Rusiya Erməniləri İttifaqının prezidenti Ara Abramyanın reallıqdan və həqiqətdən uzaq, şər-böhtanla dolu açıqlamalarını əvvəllər də eşitmişik. Onun müəyyən dairələrin göstərişi ilə ictimai rəyə üfürdüyü gülünc versiya və sərsəmləmələri, diletant mülahizələri Ermənistan cəmiyyətində belə ciddi qəbul olunmur.
Bu dəfə “erməni xalqının dərdini” TASS-a danışan, Paşinyan iqtidarının məqsədinin “Ermənistanı, dövləti və dövlətçiliyi məhv etmək” olduğunu bəyan edən Abramyanın dediklərinə ilk reaksiya erməni saytları və bloqerlərindən gəldi. Onlar özünün ana və xarici dili eyni dərəcədə zəif bildiyi vurğulanan şərhlərin birində oxuyuruq: “O, Rusiyanın əyalət yollarının kənarında səssizcə fırlanan beşinci təkərə çevrilərək ləyaqətini, vicdanını və bütün digər insani keyfiyyətlərini itirib. Televiziyada Abramyanın fizionomiyasını və ya sadəcə, şəklini göstərmək kifayətdir ki, hamı onun mənasız söhbətinə qulaq asmaq həvəsini dərhal itirsin”.
Özünün dayaz “politoloji” mülahizələrini pafoslu ritorika ilə ictimai dövriyyəyə sırımağa çalışan A.Abramyanın TASS-a danışdıqları mənasız və məzmunsuz söz yığınından ibarət “qanadlı ifadələrdir”. Onun “savadını və dünya görüşünü” erməni blogerləri bizdən daha dəqiq və “yağlı” epitetlərlə xarakterizə ediblər: “Bu cür silinmiş materialın (oxu Abramyanın -red.) çoxdan heç kimə faydası olmayıb və tezliklə aid və layiq olduğu tarixin arxivinə, həm də təkrar istifadədən xeyli köhnəlmiş və tam yararsız hala düşmüş zibilxanaya göndəriləcək”.
İndi isə Rusiya vətəndaşı olan Ara Abramyanın “siyasi-fəlsəfi-ideoloji” taftologiyasından “nümunələrə” nəzər yetirək. O deyir: “Ermənistanın fəal şəkildə əlaqələr qurduğu Avropa çətin ki, onu yaxınına buraxsın. Ermənistan tarixən Rusiya dövlətinə ən yaxın ölkələrdən biri olmaqla, məhz onun yanında durmalıdır. Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiya prezidenti ilə çox yaxın münasibətləri olduğunu deməsinə baxmayaraq, reallıq tamamilə başqa cürdür”.
Rusiya Erməniləri İttifaqının prezidenti hesab edir ki, ermənilərin Rusiyadan başqa seçim imkanı yoxdur: “Çünki bizim alternativimiz yoxdur. Üstəlik, indi vəziyyət elə deyil ki, bizi hər yerdə gözləsinlər, harasa dəvət etsinlər. Avropa İttifaqı Ermənistana gəl-gəl deyir, bəs niyə evinə buraxmır? Onlar Rusiyaya ziyan vurmaqdan ötrü Ukraynaya dəstək verirlər. Paşinyana da eyni şeyi təklif edirlər, amma o, bunu başa düşmür. Qorxuram ki, sonda dövləti məhv edər”.
Belə dərin analitik qabiliyyətə malik, Paşinyanı savadsızlıqda suçlayan “beynəlxalq münasibətlər üzrə ekspert” Abramyan, nəhayət, sifarişçilərinin əsl niyyətini açıq şəkildə ifadə edir: “Nikol Paşinyan Ermənistanın baş naziri vəzifəsindən getməli, ya da növbəti seçkilərdə iştirak etməməlidir”. Bununla Kremlin planını faş edən gerizəkalı hay məsələni “daha ciddi şəkildə” qoyur: “Bu adam baş nazir ola bilməz! Erməni xalqı haqqında azca da olsa fikirləşirsə, elə indi vəzifəsindən getməlidir. Onun atacağı ən düzgün addım, yeganə doğru hərəkət budur”.
Bu açıqlaması ilə Ara Abramyan lap “gül vurur”: “Bizim Rusiya ilə siyasi razılaşmalarımız, müqavilələrimiz var. Ona görə də, bu, təkcə Ermənistanın daxili işi deyil. Bu gün biz Rusiyada öz maraqlarımızı müdafiə etməliyik. Rusiya Federasiyasında ümumilikdə 3 milyondan çox erməni yaşayır. Bu, ən böyük diaspordur. Mənim kimi bir çoxlarının Ermənistan vətəndaşlığı olsa belə, ilk növbədə biz rusiyalıyıq”.
Bəli, Ermənistanda hakimiyyətdən kimin gedəcəyi və kimin gələcəyi təkcə “Ermənistanın daxili işi” deyilmiş. Rusiya Erməniləri İttifaqının prezidenti bunu baş nazirə başa salmağa çalışır. O, bununla da kifayətlənməyib, xəstə təxəyyülünün məhsulu olan fərziyə və statistikanı misal çəkir: “Əvvəllər Ermənistan əhalisinin 90-95 faizi rusiyapərəst idi. Amma indi təəssüf ki, xalq qorxur. Ermənistanın fəal şəkildə əlaqələr qurduğu Avropa çətin ki, onu yaxınına buraxsın”.
Hay zehniyyətinin məhsuluna nə qiymət verə bilərik? Qeyd etdiyimiz kimi, Aranın qiymətini ermənilər daha yaxşı veriblər. Bizə qalır Abramyandan qatı açılmamış növbəti doğru xəbərləri gözləmək...
İ.HƏSƏNQALA
XQ