Zəngəzur dəhlizi və ...İranın “qırmızı xətti”

post-img

Cənab Əli Əkbər Vilayəti yenə nə isə “çəkir”

İran və ölkənin “qırmızı xətti”. Deyəsən, Cənub qonşumuzda bu barədə söz açan cəmi iki nəfər qalıb. Hərçənd, onlardan biri ölkədə deyil. Söhbət İranın Ermənistandakı səfiri Mehdi Sobhanidən gedir. Diplomat bütün hərəkət və davranışları ilə Fransanın İrəvandakı elçisi Olivye Dekotinini xatırladır. Birincinin dedikləri ikincinin sərsəmləmələrindən heç nə ilə fərqlənmir. Bu iki şəxsin ritorikasına ermənipərəstlik hakim kəsilib. Ancaq söhbətimiz bu barədə deyil.

İranın “qırmızı xət”lərindın ən çox söhbət açan ikinci şəxs ölkənin Ali Dini liderinin beynəlxalq məsələlər üzrə müşaviri, sabiq xarici işlər naziri Əli Əkbər Vilayətidir. Əvvəllər o və digər İran rəsmiləri “çəkdikləri” “qırmızı xətt” anlayışına Ermənistanın ərazi bütövlüyü və suverenliyi, daha dəqiq desək, ölkənin sərhədlərinin toxunulmazlığı, böyük anlamda isə regionda sərhəd dəyişikliyinin yolverilməzliyi kontekstində izah verirdilər. Hazırda eyni ritorikanın başlıca mövzusu Zəngəzur dəhlizidir. Doğrudur, cənab Vilayəti ermənipərəst deyil. O, əsl İranpərəstdir və bu barədə söz açacağıq. Hərçənd, “İranpərəst” ifadəsi yerinə düşmür. Çünki, hər bir şəxs, o cümlədən dövlət rəsmisi öz ölkəsinin təəssübünü çəkməlidir...

Əlbəttə, Zəngəzur dəhlizi ilə bağlı artan beynəxalq diskussiyalar fonunda İranın dəhliz məsələsinə fokuslanmış reaksiyası proqnozlaşdırılan idi. Amma hesab edirik ki, cənab Vilayəti “barıtı çox edib”. Qocaman diplomatın, belə demək mümkünsə, barıt qoxulu fikirlərini “Sepah Pasdaran” telegram kanalı yayıb, erməni mediası isə boş durmayaraq, məsələ ətrafında şou düzəldib. Şounun motivi budur: İran Azərbaycana barmaq silkələyir. İddia çox gülüncdür.

Beləliklə, Əli Əkbər Vilayəti bildirib ki, Zəngəzur dəhlizi layihəsi, guya, regional inteqrasiyaya, iqtisadi sabitliyə, xalqların rifahına yönəlməyib. Əksinə, bu ideya, guya İranı və Rusiyanın qurudan mühasirəyə almaq məqsədi daşıyan tələdir. Sanki tələyə düşməmək üçün müqavimət göstərilməlidir. Diplomatın fikrincə, Tehranla Moskva Qərbə müştərək müqavimət cəbhəsinin üzvləridir. Belə çıxır ki, İran və Rusiya həm də Çinə qarşı mübarizə aparmalıdır. Üstəlik, sual yaranır: Pekinlə Vaşinqton eyni cəbhədəmi təmsil olunur?

Ehtimal edək ki, cənab Vilayətinin anlamadığı reallıqlar var. Hərçənd, o, xeyli təcrübəlidir və inanmırıq ki, Zəngəzur dəhlizinin böyük Orta Dəhlizin tərkib hissəsi olmasından xəbərdar deyil. O dəhliz ki, mövcudluğunda və işlək fazaya keçməsində adını çəkdiyimiz Çin maraqlıdır. O Çin ki, embarqo qoyulmuş İran neftinin əsas idxalçısıdır. Hər iki tərəf bir-birindən real müstəvidə faydalanır. Hərçənd, Pekinin “a” və “b” planları var, Tehranın yox.

