Əsas məqsədi insanlara şəfa vermək olan tibb sahəsi yalnız elmi biliklər üzərində qurulmayıb. O, həm də yüksək mənəvi dəyərlərin daşıyıcısıdır. Müasir dövrdə tibb elmi yalnız texnoloji inkişafla deyil, insan amilinə verilən dəyər ilə ölçülür. Ölkəmizin tibb tarixində bu cür dəyərləri hər zaman uca edən elə şəxsiyyətlər olub və var ki, onların fəaliyyəti yalnız müəyyən bir dövrü deyil, bütöv bir düşüncə tərzini formalaşdırır. Böyük oftalmoloq alim, akademik Zərifə xanım Əliyeva məhz belə nadir simalardandır. Onun həyatı və irsi həkimlik sənətinin həm elmi, həm də mənəvi zirvəsini özündə birləşdirir.
Azərbaycan tibb elminin inkişafında silinməz iz qoymuş akademik Zərifə Əliyeva oftalmologiya sahəsində fundamental araşdırmaları, praktik fəaliyyəti və pedaqoji xidmətləri ilə seçilmişdir. O, görmə orqanlarının peşə patologiyası, istehsalatla bağlı yaranan göz xəstəlikləri və onların profilaktikası sahəsində apardığı tədqiqatlarla tibb elminə mühüm yeniliklər gətirmişdir. Elmi fəaliyyətinin ilkin mərhələsini traxomanın müalicəsinə həsr edən Zərifə xanım bu xəstəliyin geniş yayıldığı rayonlara gedir, göz həkimlərinə mühazirələr oxuyur, əhali arasında maarifləndirici söhbətlər aparırdı. Onun uşaq evlərində tərbiyə alan kimsəsiz uşaqlar arasında yayılan traxoma xəstəliyinin qarşısının alınmasında xüsusi xidməti olub. Təklif etdiyi müalicə üsulu qısa müddətdə bütün respublikada tətbiq olunmuş və Azərbaycanda traxoma bir xəstəlik kimi demək olar ki, aradan qaldırılmışdır. Traxomanın sosial xəstəlik kimi ləğvi məhz Zərifə Əliyevanın adı ilə bağlıdır. Bu istiqamətdə əldə etdiyi nəticələr yalnız ölkə daxilində deyil, beynəlxalq elmi ictimaiyyət tərəfindən də yüksək qiymətləndirilmişdir. Görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi-tədqiqat işlərinin uğurlu nəticələrinə və oftalmologiyanın inkişafına verdiyi töhfələrə görə akademik Zərifə Əliyevaya dövrün ən mötəbər – SSRİ Tibb Elmləri Akademiyasının M.İ. Averbax adına mükafatı verilmişdir. O, bu mükafata layiq görülən ilk qadın alim olmuşdur.
Akademik Zərifə Əliyevanın fəaliyyəti yalnız elmi tədqiqatlarla məhdudlaşmamış, o, həm də tibbi etika və deontologiya sahəsində dərin araşdırmaları ilə seçilən böyük alim kimi tanınmışdır. Uzun illər praktiki həkim kimi çalışan Zərifə xanım minlərlə xəstəyə şəfa vermiş, mürəkkəb cərrahi əməliyyatlar həyata keçirmişdir. Əsas fərqləndirici cəhəti xəstələrə göstərdiyi həssaslıq, diqqət və səmimiyyət olmuşdur. O, hər bir xəstəyə fərdi yanaşmağı, onların yalnız fiziki deyil, mənəvi durumunu da nəzərə almağı həkimlik borcunun ayrılmaz hissəsi hesab edirdi. Zərifə xanım həkimlik peşəsini yalnız praktik fəaliyyət kimi deyil, yüksək mənəvi məsuliyyət tələb edən bir missiya kimi qiymətləndirirdi. Onun elmi və pedaqoji fəaliyyəti gənc həkimlərin həm peşəkar, həm də mənəvi baxımdan formalaşmasına xidmət etmişdir.
Zərifə Əliyevanın elmi yaradıcılığında tibbi etika və deontologiya məsələləri mühüm yer tutur. Onun “Yüksək əqidə”, “Həkimin yüksək vəzifəsi”, “Oftalmologiyanın aktual problemləri” kimi əsərlərində həkimin cəmiyyətdəki rolu, xəstə ilə münasibətləri və peşə məsuliyyəti geniş şəkildə araşdırılmışdır. O, həkim-xəstə münasibətlərini insan həyatında ən həssas və incə münasibətlərdən biri kimi dəyərləndirir, həkimi “xəstənin ən doğma adamı” adlandırırdı.
Alim bildirirdi ki, həkimlə xəstə arasında birbaşa ünsiyyət müalicənin təsirini artırır, xəstəyə mənəvi dayaq verir və onun sağalmasına müsbət təsir göstərir. Bu baxımdan o, tibbi fəaliyyətin yalnız diaqnostika və müalicə ilə məhdudlaşmadığını, yüksək etik davranış və insani münasibətlər tələb etdiyini xüsusi vurğulayırdı. Zərifə Əliyeva tibbi etikanın əsas prinsiplərini daim ön plana çəkirdi. Hesab edirdi ki, həkim yalnız bilik və bacarıqla deyil, həm də abırlılıq, doğruluq, mehribanlıq kimi yüksək insani keyfiyyətlərlə seçilməlidir. Əks halda, peşəkar biliklərin yetərsizliyi xəstəyə zərər verə bilər ki, bu da həkimlik peşəsinin mənəvi prinsiplərinə ziddir.
