Kasprşikin nostalji hissləri...

post-img

Azərbaycan Qarabağ problemini öz gücünə həll etməklə, həm BMT-nin məlum qətnamələrinin icrasına nail oldu, həm də ATƏT-in Minsk Qrupunun “uzunömürlü” nizamlayıcı missiyasını da yerinə yetirdi. Onların otuz ildə nizamlaya bilmədiyi, daha doğrusu, buna həvəs belə göstərmədiyi məsələyə beynəlxalq hüquq və suverenlik prinsipləri ilə nöqtəli nida qoydu. 

İndi Azərbaycan postmünaqişə döv­rünün sülh sazişi, sərhədlərin delimita­siyası və kommunikasiyaların açılması kimi problemlərin həlli üçün vasitəçilərlə əməkdaşlıq edir. Sülhyaratma missiya­sının Moskva, Brüssel, Vaşinqton kimi aktorları mövcud istiqamətdə ciddi səylər göstərir və Bakı hələlik ikitərəfli, üçtərəfli və beştərəfli dialoqlardan konkret nəticə gözləyir. Bu prosesə maneçilik törətməyə çalışan əsas subyekt isə Fransa və onun diktəsilə hərəkət etdiyi görünən İrəvandır. 

Məlum olur ki, Parisin “erməni canfə­şanlığına” dəstək verməyə hazır olanlar da var. Belələrindən biri ATƏT-in fəaliy­yətdə olan sədrinin şəxsi nümayəndə­si Anjey Kasprşikdir. 23 il Qarabağı su yoluna döndərən, münaqişənin həllinə 23 qram köməyi dəyməyən, 16 dəfə bu vəzifəyə təyinat alan Kasprşik yaxınlar­da İrəvanda peyda olub. Erməni konyakı üçün qəribsəmiş polşalı diplomat burada rəsmilərlə görüşlər keçirib, Ermənistan və Azərbaycan arasında kommunikasiya xətlərinin açılması məsələsini “müzakirə edib”. Görəsən, heç bir sağlam siyasi məntiqə sığmayan bu səfər və görüşlər­lə ATƏT nəyə nail olmaq istəyir? Ümu­miyyətlə, Avropanın bu təsisatının indiki məqamda Azərbaycan və Ermənistan arasındakı sülh danışıqlarına nə aidiyyə­ti var? Əgər sülh danışıqları Avropa İtti­faqının eqidası altında davam etdirilirsə, cənab Kaprşikin təmsil etdiyi qurum bu platformadan kənardadır. Bakı üçün isə artıq iki il yeddi aydır ATƏT-in “ölü doğu­lan” Minsk Qrupu adlı bir institut yoxdur. Özünü heç bir parametrinə görə doğrult­mayan bu qurum Bakı üçün “de-fakto” və “de-yure” fəaliyyətini başa vurub. Moskva da rəsmi şəkildə bu qurumun fəaliyyəti­ni dayandırdığını etiraf edib. Rəsmi Bakı isə həmsədrlik institutunun tarixin arxi­vinə göndərildiyini açıq bəyan edib. Bəs belədirsə, onda Kasprşikin İrəvanda nə işi var?

Bir vaxtlar ATƏT-in fəaliyyətdə olan keçmiş sədrinin keçmiş şəxsi nümayən­dəsi Anjey Kasprşikin işi cəbhə bölgəsin­də Azərbaycan-Ermənistan sərhədində monitorinq aparmaq olub. 23 il bu postda “fəaliyyət” göstərən, elə bu vəzifədə də qocalan Kasprşiklə bağlı bir məlumatı nəzərinizə çatdıraq. İrəvanda, Xankəndi­də super şəraitli ofis və qərargaha malik bu adamın işi yerli konyakın təsiri altında ermənipərəst bəyanatlar yaymaq olub. O, tez-tez Ermənistan silahlı qüvvələri­nin işğal etdiyi Azərbaycanın Qarabağ bölgəsinə səfərlər edir, separatçı rejimin başçıları ilə görüşürdü. Yəni, Kasprşikin əsas “diplomatik missiyası” əslində ca­susluq olub. Diqqəti çəkən başqa bir fakt isə Qarabağ məsələsini həll etməyən avropalı “çete”nin 23 il ərzində Kasprşik­dən savayı heç kimi bu muissiyaya yaxın buraxmamasıdır. Ortaya təbii sual çıxır: ATƏT sədrinin şəxsi nümayəndəsi Qa­rabağ münaqişəsinin dinc yolla həlli is­tiqamətində hansı uğura imza atmışdı ki, onu əvəzləmək istəməyiblər? Elə o vaxt bu sərfəli “diplomatın” məqsəd və məra­mı bizim üçün aydın idi. O, bölgədə er­məni-rus maraqlarını təmin etdiyinə görə “əvəzolunmaz” sayılırdı. Əgər 44 günlük müharibə olmasaydı, Kasprşik yəqin bu vəzifəsindən pensiyaya çıxacaqdı. 

Şübhə yaradan missiyasına diqqət yetirən Azərbaycan Nazirlər Kabineti Kaşprşikin fəaliyyətini analiz edib. Məlum olub ki, polşalı diplomatın iyirmi ilə yaxın müddətdə hazırladığı 24 hesabatın ha­mısı Azərbaycanın əleyhinə, İrəvanın və Qarabağdakı separatçı rejimin xeyrinə­dir. Fakt da ortalıqdadır, “fəaliyyət” də. 

Fikirləşəndə adamı sadəcə heyrət bürüyür ki, Bakının “persona non-qrata” elan etdiyi Anjey Kasprşik nə məqsədlə və hanslı üzlə bölgəyə gəlir? Onu bura dartıb gətirən səbəb yalnız erməni kon­yakıdırmı? Ola bilər. Bu yaşdakı adamın köhnə vərdişlərindən əl çəkməsi müşkül məsələdir... 

İ.HƏSƏNQALA, “Xalq qəzeti”

Siyasət