Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti Babək Hüseynovun və “GL Group”un baş icraçı direktoru və Məşvərət Şurasının sədri Asif Zeynalovun iştirakı ilə rəhbər komitənin növbəti iclası keçirilib. Müzakirədə quruda yerləşən “Kürsəngi”, “Qarabağlı”, “Buzovna-Maştağa” və “Qala” və “Zirə” neft-qaz yataqlarında bu il üçün planlaşdırılan əməliyyat və investisiya istiqamətləri müəyyənləşdirilib, müqavilə sahələrində görülmüş işlərə nəzər salınıb.
İki qurum arasında strateji əməkdaşlığın daha da genişləndirilməsi, istehsalat səmərəliliyinin artırılması və birgə layihələrin davamlı inkişafının təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edən iclasda “Kürsəngi” və “Qarabağlı” neft yataqlarında fəaliyyət göstərən “Salyan Oil Ltd” əməliyyat şirkətinin, eləcə də “Buzovna-Maştağa”, “Qala” və “Zirə” neft yataqlarında fəaliyyət göstərən “Taghiyev Operating Company” MMC-nin 2025-ci il üzrə iş proqramı və büdcənin icrası, eləcə də cari il üçün təqdim edilmiş iş proqramı və büdcəsi müzakirə edilib.
Sonra iclas iştirakçıları “Salyan Oil Ltd” əməliyyat şirkətinin “Qarabağlı” yatağında yerləşən 6-cı sahəyə, “Kürsəngi” yatağında yeni istismara verilmiş neft quyusuna, həmçinin hazırda qazma işləri aparılan quyuya baxış keçiriblər.
Qeyd edək ki, “GL Group” Azərbaycanın Salyan rayonunda “Kürsəngi” və “Qarabağlı”, Abşeron yarımadasında “Buzovna-Maştağa”, “Qala” və “Zirə” də daxil olmaqla 5 neft və qaz yatağında əməliyyatlar aparır. Şirkətlər qrupunun portfelinə “Salyan Oil Limited” və “Taghiyev Operating Company” əməliyyat şirkətləri, həmçinin neft-qaz sənayesində texniki xidmətlər göstərən “GL Technical Services” şirkəti daxildir. “GL Group” 2024-cü ildə ilk beynəlxalq layihəsinə imza ataraq Türkiyənin Trakya hövzəsində yüksək perspektivli qaz yatağında 100 faiz pay sahibi olan Kanadanın “Gazelle Energy Limited” şirkətinin 25 faiz payını satın alıb.
Yeri gəlmişkən, Azərbaycanın quru ərazisinin Kür çökəkliyində yerləşən “Kürsəngi” və “Qarabağlı” neft yataqları ötən əsri 60-cı illərindən istismar edilir. Sözügedən yataqların daxil olduğu blokun reabilitasiyası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü ilə bağlı saziş 1998-ci il dekabrın 15-də SOCAR, “Frontera Resorses” və “Delta/Hess” Ltd. şirkətləri arasında imzalanıb. “Kürsəngi” və “Qarabağlı” neft yataqlarında işləri həyata keçirmək üçün “Salyan Oil Ltd.” əməliyyat şirkəti yaradılıb. 2002-ci ilin mart ayından “Frontera Resorses” və “Delta/Hess” Ltd. şirkətlərinin saziş paylarını Çin Milli Neft Korporasiyası alıb.
450 kvadratkilometr ərazini əhatə edən müqavilə sahəsində işlənmə dövründə 808 quyu qazılıb. Həmin quyuların 494 quyu “Kürsəngi”, 314-ü isə “Qarabağlı” yataqlarında yerləşir.
XQ

