İyulun 28-də Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyası arasında dinlərarası dialoq sahəsində anlaşma memorandumu imzalanıb.
Memorandum tərəflər arasında dinlərarası və mədəniyyətlərarası dialoqun təşviqi, qarşılıqlı anlaşma və tolerantlığın gücləndirilməsi məqsədilə təcrübə və məlumat mübadiləsini, həmçinin birgə tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Sənəddə, həmçinin dini təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsi əks olunub.
Anlaşma memorandumunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov və Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad imzalayıblar.
Ramin Məmmədov memorandumun dinlərarası harmoniya və mədəni müxtəlifliyin təşviqinə mühüm töhfələr verəcəyinə, bu dəyərlərin tanıdılmasında əhəmiyyətli rol oynayacağına əminliyini ifadə edib. Corc Ceykob Kuvakad Azərbaycanla Vatikan arasında yüksəksəviyyəli əməkdaşlıqdan məmnunluğunu bildirib, bu sənədi 2011-ci ildə “Azərbaycan Respublikası və Müqəddəs Taxt-Tac arasında Katolik Kilsəsinin Azərbaycan Respublikasında hüquqi statusu haqqında” imzalanan sazişlə möhkəmlənmiş əlaqələrin uğurlu nəticəsi kimi dəyərləndirib.