Yerli istehsal xeyli artıb, daxili tələbat isə ödənilmir

post-img

Yaxud əvvəl evin içi, sonra çölü

Azərbaycan iqtisadiyyatında son illər özünü qabarıq büruzə verən təzadlı bir vəziyyət daha çox diqqət çəkir. Belə ki, ölkədə ixrac göstəriciləri yüksəlir, qeyri-neft sektoru genişlənir, lakin daxili bazarda qiymətlər sabitləşmir, əksinə, gündəlik istehlak məhsullarında bahalaşma daha kəskin hiss olunur. Bu ziddiyyət cəmiyyətin həssas təbəqələrində narahatlıq doğurur və eyni zamanda, iqtisadi siyasətin prioritetləri ilə bağlı ciddi müzakirələrə gətirib çıxarır. Çünki respublika iqtisadiyyatında inkişaf təkcə ixrac rəqəmləri ilə deyil, həm də daxili bazarda tələbatın dolğun ödənilməsi ilə ölçülür.

İdxaldan asılılıq və “xərc inflyasiyası”

Bu ilin ilk rübündə ölkənin qeyri-neft ixracı 11,7 faiz artaraq 862 milyon dollara çatması, qida ixracının isə 25,1 faiz çoxalaraq 281 milyon dollara yüksəlməsi rəsmi statistikada müsbət dinamika kimi qiymətləndirilir. Bu artım həm kənd təsərrüfatı, həm də emal sənayesində müəyyən irəliləyişlərə nail olduğunu göstərir. Xüsusilə qida ixracındakı artım ilk baxışdan daxili istehsalın güclənməsi kimi nəzərə çarpır.

Lakin ixracın artması daxili bazar qiymətlərinin ucuzlaşmasına təsir göstərməsi anlamına gəlmir. Əksinə, müəyyən hallarda ixracın yüksəlməsi daxili bazarda təklifin azalmasına, məhsulun ölkə daxilində çatışmazlığına və qiymətlərin yüksəlməsinə gətirib çıxarır. Yəni istehsal eyni tempdə artmırsa və daxili bazarın tələbatı tam ödənmirsə, deməli, ixrac daxili qiymətləri aşağı salmaq əvəzinə daha da artıran amilə çevrilir.

İqtisadçı-ekspert Rəşad Həsənovun sözlərinə görə, Azərbaycanda yerli istehsalın mühüm hissəsi idxal olunan xammal və yarımfabrikatlardan asılıdır. Bu isə qiymət artımının əsas mənbələrindən biri sayılır. Çünki idxal məhsulları bahalaşdıqda, həmin xammalla istehsal olunan yerli məhsulun maya dəyəri də yüksəlir.

Burada “xərc inflyasiyası” anlayışı ön plana çıxır. Bu inflyasiya növü istehlakçı tələbatının artması ilə deyil, istehsal xərclərinin yüksəlməsi ilə bağlıdır. Respublikada ərzaq məhsullarının, un və yağ istehsalının belə müəyyən komponentləri xaricdən asılı olduğundan dünya bazarındakı qiymət dəyişiklikləri və logistika xərcləri birbaşa daxili bazara ötürülür. Məsələn, kənd təsərrüfatında istifadə olunan toxum, gübrə, yem, pestisid və texniki avadanlıqların böyük hissəsi idxal hesabına təmin edilir. Əgər manatın məzənnəsi sabit qalsa belə, dünya bazarında qiymət artımı və daşınma xərcləri yenə də daxili istehsalın bahalaşmasına gətirib çıxarır.

Azərbaycanda son illər aqrar sektorda istehsalın artması məqsədilə bir sıra mühüm proqramlar həyata keçirilir. Subsidiyalar genişləndirilir, fermerlərə dəstək proqramı həyata keçirilir, yeni əkin sahələri istifadəyə verilir, suvarma infrastrukturu yenilənir. Lakin buna baxmayaraq, yerli istehsalın daxili tələbatı tam ödəmək qabiliyyəti hələ də məhdud qalır.

