Azərbaycan–Latviya iqtisadi əməkdaşlığı yeni mərhələdə

post-img

Azərbaycan və Latviya dost ölkələr kimi çox yaxın siyasi-iqtisadi, humanitar əlaqələrə malikdir. Keçmiş SSRİ-nin tərkibində müttəfiq respublikalar olan tərəflər arasında möhkəm iqtisadi və mədəni əlaqələr formalaşıb. Sovetlər birliyinin süqutundan sonra isə iki dövlət arasında münasibətlər yeni müstəviyə qədəm qoyub.

Azərbaycan və Latviya dövlət başçılarının ilk görüşü 1997-ci il iyulun 8-də NATO-nun Madriddə keçirilən Zirvə toplantısı çərçivəsində reallaşıb. Həmin gün Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev ilə Latviya Prezidenti Quntis Ulmanis arasında keçirilən görüş zamanı iki ölkə arasında əlaqələrin inkişaf perspektivləri müzakirə olunub.

Sonrakı illərdə beynəlxalq səviyyəli toplantılar zamanı dövlət başçıları arasında keçirilən görüşlər, eləcə də yüksəksəviyyəli qarşılıqlı hökumət nümayəndə heyətlərinin səfərləri tərəfləri bir-birinə daha sıx yaxınlaşdırıb, münasibətlərin inkişafına yeni dinamizm gətirib.

2003-cü ilin oktyabrında isə Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyevin xüsusi səyləri ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafına təkan verib. Dövlətimizin başçısı ikitərəfli və regional məsələlərin ölkələrimiz arasındakı əlaqələrdə xüsusi əhəmiyyət daşıdığını dönə-dönə qeyd edib.

2008-ci il aprel ayının 3-də Prezident İlham Əliyev NATO-nun sammitində iştirak etmək üçün Rumıniyaya səfəri çərçivəsində Buxarestdə Latviyanın dövlət başçısı Valdis Zatlerslə görüşü zamanı iki ölkə arasında siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin inkişafı müzakirə edilib, tərəflər Azərbaycan və Latviyanın Avropanın enerji təhlükəsizliyi sahəsində əməkdaşlığını xüsusi vurğulayıblar. 2017-ci ildə imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə isə ikitərəfli iqtisadi münasibətlərin hüquqi bazasını möhkəmləndirir.

Hazırda Azərbaycan ilə Latviya arasında yüksək səviyyədə əlaqələr mövcuddur. Hər iki ölkə əməkdaşlığa həm də regional təşkilatlar, o cümlədən Baltik Dənizi Dövlətlərinin Şurası çərçivəsində xüsusi əhəmiyyət verir. Bu əməkdaşlıq, Baltik–Qara Dəniz–Xəzər hövzəsi regionunda inteqrasiya proseslərinin intensivləşdirilməsi istiqamətində mühüm əhəmiyyət daşıyır. Latviya ölkəmizi Avropanın enerji resursları ilə təchizatında Qara dəniz–Xəzər regionunun əsas ölkəsi hesab edir.

Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçsin ölkəmizə rəsmi səfəri də əməkdaşlığın inkişaf perspektivləri baxımından mühüm əhəmiyyət daşıyır. Məlum olduğu kimi, aprelin 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçs ilə təkbətək və geniş tərkibdə görüşləri keçirilib. Dövlətimizin başçısı ölkələrimiz arasında çox yaxşı əlaqələrin mövcudluğuna toxunaraq ticarəti və qarşılıqlı sərmayələri artırmaq, energetika, daşımalar, rəqəmsallaşma və digər sahələrə aid olan məsələləri həll etmək məqsədilə əməkdaşlığa dair praktiki məsələlərin bir daha nəzərdən keçirilməsinin vacibliyini vurğulayıb.

Latviya Prezidenti Edqars Rinkeviçs çıxış edərək ölkəsini Azərbaycanı strateji tərəfdaş və dost hesab etdiyini vurğulayıb. Ötən müddətdə iki ölkə arasında iqtisadi əməkdaşlığın real nəticələr verdiyini vurğulayan Latviya Prezidenti bu baxımdan Hökumətlərarası Komissiyanın işini yüksək qiymətləndirib.

Bütövlükdə isə, Azərbaycan və Latviya arasında iqtisadi əlaqələr strateji tərəfdaşlıq səviyyəsində inkişaf edir, ticarət, nəqliyyat-logistika, kənd təsərrüfatı və investisiya sahələrində fəal əməkdaşlıq edilir. Bütün bunların nəticəsidir ki, tərəflər idxal-ixrac əməliyyatlarını ildən-ilə artırırlar. Təkcə onu qeyd etmək kifayətdir ki, 2005-ci ildə iki ölkə arasında ümumi ticarət dövriyyəsi vur-tut 6 milyon 882,2 min ABŞ dollar təşkil etmişdirsə, 2023-cü ildə bu rəqəm 64 milyon 945,7 min dollara yüksəlib.

Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, bu ilin yanvar-mart aylarında Azərbaycanla Latviya arasında ticarət əməliyyatlarının həcmi 6 milyon 83 min dollar təşkil edib. Bu isə əvvəlki ilin eyni dövrünə nisbətən 748 min dollar və ya 14 faiz çoxdur. Hesabat dövründə Azərbaycandan Baltikyanı ölkəyə 1 milyon 804 min dollarlıq məhsul ixracı qeydə alınıb. Latviyadan isə ölkəmizə 4 milyon 279 min dollar dəyərində ixrac əməliyyatları icra olunub.

