Qorxutma və rüşvətə bel bağlayan Ermənistan müxalifəti

post-img

İyunun 7-də Ermənistanda keçiriləcək parlament seçkiləri ölkədaxili siyasi balansın yenidən formalaşacağı kritik mərhələ kimi qiymətləndirilir. Bu proses təkcə hakimiyyət uğrunda mübarizə deyil, həm də cəmiyyətin son illərdə baş verən hadisələrə verdiyi reaksiyanın göstəricisi olacaq.

Seçkilər öncəsi həm iqtidar, həm də müxalifət düşərgəsində fəallıq nəzərəçarpacaq dərəcədə artıb. Xüsusilə təhlükəsizlik, sülh gündəliyi və sosial-iqtisadi vəziyyət əsas müzakirə mövzularına çevrilib. Müxtəlif siyasi qüvvələr seçicilərin etimadını qazanmaq üçün fərqli yanaşmalar ortaya qoymağa çalışırlar. Bununla yanaşı, ictimai rəy sorğuları seçkilərin nəticələrinin əvvəlcədən proqnozlaşdırılmasını çətinləşdirən qeyri-müəyyən mənzərəni ortaya qoyur. Xarici amillərin və regional proseslərin də seçki dinamikasına təsiri istisna edilmir. Bütün bu amillər fonunda qarşıdakı seçkilər Ermənistanın gələcək siyasi taleyinin müəyyənləşməsi baxımından həlledici əhəmiyyət daşıyır. Bir neçə gün öncə Rusiyanın “RBK” nəşri Ermənistandakı parlament seçkilərinin son dərəcə mühüm hadisə olduğunu vurğulamışdı. Çünki nəticələrə əsasən baş nazir müəyyən olunacaq və bununla da ölkənin siyasi kursu formalaşacaq. Qeyd edilmişdi ki, Nikol Paşinyanı baş nazir postu uğrunda ciddi mübarizə gözləyir: onun şansları olsa da, rəqabət kifayət qədər güclü olacaq.

***

Ölkənin həm yazılı, həm də onlayn media resurslarında seçki prosesi, namizədlərin şansları, baş nazir postunu hansı siyasi qüvvənin təmsilçisinin tutacağı təqdirdə ölkənin inkişaf istiqamətinin necə olacağı ilə bağlı məqalələr əksini tapır. Bu baxımdan özünün obyektivliyi ilə seçilən, həm iqtidarı, həm də müxalifəti kəskin tənqid etməsi ilə populyarlıq qazanan “ArmenianReport” saytında yerləşdirilmiş məqalə diqqəti cəlb edir. “Şanssız müxalifət: qorxuya və rüşvətə “stavka” sərlövhəli müqayisəli təhlildə bildirilir ki, Ermənistanda siyasi dövr yenidən kəskinləşmə mərhələsinə daxil olur: iyun seçkilərinin yaxınlaşması cəmiyyətdə narahatlığı gücləndirir, müxalifətin struktur zəifliklərini üzə çıxarır və eyni zamanda, daxili və xarici çağırışlara baxmayaraq, mövqeyi nisbətən sabit qalan Nikol Paşinyan hakimiyyətinin dayanıqlığını göstərir. Qeyd edilir ki, bu şəraitdə seçici uğrunda mübarizə getdikcə klassik rəqabətli siyasətin çərçivəsini aşaraq manipulyasiyalar müstəvisinə – həm informasiya, həm də birbaşa maddi təsir vasitələrinə yönəlir: “Sirr deyil ki, bu gün erməni müxalifətinin əsas problemi resurs çatışmazlığından çox, inandırıcı alternativ gündəliyin olmamasıdır. Son illər Paşinyan hakimiyyəti bir neçə böhran – müharibənin nəticələrindən tutmuş əsas “müttəfiq”ə (Rusiya nəzərdə tutulur–S.H.) inamın sarsılmasına qədər – yaşasa da, müxalif qüvvələr ictimai narazılığı sabit elektoral kapitala çevirə bilməyiblər. Səbəb müxalifətin öz daxilində parçalanmış durumda olmasında, vahid qərarvermə mərkəzinin olmamasında və ən əsası, onun ideoloji ətalətində gizlənir”.

Müəllif Tevos Arşakyan yazır ki, bu şəraitdə çirkli informasiya kampaniyası az qala siyasi mübarizənin əsas alətinə çevrilir: “Müxalif dairələrlə əlaqəli saytlar və “Telegram” kanalları fəal şəkildə gələcəyin elə bir həyəcanlı mənzərəsini formalaşdırırlar ki, burada ənənəvi xarici siyasət kursundan hər hansı kənarlaşma ekzistensial təhlükə kimi təqdim olunur. Bu ritorikanın mərkəzi elementi Avrasiya İqtisadi İttifaqından mümkün uzaqlaşma və Rusiya ilə əlaqələrin zəifləməsi mövzusudur. Onun sözlərinə görə, Ermənistanın Aİİ-dən çıxması Rusiyada hiss olunmayacaq, lakin Ermənistan üçün bu, iqtisadi kollapsla nəticələnəcək. Yəni ictimai məkan sistemli şəkildə elə ssenarilərlə doldurulur ki, guya, Qərbə yönələndən sonra qaçılmaz olaraq iqtisadi kollaps, sosial qeyri-sabitlik və geosiyasi təcrid baş verəcək. Bu cür arqumentasiya mürəkkəb reallığın şüurlu şəkildə sadələşdirilməsi üzərində qurulur. Ermənistanın Avrasiya məkanından iqtisadi asılılığı, həqiqətən, böyükdür, lakin bu, statik göstərici deyil və son illərdə transformasiya əlamətləri nümayiş etdirir. Bu faktı nəzərə almayan müxalifət mediası daha çox təhlil aparmağa deyil, qorxunu səfərbər etməyə çalışır”.

