Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti beynəlxalq səviyyədə mühüm uğura imza atıb.
Qurum “Beynəlxalq Biznes Jurnalı”nın təşkil etdiyi müsabiqədə “Mədəni irs üzrə ən yaxşı data innovasiyası” nominasiyasında qalib elan olunub.
Xatırladaq ki, mükafat mədəni irsin qorunması və idarə olunması sahəsində innovativ yanaşmalara, xüsusilə müasir texnologiyaların tətbiqi və məlumat bazalarının effektiv idarə edilməsinə görə təqdim olunur. Dövlət Xidmətinin həyata keçirdiyi layihələrdə mədəni irs obyektlərinin rəqəmsallaşdırılması, məlumatların sistemli şəkildə toplanması və idarə olunmasını beynəlxalq ekspertlər yüksək qiymətləndiriblər. Eyni zamanda, Azərbaycanın zəngin mədəni irsinin qorunması, bərpası və təbliği istiqamətində görülən işlər, bu sahədə tətbiq edilən innovativ data həlləri də xüsusi qeyd olunub.
Bu nailiyyət həm ölkəmizin mədəni irs sahəsindəki beynəlxalq nüfuzunun möhkəmlənməsinə, həm də rəqəmsallaşma istiqamətində həyata keçirilən fəaliyyətin qlobal səviyyədə tanınmasına verilən qiymətdir.
XQ

