Pensiyaçılara şad xəbər

post-img

Yaşlı nəsil növbəti ödənişi artırılmış məbləğlə alacaq

Prezident İlham Əliyevin “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” 9 fevral 2026-cı il tarixli sərəncamı Azərbaycanda sosial siyasətin ardıcıl və sistemli xarakter daşıdığını bir daha təsdiqləyir. Bu sənəd pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi, onların maddi rifahının yaxşılaşdırılması və sosial təminatın dayanıqlılığının artırılması istiqamətində növbəti mühüm addım kimi qiymətləndirilir.

Sərəncama əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2026-cı il yanvarın 1-dək təyin edilmiş bütün pensiyalar Dövlət Statistika Komitəsinin təqdim etdiyi məlumatlara uyğun olaraq, 2025-ci il üzrə orta aylıq əməkhaqqının illik artım tempinə uyğun şəkildə indeksləşdirilir. Beləliklə, 2026-cı il yanvarın 1-dən etibarən pensiyalar 9,3 faiz artırılır. Bu artım pensiyaçıların gəlirlərinin inflyasiya və əməkhaqqı artımı fonunda real dəyərinin qorunmasına xidmət edir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin açıqlamasına görə, pensiyaların artırılması prosesi vətəndaşların müraciətinə və əlavə sənəd təqdim etməsinə ehtiyac olmadan, elektron informasiya sistemləri vasitəsilə avtomatik şəkildə həyata keçirilir. Pensiyalara yanvar ayı üzrə edilən artımlar fevral ayının pensiyası ilə birlikdə ödəniləcək. Bu isə pensiyaçıların artıq fevral ayından etibarən yeni məbləğdə pensiya almaları ilə yanaşı, yanvar ayına aid artım məbləğini də əldə etmələri deməkdir.

Pensiyaların indeksləşdirilərək artırılması bütün kateqoriyalardan olan pensiyaçıları – mülki şəxslərlə yanaşı, hərbi qulluqçuları, hüquq-mühafizə orqanlarının əməkdaşlarını və digər xüsusi statuslu şəxsləri də əhatə edir.

Ümumilikdə bu artım 1,1 milyon pensiyaçıya şamil olunur və bunun üçün dövlət büdcəsindən illik əlavə 640 milyon manat vəsait ayrılıb. Bu fakt dövlətin sosial öhdəliklərinə sadiqliyini və vətəndaşların sosial rifahını prioritet kimi qəbul etdiyini göstərir.

Sərəncama uyğun olaraq, sığortaolunanların fərdi hesablarında 2026-cı il yanvarın 1-dək qeydə alınmış pensiya kapitalları da indeksləşdirilir. Belə ki, pensiya kapitalları ötən il üzrə istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq 5,6 faiz artırılır. Bu mexanizm sosial sığorta sistemində iştirak edən şəxslərin gələcək pensiya hüquqlarının qorunmasına və onların uzunmüddətli sosial təminatının möhkəmləndirilməsinə xidmət edir. Eyni zamanda, bu yanaşma göstərir ki, pensiya kapitallarının artımı yalnız əməkhaqlarından edilən sosial sığorta ayırmaları hesabına deyil, dövlətin fəal sosial siyasəti çərçivəsində də dəstəklənir.

Xatırladaq ki, pensiyaların indeksləşdirilərək artırılması Azərbaycanda hər il dövlət başçısının sərəncamları əsasında həyata keçirilən davamlı sosial siyasətin tərkib hissəsidir. Pensiyaların əvvəlki ilin orta aylıq əməkhaqqı artımına uyğun indeksləşdirilməsi pensiyaçıların maddi rifahının yüksəldilməsi və onların həyat şəraitinin yaxşılaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Son illərin statistik göstəriciləri göstərir ki, ölkədə orta aylıq əməkhaqqının davamlı artımı pensiyaların indeksləşdirilməsi səviyyəsinə də müsbət təsir göstərib. Belə ki, 2023-cü ildə pensiyaların artım tempi 14,7 faiz, 2024-cü ildə isə 11,2 faiz təşkil edib. Bu dinamika sosial siyasətin real nəticələr verdiyini və pensiyaçıların həyat səviyyəsinin yüksəldilməsi istiqamətində ardıcıl layihələrin həyata keçirilməsini nümayiş etdirir.

