BVF-nin ölkəmizlə bağlı nikbin proqnozu

post-img

Beynəlxalq Valyuta Fondu (BVF) 2026-cı ildə Azərbaycanın qeyri-neft iqtisadiyyatında, təqribən, 4 faizə yaxın artım olacağını proqnozlaşdırır. Qurumun məlumatına əsasən, bu il ölkəmizdə ümumi iqtisadi artımın, təxminən, 2,5 faiz olacağı və növbəti illərdə də bu səviyyə ətrafında qalacağı gözlənilir.

Qeyd olunub ki, bu bərpa 2025-ci ildə müşahidə olunan daha zəif artımdan sonra iqtisadiyyatın tədricən normallaşmasını əks etdirir. Xüsusilə neft sektorunda istehsalın azalmasının 2026-cı ildə cəmi 0,5 faiz olacağı gözlənilir ki, bu da ümumi iqtisadi artıma mənfi təsirin məhdud qalacağını göstərir. Qeyri-neft iqtisadiyyatında artımın 3,7 faiz səviyyəsinə yüksəlməsi əlverişli baza effektləri və neft qiymətlərinin yüksək səviyyədə qalacağı fərziyyəsi fonunda mümkün olacaq.

Yeri gəlmişkən, BVF-dən bildiriblər ki, Orta Dəhliz və “yaşıl enerji dəhlizləri”nin inkişafı Azərbaycanın iqtisadi artım potensialını artırmaq üçün mühüm imkanlar yaradır. Bu baxımdan əlaqəliliyin genişləndirilməsi və yeni nəqliyyat marşrutlarının formalaşması Azərbaycanın ixracın diversifikasiyası gündəliyini irəlilətməsi və özəl sektorun iqtisadiyyatda iştirakını gücləndirməsi baxımından əhəmiyyətlidir. Fondun qiymətləndirməsinə görə, bu imkanlardan tam yararlanmaq üçün Azərbaycan zəruri islahatların həyata keçirilməsini davam etdirməlidir. BVF dövlət müəssisələrinin fəaliyyətinin və idarəetməsinin yaxşılaşdırılmasının, dövlətin iqtisadiyyatda rolunun tədricən azaldılmasının, antikorrupsiya tədbirlərinin gücləndirilməsinin və kapital bazarlarının dərinləşdirilməsinin vacibliyini vurğulayıb.

XQ

İqtisadiyyat