Zəngilanda və Naxçıvanda yol-elektroenergetika sahəsində birgə layihələrə baxış keçirilib
Azərbaycan Respublikası Baş nazirinin müavini, Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının Azərbaycan tərəfindən həmsədri Şahin Mustafayevin və ölkəmizdə səfərdə olan İran İslam Respublikasının yol və şəhərsalma naziri, Komissiyanın İran tərəfindən həmsədri Fərzanə Sadeqin başçılıq etdiyi nümayəndə heyətləri, İran ərazisi vasitəsilə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikasını birləşdirəcək, Zəngilan rayonunun yaxınlığında Araz çayı üzərində tikintisi davam edən Ağbənd–Kəlalə avtomobil yolu körpüsünə baxış keçiriblər.
Baxış zamanı həmsədrlərə körpünün və avtomagistraldan körpüyə bağlanacaq köməkçi yolun texniki parametrləri, burada yaradılması planlaşdırılan sərhəd-gömrük infrastrukturu, eyni zamanda, tikilməsi nəzərdən keçirilən yeni dəmir yolu körpüsünün layihələri barədə məlumat verilib. Qeyd olunub ki, Ağbənd avtomobil körpüsünün və ona bitişik köməkçi yolun tikintisinin bu ilin sonunadək tamamlanması planlaşdırılır. Bu layihə regionun strateji nəqliyyat infrastrukturunun mühüm hissəsini təşkil etməklə, bir sıra əhəmiyyətli funksiyaları yerinə yetirəcək.
Tikinti işləri başa çatdıqdan sonra yeni yol marşrutu Şərqi Zəngəzur iqtisadi rayonunu Naxçıvan Muxtar Respublikası ilə birləşdirən ən qısa və səmərəli nəqliyyat bağlantısını təmin edəcək, Çin–Mərkəzi Asiya–Azərbaycan–İran–Türkiyə xəttini əhatə edən Şərq-Qərb nəqliyyat dəhlizinin əsas komponentlərindən biri olacaq. Eyni zamanda, Şimal–Cənub nəqliyyat dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsinin funksional imkanlarını genişləndirəcək, Körfəz ilə Qara dənizi birləşdirən, həm relyef, həm də iqlim baxımından ən əlverişli avtomobil yolu kimi çıxış edəcək.
Tikilən avtomobil yolu I texniki dərəcəyə malik olmaqla, Ağbənd–Cəbrayıl–Ağdam–Yevlax–Gürcüstan istiqamətində səmərəli yük və sərnişin daşımalarını mümkün edəcək. Paralel olaraq, təxminən bir il ərzində tamamlanması gözlənilən Ağbənd–Laçın–Kəlbəcər–Gəncə–Gürcüstan avtomobil marşrutu da bu şəbəkəyə əlavə ediləcək və regionun nəqliyyat-logistika potensialının daha da artmasına töhfə verəcək.
Layihələrin reallaşması ikitərəfli və regional nəqliyyat-tranzit əlaqələrinin, yükdaşımaların artırılmasına, logistik imkanların genişlənməsinə və ümumilikdə geniş kommunikasiya bağlantılarının yaradılmasına şərait yaradacaqdır.
Nümayəndə heyəti, Azərbaycan ərazisində tikintisi sürətlə davam edən, strateji əhəmiyyətə malik Horadiz–Ağbənd dəmir yolu xətti ilə də əyani tanış olublar. Bu dəmir yolu xətti regionun əsas nəqliyyat xətlərindən biri olmaqla yanaşı, həm müxtəlif nəqliyyat kommunikasiyalarının şaxələndirilməsi, həm də beynəlxalq yükdaşımaların səmərəli təşkili üçün yeni imkanlar yaradacaq.
Həmsədrlər daha sonra İran ərazisi vasitəsilə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikasını birləşdirəcək ikinci körpü olan Ordubad-Siyahrud avtomobil körpüsünün layihəsi və yerləşəcəyi yer üzrə ərazi imkanlarını nəzərdən keçiriblər. Körpünün koordinatlarının müəyyənləşdirilməsi və texniki parametrləri ilə bağlı təkliflər dinlənilib və bu istiqamətdə müzakirələrin davam etdirilməsi razılaşdırılıb.
Nümayəndə heyətləri, Ordubad-Marazad Su Elektrik Stansiyası layihəsi üzrə aparılan işlərlə də tanış olublar. Bildirilib ki, Araz çayı üzərində gücü 36 MVt olan Ordubad SES-in ümumi tikinti işlərinin 60 faizi yekunlaşıb və davamı üçün İran tərəfindən işlərin aparılmasına əlavə imkanlar yaradılmalıdır. Həmsədrlər, həmçinin Culfa sərhəd-keçid məntəqəsinə də baş çəkib və məntəqənin mövcud şəraiti ilə tanış olublar.
Həmsədrlər İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəvəti ilə ölkəmizə reallaşacaq səfərinin ikitərəfli münasibətlərin inkişafında yeni səhifə açacağına əminliyini ifadə edərək, iki ölkə arasında ümumilikdə bütün sahələr üzrə əməkdaşlıq üçün yaxşı imkanların olduğunu və prezidentlərin tapşırığına müvafiq olaraq mövcud layihələrin başa çatdırılması istiqamətində birgə səylərin davam etdiriləcəyini qeyd ediblər.
Baş nazirin müavini 30 illik işğal müddətində ermənilər tərəfindən dağıdılan və talan edilən ərazilər barədə iranlı naziri və nümayəndə heyətini məlumatlandırıb.