“Kəpəz”də “qərarvermə böhranı”

post-img

“Kəpəz” PFK-in doğma azarkeşləri ilə yenidən qovuşacağı günlərə lap az qaldı. Gəncəli futbolçuların, nəhayət, öz doğma stadionunda oynayacağı, illərdir komandanın həsrətini çəkən Gəncə futbol ictimaiyyəti üçün, sadəcə, idman hadisəsi deyil, həm də böyük mənəvi hadisədir. Lakin bu sevincin fonunda bir sual getdikcə daha çox səslənir: görəsən, komanda azarkeşlərini sevindirə biləcəkmi?

Təəssüf ki, mövcud vəziyyət nikbinlik üçün ciddi əsaslar vermir. Problemin kökündə isə təkcə meydandakı nəticələr deyil, daha dərinə gedən idarəetmə böhranı dayanır. Formal olaraq klubun rəhbərliyi mövcuddur, lakin faktiki vəziyyət onu göstərir ki, qərarların verilməsində vahid mövqe yoxdur. Əksinə, klub daxilində müxtəlif maraq qruplarının formalaşdığı, bu dairələrin isə şəxsi ambisiyalarını ümumi məqsədlərdən üstün tutduğu açıq şəkildə hiss olunur. Təbii ki, bu cür mühitdə sağlam idarəetmədən, uzunmüddətli strategiyadan danışmaq çətindir.

Belə qeyri-sabit şərait isə, ilk növbədə, komandanın oyununa təsir edir. Hətta istedadı və peşəkarlığı ilə seçilən məşqçilər belə bu proseslərin girovuna çevrilir. Məsələn, Azər Bağırov kimi perspektivli mütəxəssisin də bu qarışıqlıq fonunda effektiv işləməsinin mümkünsüz hala gəlməsi artıq ciddi siqnaldır. Nəticədə, komanda sanki göz önündə tədricən gücünü itirir, oyun sistemi pozulur, nəticələr zəifləyir.

Məsələ burasındadır ki, futbol təkcə meydanda oynanılan oyundan ibarət deyil. Klub daxilində sağlam mühit, aydın idarəetmə, peşəkar yanaşma olmadıqda, heç bir komanda uğur qazana bilməz. Maddi maraqların, vəzifə uğrunda mübarizənin, əsassız müdaxilələrin, dedi-qoduların və qruplaşmaların hökm sürdüyü yerdə idman prinsipləri arxa plana keçir. Belə vəziyyətdə isə qələbələr təsadüfi olur, məğlubiyyətlər isə qaçılmaz.

“Kəpəz” isə sıradan bir klub deyil. Bu komanda Gəncənin simvollarından biridir desək, yanılmarıq. Minlərlə insan onun uğurları ilə sevinir, uğursuzluqları ilə kədərlənir. Yəni bu komanda təkcə futbol kollektivi deyil, bütöv bir şəhərin qürur mənbəyidir. Məhz buna görə də klub ətrafında baş verənlərə biganə qalmaq nə azarkeşlərə, nə də ümumiyyətlə, ictimaiyyətə yaraşır.

Ən narahatedici məqam isə budur ki, bu problemlər yeni deyil, illərdir davam edir və hələ də köklü həllini tapmayıb. Halbuki digər klubların təcrübəsi göstərir ki, düzgün idarəetmə və şəffaf struktur qurulduğu halda, uğur qazanmaq mümkündür. “Kəpəz”də isə əksinə, sistemsizlik dərinləşir və bu, klubun gələcəyini sual altına qoyur.

Əgər yaxın zamanda vəziyyətə ciddi və prinsipial şəkildə müdaxilə olunmasa, bu gedişatın sonu yaxşı görünmür. Özü də bu müdaxilə yalnız formal dəyişikliklərlə deyil, real islahatlarla müşayiət olunmalıdır: idarəetmədə şəffaflıq, məsuliyyət bölgüsü, peşəkar kadr seçimi və klubun strateji inkişaf planı hazırlanmalıdır. Əks halda, tarixə, ənənəyə və böyük azarkeş sevgisinə malik bir klubun tədricən zəifləməsi qaçılmaz olacaq.

Azarkeşlərin də fikirləri maraqlıdır:

Əli Fərəcov: klubun rəhbərliyinə, komandanın məşqçilər heyətinə, ilk növbədə, çoxminli azarkeşlərə üzümü tuturam: Futbolumuza, “Kəpəz”in şanlı tarixinə, şöhrətinə laqeyd yanaşmayaq. Hazırkı durumu nəzərə alaraq komandamızın baş məşqçisi Azər Bağırovun yanında olmaq və dəstəkləmək son dərəcə vacibdir. Bizim ümidimiz yalnız onadır. Əgər biz yekdilliklə onu dəstəkləsək, sizi əmin edirəm ki, o da öz növbəsində, təmkinlə, peşəkarlıqla, əzmlə üzərinə düşən missiyanı sonadək vicdanla davam etdirəcəkdir.

Bəhruz Baratzadə: Mən 65 ildən artıqdır “Kəpəz”in azarkeşiyəm. Bu illər ərzində kluba müxtəlif adamların rəhbərlik etdiyini bilirəm və kimin necə bu işdə özünü göstərməsindən xəbərdaram. Bu klubda kənar heç bir təşkilata, quruma, maddi və mənəvi dayağa ehtiyac olmamışdır. İndi nə olub? Son bir neçə ildə komanda ətrafinda xoşagəlməz hadisələrin tüğyan etməsi hamını narahat edir. Bu biabırçı anarxiyaya son qoyan bir kimsə tapılacaqmı?

Qeyd edək ki, yaranmış vəziyyət təkcə bu iki azarkeşi narahat etmir. Onların sayı minlərlədir.

Bəli, bizim də qənaətimiz budur ki, “Kəpəz” yalnız meydanda deyil, həm də idarəetmə səviyyəsində mübarizə aparır. Bu mübarizənin nəticəsi isə təkcə bir komandanın deyil, bütövlükdə Gəncə futbolunun gələcəyini müəyyən edəcək.

Hamlet QASIMOV,
XQ-nin Gəncəbasar müxbiri

Sosial həyat