Ölkəmizin dünyada artan nüfuzu onun beynəlxalq təşkilatlarla əlaqələrinə də böyük təsir göstərir. Məhz bunun nəticəsidir ki, artıq dünya dövlətləri tərəfindən Azərbaycan etibarlı, mühüm tərəfdaş, sözü imzası qədər dəyərli olan ölkə kimi tanınıb. BMT, Avropa İttifaqı, NATO, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu təşkilatlar tərəfindən respublikamızla əməkdaşlıq strateji prioritet kimi müəyyənləşdirilib. Dünyanın 120 ölkəsi arasında səmərəli əməkdaşlıq əlaqələrinin qurulmasında və inkişafında mühüm siyasi platforma olan Qoşulmama Hərəkatı da məhz Azərbaycanın sədrliyi dövründə özünün ən uğurlu dövrünü yaşayıb. Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun pandemiyadan sonrakı bərpaya həsr olunan sammit səviyyəli görüşündə səsləndirilən fikirlər də bunun bariz ifadəsidir. Burada bir məsələni də bildirim ki, Azərbaycan Qoşulmama Hərəkatı ölkələrinin yekdil qərarı ilə 2019-cu ildən indiyə kimi bu təşkilata sədrlik etdiyi dövr ərzində qurumun bütün toplantılarında respublikamızla, eləcə də beynəlxalq aləmlə bağlı həqiqətləri dünyaya yayıb. Əlbəttə, bundan əsas məqsəd Azərbaycanın Qoşulmama Hərəkatının sədri olaraq ədaləti və beynəlxalq hüququ müdafiə etmək olub.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun böyük elmi işçisi, mexanika üzrə fəlsəfə doktor Emin Bağırov bildirib.
E.Bağırov açıqlamasında daha sonra diqqəti pandemiyanın başlamasından dərhal sonra Azərbaycanın rəhbərlik etdiyi Qoşulmama Hərəkatının dünyanı sürətlə cənginə alan COVID-19-a qarşı qlobal səyləri birləşdirmək təşəbbüsünə yönəldərək, bildirib ki, bunun üçün 2020-ci ilin may ayında Hərəkatın dövlət və hökumət başçıları səviyyəsində onlayn Zirvə toplantısını keçirmək təklifini reallaşdırıb. Həmin Zirvə toplantısında məlumat bazası hazırlamaq üçün Qoşulmama Hərəkatının İşçi Qrupunun yaradılması qərara alınıb. Bu təşəbbüs nəticəsində isə Ümumdünya Səhiyyə Təşkilatı pandemiya ilə mübarizədə Hərəkata üzv dövlətlərin ehtiyaclarını müəyyənləşdirəndə məhz həmin məlumat bazasına əsaslanıb.
COVID-19-a qarşı qlobal səyləri birləşdirmək məqsədi ilə Azərbaycanın rəhbərlik etdiyi Qoşulmama Hərəkatının Zirvə toplantısında BMT Baş Assambleyasının liderlər səviyyəsində xüsusi sessiyasının çağırılması təşəbbüsü reallaşandan sonra bu pandemiya kimi dəhşətli bəlaya qarşı beynəlxalq həmrəylik yarandı, Hərəkatın koronavirusla mübarizədə liderlik fəaliyyəti uğurla reallaşdı. Həmin dövrdə ciddi nəzərə çarpan bir sıra imkanlı ölkələrin “peyvənd millətçiliyi” tənqidlə qarşılandı. Bu, COVID-19 ilə mübarizədə ciddi maneə kimi qiymətləndirildi. Nəticədə Qoşulmama Hərəkatı bütün ölkələrin peyvəndlərdən ədalətli və vahid şəkildə istifadəsini gerçəkləşdirmək məqsədilə 2021-ci ildə BMT-nin İnsan Hüquqları Şurasında və BMT Baş Assambleyasında qəbul edilən iki qətnamənin təşəbbüskarı kimi tanındı.
Açıqlamada o da diqqətə çatdırılaraq qeyd edilib ki, həmin dövrdə Azərbaycan Qoşulmama Hərəkatı üzvləri olan 80-dən çox ölkəyə koronavirusla bağlı ya ikitərəfli kanallar, ya da Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə maliyyə və humanitar yardım göstərdi.
Azərbaycan adı çəkilən nüfuzlu quruma rəhbərlik etdiyi dövrdə dövlətimizin başçısı İlham Əliyev digər qlobal məsələlərə də münasibət bildirib. Bu, əsasən, suverenliyi və ərazi bütövlüyü pozulan, daxili işlərinə müdaxilə olunan ölkələr haqqında söhbət açılarkən diqqətə çatdırılıb. Belə bir məsələdə aparıcı beynəlxalq təşkilatların qərarlarının icra olunmaması, selektiv yanaşma və ikili standartların tətbiq edilməsi ciddi narahatlıqla ifadə olunub.
Yeri gəlmişkən, Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun pandemiyadan sonrakı bərpaya həsr olunmuş sammit səviyyəli görüşündə də vurğulanan narahatlıqlar səsləndirilib. Məsələn, Prezident İlham Əliyev tərəfindən hazırda dünyada neokolonializm meylinin artdığının müşahidə edildiyi vurğulanıb, eyni zamanda, tarixi müstəmləkəsizləşdirmə prosesi nəticəsində yaranmış Qoşulmama Hərəkatının bəşəriyyətin bu rüsvayçı səhifəsinin tamamilə aradan qaldırılması istiqamətində səylərinin birləşdirilməsi zəruriliyi xatırladılıb. Belə bir mürtəce siyasətdə isə Fransanın müstəmləkə hakimiyyəti altında qalmaqda davam edən ölkələrin taleyi narahatlıqla diqqətə çatdırılıb.
Emin Bağırov sonda qeyd edib ki, bütün bunlar Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə həmrəyliyi gücləndirmək, bu təşkilatın siyasi çəkisini və qlobal nüfuzunu artırmaq üçün böyük səylər göstərdiyindən xəbər verir. Ümumiyyətlə, Azərbaycan bu cür sədrlik fəaliyyəti ilə Hərəkatın təsisatlanması ideyasını fəal şəkildə təşviq edərək buna nail olub.