KOBİA 30 KOB-a 500 min manat qrant ayırıb

post-img

İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) keçirdiyi mikro, kiçik və orta sahibkarlıq subyektlərinin təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi üçün elan edilən 7-ci qrant müsabiqəsinə təqdim olunan layihələrdən 30-na, ümumilikdə, 500 min manat qrant vəsaitinin ayrılması barədə qərar verilib.

KOBİA-nın məlumatına görə, qalib layihələr kənd təsərrüfatı, sənaye, alternativ enerji, ətraf mühitin qorunması, xidmət, təhsil, maliyyə və s. kimi sektorlarda yeni məhsul və xidmətlərin, rəqəmsal həllərin yaradılması, eləcədə təkmilləşdirilməsini, tədqiqatların aparılmasını və digər istiqamətləri nəzərdə tutur.

Layihələrin ekspertizası məqsədilə yaradılan Ekspert Komissiyasının keçirdiyi iclasında bildirilib ki, 7-ci qrant müsabiqəsinə KOB subyektləri tərəfindən 287 layihə təqdim edilib. KOB subyektlərinə məxsus layihələrin 89-u hüquqi, 198-i fiziki şəxslərə, o cümlədən 275-i mikro, 12-i kiçik sahibkarlıq subyektlərinə məxsus olub. Müsabiqəyə təqdim olunan layihələrdən 85-i təhsil, 24-ü elm, 48-i tədqiqat, 130-u dəstək layihələri kimi qeydə alınıb.

Yeri gəlmişkən, xatırladaq ki, regionlarda mövcud biznes potensialının reallaşdırılması, yeni kiçik və orta biznes subyektlərinin yaradılması və sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, eləcə də iş adamlarının investisiya təşəbbüslərinin dəstəklənməsi məqsədilə KOBİA-nın geniş infrastruktur şəbəkəsi var. Agentliyin məlumatına görə, sahibkarlıq fəaliyyətinə başlamaq və biznesini inkişaf etdirmək istəyən hər bir iş adamı hazırda dəstək və xidmətlər üçün KOBİA-nın KOB evlərinə, 50-dən çox şəhər və rayonu əhatə edən KOB dostu şəbəkəsinə və KOB inkişaf mərkəzlərinə müraciət edir.

Bölgələrdəki sahibkarların biznes sahəsindəki yeniliklər və müasir çağırışlar, mövcud dövlət dəstəyi vasitələri barədə məlumatlandırılması, qarşılaşdıqları məsələlərin, ehtiyac və təkliflərinin öyrənilərək müvafiq qurumlarla birgə həlli məqsədilə indiyədək KOBİA tərəfindən 20 mindən çox sahibkarın iştirakı ilə 580-ə yaxın sahəvi görüş və maarifləndirmə tədbiri təşkil olunub.

KOBİA-dan verilən məlumata əsasən, bu qurum 2019-cu ildən etibarən özünüməşğulluq proqramı çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Agentliyi ilə sıx əməkdaşlıq edir, proqramın icrasının müxtəlif mərhələlərində adı çəkilən təşkilata dəstək göstərir. Proqrama qoşulmaq istəyən vətəndaşlar, eləcə də proqramın iştirakçısı olmuş və növbəti mərhələdə biznesini inkişaf etdirmək istəyənlər KOBİA-nın ölkənin 50-dən çox şəhər və rayonunda fəaliyyət göstərən KOB dostlarına dəstək üçün müraciət edə bilərlər.

KOBİA özünüməşğulluq proqramına iki istiqamətdə dəstək göstərir. Belə ki, adıçəkilən agentlik proqrama qoşulmaq istəyən vətəndaşların məlumatlandırılması, müvafiq sistemdə qeydiyyata alınması və məşğulluq filialları ilə əlaqələndirilməsinə dəstək olur, namizədlərin təsərrüfatına baxış, proqrama cəlb olunmuş şəxslərin təlimlərində və onlara vəsaitlərin verilməsində iştirak edir.

Agentliyin fəaliyyətində sahibkarların biznes biliklərinin və bacarıqlarının artırılması da xüsusi diqqətdə saxlanılır. İqtisadiyyat Nazirliyinin məlumatına görə, kiçik və orta biznes subyektlərinin bilik və bacarıqlarının yaxşılaşdırılması, sahibkarlığa dair məlumatlılıq səviyyəsinin yüksəldilməsi məqsədilə təkcə keçən il ərzində KOBİA tərəfindən 1047 təlim təşkil olunub. Təlimlər kiçik və orta biznes qurumlarının təlim ehtiyaclarına uyğun olaraq satış, marketinq, mühasibatlıq, işçi heyətinin idarə edilməsi, brendləşmə, biznesdə innovasiyaların tətbiqi, biznes planın hazırlanması, layihələrin idarə olunması, eləcə də “yaşıl” iqtisadiyyat və digər mövzuları əhatə edib..

Eyni zamanda, agentlik 2024-cü ildə kənd təsərrüfatı, istehsal, xidmət və digər istiqamətlərdə 1137 biznes planın ödənişsiz olaraq hazırlanmasına dəstək verib. Ümumilikdə, 2024-cü ildə qurumun biznes biliklərinin və bacarıqlarının artırılması istiqamətində göstərdiyi dəstək və xidmətlərdən 13 mindən çox KOB subyekti, startap və biznesə başlamaq istəyən şəxs yararlanıb.

Yeri gəlmişkən, “Startap” şəhadətnaməsi KOB subyektlərini sözügedən sənədi əldə etdikləri tarixdən etibarən innovasiya fəaliyyətindən qazandıqları gəlirlər üzrə mənfəət və ya gəlir vergisindən 3 il müddətinə azad edir. Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət etməlidirlər.

Sonda onu da qeyd edək ki, cari ilin I yarısında KOB evlərində sahibkarlara 260 minə yaxın xidmət göstərilib. Bu xidmətlərin 170 minə yaxını “Bakı KOB evi”nin, 54 minə yaxını “Yevlax KOB evi”nin, 34 minə yaxını isə “Xaçmaz KOB evi” və onun Xudat şəhərindəki xidmət mərkəzinin payına düşüb. Göstərilən xidmətlərin 232 mindən çoxu dövlət qurumları (“G2B”), 24 mindən çoxu isə biznes qurumları (“B2B”) tərəfindən göstərilib.

Beləliklə, KOB evləri sahibkarlara operativlik, şəffaflıq və vətəndaş məmnunluğu prinsipləri əsasında biznes xidmətlərinin göstərildiyi vahid məkandır. Hazırda KOB evlərində biznesin qeydiyyatından başlayaraq inkişaf etdirilməsinə qədər olan bütün zəruri xidmətlər, o cümlədən biznesin qeydiyyatı, lisenziya, icazə və digər sənədlərin alınması, vergi və gömrük məsələləri, güzəştli maliyyə vəsaitlərinə çıxış, kommunal xidmətlərə qoşulma, bank, sığorta, notariat və digər xidmətlər göstərilir. Ümumilikdə Bakı, Xaçmaz və Yevlax KOB evlərində sahibkarlara 50-yə yaxın dövlət və özəl qurum tərəfindən sahibkarlıq fəaliyyəti üçün zəruri olan 400-dən çox “G2B” və “B2B” xidmətlər göstərilir. KOB evləri Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin strukturuna daxildir.

 

İqtisadiyyat