Mütəxəssislərin fikrincə, narahatlıq doğuran bu məsələnin bir neçə səbəbi var. Birincisi, kənd təsərrüfatında məhsuldarlıq hələ də arzu olunan səviyyədə deyil. Eyni sahədən daha çox məhsul əldə etmək üçün müasir texnologiya, düzgün aqrotexniki yanaşma və keyfiyyətli toxum bazası tələb olunur. İkincisi, istehsalın strukturunda balans probleminin həllinə ciddi yanaşılmır. Belə ki, bəzi məhsullar üzrə artım müşahidə olunsa da, strateji malların bir hissəsində hələ də idxal üstünlük təşkil edir. Üçüncüsü isə mövsümi istehsal modeli daxili bazarda qiymət sabitliyini pozur. Belə ki, məhsul yığımı dövründə qiymətlər enir, mövsüm bitdikdən sonra isə bazarda təklif azalır və qiymətlər sürətlə yüksəlir. Bu amillər göstərir ki, daxili bazarda sabit qiymət formalaşdırmaq üçün təkcə istehsal artımı kifayət etmir, həm də həmin istehsalın idarə olunması, saxlanılması və bazara düzgün çıxarılması həssas şərtlər sırasında yer alır.

Azərbaycanda ixrac imkanlarının genişlənməsi fermerlər üçün iqtisadi baxımdan daha cəlbedici şərait yaradır. Çünki xarici bazarda bəzən daha yüksək qiymət təklif olunur. Nəticədə istehsalçı məhsulunu daxili bazara deyil, ixraca yönəltməyə çalışır. Əslində, bu, normal bazar davranışıdır. İstehsalçı üçün əsas məqsəd gəlir əldə etməkdir. Dövlət ixracı stimullaşdırdıqda və xarici bazar daha gəlirli olduqda, daxili bazarda məhsul təklifi azalır. Belə halda isə qiymət artır. Bununla da ixracın artması daxili qiymətlərdə əlavə yüksəliş dalğası yaradır. Bu mexanizm, xüsusilə, tərəvəz, meyvə, kartof, soğan, pomidor, eləcə də bəzi emal məhsullarında özünü daha çox göstərir.

Dövlət dəstəyindən xarici bazar bəhrələnir

Milli Məclisin deputatı Vüqar Bayramovun sözlərinə görə, dövlətin subsidiyaların tətbiqi ilə gübrə və digər aqrar xərclərin bir hissəsini öz üzərinə götürməsi istehsalçının maliyyə yükünü azaldır və istehsalı stimullaşdırır. Bu, doğru istiqamətdə atılmış addımdır. Amma reallıq onu göstərir ki, subsidiyalar istehsalın maya dəyərini müəyyən qədər aşağı salsa da, bazar qiymətlərinin dərhal ucuzlaşmasına zəmanət vermir. Çünki bazarda qiyməti təkcə maya dəyəri yox, həm də tələb-təklif balansı, vasitəçilərin rolu, logistika, saxlanma imkanları və idxal alternativləri müəyyən edir.

Bəzi hallarda subsidiyalar istehsalçını gücləndirsə də, məhsul yenə də bazarda yüksək qiymətə satılır və subsidiyanın real faydası istehlakçıya çatmır. Bu isə subsidiya siyasətinin daha məqsədli və nəticəyönümlü formada qurulmasını zəruri edir. Bu məsələdə əsas boşluq marketinq və satış infrastrukturu ilə bağlıdır. Deputat Vüqar Bayramovun xüsusi vurğuladığı marketinq problemi isə ölkənin kənd təsərrüfatının ən zəif həlqələrindən biridir. Məsələn, fermer məhsulu istehsal edə bilir, lakin onu bazara çıxarmaq, saxlamaq və uyğun vaxtda satmaq imkanları məhdud olur.

Bu məhdudiyyətlər bir neçə mənfi nəticə ilə yadda qalır. Əvvəla fermer məhsulu mövsüm dövründə ucuz qiymətə satmaq məcburiyyəti ilə üzləşir. Bu zaman vasitəçi daha çox qazanc əldə edir. Bir müddət ötdükdən sonra isə bazarda məhsul çatışmazlığı yaranır və bu, qiymətlərin kəskin bahalaşmasına gətirib çıxarır. Beləliklə, istehlakçı ilin müəyyən dövrlərində yüksək məbləğdə vəsait ödəməli olur. Bu isə logistika və satış zəncirinin qiymət sabitliyinin əsas səbəblərindən biri kimi narahatlıq doğurduğunu göstərir.

