23 Aprel Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür
Böyük Nizami Gəncəvinin 9 əsr əvvəl söylədiyi bu müdrik kəlam söz yaradıcılığına verilən ali tərif kimi bugünədək dərin məna və yüksək dəyərini qoruyub saxlayır. Qələm sahibi həsrətlə yoğrulan arzuları, inamla bəslənən ümidləri, dəyişməyən gerçəkləri sözün sehri ilə aşkara çıxaran, həyat hekayəsinə çevirən könül sərrafıdır. O, xəyallar aləminin hüdudsuz üfüqlərində pərvaz edərkən belə ayağını həqiqətin torpağından üzməyən, ömrünün cövhərini bu yolda əridən fədaidir. Sözü namus bilmək qələm əhlinin fitrətində var. Çünki onlar dərk edirlər ki, kəlam bir dəfə qəlbdən qopub dilə gəldisə, o xalqın mülkünə çevrilir.
İdeya isə azadlığa təşnədir. Yalnız sərbəst düşüncə mühitində tam formalaşır. Lakin özgə qələmlərlə yağmalanmaq və əsl mahiyyətindən qoparılmaq təhlükəsi ilə daim sınağa çəkilir. Məhz buna görə də müəlliflik hüququ sənətkarın alın tərinin, yuxusuz gecələrinin qalxanıdır. İnsanın beyin məhsulu onun həqiqi, bəlkə də bu dünyadakı yeganə mülkiyyətidir. Bu mülkiyyəti, sadəcə, mənfəət uğrunda yox, izzət və ləyaqət naminə qorumaq mütləqdir. Sənətkarın haqqı tapdanan, sözün sahibi unudulan yerdə həqiqətin yerini ruhsuz, saxta sətirlər tutur.
Yaddaş bəzən vəfasızlıq edir. O, zamanın qarşısında aciz qalır, ən parlaq duyğuları belə solğun xatirələrə çevirir. Fikir isə qum dənəsi kimidir, əgər bir yerə həkk etməsən, sərt küləklərin badına gedib sovrular. Buna görə də kitablar unudulmaqdan qorxan, zamanın pəncəsindən qurtulub əbədiyyətə sığınmaq istəyən ruhların sığınacağıdır.
23 Aprel Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür. Bu günün hikməti ondadır ki, tale həmin gün söz mülkünün 3 sultanını əbədiyyətə qovuşdurub, onların vəfatını kitabın əbədiyaşar rəmzinə çevirib. Onlardan biri olum və ölüm savaşının mərkəzində dayanan Hamletin yaradıcısı Vilyam Şekspir idi. O, daxili aləmin ən çətin mübarizəsini oxucularına miras qoyub. İllər keçsə də, hər birimiz səssizcə bu sualı saf-çürük edirik. “Olum, ya ölüm?” deyərək dəqiqliklə tərəddüdün, cəsarətlə qorxunun sərhədində özümüzə yol tapırıq.
Digəri İspaniyanın ən məşhur yazıçılarından biri Migel de Servantesdir. O, Don Kixot obrazı ilə insanın xəyal gücünün dərinliyini göstərirdi. Don Kixot dünyanı olduğu kimi deyil, olmasını arzuladığı kimi görürdü. Bu isə bəzən gülünc, bəzən isə sarsılmaz iradə təsiri bağışlayırdı. Dəyirmanları nəhəng divlərə çevirən baxış insanın daxilində sönməyən ideal işığının metaforası idi. Yazıçı demək istəyirdi ki, reallıq dəyişməsə də, ona baxış bəzən dəyişə bilər.
Sonuncusu unudulmağa məhkum edilən mədəniyyəti sözlə dirçəldən İnka Qarsilaso de la Veqa idi. İnka imperiyası XVI əsrdə ispanların Cənubi Amerikaya gəlişi ilə dağıdılmışdı. Bu haqda məlumat tapmaq çox çətin idi. Qarsilaso de la Veqa ömrünün son illərində “Orjinal şərhlər” kitabını yazaraq həm öz keçmişinin, həm də yaşadığı dövrün tərcümanı kimi iz qoymuşdu.
Onlar öz dövrlərinin şahidi, mədəni yaddaşın qoruyucuları idilər. Bu tarixi gündə biz də zamanın nəbzini tutan, cəmiyyətin daxili təlatümlərini sətirlərə köçürən tanınmış qələm sahibi ilə həmsöhbət olduq. Çünki keçmişin böyük irsini bu günün həqiqətləri ilə birləşdirən mənəvi körpülər məhz ustad sənətkarların yaradıcılığıdır.
