konstitusiya aktı­nın qəbul edilməsidir. 

Altıncısı, bərpa edilmiş, lakin itiril­mək təhlükəsi qarşısında qalan Azər­baycanın dövlət müstəqilliyinin xilas edildiyi, güclü dövlətin qurulmasının, bütün vətəndaşların tək millət, tək dövlət, tək bayraq, tək torpaq altında birləşməsinin, işğal altında qalan tor­paqların azad edilməsi üçün təməllərin qoyulduğu 1993-cü ilin 15 iyunudur.

Bu gün 1993-cü ilin 15 iyun tarixin­dən 30 il keçir. Məlum olduğu kimi, ma­raqların toqquşduğu siyasətin göstəri­cisi olan tarixi hadisə və proseslər bir cür baş versə də onlara verilən qiymət, adətən, fərqli olur. Qiymətləndirməyə müxtəlif siyasi təşkilatların, qrupların, şəxslərin maraqları və iddiaları təsir edir. Belə fərqli yanaşmalar təbiidir. Çünki həyat yaranandan bəri daim əksliklərin vəhdəti və mübarizəsi gedib və indi də davam edir. Əkslikləri ara­dan qaldırmaq mümkün deyildir. 

Cəmiyyətin inkişafının təməlində elə fikir müxtəlifliyi, əksliklərin vəhdəti və mübarizəsi dayanır. Lakin dünya ta­rix elmində qəbul edilmiş ümumi meto­doloji prinsiplərə görə, hər hansı bir ta­rixi hadisə və prosesə verilən qiymətdə başlıca meyar onların özündən sonrakı inkişafa necə təsir etməsi, dövlət və millət üçün nəticələrin müsbət və mənfi olması, hökumətin fəaliyyətinə düzgün qiymət verilməsi isə qarşıya qoyduğu məqsəd və vəzifələri necə yerinə yetir­məsi, faydaları və ziyanları ilə ölçülür.

1997-ci ilin iyun ayından etibarən­Vətən təqvimində Milli Qurtuluş Günü elan edilən 15 iyunun mahiyyətini, onun nəticələrini dərk etmək və mü­vafiq nəticələr çıxararaq ibrət dərsləri almaq müstəqil dövlətimizin və milləti­mizin keçdiyi yolu, mövcud vəziyyətini, gələcək inkişaf perspektivlərini müəy­yənləşdirmək baxımından vacibdir. Ona görə də, ilk növbədə, 15 iyunadək Azərbaycanın sosial-iqtisadi, siyasi, hərbi, mənəvi-psixoloji şəraitə və xarici siyasət fəaliyyətinə nəzər yetirmək zə­ruridir. 

Ümumi böhran məngənəsində 

Dövlət müstəqilliyi bərpa edildikdən sonra Azərbaycan xalqının qarşısında bir sıra vacib vəzifələrin yerinə yetiril­məsi dayanırdı: müstəqilliyi qorumaq və möhkəmləndirmək; planlı sosialist təsərrüfatından azad bazar iqtisadiy­yatına keçmək; təkpartiyalı sistemdən çoxpartiyal, cəmiyyətə, demokratiya­ya keçmək; dövlət quruculuğu üçün əlverişli beynəlxalq şərait yaratmaq; Ermənistanın əsassız ərazi iddiaları ilə Azərbaycana qarşı başlatdığı hərbi tə­cavüzü dayandırmaq, onun nəticələrini aradan qaldırmaq və s.

Azərbaycan xalqı dövlət müstəqil­liyini bərpa edən zaman xain qonşu­nun əsassız ərazi iddiaları səbəbindən bir neçə il əvvəl başladığı daxili işlərə kobud müdaxilə davam edir, tarixi torpaqlarımız olan və Ermənistan ad­landırılan bu respublikada dədə-baba yurdlarında yaşayan azərbaycanlılar vəhşicəsinə qovularaq qaçqına çevrilir, yaşayış məntəqələri, tarix və mədəniy­yət abidələri, qəbiristanlıqlar dağıdılır, ərazinin etnomədəni mənsubiyyəti iti­rilirdi. Bunlarla yanaşı Azərbaycanın işğal edilmiş yaşayış məntəqələrinin əhalisi məcburi köçkünə çevrilirdi. Problemləri həll etmək əvəzinə, haki­miyyət uğrunda müxtəlif qruplaşmalar arasında bütün mümkün vasitələrlə mübarizə gedirdi. 