Bildirilir ki, informasiya təzyiqi baş verənlərin yalnız bir tərəfidir. Seçkilər yaxınlaşdıqca elektorata təsirin daha birbaşa formaları da qeydə alınır: “Ermənistanın Antikorrupsiyaya Komitəsi ayrı-ayrı müxalif qüvvələrin banal seçici rüşvəti praktikasına keçdiyini göstərən faktlar aşkarlayıb. Rəsmi məlumatlara görə, “Güclü Ermənistan” partiyasının üzvləri ictimai təşkilat adı altında fəaliyyət göstərən bir qrup şəxslə birlikdə Ararat vilayətinin Artaşat icmasında seçicilərə rüşvət paylayıblar. Onlar fəaliyyətlərini əlaqələndirmək üçün internet tətbiqlərindən istifadə ediblər ki, bu da həmin prosesə təşkilatlanmış və gizli xarakter vermək cəhdindən xəbər verir. Hüquq-mühafizə orqanlarının reaksiyası kifayət qədər operativ olub: cinayət işi başlanıb, axtarışlar aparılıb, 10-dan çox şəxs saxlanılıb. Bu epizod özlüyündə postsovet məkanı üçün nadir hal olmasa da, mövcud siyasi vəziyyət kontekstində xüsusi əhəmiyyət kəsb edir. Söhbət, sadəcə, lokal qanun pozuntusundan deyil, daha dərin problemin – müxalifətin bir hissəsinin legitim siyasi rəqabət çərçivəsində fəaliyyət göstərə bilməməsinin simptomundan gedir”.

Qeyd edilir ki, bu cür praktikaların ikili effektinin olduğunu başa düşmək vacibdir. Bir tərəfdən, onlar ayrı-ayrı dairələr və ya icmalar səviyyəsində qısamüddətli nəticə verə bilər. Digər tərəfdən isə ümumilikdə, müxalifətə inamı sarsıdır, onu məqsədə çatmaq üçün istənilən vasitəyə əl atmağa hazır qüvvə kimi təqdim edir. Seçici etimadının onsuz da məhdud resurs olduğu şəraitdə bu cür addımlar faktiki olaraq mövcud hakimiyyətin mövqelərinin möhkəmlənməsinə xidmət edir. “Bu fonda Paşinyanın strategiyası daha ardıcıl görünür. Tənqidlərə və obyektiv çətinliklərə baxmayaraq, onun komandası institusional nəzarət, mötədil islahatlar və xarici siyasətdə ehtiyatlı manevr kombinasiyasına söykənməkdə davam edir. Müxalifətdən fərqli olaraq, hökumət hər zaman populyar olmasa da, nisbətən bütöv “Real Ermənistan” gələcəyi modelini təklif edir və bu modeldə ölkə mövcud əlaqələri kəskin şəkildə qırmadan müxtəlif güc mərkəzləri arasında balans yaratmağa çalışır”.

Məqalədən göründüyü kimi, revanşist duyğularla yaşayan müxalifət hələ də vahid strategiya və inandırıcı siyasi xətt formalaşdırmaqda çətinlik çəkir. Parçalanmış strukturu, ideoloji qeyri-müəyyənliyi və daha çox keçmişə söykənən yanaşmaları onun seçici qarşısına alternativ güc kimi çıxmaq imkanlarını zəiflədir. Bu isə seçki mübarizəsində diqqətin proqram və ideyalardan daha çox emosional təsir vasitələrinə yönəlməsinə gətirib çıxarır. Xüsusilə qorxu üzərindən qurulan informasiya kampaniyaları və Qərbə inteqrasiyanın fəlakətli nəticələr doğuracağı barədə iddialar cəmiyyətdə narahatlıq yaratmağa hesablanıb.

Digər tərəfdən, rüşvət və birbaşa təsir mexanizmlərinin gündəmə gəlməsi müxalifətin təşkilati zəifliyini daha açıq şəkildə ortaya qoyur. Bu cür üsullar qısamüddətli effekt versə də, uzunmüddətli perspektivdə siyasi etimadı aşındırır. Belə şəraitdə hakimiyyətin daha sistemli və ardıcıl görünməsi təsadüfi deyil. Mövcud kursun tənqidə açıq tərəfləri olsa da, onun müəyyən çərçivəyə malik olması seçici davranışına təsir edən əsas amillərdən birinə çevrilir. Bu isə seçkilərin nəticəsinə yalnız rəqabətin səviyyəsinin deyil, həm də tərəflərin təqdim etdiyi siyasi modelin keyfiyyətinin təsir etdiyini göstərir.

Səxavət HƏMİD
XQ





Siyasət