Xalq yazıçısı, “Şöhrət” ordenli nasir Natiq Rəsulzadə bildirdi ki, yaradıcılıq ən ali dəyərdir, çünki o, faniliyə qarşı sipərdir:
– Yaradıcılıq mənim həyat tərzimdir. Yazdığım, yaratdığım anlarda həqiqətən yaşadığımı hiss edirəm. Bu, hiss yaradıcı şəxsiyyətlərə tanışdır. Xüsusilə yazıçılarda və sənətkarlarda böyük bir əsəri tamamladıqdan sonra qəribə boşluq yaranır. Aylarla, bəlkə də bir il üzərində titrədiyin iş bitəndə yaranan fasilə məni çox incidir. Hətta deyərdim ki, yazmadığım günlərdə xəstələnirəm. Yaradıcılıqdan uzaq qaldığım hər saatın, hər günün hədər getdiyini düşünürəm. Ömür səhifələrini, həftələri, ayları mütləq yeni əsərlərlə, mənəviyyatdan süzülən sətirlərlə doldurmaq lazımdır.
Bəzən məişət qayğıları və digər məsuliyyətlər bizi yaradıcılıqdan ayırır, çünki biz də bu cəmiyyətin üzvüyük. Lakin bütün bunlara baxmayaraq, beynimdə həmişə eyni sual olur: “Niyə mən bu gün işləmirəm?” Çünki yazıçı yalnız ağ vərəqlərlə başbaşa qaldıqda yaşama səbəbini dərk edir.
Müasir dövrdə demək olar ki, heç kim qələmlə yazmır, hər kəs kompüterə müraciət edir. Lakin Fransuaza Saqanın çox gözəl bir ifadəsi var; o deyirdi ki, əsl yazıçı qələmini mürəkkəbə deyil, öz ürəyinə batırır və sətirləri ürəyinin qanı ilə yazır. Bu fikir məni həmişə dərindən düşündürüb. Həqiqətən də əgər bir əsərin uzunömürlü olmasını istəyirsənsə, gərək ora ruhunu, qəlbini, bütün varlığını qoyasan. Mən “dahi” kimi böyük ifadələrdən qaçıram. Nizamilərin, Füzulilərin ucalığı qarşısında özünü dahi adlandırmaq çətindir. Amma zamana tab gətirəcək irs qoymaq üçün səmimiyyət, daxili yanğı mütləqdir.
Hər zaman çalışıram ki, yeni kitablarımın təqdimat mərasimi oxucularla canlı görüş xarakteri daşısın. Çünki mənim üçün ən vacib amil oxucunun fikrini, duyğularını və hətta iradlarını öyrənməkdir. Kimin nəyi bəyənib-bəyənmədiyini bilmək yaradıcı insan üçün böyük stimuldur. Əlbəttə, bu o demək deyil ki, bir yazıçı kimi mən oxucunun sifarişi və ya göstərişi ilə əsər yazıram. Lakin yazdığının əks-sədasını duymaq zəruridir.
Bəzi yazıçılar var ki, yalnız iş otağına qapanıb yazır və oxucunun münasibəti ilə qətiyyən maraqlanmırlar. Onlar “mən işimi gördüm, kitabımı yazdım, oxuyub-oxumamaq oxucunun işidir” düşüncəsi ilə yaşayırlar. Mən bu yanaşmanı qəbul etmirəm. Yazıçı bilməlidir ki, onun sözü hədəfə çatırmı?
Unutmaq olmaz ki, kitab bitir, son nöqtəni qoyub onu bağlayırsan, amma yaratdığın obraz səni tərk etmir. Onu xatırlamağa davam edirsən: “Görəsən, bundan sonra nə edəcək? Həyatı necə davam edəcək? Necə danışacaq, hansı addımı atacaq?”. Bu suallar yaradıcılığın ən maraqlı tərəfidir. Çünki sən o obrazda özünəxas nəsə tapmaq istəyirsən.
Diqqət yetirin, klassik əsərlər nəyin sayəsində əsrlərlə yaşayır, uzunömürlü olur? Çünki o səhifələrdə Hacı Qara var, Karamazov qardaşları var. Onlar gündəlik həyatımızda rastlaşdığımız insanlardır. Oxuduqca heyran qalırsan ki, yazıçı bu personajı necə bu qədər canlı edib? Elə bil səhifələrin arasından sənə baxır, səninlə birbaşa ünsiyyət qurur. Lakin obrazın oxucu ilə bu qədər səmimi və maneəsiz təması hər zaman mümkün olmurdu. Uzun illər boyu bu canlılığın qarşısında keçilməz sədd – senzura dayanmışdı.
Ulu öndər Heydər Əliyev Azərbaycanda senzuranı ləğv edəndə rahat nəfəs aldıq. Şəxsən mən o sistemdən çox əziyyət çəkmişəm. Hekayələrimi, əsərlərimi çapa vermirdilər, kitablarımın nəşrinə qadağa qoyurdular. Senzura ləğv olunanda, sanki, bir zəncir qırıldı. Maraqlıdır ki, həmin vaxt bəzi yazıçılar, hətta yaşlı nəslin nümayəndələri bir anlıq özlərini itirdilər. Çünki illərlə “mətnaltı” yazmağa, ağıllı oxucu üçün simvollarla danışmağa öyrəşmişdik. Yazıçı da, oxucu da bu gizli dilin ustasına çevrilmişdi. Birdən-birə bu sədlər yıxıldı və yeni dövr başladı.