1992-ci ilin may ayında silahlı çevri­liş yolu ilə hakimiyyəti ələ keçirən Azər­baycan Xalq Cəbhəsi ölkə qarşısında dayanan problemləri həll edə bilmədi, vəziyyət daha da pisləşdi. Dövlət idarə­çiliyində səriştəsizlik, problemlərin yanlış qoyulması, onların həllinə səhv, primitiv, məhdud yanaşma, qanunveri­ci, icraedici və məhkəmə hakimiyyəti arasında ixtilaflar, xalq ilə hakimiyyət arasında ziddiyyətlər, dükanlarda sa­tılan keyfiyyətsiz çörək üçün növbələ­rin çoxalması şəraitində əhalinin artan narazılığı, iqtisadi tənəzzül, vətəndaş­lara qarşı kobud davranışlar, ölkənin şimalında və cənubunda xaricdən qı­zışdırılan separatçılıq hərəkətləri, mil­ləti və ölkəni dağıdan, dövlətin varlığını təhdid edən qondarma qurumların elan edilməsi, Azərbaycan xalqının parça­lanma astanasında olması, vəziyyət­dən çıxmaqdan ötrü sabaha ümidlərin olmaması, yürütdüyü siyasət nəticəsin­də hakimiyyətin xalqdan aralı düşməsi və ona bəslənən ümidləri doğrulda bil­məməsi acınacaqlı şərait yaratmışdı.

Belə bir vəziyyətdə ölkəni xari­ci hərbi təhlükədən qorumaq müm­kün deyildi. Cəbhədəki uğursuzluqlar bir-birini əvəz edirdi. Hərbi və mülki hakimiyyət arasında ixtilaflar hökm sürürdü. Hakimiyyətə tabe olmayan bir qrup hərbçi əyalətdə “Hərbi birlik” yaratmışdı. 1993-cü il iyunun 4-də Gəncədə Surət Hüseynovun rəhbərliyi altında 709 saylı hərbi hissədə qiyam baş verdi. Qiyamı yatırmaq üçün 130 saylı hərbi hissədən həmin hərbi his­səyə hücum edildi. Şəhərə gedən döv­lət və hökumət nümayəndələri girov götürüldülər. Qiyamçı dəstələr Bakıya doğru hərəkət etdilər. Azərbaycan öz tarixində o zamanadək görünməmiş bir faciənin – qardaşın bir-birinin qanını tökməsi, vətəndaş müharibəsi astana­sında dayanmışdı. Millət heç bir zaman bu qədər qütbləşməmiş və bir-birinə qənim kəsilməmişdi. 

Ölkə daxilində dövlət quruculuğu üçün əlverişli beynəlxalq şəraiti təmin etməli olan xarici siyasət fəaliyyəti də bərbad halda idi. Hissiyatlara əsasla­nan xarici siyasətin yürüdülməsi nəti­cəsində beynəlxalq aləmdə Azərbay­canın səsi eşidilmirdi. Təşkilati, dövlət idarəçilik bacarığına və qabiliyyətinə malik olmayan, xalqın dəstəyini itirmiş hakimiyyət ölkəni təcridçiliyə gətirmiş­di. Diplomatiya bədxahları bitərəfləri dosta çevirmək əvəzinə, ölkəyə daha çox düşmən qazandırırdı. Qonşularla münasibətlər gərgin idi. Ölkənin ma­raqları etibarlı qoruna bilmirdi.

Müstəqilliyin bərpasından sonra bəzi addımlar atılsa da, dövlət qurucu­luğu, sanki, kağız üzərində qalaraq bə­yanat xarakteri daşıyırdı. Həm daxildə, həm də beynəlxalq aləmdə hər hansı bir məsələni həll etmək gücündə olma­yan hakimiyyət ölkəni ümumi böhrana gətirmişdi. Azərbaycan xalqı tarixinin çətin günlərini yaşayırdı. 

