Azərbaycanın “yaşıl” enerji xəritəsinin miqyası genişlənir

post-img

Prezident İlham Əliyev Xankəndidə keçirilən “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə bildirib ki, Azərbaycanın regional gündəliyində “yaşıl” enerji layihələrinin icrasına xüsusi önəm verilir. Çünki təkcə respublikamızda deyil, Mərkəzi Asiya ölkələrində də Günəş və külək elektrik enerjisi stansiyaları yaradılması diqqətdə saxlanılır.

Ötən ilin noyabr ayında Bakıda COP29 çərçivəsində Özbəkistan, Qazaxıstan və Azərbaycan prezidentləri arasında “yaşıl” enerji ilə bağlı Xəzər dənizinin dibi ilə elektrik kabelinin çəkilməsi layihəsi imzalanması da bunun bariz ifadəsidir. Bu təşəbbüs gerçəkləşdirildikdən sonra Mərkəzi Asiyada istehsal olunan “yaşıl” enerjinin Azərbaycanın infrastrukturuna birləşdirilməsi planlaşdırılır. Buna qədər isə Qara dənizin dibi ilə “yaşıl” enerji kabelinin çəkilməsi barədə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında da imzalanan sənəd də diqqətdə saxlanılır.

Göründüyü kimi, respublikamızda “yaşıl” enerji layihələrinin icrası təkcə Cənubi Qafqazı deyil, həm də daha geniş coğrafiyanı əhatə edir. Ancaq burada mərkəzi nöqtə məhz Azərbaycandır. Ona görə də Azərbaycan, Mərkəzi Asiya və Avropa ölkələri arasında imzalanan sözügedən sənədlər respublikamızın bir növ qovşaq olacağı proqnozuna əsas verir. Bir sözlə, Azərbaycanın nəqliyyat, istehsal və paylama nöqtəsi olacağı gözlənilir.

Bu gün regional və qlobal gündəlikdə birmənalı şəkildə üstünlük qazanan əsas strateji istiqamətlərdən biri “yaşıl” enerjidir. İqlim dəyişmələrinin fəsadlarını azaltmaq, ekoloji tarazlığı qorumaq, dayanıqlı inkişafı təmin etmək və enerji təhlükəsizliyini gücləndirmək baxımından bu sektorun önəmi getdikcə artır. Azərbaycanın təşəbbüsü və liderliyi ilə son illər ərzində icrasına başlanan “yaşıl” enerji layihələri isə təkcə Cənubi Qafqazı deyil, daha geniş bir geosiyasi və enerji məkanını – Mərkəzi Asiya ilə Avropa arasında uzanan nəhəng coğrafiyanı əhatə edir. Bu mənada, Azərbaycanın yeni enerji dövründə mərkəzi qovşaq rolunu oynayacağı artıq təkcə ehtimal deyil, konkret faktlara söykənən bir reallıqdır.

Prezident İlham Əliyevin müəyyən etdiyi inkişaf strategiyası çərçivəsində Azərbaycan “yaşıl” enerji sektoruna böyük siyasi və iqtisadi diqqət yetirir. Xüsusilə Qarabağ və Şərqi Zəngəzurun “yaşıl” enerji zonası elan olunması, Xəzər dənizinin külək enerjisi potensialının beynəlxalq konsorsiumlarla birgə inkişaf etdirilməsi, eləcə də bərpa olunan enerji sahəsində hüquqi və texniki bazanın gücləndirilməsi Azərbaycanın bu istiqamətdə sistemli və ardıcıl fəaliyyətini göstərir. Lakin bu fəaliyyət təkcə milli sərhədlərlə məhdudlaşmır. Azərbaycanın təşəbbüsü ilə irəli sürülən və artıq beynəlxalq sənədlərlə təsbit olunan layihələr ölkəmizin regional enerji arxitekturasında əsas istehsalçı, tranzit və paylayıcı mərkəzə çevrilməkdə olduğunu təsdiqləyir.