Məni tez-tez komitəyə çağırıb deyirdilər ki, “bunu düz yazmamısan”. Bir dəfə gənc idim, dözməyib dedim: “Mən yazıçıyam, nəyi necə yazacağımı özüm bilirəm”. Mənə cavab verirdilər ki, “yazıçı olmağına yazıçısan, amma bu yazdıqların çap olunmayacaq”. Sovet dövründə senzuranın qılıncı hər iki tərəfdən kəsirdi və buna qarşı çıxmaq qeyri-mümkün idi.
İndi senzura yoxdur, amma bu o demək deyil ki, hər kəs istədiyini, ağlına gələni etməlidir. Xüsusilə sosial şəbəkələrdəki vəziyyət qərəzlidir. Bəzən düşünürəm ki, dövlət senzurası olmasa da, etik və mənəvi mexanizm olmalıdır ki, savadsızlığın qarşısını ala bilsin. Baxıram ki, həm Azərbaycan, həm də rus dilində elə cümlələr qururlar ki, müəllifin nə demək istədiyini anlamaq olmur. Çünki azadlıq həm də yüksək mədəniyyət və savad tələb edir.
Müasir dünyada müəllif hüquqlarının qorunması sənətkara və onun əməyinə qoyulan hörmətdir. Müəllif öz hüquqlarının qorunduğunu və əməyinin dəyərləndirildiyini görəndə yeni əsərlər yaratmaq üçün özündə daha çox güc tapır.
Azərbaycanda müəllif hüquqlarının qorunması sahəsində fəaliyyət göstərən qurum – Əqli Mülkiyyət Agentliyinin işi həqiqətən təqdirəlayiqdir. Mən özüm də müəllif hüquqlarımın pozulması ilə bağlı bir neçə dəfə onlarla əməkdaşlıq etmək məcburiyyətində qalmışam. Təxminən 30 il əvvəl, internet saytları fəaliyyətə başlayanda mənə xəbər verdilər ki, “pirat” saytlar mənim 40-a yaxın əsərimi müəllifdən xəbərsiz istifadə edirlər. Agentliyin müdaxiləsi nəticəsində həmin saytlardan əsərlərim dərhal çıxarıldı. Hətta mən onlara məhkəmə ilə xəbərdarlıq da etdim, çünki müəllifin aylarla, illərlə çəkdiyi zəhmətin müqabilində bəhrəsini görməsi, qonorar alması onun hüququdur.
Natiq müəllim onu da vurğuladı ki, əgər istedad intuisiya ilə vəhdətdə deyilsə, o hədər gedir, lakin bu daxili duyumu heç bir müəllim öz tələbəsinə öyrədə və ya ötürə bilməz:
– Otuz ildən çox Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs demişəm. Bu illər ərzində çox sayda tələbə ilə işləmişəm. Şübhəsiz ki, yaşlı nəsil, təcrübəli və peşəkar qələm sahibləri gənclərə istiqamət verməli, yol göstərməlidirlər. Lakin yol göstərmək o demək deyil ki, gənc yazıçı mütləq sənin izinlə getməlidir. Yaradıcılıq fərdi prosesdir. Əgər bir gəncin doğrudan da istedadı varsa, onu sərbəst buraxmaq lazımdır. Bizim vəzifəmiz ona düzgün istiqamət verib deməkdir: “Bax, yol budur, amma sən bu yolda öz cığırını, imzanı tapmalısan”.
İncəsənətin bütün sahələri – istər bəstəkarlıq, rəssamlıq, istərsə də kino çox incə və həssas məqamlar üzərində qurulub. Çünki əsl yaradıcılığın təməlində intuisiya dayanır. Ən əsası isə odur ki, intuisiyanı kiməsə öyrətmək və ya köçürmək mümkün deyil.
Mən bu gün də gənclərlə işləyirəm. Onların arasında istedadlı gənclərin olması məni hədsiz sevindirir. Bu, Azərbaycan ədəbiyyatının gələcəyinin parlaq olduğundan xəbər verir.
Yaradıcılıq insanın həqiqət axtarışıdır. Bu səfərdə ən ağır yük səmimiyyət, ən böyük mükafat isə oxucunun ürəyinə tuşlanan işıqdır. Sənətkarın ən böyük uğuru kitab qapandıqdan sonra hökm sürən səssizliyə məna verməkdir. Yazıçı o nöqtədə artıq susur, lakin ürəyinin qanı ilə yazdığı sətirlər, yaratdığı obrazlar oxucunun düşüncələrində həmsöhbətə çevrilərək danışmağa başlayır. Bu, əslində, ən səmimi görüş yeridir.
Hazırladı:
Fidan ƏLİYEVA
XQ


