Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə əlaqədar prokurorluq orqanları tərəfindən həyata keçirilən kompleks tədbirlər çərçivəsində, cari ilin aprelin 22-də İmişli şəhərində, Heydər Əliyev Mərkəzində “Memarlıq və şəhərsalma sahəsində dövlət nəzarəti və prokurorluğun rolu” mövzusunda konfrans keçirilib.
Bu barədə XQ-yə Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, konfransda dövlət qurumlarının nümayəndələri, qeyri-hökumət təşkilatlarının təmsilçiləri, media orqanlarının nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları, elm və təhsil ictimaiyyətinin üzvləri iştirak ediblər.
Konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin İmişlinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək, onun əziz xatirəsini ehtiramla yad ediblər.
Mötəbər tədbir başlamazdan əvvəl Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Açılış hissəsində çıxış edən Baş Prokurorluğun Kriminalistika və İnformasiya texnologiyaları idarəsinin rəisi Talıb Cəfərov bildirib ki, memarlıq və şəhərsalma sahəsində qanunvericiliyə əməl olunması yalnız inzibati nəzarət deyil, həm də müasir texnologiyaların tətbiqini tələb edən kompleks prosesdir:
“Bu gün kriminalistika və informasiya texnologiyaları hüquq pozuntularının aşkar edilməsində mühüm rol oynayır. Peyk görüntüləri, coğrafi informasiya sistemləri və rəqəmsal monitorinq vasitələri qanunsuz tikililərin vaxtında müəyyən olunmasına, sübut bazasının operativ toplanmasına imkan verir.
Prokurorluq orqanları bu texnoloji imkanlardan istifadə etməklə şəhərsalma sahəsində baş verən hüquq pozuntularına daha çevik və effektiv reaksiya verir, qanunun aliliyini təmin edir”.
İdarə rəisi qeyd edib ki, əsas məqsəd yalnız pozuntuları aşkar etmək deyil, həm də onların qarşısını qabaqlayıcı tədbirlərlə almaqdır.
İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev çıxışında bildirib ki, müasir dövrdə şəhərsalma və memarlıq sahəsi hər bir regionun sosial-iqtisadi inkişafında, yaşayış mühitinin keyfiyyətinin yüksəldilməsində, infrastrukturun səmərəli təşkilində mühüm rol oynayır. Düzgün planlaşdırılmış şəhərsalma siyasəti yalnız estetik görünüşün formalaşdırılması ilə kifayətlənmir, eyni zamanda əhalinin təhlükəsizliyinin təmin olunmasına, torpaq ehtiyatlarından səmərəli istifadəyə və dayanıqlı inkişafın təmininə xidmət edir.
İcra başçısı qeyd edib ki, şəhərsalma ilə bağlı fəaliyyət xüsusilə yerli icra hakimiyyəti orqanları üçün mühüm əhəmiyyət daşıyır. Rayon səviyyəsində tikinti və abadlıq işlərinin şəhərsalma norma və qaydalarına uyğun aparılmasına nəzarət etmək, qanunsuz tikinti hallarının qarşısını almaq və vətəndaş müraciətlərinə operativ baxılmasını təmin etmək əsas vəzifələrdəndir.
İmişli rayon prokuroru Valeh Səmədov çıxışında memarlıq və şəhərsalma sahəsində qanunvericiliyə riayət olunmasının vətəndaşların təhlükəsizliyi və şəhərlərin dayanıqlı inkişafı üçün əsas şərt olduğunu qeyd edib.
O bildirib ki, prokurorluq orqanları bu sahədə qanun pozuntularının qarşısının alınması, onların vaxtında aşkar edilməsi və hüquqi qiymət verilməsi istiqamətində ardıcıl fəaliyyət göstərir:
“Xüsusilə qanunsuz tikintilər və normativ tələblərin pozulması hallarına qarşı prinsipial mövqe sərgilənir. Bu istiqamətdə digər dövlət qurumları ilə koordinasiyalı əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir. Əsas məqsəd qanunun aliliyini təmin etməklə vətəndaşların hüquqlarını qorumaqdır”.
Konfransda Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Hüquq şöbəsinin müdir müavini Sümbül Turabova, Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzinin Tikinti Müfəttişliyinin rəisi Rüfət Rüstəmov, Azərbaycan Memarlar İttifaqının Katibliyinin üzvü, Eko-Dayanıqlı memarlıq üzrə komissiyanın sədri, memar Fəxrəddin Verdiyev və Azərbaycan Respublikasının Milli Məclisinin I çağırış deputatı olmuş, ağbirçək Elmira Qasımova çıxış edərək memarlıq və şəhərsalma sahəsində qanunvericiliyin tətbiqi, təhlükəsizlik tələblərinə əməl olunması, ekoloji dayanıqlı memarlığın əhəmiyyəti və dövlət nəzarətinin gücləndirilməsi istiqamətində fikir və təkliflərini bölüşüblər.
Konfrans çərçivəsində dövlət qurumları, qeyri-hökumət təşkilatları və media nümayəndələri arasında hüquqi əməkdaşlığın gücləndirilməsi, ictimai nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, gənclər arasında hüquqi şüurun artırılması və konstitusion dəyərlərin təbliği istiqamətində geniş fikir mübadiləsi aparılıb, konkret təkliflər səsləndirilib.
Sonda konfrans iştirakçıları ilə xatirə fotoşəkli çəkilib.
N.Adilqızı
XQ