Bu kontekstdə xüsusi vurğulanmalı məqam 2022-ci ilin dekabrında Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında imzalanan “yaşıl” enerji sazişidir. Layihənin əsas mahiyyəti Qara dənizin dibi ilə elektrik ötürücü kabelin çəkilməsi və bu xətt vasitəsilə Azərbaycanda istehsal olunacaq bərpa edilən enerjinin Avropa bazarlarına çatdırılmasıdır. Beləliklə, Azərbaycan Xəzər dənizindən Qara dənizə və oradan Avropaya qədər uzanan “yaşıl” enerji dəhlizinin çıxış nöqtəsinə çevrilir. Bu layihə təkcə iqtisadi deyil, həm də geosiyasi baxımdan olduqca stratejidir. Avropa İttifaqı uzunmüddətli enerji strategiyasında alternativ mənbələrə və etibarlı tərəfdaşlara xüsusi önəm verir. Azərbaycanın bu konteksdə “yaşıl” enerji sahəsində də etibarlı və sabit tərəfdaş kimi çıxış etməsi ölkəmizin beynəlxalq nüfuzunu daha da artırır.

Respublikamız bu gün karbohidrogen ehtiyatları ixraca yönəltməklə yanaşı, həm də innovativ enerji həlləri təqdim edən, yeni enerji formatlarını formalaşdıran mərkəzə çevrilir. Mövcud və perspektivdə olan “yaşıl” enerji layihələri, xüsusilə Xəzər dənizindəki külək enerjisi sahələri, Günəş elektrik stansiyaları və hidroenerji potensialı Azərbaycanın enerji balansında bərpa olunan mənbələrin çəkisini kəskin şəkildə artıracaq. Bu isə Azərbaycanı nəinki istehsalçı, həm də enerji ötürən və Avropada istehlaka yönəldən mühüm bir mərkəzə çevirəcək. Bu baxımdan Azərbaycan üzərindən keçən enerji dəhlizləri – həm neft və qaz kəmərləri, həm də gələcəkdə “yaşıl” enerji kabeli – ölkəmizin strateji tranzit rolunu gücləndirir. Beləliklə, Azərbaycan həm Mərkəzi Asiya ölkələrinin Avropaya çıxışında, həm də Avropanın alternativ enerji təchizatında etibarlı qovşaq ölkə funksiyasını icra edəcək.

Azərbaycanın “yaşıl” enerji sahəsində təşəbbüsləri həm də onun coğrafi mövqeyindən səmərəli istifadəni gerçəkləşdirir. Xəzər dənizinin digər sahilində yerləşən Mərkəzi Asiya ölkələri – xüsusilə Qazaxıstan, Özbəkistan və Türkmənistan – böyük bərpa olunan enerji potensialına malikdirlər. Lakin bu ölkələrin Avropa bazarlarına çıxışı məhduddur. Azərbaycan isə həm infrastruktur baxımından, həm də siyasi etibarlılığı ilə bu ölkələr üçün “enerji körpüsü” rolunu oynaya bilər. Bu məqsədlə Azərbaycan regional əməkdaşlıq platformalarını da fəal şəkildə təşviq edir. Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında “yaşıl” enerji alyansı formatında əməkdaşlıq modellərinin formalaşdırılması perspektivdə bu coğrafiyada vahid enerji bazarının yaranmasına əsas yaradır.

“Yaşıl” enerji layihələrinin icrası Azərbaycanın həm iqtisadi, həm də geosiyasi dividendlərini əhəmiyyətli dərəcədə artırır. Bir tərəfdən, bərpa olunan enerji sektorunun inkişafı investisiya cəlbediciliyini yüksəldir, iqtisadi şaxələndirməyə töhfə verir və məşğulluğu genişləndirir. Digər tərəfdən isə bu istiqamətdə reallaşan beynəlxalq tərəfdaşlıq formatları Azərbaycanın geosiyasi çəkisini gücləndirir.

BMT-nin İqlim Dəyişmələri üzrə COP29 Konfransına ev sahibliyi etməyə hazırlaşan Azərbaycan “yaşıl” enerji sahəsində praktiki nəticələrə əsaslanan nümunəvi mövqeyi ilə qlobal enerji keçidində fəal iştirakçı kimi çıxış edir. Bu isə ölkəmizin regional liderlikdən qlobal enerji siyasətində söz sahibi statusuna doğru irəlilədiyini göstərir.

Sonda qeyd etmək olar ki, Azərbaycan hazırkı qlobal enerji transformasiyasında öz tarixi fürsətini düzgün qiymətləndirərək “yaşıl” enerjini milli inkişafın əsas prioritetinə çevirib. Reallaşdırılan layihələr ölkəmizi Cənubi Qafqazda deyil, bütövlükdə Avrasiya məkanında “yaşıl” enerjinin istehsal, ötürmə və paylanması üzrə strateji qovşaq halına gətirir. Bu, Azərbaycanın gələcək inkişafı və beynəlxalq mövqelərinin daha da möhkəmləndirilməsi baxımından mühüm strateji üstünlükdür.