Xalqın və dövlətin taleyi üçün məsu­liyyəti öz üzərinə götürmüş hakimiyyət nümayəndələri belə ağır şəraitdə bir-bi­rinin ardınca istefa verərək canlarını qurtarmaq yolunu tutdular. Onlardan bəziləri vəzifələrini “dondurdular”, bə­ziləri isə qaçıb gizləndilər. Bu, milli döv­lətçilik tarixinin utancverici məqamı idi. 

Niyə məhz Heydər Əliyev?

Azərbaycan xalqı düşmüş olduğu vəziyyətdən çıxmaqdan ötrü nicat yolu arayırdı. Adamlar sual edirdilər: Azər­baycan xalqının və dövlətinin taleyi necə olacaq? Ölkəni ağır şəraitdən kim və necə çıxara bilər? Bu yükü, məsuliy­yəti öz üzərinə götürə bilən tarixi şəx­siyyət, lider varmı? Çoxlu çətin suallar qarşısında dayanan Azərbaycan xalqı­nın nəzərləri Naxçıvan Muxtar Res­publikası Ali Məclisinin Sədri Heydər Əliyevə yönəldi. Heydər Əliyevə olan inamın bir sıra əsaslı səbəbləri var idi. 

Birincisi, Heydər Əliyev sovet siste­minin, kommunist ideologiyasının möv­cud olduğu bir şəraitdə, 70-ci illərdə respublikanın rəhbəri kimi güclü təşki­latçılıq və idarəçilik bacarığı ilə xalqının başını uca etmiş, onu qabaqcıllar cər­gəsinə çıxarmışdı. Xarici ölkə tarixçilə­rinin yazdığı kimi, Azərbaycanın şimal torpaqları çar Rusiyası tərəfindən işğal edilib ilhaq olunduqdan sonra daim özlərini sındırılmış hesab edən azər­baycanlılar XX əsrdə Bakı küçələrin­də yalnız iki dəfə başlarını dik tutaraq, güvənərək gəzməyə başlamışdılar. Azərbaycan və Osmanlı hərbçilərindən ibarət yaradılmış Qafqaz İslam Ordusu tərəfindən Bakı şəhəri 1918-ci il sen-tyabrın 15-də yadellilərdən azad edil­dikdən sonra və 70-ci illərdə Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə.

İkincisi, Heydər Əliyev dünyanın quru ərazisinin altıda bir hissəsini tu­tan SSRİ-nin rəhbərlərindən biri olduq­dan – 1982-ci ildə Sov. İKP MK Siyasi Bürosunun üzvü seçildikdən, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edildikdən sonra xarici ölkələrin tarixçilərinin yazdığı kimi, “tri­umvirat” sayılan sovet dövlət və siyasi xadim olaraq xalqının başını daim uca etmişdi. 

Üçüncüsü, Heydər Əliyev Mos-kvadakı sovet və partiya vəzifələrin­dən çıxdıqdan sonra həyatı təhlükədə olmasına baxmayaraq, 1990-cı il yan­varın 21-də Azərbaycanın daimi nü­mayəndəliyinə gələrək 20 yanvar qırğı­nını törədənləri ittiham etmiş, xalqının yanında olmuşdu. Ulu öndər Naxçıvan­da yaşayarkən ağsaqqal deputat kimi sədrlik etdiyi iclasda Muxtar Sovet So­sialist Respublikasının adından Sovet Sosialist ifadələri çıxarılmış, Ali Sovet Ali Məclis adlandırılmış, sovet dövləti­nin və kommunist ideologiyasının düş­mən saydığı və inkar etdiyi Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının döv­lət bayrağı olaraq qəbul olunmuşdu. 

Böyük siyasətçi və nəhəng döv­lət xadimi olan Heydər Əliyev hələ SSRİ-nin, Kommunist Partiyasının, sovet sisteminin mövcud olduğu bir şəraitdə bütün təzyiqləri və təhdidləri rədd edərək SSRİ-nin saxlanılmasına dair referendumun Naxçıvan Muxtar Respublikasında keçirilməsinə imkan verməmişdi. Kommunist Partiyası sı­ralarından istefa verməklə bu ideologi­yanın çökməsinə güclü təsir etmişdi. Naxçıvan müstəqil Azərbaycan dövlə­tinin təməllərinin rəsmi şəkildə atıldığı yer olmuşdu.

