Sumqayıtın karbamid gübrəsi dünya bazarında

post-img

Bu məhsulun Avrasiya və Amerika ölkələrində sabit alıcıları var

Azərbaycan tarixi müstəqilliyinə qovuşduqdan yeraltı sərvətlərinin əsl sahibinə çevrildi. Ölkəmiz neft-qaz ehtiyatlarından sərbəst şəkildə istifadə etmək imkanı qazandı. Neft və qazın satışından əldə olunan gəlirlər iqtisadiyyatın şaxələndirilməsinə geniş meydan açdı. Ölkədə qeyri-neft sektorunun inkişafı sürətləndi, dünya standartlarına uyğun yeni-yeni istehsal və emal müəssisələri açıldı.

“Şahdəniz” yatağının istismara verilməsi ilə dünyanın potensial qaz ixracatçısına çevrilmiş Azərbaycanda, həm də təbii qaz kənd təsərrüfatı üçün geniş xammal mənbəyinə çevrildi. Bununla da, ölkəmizdə aqrar sektor üçün son dərəcə vacib olan karbamid gübrəsinin istehsalına başlandı. Əvvəllər isə bu növ məhsul böyük maliyyə hesabına xaricdən alınırdı. Artıq Azərbaycan kənd təsərrüfatının karbamid gübrəsinə olan tələbatını tam ödəməklə, həm də onun əsas ixracatçısına çevrilib.

Bütün bu uğurlara isə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Sumqayıtda inşa etdiyi Karbamid zavodunun işə salınmasından sonra nail olunub. Xatırladaq ki, zavodun layihəsi Prezident İlham Əliyevin 25 avqust 2008-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” və 26 dekabr 2014-cü il tarixli sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”na əsasən həyata keçirilib. 2011-ci ildə dövlət başçısının iştirakı ilə müəssisənin təməli qoyulub.

Beynəlxalq səviyyəli layihənin həyata keçirilməsində xarici tərəfdaşlar da yaxından iştirak ediblər. Layihənin baş podratçısı Koreyanın “Samsung” şirkəti olub. Danimarkanın “Haldor Topsoe” və Niderlandın “Stamicarbon B.V” şirkətləri isə müvafiq olaraq ammonyak və karbamid istehsalı sahələrini ən müasir avadanlıqlarla təchiz ediblər. Bundan əlavə, Finlandiyanın “Neste Engineering Solutions” şirkəti layihənin idarə edilməsi üzrə məsləhət və müstəqil təftiş xidmətləri göstərib.

Layihənin maliyyələşdirilməsinin ilkin mərhələsi dövlət büdcəsindən ayrılan maliyyə vəsaiti hesabına həyata keçirilib. Daha sonra Cənubi Koreyanın İxrac-idxal Bankından (KEXIM), habelə “Societe Generale” (Fransa), “Deutsche Bank” (Almaniya) və “UniCredit” (Avstriya) banklarından dövlət zəmanəti əsasında 500 milyon avro məbləğində vəsait cəlb edilib. Həmçinin, layihə ilə bağlı vergi və rüsumların, habelə digər xərclərin ödənilməsi məqsədilə SOCAR tərəfindən, təxminən, 100 milyon avro məbləğində vəsait ayrılıb. Layihənin maliyyələşdirilməsində xarici bankların yaxından iştirakı isə əsl beynəlxalq əməkdaşlıq nümunəsi kimi dəyərləndirilə bilər.

Zavodun inşasına 2014-cü ilin fevralında başlanıb. Tikintinin pik vaxtlarında inşaat işlərinə, ümumilikdə, 3600 nəfərdən artıq işçi cəlb olunub və 18 milyon adam-saatdan çox iş həcmi qəzasız şəraitdə yerinə yetirilib. İşçilərin isə böyük əksəriyyəti yerli vətəndaşlar olub. Karbamid zavodu 2019-cu il yanvarın 16-da ölkə Prezidenti İlham Əliyevin iştirakı ilə istismara verilib. Ümumi ərazisi 40 hektara yaxın olan müəssisədə ammonyak, maye və dənəvər karbamid istehsalı sahələri fəaliyyət göstərir. Gübrə istehsalı üçün əsas xammal kimi təbii qazdan istifadə olunur. İstehsal prosesində il ərzində, təqribən, 435 milyon kubmetr (gündə 1,2 milyon kubmetr) təbii qazdan olunur. Zavodda gündəlik 1200 metrik ton ammonyak və 2 min metrik ton karbamid istehsal etmək mümkündür.

Qeyd edək ki, ən yüksək azot tərkibinə (46,3 faiz) və suda tez həllolma qabiliyyətinə görə seçilən bu gübrə növü ammonyak və karbon dioksidin sintezi nəticəsində əldə edilir. Karbamidin başqa bir üstünlüyü onun həm ayrı, həm də digər gübrələrlə birgə istifadə oluna bilməsidir. Bundan əlavə, karbamiddən mal-qara yemi və digər kimyəvi maddələrin istehsalında, eləcə də əczaçılıqda geniş istifadə olunur. Karbamidə olan yüksək tələbat onun aşağı maya dəyəri, qənaətcil və təhlükəsiz daşınması, rahat tətbiqi və kənd təsərrüfatında yüksək məhsuldarlıq verməsi ilə əlaqədardır. Bu növ gübrə yanğın və ya partlayış təhlükəsi yaratmadığına görə saxlanılma və daşınma baxımından etibarlı və qənaətcil məhsul hesab edilir.

Yeri gəlmişkən, SOCAR-ın Karbamid zavodu ölkədə qeyri-neft sektorunda həyata keçirilmiş ən böyük layihələrdən biridir. Müəssisə il ərzində 650-660 min ton karbamid məhsulu istehsal etmək gücünə malikdir. Qeyd etdiyimiz kimi, zavod istismara verilənədək azot gübrələri Azərbaycana idxal edildiyi halda, hazırda bu müəssisə həm daxili bazarın tələbatını tam ödəyə bilir, həm də istehsal etdiyi məhsulun çox hissəsini ixrac edir. Nəticədə, daha əvvəl idxal üçün sərf edilən milyonlarla valyuta vəsaiti ölkədə qalır, eyni zamanda, ölkənin qeyri-neft ixrac gəlirlərini artırır.

Zavodun istehsalat şöbəsinin rəisi Şöhrət Mirzəyevin bildirdiyinə görə, ötən il müəssisədə 652 min karbamid istehsal edilmişdirsə, cari ildə bu göstəricinin 660 min tondan çox olacağı gözlənilir. Şöbə müdiri onu da deyib ki, hazırda zavodda istehsal olunan karbamid Şimali və Cənubi Amerika ölkələrinə, Avropaya, Mərkəzi Asiya respublikalarına, eləcə də Gürcüstan və Türkiyəyə ixrac olunur. Ümumilikdə isə, müəssisədə istehsal olunan məhsulun 70 faizi dünya bazarında satılır. Bu da ölkəyə hər il 160 milyon dollara qədər əlavə gəlirin daxil olmasına imkan yaradır. Karbamid zavodu Azərbaycanda kənd təsərrüfatının inkişafında mühüm rol oynayır. Təkcə onu qeyd etmək kifayətdir ki, müəssisədə istehsal olunan məhsulun 30 faizi daxili bazara yönəldilir ki, bu da ölkənin kənd təsərrüfatının karbamidə olan tələbatını tam ödəyir.

 

İqtisadiyyat