V.Bayramovun təklif etdiyi yanaşma – dövlətin müəyyən məhsulları alıb soyuducu anbarlarda saxlaması və mövsümdənkənar dövrdə bazara çıxarması iqtisadi baxımdan mühüm mexanizm kimi diqqət çəkir. Bu, bir sıra ölkələrdə uğurla tətbiq olunan modeldir və iki istiqamətdə fayda verir. Birincisi, fermer mövsümdə məhsulu dəyər-dəyməzinə satmaqdan xilas olur. Dövlət isə alış mexanizmi vasitəsilə onun gəlirini qoruyur. İkincisi, dövlət ehtiyatları mövsümdənkənar dövrdə bazara çıxararaq qiymətlərin süni və kəskin bahalaşmasının qarşısını alır.

Bu model bazarda “tənzimləyici balans” rolunu oynayır. Belə ki, əgər ticarət müəssisələrində məhsul azalırsa, bu problem dövlətin ehtiyat fondu hesabına həllini tapır. Yaxud bazarda bolluq müşahidə edilirsə, dövlət bu şəraitdən yararlanaraq məhsul alır və ehtiyatı artırır. Beləliklə, bazarlarda qiymət dalğalanması yumşaldılır. Amma bu məsələdə dövlətin düzgün müdaxiləsi, şəffaflığın diqqətdə saxlanılması əsas prinsiplərdən biridir. Əks təqdirdə, dövlət alışı zamanı yol verilən neqativ hallar korrupsiya və qeyri-şəffaf tenderlərin keçirilməsinə yol aça bilər.

Məhsulun saxlanması zamanı itkilər yaranması, bazar mexanizminin pozularaq özəl sektorun marağını zəiflətməsi, dövlət ehtiyatlarının satışı ilə bazar rəqabətinin aşağı düşərək monopoliyaya şərait yaratması kimi mənfi hallara qarşı ciddi mübarizə aparılmalıdır. Buna görə də şəffaflıq daha çox diqqət mərkəzində saxlanılmalı, rəqabətli satınalma, dəqiq kvotalar və ciddi audit sistemi yüksək səviyyədə qurulmalıdır. Əks halda, dövlətin bazara müdaxiləsi qiymətləri sabitləşdirmək əvəzinə, daha çox problem yarada bilər.

Fermer niyə bazara çıxa bilmir?

Ölkədə ərzaq qiymətlərində bahalaşmanın mühüm səbəblərindən biri də tədarük zəncirində vasitəçilərin çoxluğudur. Fermerdən istehlakçıya qədər məhsul, necə deyərlər, bir neçə əl dəyişir. Hər mərhələdə əlavə xərclər və qazanc marjası qiymətə yüklənir. Bəzən isə məhsulun istehsal qiyməti ilə bazar qiyməti arasında iki-üç dəfə fərq yaranır. Bu isə istehlakçının daha baha, fermerin isə daha ucuz satması deməkdir. Nəticədə ən böyük qazancı nə fermer, nə də istehlakçı əldə edir, əsas gəlir vasitəçilərin payına düşür. Bu problemin həlli üçün birbaşa satış platformaları, fermer bazarları, regional logistika mərkəzləri və dövlət-özəl tərəfdaşlığı ilə tədarük sisteminin gücləndirilməsi vacibdir.

Azərbaycanın qeyri-neft ixracını artırması dövlət strategiyası baxımından doğrudur. Çünki neftdən asılılığın azalması, valyuta gəlirlərinin şaxələndirilməsi və yeni bazarların qazanılması iqtisadi təhlükəsizlik üçün önəmlidir. Lakin ixrac strategiyası daxili bazarın təhlükəsizliyi ilə paralel aparılmalıdır. Əks halda, ölkədə belə bir mənzərə formalaşır: istehsal, ixrac və valyuta gəlirləri artır, amma vətəndaşın süfrəsindəki məhsul bahalaşır. Bu, iqtisadi artımın real faydasını zəiflədən ən təhlükəli tendensiyalardan biri kimi narahatlıq doğurur.