Dördüncüsü, Heydər Əliyev 1990-cıildən etibarən Milli Məclisdə etdiyi çıxış­larında Azərbaycan xalqının gələcəyi­nin yalnız müstəqillikdə olduğunu qəti şəkildə bildirmişdi. Dövlət müstəqilliyi haqqında konstitusiya aktına imza at­mışdı. 

Bütün bunları unutmayan xalqın də­rin inamına görə, yalnız Heydər Əliyev Azərbaycan dövlətini məhv olmaqdan, ölkəni xaricdən dəstəklənən separatçı­lıqla parçalanmaqdan, xalqı vətəndaş müharibəsi təhlükəsindən xilas edə, mənəvi-psixoloji böhrandan çıxara, Er­mənistanın davam edən hərbi təcavü­zünü dayandıra, ölkəni fəlakətə salmış uğursuz xarici siyasət fəaliyyətini yeni əsaslar üzərində qura bilərdi. Təkidli tələblər qarşısında çarəsiz qalaraq geri çəkilən Azərbaycan rəhbərliyi Heydər Əliyevi Bakıya dəvət etməyə məcbur oldu. 

Qurtuluş naminə dönüş

Bakıya gələrək parlamentdə çıxış edən Heydər Əliyev əvvəlcə qiyamın baş verdiyi Gəncəyə getdi. Şəhər əha­lisi ilə görüşərək şəraitlə tanış oldu. Bakıya qayıtdıqdan sonra iyunun 15-də Azərbaycan parlamentinin sədri seçildi. 

Dünya xalqlarının dövlətçilik tarixi­nin təcrübəsi göstərir ki, görkəmli döv­lət xadimləri nadir hallarda ikinci dəfə hakimiyyətə qayıdıblar. Məsələn, par­tiya mənsubiyyətini dəyişmiş görkəmli siyasi və dövlət xadimi Uinston Çerçill Böyük Britaniya və Şimali İrlandiya Krallığında, Şarl de Qoll Fransada, Süleyman Dəmirəl Türkiyədə seçkilər yolu ilə yenidən hakimiyyətə gəliblər. Lakin Heydər Əliyevin Bakıya gəlişi onlara bənzəmirdi. Bu qayıdış, sadə­cə, parlamentin sədri vəzifəsini tutmaq deyil, Azərbaycan xalqı və dövlətinin xilası, gələcək inkişafını müəyyənləş­dirmək üçün əzablarla dolu olan ağır böhran şəraitində xilaskarlıq, qurtuluş naminə dönüş idi. 

Heydər Əliyevin qarşısında daxi­li siyasət sahəsində çoxlu mürəkkəb vəzifələri yerinə yetirmək dayanırdı: dövləti dağılmaqdan, ölkəni xaricdən dəstəklənən separatçılıqdan xilas et­mək; milli birliyi bərpa etmək; haki­miyyətin qanadları arasında yekdillik yaratmaq, xalq ilə hakimiyyət arasın­da uçurumu, inamsızlığı aradan qal­dırmaq; iflic olmuş dövlət hakimiyyət orqanlarını işlək hala gətirmək; dövlə­tin əlində olası silahları ələ keçirmiş, ölkədə cinayətkarlıq şəraiti yaradan ayrı-ayrı dəstələri tərksilah etmək, in­sanlara sakit və təhlükəsiz yaşayış yaratmaq, ağır sosial-iqtisadi şəraitdə yaşayan xalqı böhrandan çıxararaq in­kişafa aparmaq, mənəvi-psixoloji ruhu­nu yüksəltmək, dövlətin gücünü yarat­maq üçün etibarlı açarı tapmaq, köhnə sosializm sisteminin qalıqlarından imti­na edərək bütün sahələrdə uğurlu isla­hatlar aparmaq və s.

