Əlilliyi olan gənclər beynəlxalq musiqi festivalında uğur qazanıblar

post-img

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan Şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzində peşə hazırlığı keçən gənclər beynəlxalq mükafata layiq görülüblər.

Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, mərkəzin benefisiarları Elnur Abbasov və Mətanət Babayeva Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən “Iveria - Diamond” VII Beynəlxalq Musiqi Festivalında Azərbaycanı uğurla təmsil ediblər. Onlar 20-dən çox ölkənin qatıldığı tədbirdə üçüncü yerə layiq görülüblər.

Yeddinci ildir keçirilən və dünya üzrə rəğbət qazanan mədəni platformalardan biri olan beynəlxalq festivalın məqsədi əlilliyi olan şəxslərin incəsənətə inteqrasiyası, onların yaradıcı potensialının dəstəklənməsi və sosial inklüzivliyin təşviqidir.

Müsabiqədə iştirakçıların sərbəst çıxışları, musiqi nömrələri və ifaları münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib. Əldə etdikləri uğura görə ölkəmizin təmsilçiləri bürünc medal və diplomla təltif olunublar.

Onlar, həmçinin “Beynəlxalq Musiqi Festivalı Diplomatı” adına layiq görülərək dünyanın istənilən beynəlxalq musiqi festivalında iştirak etmək hüququ qazanıblar.









Sosial həyat