Ölkəmizdən Latviyaya meşə fındığı, qara metallardan qeyri-elektrik havaqızdırıcıları, hava və qaz kompressorları, ventilyasiya qurğuları, inersiyasız su qızdırıcıları və ya istilik su akkumulyatorları, meşə materialları ixrac olunub. Azərbaycan isə Baltikyanı ölkədən əsasən süd məhsulları, konservləşdirilmiş balıq, tərkibində dad-aromatik və ya boyaq əlavələri olan şəkər siropları, benzin və dərman vasitələri idxal edib. Ümumilikdə, Azərbaycan və Latviya arasında qarşılıqlı ticarət dövriyyəsi üzrə göstəricilər yüksək olmasa da, bu sahədə potensial olduqca yüksəkdir

Bundan əlavə, Azərbaycan Mərkəzi Bankının məlumatına görə, 2025-ci ildə Latviya ölkəmizə 6 milyon 945 min dollar birbaşa investisiya yönəldib. Hesabat ilində Azərbaycana birbaşa xarici investisiyaların ümumi həcmində Latviyadan reallaşan investisiyaların payı 0,1 təşkil edib. Hazırda 40-dan çox birgə şirkət fəaliyyət göstərir. Ölkəmizin işğaldan azad olunmuş ərazilərinin bərpasında Latviya şirkətlərinin iştirakı da müzakirə olunur.

İki ölkə arasında topdansatış, nəqliyyat və konsaltinq sahələrində 40-dan çox birgə şirkət fəaliyyət göstərir. Bununla yanaşı, tərəflər nəqliyyat-logistika sahəsində fəal əməkdaşlıq edirlər. “Bison” layihəsi çərçivəsində yükdaşımaların genişləndirilməsi və iki ölkənin dəmir yolları arasında əməkdaşlıq perspektivləri bu baxımdan olduqca yüksəkdir.

Ölkələrimiz arasında enerji və yenidənqurma sahəsində əməkdaşlığın perspektivləri də yüksək qiymətləndirilir. Belə ki, Latviya Azərbaycanın işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonalarının yaradılmasında, eləcə də meşəçilik və infrastruktur layihələrində iştiraka xüsusi maraq göstərir.

Dövlət başçılarının mətbuata bəyanatlarında da tərəfdaşlığın mühüm məqamlarına toxunulub. Azərbaycan Prezidenti İlham Əliyev bəyanatında bir həftə əvvəl Şuşada keçirilmiş Birgə Hökumətlərarası Komissiyanın iclasında səsləndirilən perspektivli planlar, müştərək işlərlə bağlı məlumatları yüksək dəyərləndirərək deyib: “Biz, həmçinin razılığa gəldik ki, planlar, proqramlar və sərmayə imkanları barədə bir-birimizə daim məlumat verəcəyik ki, hər iki ölkə şirkətlərinin informasiyaya çıxışı olsun və onlar öz fəaliyyətini planlaşdıra bilsinlər. Düşünürəm ki, hər iki ölkəyə yatırılacaq sərmayələr çox gözəçarpan nəticələr verə biləcək. Azərbaycanın istər dövlət, istərsə də özəl sərmayədarları bu cür fəaliyyətə hazırdır və ümid edirəm ki, biznes-forum bu vaxta qədər, əfsuslar ki, bir az mülayim görünən qarşılıqlı ticarətimizin dövriyyəsinin artırılmasında həqiqətən mühüm mərhələyə çevriləcək”.

Latviya Prezidenti Edqars Rinkeviçs isə bəyanatında ölkələrimiz arasında iqtisadi əməkdaşlığın mövcud səviyyəsinə toxunaraq deyib: “Aramızdakı ticarət dövriyyəsi çox mülayimdir və artırılmalıdır. İnanıram ki, müdafiə sənayesi, nəqliyyat, əczaçılıq sahələrində çoxlu imkanlar var və biz təcrübələrimizin necə paylaşılması ilə bağlı bəzi praktiki yolları müzakirə etdik”. Eyni zamanda, Latviyanın meşələr ölkəsi olduğunu xatırladan Prezident Edqars Rinkeviçs Qarabağın müasirləşməsi və yenidən qurulmasında daha çox meşələrin salınması ilə bağlı Prezident İlham Əliyevin qarşıya qoyduğu planların yerinə yetirilməsində hər cür məsləhət və təcrübə verməyə hazır olduğunu bildirib.

Heç şübhəsiz, Latviya Prezidentinin ölkəmizə səfəri çərçivəsində dövlət başçılarının iştirakı ilə keçirilən görüşlər, mühüm əhəmiyyət daşıyan sənədlərin mübadiləsi, mətbuata birgə bəyanatlar, eləcə də Azərbaycan–Latviya biznes-forumu dost və tərəfdaş ölkələr arasında bir çox sahələrdə əməkdaşlığın daha da möhkəmlənməsinə səbəb olacaq.

Mirbağır YAQUBZADƏ
XQ

İqtisadiyyat