Yeri gəlmişkən, 2023-cü ildən etibarən pensiya artımları sahəsində vahid indeksasiya metodunun tətbiqi sosial təminat sistemində daha ədalətli və şəffaf mexanizmin formalaşmasına şərait yaradıb. Bu metod bütün kateqoriyalardan olan pensiyaçıların pensiyalarının vahid yanaşma ilə artırılmasına imkan verir və sosial ədalət prinsipinin daha dolğun şəkildə reallaşmasına xidmət edir.

Pensiyaların indeksləşdirilməsi prosesinin tam elektronlaşdırılması isə sosial sahədə rəqəmsal transformasiyanın mühüm elementidir. Elektron sistemin tətbiqi pensiyaçıların əlavə prosedurlarla üzləşmədən, avtomatik şəkildə artımlardan faydalanmasını gerçəkləşdirir, eyni zamanda, prosesin operativliyini və şəffaflığını artırır. Bu yanaşma dövlətin sosial siyasətində müasir idarəetmə modelinin formalaşdığını göstərir.

Pensiya sahəsində aparılan islahatlar, ümumilikdə, sosial ödənişlərin və sosial layihələrin geniş əhatəliyi ilə müşayiət olunur. Son illərdə minimum əməkhaqqının və minimum pensiyanın dəfələrlə artırılması, şəhid ailələri və müharibə iştirakçıları üçün sosial paketlərin genişləndirilməsi, ünvanlı dövlət sosial yardımının həcminin yüksəldilməsi, əlilliyi olan şəxslərin sosial təminatının gücləndirilməsi, çoxuşaqlı ailələrə verilən müavinətlərin artırılması, tələbələr və gənclər üçün təqaüd proqramlarının genişləndirilməsi sosial siyasətin əsas istiqamətləri sırasında yer alır.

Bununla yanaşı, DOST mərkəzləri vasitəsilə sosial xidmətlərin vahid pəncərə prinsipi əsasında göstərilməsi, sosial ödənişlərin elektronlaşdırılması, məşğulluq proqramlarının genişləndirilməsi, özünüməşğulluq layihələri, aktiv əmək bazarı tədbirləri və peşə hazırlığı proqramları sosial layihələrin institusional əsaslarını möhkəmləndirib. Dövlət tərəfindən həyata keçirilən sosial mənzil layihələri, ipoteka mexanizmlərinin təkmilləşdirilməsi, regionlarda sosial infrastrukturun – məktəblərin, xəstəxanaların, uşaq bağçalarının və sosial xidmət müəssisələrinin tikintisi və yenidən qurulması da sosial rifahın yüksəldilməsinə yönələn kompleks siyasətin tərkib hissəsidir.

Aparılan islahatlar nəticəsində pensiya ödənişləri üzrə ayrılan vəsaitlərin həcmi davamlı şəkildə artıb. Ümumilikdə pensiyalar üzrə illik vəsait 2018-ci ildən bəri, təxminən, 2 dəfə yüksəlib. Bu artım dövlətin sosial siyasətinin strateji prioritet olduğunu və pensiyaçıların rifahının daim diqqət mərkəzində saxlanıldığını göstərir.

Ümumilikdə demək olar ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən sosial islahatlar yalnız iqtisadi inkişafı deyil, eyni zamanda, sosial ədalətin möhkəmləndirilməsini, sosial risklərin azaldılmasını və əhalinin həyat səviyyəsinin yüksəldilməsini hədəfləyir. Pensiyaların indeksləşdirilərək artırılması bu siyasətin mühüm tərkib hissəsi olmaqla yanaşı, dövlət-vətəndaş münasibətlərində sosial məsuliyyət prinsipinin əyani təzahürüdür. Bu istiqamətdə atılan addımlar ölkədə sosial rifahın davamlı artımını gerçəkləşdirməklə yanaşı, uzunmüddətli sosial-iqtisadi inkişaf üçün möhkəm əsaslar formalaşdırır.

Vaqif BİNYATOĞLU
XQ

Sosial həyat