Xarici siyasət sahəsində Heydər Əliyevin qarşısında dayanan başlıca vəzifələr dövlət quruculuğu üçün əl­verişli beynəlxalq şəraiti təmin etmək, Ermənistanın davam edən hərbi təca­vüzünü dayandırmaq, ölkəni fəlakətə salmış, Azərbaycan xalqı və dövlətinə düşmənlər qazandıran xarici siyasət xəttindən imtina etmək və s. idi. Əlve­rişli coğrafi-siyasi mövqeyinə, zəngin təbii sərvətlərinə yiyələnmək uğrunda yüzilliklər boyu imperiya siyasəti yü­rütmüş dövlətlərin sınaq meydanına, “qurdlar süfrəsi”nə çevrilmiş Azərbay­canda bütün bunları bir dövlət xadimi­nin həll etməsi mürəkkəb və çətin bir iş idi. 

Hakimiyyətin qanadları arasında sıx birliyin tələb olunduğu bir zamanda Prezident Əbülfəz Elçibəyin Bakıdan doğulduğu Naxçıvan Muxtar Respubli­kasının Kələki kəndinə getməsi onsuz da çətin olan şəraiti daha da ağırlaşdır­dı. Bu, Azərbaycan dövlətçilik tarixində çox pis an idi. 

Yaranmış şərait təcili, düzgün qə­rarların qəbul edilməsini və qətiyyətlə həyata keçirilməsini tələb edirdi. Par­lamentin prezident səlahiyyətini ver­məsilə dövlətin və millətin taleyi ilə bağlı bütün məsuliyyəti Heydər Əliyev öz üzərinə götürdü. Ölkəni, dövləti və xalqı bəlalardan qurtaran Heydər Əliyevin bu fəaliyyəti xilaskarlıq, qurtu­luş missiyası daşıdı. 

Azərbaycan xalqı nədən qurtuldu?

Heydər Əliyevin parlament sədri, oktyabr ayında isə prezident seçilməsi ilə Azərbaycan aşağıdakı dönüşə nail oldu:

İlk növbədə, xalq dövlət müstəqil­liyini itirmək təhlükəsindən xilas oldu. Çünki hakimiyyətin bacarıqsız fəaliy­yəti ölkəni bütün sahələrdə – iqtisadi, sosial, siyasi, milli təhlükəsizlik, mənə­vi, psixoloji və b. fəlakətə salmışdı. Ölkədə yaranmış ağır vəziyyətdən istifadə edən xarici düşmənlər daxildə olan bəzi qrupların köməyi ilə öz çirkin məqsədlərini həyata keçirməyə başla­mışdılar. 

İkincisi, Azərbaycan xalqı böyük bir tarixi ləkə ola biləcək və kandarında da­yandığı qardaş qırğınından, vətəndaş müharibəsi təhlükəsindən qurtuldu. 

Üçüncüsü, Azərbaycan Respubli­kası xaricdən dəstəklənən separatçı­lıqdan və parçalanmaqdan xilas oldu, xalq dövlətinin bütövlüyünü qorudu.

Dördüncüsü, Azərbaycan xalqı müstəqil dövlətçiliyə, firavan gələcəyə olan inamsızlıqdan, bədbinlikdən və mənəvi-psixoloji böhrandan xilas oldu.

Beşincisi, Azərbaycan bütün sahələrdə millətin ümumi səviyyəsin­dən aşağı olan, onun həm iqtisadi, si­yasi, təhlükəsizlik, dövlətçilik, həm də mənəvi tələbatına cavab verməyən və nəhayət, müstəqil Azərbaycan dövləti­nin qarşısında dayanan vəzifələri ye­rinə yetirməyə qadir olmayan bacarıq­sız hakimiyyətdən xilas oldu.

Altıncısı, Azərbaycan xalqı haki­miyyətə konstitusiyaya zidd yollarla gəlmək, silah və təzyiqlərlə hakimiyyət dəyişikliyinə nail olmaq, eksperiment­lər ölkəsinə çevrilmək meyillərindən xi­las oldu. Qəti şəkildə bəlli oldu ki, haki­miyyətə gəlməyin yeganə yolu seçkidir. 

(Ardı https://xalqqazeti.az/siyaset/130757-15-iyun-milli-qurtulusa-aparan-yol-ve-liderin-xilaskarliq-merami )

 

Musa QASIMLI,
Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü, professor

Siyasət