Həm Orta Dəhliz qlobal əhəmiyyətli siyasi layihə olsa da, iqtisadi amillər üzərindədir. İqtisadi amil qarşılıqlı fayda prinsipini rəhbər tutur və başqa cür mümkün deyil. Deməli, durumu siyasiləşdirməyə ehtiyac yoxdur. İdeoloji konspriologiyaya da həmçinin. Amma cənab Vilayəti Zəngəzur dəhlizi məsələsini nəinki bilavasitə siyasiləşdirir, eyni zamanda, ona qarşı müqavimət də orataya qoyur. O, dolayısı ilə xəbərdarlıq edir ki, Tehran dəhlizlə gələcək təhlükəyə təkcə sözlə deyil, həm də əməllə cavab verəcək. “Sepah Pasdaran” onun mövqeyini “İran öz “qırmızı xəttini” nümayiş etdirərək, sərhədə hərbi qüvvələr yerləşdirib və təlimlər keçirib” şəklində təqdim edib. Kanal, həmçinin, bildirib ki, passiv və müşahidəçi siyasət erası bitib, “İran indi qabaqlayıcı və aktiv strategiya yürüdür”. Çünki “bu dəhlizin arxasında ABŞ, NATO, sionist rejim və pantürkist dairələr dayanır”.

Aktiv strategiya hara, pas tutmuş tezislər hara? Bu yerdə Əli Əkbər Vilayətinin İranpərəstliyi üzərində dayanaq. Əvvəlcə isə onu deyək ki, İran Prezidenti Məsud Pezeşkian iyul ayının ilk yarısında özünün sosial şəbəkə hesabında paylaşım etmiş və gələcəyə doğru irəliləmək üçün bir çox baxışların dəyişməsinin vacibliyinə dair mesaj vermişdi. Görəsən, dəyişməli olan nədir? Ağla ilk gələn Vilayəti kimi düşünən başlardır. Çünki bu başların İranpərəstliyinə, yəni təəssübünə köhnə klişelər hakimdir. Onlar hər şeyi ideologiyaya bağlamaqda “mahirdirlər” və eybəcər durum formalaşdırırlar. Müşavirin Zəngəzur dəhlizi xüsusundakı “ABŞ, NATO, sionist rejim və pantürkist dairələr” məntiqi bundan qaynaqlanır.

Sual olunur: Hazırda İslam respublikası dünyaya çoxmu açıqdır? Bəlkə, Tehranın beynəlxalq aləmlə ciddi əlaqələri var? Görəsən, müşavirin ölkəsinin təcridi baxımdan daha pis vəziyyət barədə təsəvvürə nədən ibarətdir? Vilayətinin düşüncə tərzi acınacaqlı aqibət yaşayan birinin “pis günümüz belə olsun” deyərək şərab badəsi qaldırmasına bənzəyir.

Daha bir sual: Məgər Zəngəzur dəhlizinin İran üçün böyük fayda gətirəcəyini anlamaq bu qədərmi çətindir? Yəqin keçmişin qalıqları üçün durumdan baş çıxarmaq müşküldür. Çünki tapındıqları ideologiya var. O ideologiya ki, saxtalıqdan və çürüklükdən başqa bir şey deyil. Elə İranın İsrailə münasibətini götürək. Məsələn, ölkələr arasında rəsmi ticarət dövriyyəsi yoxdur. Amma bununla bağlı qeyri-rəsmi rəqəmlərin, kifayət qədər, yüksək olduğu bildirilir. İndi necə başa düşək? İsrail düşməndirsə, bəs bu nədir? Başqa siyasi ssenariləri kənara qoyuruq, hər halda, lap başlanğıcda İsraili “sionist rejim” adlandırıb ölkəni qaralayan, onunla əlaqələri kəsən İran olmuşdu.

Deməli, Vilayəti köhnənin klişelərini Zəngəzur dəhlizinə qarşı istifadə edir. Haşiyəyə çıxaq ki, diplomatın bir müddət əvvəl Tehranda səfərdə olan Pakistanın daxili işlər naziri Səid Mohsin Nakviyə dedikləri də həmin klişelərdən qaynaqlanmışdı. Müşavir qonağa Pakistanın Azərbaycanla yaxşı münasibətlərinin mövcudluğunu xatırladaraq, ölkəmizin İsraillə əməkdaşlığına diqqət çəkmiş, hətta bir qədər də “irəli” getmişdi. “Ancaq eyni zamanda Azərbaycan dövləti İslam aləminin baxışlarına zidd addımlar atır”, – deyən Vilayəti fikrini əsaslandırmaq üçün rəsmi Bakını Dəməşqlə Tel-Əviv arasında vasitəçilikdə və İsrailə neft ixracında günahlandırmışdı.