Zərifə Əliyeva öz əsərlərində tibbi etikanın tarixi köklərinə də toxunmuş, qədim dövrlərdən formalaşan etik prinsipləri dərindən təhlil etmişdir. Bu kontekstdə o, Hippokratın məşhur andına xüsusi diqqət yetirərək qeyd edirdi ki, həkimlik sənətinin əsasında insan sağlamlığına sədaqət, vicdan və məsuliyyət dayanır. Bu prinsiplər əsrlər boyu dəyişməz qalaraq müasir tibbin də mənəvi sütununu təşkil edir.
“Deontologiya” anlayışına xüsusi diqqət yetirən alim bu sahəni həkimlərin peşə davranışını tənzimləyən mühüm elm kimi qiymətləndirirdi. Onun fikrincə, deontologiya tibb işçilərində məsuliyyət hissini gücləndirir, xəstələrlə düzgün münasibətin qurulmasına və müalicə prosesinin daha səmərəli təşkilinə kömək edir. Zərifə Əliyeva vurğulayırdı ki, həkim daim öz üzərində işləməli, bilik və bacarıqlarını artırmalı, cəmiyyət qarşısında məsuliyyətini dərindən dərk etməlidir. Bu yanaşma onun həm alim, həm də pedaqoq kimi fəaliyyətində əsas prinsip idi. Böyük alim həkimlik etikası və mənəvi saflıq məsələlərinə həsr etdiyi “Yüksək əqidə” əsərində yazırdı: “Əxlaqi tərbiyə və təbabət insanların səmərəli fəaliyyətinin formalaşmasında qarşılıqlı təsir göstərir. Bəziləri hesab edirlər ki, həkimlərin əxlaqı və davranışı barədə danışmağa ehtiyac yoxdur. Lakin bu, yanlış mülahizədir.”
Alim xüsusilə qeyd edirdi ki, həkimin davranışı müalicə prosesinin ayrılmaz hissəsidir. Onun fikrincə, səmimi münasibət, diqqət və ümidverici sözlər xəstənin sağalma prosesinə birbaşa təsir göstərir. Bu baxımdan o, həkimlik sənətini yalnız elm deyil, həm də yüksək humanizm tələb edən bir sənət kimi qiymətləndirirdi.
Zərifə Əliyeva, eyni zamanda, həkimin davamlı inkişafının vacibliyini ön plana çəkirdi. O bildirirdi ki, biliklərini daim yeniləməyən, öz üzərində işləməyən həkim xəstəyə zərər verə bilər və bu, həkimlik peşəsinin mənəvi prinsiplərinə ziddir. Bu fikir bu gün də müasir tibb təhsilində əsas prinsiplərdən biri kimi qəbul olunur. Bu gün dünya tibb elmi yeni mərhələyə qədəm qoymuş, texnologiyanın sürətli inkişafı səhiyyə sistemində ciddi dəyişikliklər yaratmışdır. Lakin bütün bu yeniliklər fonunda insan amili, həkimlə xəstə arasında etimad və mənəvi bağlılıq məsələləri daha da aktuallaşmışdır.
Müasir dövrdə geniş şəkildə inkişaf edən bioetika elmi akademik Zərifə Əliyevanın illər əvvəl irəli sürdüyü fikirlərlə diqqətəlayiq dərəcədə səsləşir. Bioetikanın əsas prinsipləri – insan ləyaqətinə hörmət, xəstənin seçim hüququnun tanınması, zərər verməmək və ədalətli tibbi xidmət – onun elmi baxışlarında və praktik fəaliyyətində aydın şəkildə öz əksini tapmışdır. Bu isə göstərir ki, Zərifə Əliyeva yalnız öz dövrünün deyil, gələcək nəsillərin də alimidir. Onun irsi sübut edir ki, tibb yalnız texniki biliklərdən ibarət deyil; bu sahənin əsasında insan sevgisi, mərhəmət və yüksək mənəvi dəyərlər dayanır. Bu baxımdan akademik Zərifə Əliyevanın fəaliyyəti müasir həkimlər üçün həm elmi, həm də etik bir məktəbdir.
Zərifə Əliyevanın həyatı və fəaliyyəti yüksək mənəviyyat, insanlara sevgi və peşəyə sədaqətin parlaq nümunəsidir. Onun elmi irsi və mənəvi dəyərləri bu gün də aktuallığını qoruyur, Azərbaycan səhiyyəsinin inkişafına öz töhfəsini verməkdə davam edir. Onun yetişdirdiyi həkimlər və alimlər bu ənənəni davam etdirərək cəmiyyətə xidmət edir, insanların sağlamlığının qorunması yolunda fədakarlıqla çalışırlar. Məhz buna görə də Zərifə xanım Əliyevanın adı hər zaman böyük ehtiramla yad olunur. Onun həyat yolu, elmi fəaliyyəti və insani keyfiyyətləri gələcək nəsillər üçün örnək olaraq qalır və həkimlik peşəsinin ən ali dəyərlərini özündə ehtiva edir. Bu gün xalqımız onun işıqlı xatirəsini dərin hörmətlə anır, adını qürurla yaşadır və onu insanlığa xidmətin, vicdanın və həkimlik şərəfinin rəmzi kimi daim uca tutur.
Aida BƏNDƏLİYEVA
Azərbaycan Tibb Universitetinin
müəllimi, YUNESKO Bioetika üzrə Beynəlxalq
Müəllimlər Forumu və Dünya Tibbi Hüquq
Assosasiyasının üzvü, tibb elmləri üzrə fəlsəfə doktoru