Prezident İlham Əliyev çıxışında, eyni zamanda, artıq Avropa banklarının faydalı qazıntı enerji növlərinə maliyyələşmə ayırmadığını, Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) maliyyələşməni demək olar ki, dayandırdırdığını bildirib: “Buna görə isə əlbəttə ki, biz imkanlarımızı genişləndirmək üçün vəsait cəlb edə bilmərik. Bu gün Cənub Qaz Dəhlizi maksimal həcmdə fəaliyyət göstərir. Yeni məkanlar üçün biz interkonnektorlardan istifadə edirik. Ancaq əsas boru kəməri tam həcmdə doludur. Onu genişləndirmək üçün bizim əlavə maliyyə vəsaitinə ehtiyac var. Ona görə Avropa institutları bunu nəzərə almalıdırlar və siyasətlərində dəyişiklik etməlidirlər ki, biz əlavə vəsait cəlb edə bilək. Bu şəraitdə bu gün bizim üçün artıq tamamlanmış kimi görünən bir məsələ yenidən inkişaf etdirilə bilər”.

Dövlətimizin başçısının çıxışında vurğuladığı kimi, qlobal enerji bazarında yaşanan dəyişikliklər fonunda Azərbaycanın həm konvensional, həm də bərpa olunan enerji sahəsində strateji mövqeyi gündəmdə əsas yer tutur. Qeyd olunmalıdır ki, AYİB və digər beynəlxalq maliyyə institutları artıq faydalı qazıntı əsaslı enerji layihələrinə maliyyələşmə ayırmamağa üstünlük verir. Bu isə, öz növbəsində, hazırkı geosiyasi və iqtisadi reallıqlarla uzlaşmayan bir tendensiyadır.

Azərbaycan, xüsusilə də Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verir. Bu strateji boru kəməri artıq maksimal həcmdə fəaliyyət göstərir. Onun genişləndirilməsi isə əlavə investisiya tələb edir. Prezident İlham Əliyevin bu şəraitdə Avropa institutlarına səsləndirdiyi çağırış – siyasətlərə yenidən baxılması və əlavə maliyyələşmə imkanlarının yaradılması – tamamilə əsaslı və vaxtında irəli sürülmüş bir təklifdir. Avropa Azərbaycanın qazına və “yaşıl” enerjisinə ehtiyac duyduğu bir dönəmdə tərəfdaşlıq münasibətləri daha konstruktiv və çevik şəkildə qurulmalıdır.

Bununla yanaşı, Azərbaycan yalnız qaz ixracatçısı kimi deyil, həm də “yaşıl” enerji istehsalçısı kimi Avropanın maraq dairəsindədir. Prezidentin vurğuladığı kimi, Avropanın öz daxilində külək enerjisi sahəsində xeyli təcrübəsi olsa da, bu sahədə də əməkdaşlıq imkanları genişdir. Azərbaycanın coğrafi mövqeyi – Avropa ilə Asiya arasında yerləşməsi – onu enerji tranzitində və istehsalında mühüm həlqəyə çevirir.

Azərbaycan artıq bu istiqamətdə bir sıra iri meqalayihələrin icrasına başlayıb və beynəlxalq tərəfdaşlarla əməkdaşlığa açıqdır. Ölkənin şaxələndirilmiş xarici siyasəti və beynəlxalq gündəliyi enerji sahəsində əməkdaşlığı gücləndirmək üçün əlverişli zəmin yaradır. Bu gün Azərbaycanın həm texniki, həm də siyasi imkanları “yaşıl” enerji sektorunda Avropa ilə birgə böyük layihələri imzalamağa şərait yaradır.

Prezident İlham Əliyevin Xankəndidə keçirilən III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə səsləndirdiyi bu strateji mesajlar Azərbaycan ilə Avropa İttifaqı arasında enerji əməkdaşlığının yeni mərhələyə keçməsinin zəruriliyini ortaya qoyur. Əgər Avropa enerji təhlükəsizliyini möhkəmləndirmək istəyirsə, o zaman Azərbaycanın həm təbii qazına, həm də gələcəyin enerjisi sayılan “yaşıl” enerjisinə daha çox diqqət ayırmalı və praktiki addımlar atmalıdır. Azərbaycan isə, öz növbəsində, bu əməkdaşlığa hər zaman açıq olduğunu bir daha nümayiş etdirir.

 

 



İqtisadiyyat