Maraqlı məqam yaranır. İranın işğalçı Ermənistanla bütün sahələri əhatə edən işbirliyi İslam aləminin baxışlarına zidd sayılmır, Azərbaycanın İsraillə əməkdaşlığı isə sayılır?! Hazırda Ermənistan var gücü ilə Zəngəzur dəhlizinə qarşı çıxır. Ölkədəki revanşist və şovinist kəsim layihəni pantürkist təşəbbüs kimi qələmə verir. Vilayəti də eyni yolu tutur. Qəribədir, müsəlman dövlətində məsul vəzifəli şəxs də pantürkizmdən danışır, erməni siyasət tör-töküntüləri də. Görəsən, türklər müsəlman deyillər? Hanı Vilayətinin haqqında söz açdığı İslam aləminin baxışları? Məgər dinimiz müsəlmanların birliyini və vəhdətini təbliğ etmirmi? Bəs İran indiyədək həmin birlik və vəhdət naminə hansı iş görüb? Ümumiyyətlə, hansısa iş görübmü? Xeyr! Digər tərəfdən, beynəlxalq aləmdə İslamafobiya adlandırılan qorxunc təmayül mövcuddur. Nəzərə alaq ki, bu təmayülün formalaşmasında vilayətilərin baxışlarında qondarılmış İslamın rolu az deyil. Habelə, İran İslam dünyasının böyük hissəsi ilə düşmən münasibətdədir. Vilayəti isə ölkəsini din təəssübkeşi qiyafəsində göstərir. Bu yerdə atalarımız yaxşı deyib: Utanmasan, oynamağa nə var ki?

***

Bəli, bütün bunlara görə Vilayətinin iranpərəstliyində xüsusi boz çalarlar duyulur və bunun İrana heç bir faydası yoxdur, əksinə, ziyanı var. Tam əminliklə deyə bilərik ki, hazırda diplomatın Zəngəzur dəhlizi ilə bağlı dedikləri də İrana və İslam dünyasına zərərlidir. Əlbəttə, diplomat bunun fərqində deyil. Fərqində deyil və öz aləmində zərərə qarşı immunitet formalaşdırır. Daha doğrusu, Rusiyanı da duruma ortaq etmək istəyir.

Əlbəttə, Vilayətinin Zəngəzur dəhlizinin reallaşması ilə İranla Rusiyanın mühasirəyə düşəcəyinə dair fikirlərində başqa məqamlar da var. Belə düşünmək mümkündür ki, müşavir ölkəsinin regionda imtiyazlı mövqeyini Moskva ilə bərabər qorumaq planları qurur. Əlbəttə, söhbətin hansı imtiyazdan getdiyi məlum deyil. İranın, faktiki olaraq, dünyadan təcrid duruma düşdüyünü vurğuladıq. Bu baxımdan Rusiyanın vəziyyəti daha ağırdır.

Deməli, faydadan danışırıqsa, Zəngəzur dəhlizinin İranla yanaşı, Rusiyaya da böyük xeyri var. Ancaq istər Vilayətinin, istərsə də Rusiyadakı şovinistlərin sayəsində fayda ikinci plana atılır, ortaya ənənəvi imperiya maraqları atılır. O maraqlar ki, əsasında ağır psixoloji xəstəlik dayanır. Bu xəstəlik Qərbdən və ABŞ-dan düşmən obrazı düzəltmək simptomunu daşıyır, sırf İranın timsalında “sionist rejim” klişesini tirajlayır. Yekun nəticədə Cənubi Qafqazdakı erməni xəstəliyi də immunitet qazanır, barış mühitinin formalaşması naminə həmin xəstəliyin aradan qaldırılması səyləri ləngiyir.

Halbuki, rasional düşünmək lazımdır. Azərbaycanın Zəngəzur dəhlizi təşəbbüsü də fayda naminə rasionallığı və proqmatikliyi rəhbər tutur. Bu təşəbbüs, həmçinin, keçmişdə ilişib qalmamağı, gələcək naminə yeni səhifənin açılmasını hədəfləyir. Elə bir səhifə ki, orada bütün maraqlı tərəflərin mənafeləri təmin olunsun, dayanıqlı sülh formalaşsın. Məgər cənab Vilayəti bunu düşünmürmü?

