“Heydər Əliyevin 100 illiyi” yubiley medalı kimlərə veriləcək?

post-img

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı medal təsis olunur. “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi parlamentin aprelin 4-də keçiriləcək plenar iclasının gündəliyinə daxil edilib.

“Heydər Əliyevin 100 illiyi (1923–2023)” Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə”yə əsasən, yubiley medalı ilə Heydər Əli­yev irsinin tədqiqində və təbliğində xüsusi xidmətlərinə, dövlət qurucu­luğunda, o cümlədən, milli azadlıq hərəkatında xüsusi xidmətlərinə, azər­baycançılıq ideyasının həyata keçiril­məsində, dünya azərbaycanlılarının həmrəyliyinin möhkəmləndirilməsində xidmətlərinə görə, sülhün və xalqlar arasında dostluğun möhkəmləndiril­məsində və beynəlxalq əməkdaşlı­ğın inkişafında xidmətlərinə, dövlət müstəqilliyinin qorunub saxlanılmasına və inkişafına, Azərbaycanın tərəqqi­sinə və şöhrətinin artmasına töhfə verən xidmətlərinə görə, həmçinin ölkənin sosial-iqtisadi, elmi-texniki və mədəni inkişafında xidmətlərinə görə, dövlət idarəçiliyində, dövlət qulluğunda və ictimai-siyasi sahədə səmərəli fəa­liyyətinə görə fərqlənən Azərbaycan Respublikasının vətəndaşları, əcnə­bilər və vətəndaşlığı olmayan şəxslər, Azərbaycan Respublikasının və xarici ölkələrin dövlət və digər qurumlarının, beynəlxalq təşkilatların nümayəndələri təltif oluna bilərlər.

“Heydər Əliyevin 100 illiyi (1923–2023)” Azərbaycan Respublikasının yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər or­den və medalları olduqda ordenlərdən sonra taxılır.

Yubiley medalı 999.9 əyarlı qızıl qatı ilə örtüləcək soyuq ştamplama üçün nəzərdə tutulmuş xüsusi tərkib­li əlvan metaldan hazırlanan ümumi diametri 42 millimetr olan, bir-birinin üzərinə qoyulmuş iki səkkizguşəli ul­duzdan ibarətdir.

Medalın ön tərəfində ağ minalı sək­kizguşəli ulduzun üzərində xarici və daxili çevrələrlə konturlanmış, diametri 26 millimetr olan dairəvi lövhə yerləş­dirilib. Bu lövhənin içərisində Heydər Əliyevin barelyefi verilib. Xarici və daxili çevrələrin arasında yuxarı qövs boyun­ca “HEYDƏR ƏLİYEV” sözləri, aşağı qövs boyunca “1923-2023” rəqəmləri yazılıb.

Medalın hamar səthli arxa tərəfinin aşağı hissəsində medalın seriyası və nömrəsi göstərilir.

Son xəbərlər