Albaniyanın paytaxtı Tiranada güləş üzrə Avropa çempionatı davam edir.
Yarışın 3-cü günündə yunan-Roma güləşi üzrə mübarizəyə yekun vurulub.
Millimiz günü 2 qızıl və 1 bürünc medalla başa vurub.
Azərbaycan Güləş Federasiyasından verilən məlumata, Nihat Məmmədli (60 kq) rusiyalı Suner Konunova 6:0 hesabıyla qalib gələrək Avropa üçüncüsü olub. Bu, onun analoji yarışlarda 4-cü (2 qızıl, 2 bürünc) medalı kimi tarixə düşüb.
Həsrət Cəfərov (67 kq) finalda türkiyəli Murat Fıratla güləşib. Gərgin mübarizə şəraitində keçən qarşılaşmadan 7:5 hesabıyla qalib ayrılan Həsrət tarixi uğura imza atıb. Belə ki, 4-cü dəfə Avropa çempionu olan Cəfərov Azərbaycan yunan-Roma güləşində yeni rekord müəyyənləşdirib.
Qurban Qurbanov (82 kq) isə həlledici görüşdə rusiyalı Adlet Tyulbayevlə üz-üzə gəlib. Güləşçimiz 4:2 hesablı qələbəylə titulunu qoruyub.
Bununla da millimiz Avropa çempionatını 5 medalla başa vurub. Xatırladaq ki, ötən gün Rəşad Məmmədov (55 kq) və İslam Abbasov (87 kq) bürünc medal qazanıb.
Qabil YUSİFOĞLU
XQ