Bu baxımdan dövlət siyasətinin əsas məqsədi ixracdan gəlir əldə etmək, eyni zamanda, daxili bazarda məhsul bolluğu yaratmaq, qiymətlərin kəskin dalğalanmasının qarşısını almaq və sosial rifahı qorumaq olmalıdır. Mövcud vəziyyət isə göstərir ki, Azərbaycanda qeyri-neft və qida ixracının artması iqtisadi inkişafın müsbət göstəricisidir, lakin daxili bazarda qiymətlərin yüksəlməsi həmin inkişafın sosial səmərəliyini zəiflədir. Əsas səbəblər idxaldan asılılıq, yerli istehsalın məhdud imkanları, mövsümi təklif çatışmazlığı, marketinq və logistika boşluqları, eləcə də vasitəçilərin bazarda üstün mövqeyidir.

Deputat Vüqar Bayramovun təklif etdiyi dövlət alış mexanizmi və ehtiyat anbar sisteminin yaradılması isə qiymət sabitliyinə töhfə verə bilər. Lakin bu yanaşma şəffaf və səmərəli idarəetmə tələb edir. Bu gün iqtisadiyyatın ixrac rəqəmlərinin artımını daxili bazarda qiymət sabitliyi və sosial rifahla uzlaşdıra bilmək əsas çağırışlardan biridir. Əgər bu balans qurularsa, qeyri-neft ixracındakı artım təkcə statistik göstərici olmayacaq, həm də vətəndaşın həyatında real rahatlıq yaradacaq.

Fikrət YUSİFOV,
iqtisad elmləri doktoru, professor

Real sektorda ixracın həcminin artığı bir şəraitdə yerli bazarda qiymətlərin sabitləşməməsi, əksinə, bir qayda olaraq davamlı şəkildə yüksəlməsi nə ilə bağlıdır? Sualın cavabı ilə bağlı əvvəlcə onu xatırladım ki, ölkədə həm yerli istehsal, həm də idxal məhsulları üzərində ciddi inhisarçılıq fəaliyyəti ciddi narahatlıq doğurur. İnhisarçılar ötən illərlə müqayisədə öz fəaliyyətlərini xeyli “təkmilləşdiriblər”. İndi heç kim kiməsə demir ki, “sən məhsulu monopolistdən icazə almadan gətirə bilməzsən”. Lakin bu işi “özbaşına” həyata keçirən həmin inhisarçılar özlərinin eyniadlı mallarının qiymətlərini aşağı salmaqla elə bir şərait yaradırlar ki, adam ziyan etsə belə, gətirdiyi məhsulu o şəxslərə, yaxud şirkətlərə təhvil vermək məcburiyyətində qalır. Ölkədə inhisarçıların yeni “modeli” məhz belə işləyir.

Yerli istehsalın ixracyönlü payının artması yaxşı haldır. Lakin ixrac üçün nəzərdə tutulan məhsullar onu istehsal edənlərə daha çox mənfəət gətirdiyindən, həmin malların böyük bir hissəsi daxili bazara deyil, xarici ölkələrin satış nöqtələrinə yönəldilir. Bununla da istehsalın artmasına baxmayaraq, onun yerli bazara təsiri ya olmur, ya da çox zəif hiss edilir.

Digər tərəfdən cari ilin ilk rübündə kənd təsərrüfatında ümumi daxili məhsulun həcmi cəmi 1,1 faiz artıb ki, bu da çox aşağı bir göstəricidir. Ötən ilin birinci rübü ilə müqayisədə ölkədə dənli və dənli paxlalı bitkilərin istehsalı 2,4 faiz, kartof istehsalı 7,4 faiz, tərəvəz istehsalı 9,2 faiz, bostan bitkilərinin istehsalı 11,3 faiz azalıb. Müqayisə aparılan dövrdə iribuynuzlu və xırdabuynuzlu mal-qaranın sayında da 1 faiz ətrafında azalmalar qeydə alınıb. Bütün bu sadalanan hallar və konkret göstəricilər sonda yerli bazarlarda qiymətlərin sabitləşməsini çətinləşdirir.

Vaqif BAYRAMOV
XQ



İqtisadiyyat