Bəli, Zəngəzur dəhlizi, eyni zamanda, Azərbaycan və Ermənistan arasında sülh gündəmi baxımından müstəsna müzakirə prioritetidir. Yəni, İrəvanın dəhliz məsələsinə yanaşması barış mühitinin təminatı baxımından vacibdir. Rəsmi Bakı isə prinsiplərində ədalətlidir. Ölkəmiz üçün Zəngəzur dəhlizi müqəddəsliyi Naxçıvana maneəsiz yoldur. O yol ki, məhz imperialist maraqlar səbəbindən bağlanıb. Deməli, Azərbaycan haqq-ədalətin bərpasını istəyir. Ermənistan bununla barışmalıdır. Beynəlxalq müstəvidəki yanaşmalarda məsələnin vacibliyi əsaslandırılır. Amma...

“Əmması” budur ki, Ermənistan, hələlik, Azərbaycanın təşəbbüsünə adekvat reaksiya vermir, qeyri-konstruktiv mövqe tutur. Mövcud durumda Vilayətinin yanaşması, istər-istəməz, İranı Rusiya ilə birlikdə Bakı–İrəvan sülhünü əngəlləməyi hədəf seçən tərəfə çevirir. Dayanıqlı sülhün başlıca komponenti Zəngəzur dəhlizidirsə və İran rəsmisi ona qarşı çıxırsa, başqa cür düşünməyə əsas qalmır.

44 günlük müharibədən sonra meydana çıxmış Zəngəzur dəhlizi ideyası beynəlxalq zərurətdən qaynaqlanmış reallıqdır və heç şübhəsiz, yeni münasibətlər sistemi yaradacaq. O sistem ki, onun mühüm regional halqasını Azərbaycan–Türkiyə strateji ittifaqının təşkil etdiyi birmənalıdır. Əvvəl isə Çinin adını əbəs yerə çəkmədik. Bu super güc öz mallarının Qərbə daşımasında etibarlı və daha səmərəli marşruta can atır. Bu marşrutun Orta Dəhliz olduğunu da diqqətə çatdırdıq.

Zəngəzur dəhlizi Orta Dəhlizin tərkib hissəsidirsə və indiki durumda Qərb dünyası, o cümlədən ABŞ onun açılmasına maraq göstərirsə, deməli, təşəbbüs Pekinlə Qərbin maraqlarını uzlaşdırır. Yəni, artıq yola çıxmış qatar var. Hazırkı durumda Vilayətinin açıqlaması həmin qatarın çarxlarına, loru dildə desək, çomaq soxmaq cəhdidir. Sual yaranır: İranın çomağı nə dərəcədə möhkəmdir? Ölkənin İsraillə qarşıdurması göstərdi ki, möhkəmlik yoxdur. O zaman, meydana daha bir sual çıxır: Vilayəti kimilər Zəngəzur dəhlizinə qarşı çıxmaqla nəyə ümid bəsləyirlər? Məgər, onlar Rusiyanın da “çomağının zəifliyinin” fərqində deyillər? Yoxsa, Vilayəti, həqiqətən, Tehranın Moskva ilə birləşib siyasi kamikadzelik etməsinə inanır?

***

Sonda onu da deyək ki, biz öz növbəmizdə regionumuzakı hansısa dövlətin və ya dövlətlərin siyasi kamikadzeliyə baş vuracağına inanmaq istəmirik. Buna görə cənab Vilayətinin Zəngəzur dəhlizinə qarşı müqavimət yaratmaqla bağlı dilə gətirdiyi fikirlərə bir qədər fərqli prizmadan yanaşırıq. Məsələn, düşünə bilərik ki, İran hazırkı reallıqdan daha böyük fayda götürmək niyyətindədir. Axı ölkənin ABŞ-la paralel, Böyük Britaniya, Fransa və Almaniya ilə E3 formatındakı danışıqları var. Cənubi Qafqaz müstəvisində “nadincliyin” həmin danışıqlardan fayda götürməyə hesablanması mümkündür. Belə bir fayda naminə Rusiya ilə üzdə müttəfiq kimi görünmək də həmçinin. Pərdə arxasında isə nəyin baş verəcəyini bilmək çətindir. Yəni İran Qərblə anlaşa bilər. Hər halda, Rusiyada da mahiyyəti görənlər az deyil. Ümumən, Moskvanın Tehrana bel bağladığını söyləmək də çətindir. Uzun sözün qısası, cənab Vilayəti nə qədər istəyirsə, danışa, hələ özü üçün “qırmızı xət”lər də çəkə bilər...

Ə.CAHANGİROĞLU
XQ



Siyasət