2024-cü ildə Azərbaycanda sığorta bazarının həcmi 1,4 milyard manata yaxınlaşıb. Bu barədə Mərkəzi Bankın sığorta fəaliyyətinə nəzarət departamentinin direktoru Vüsal Qurbanov məlumat verib.
Onun sözlərinə görə, ötən il sığorta sektoru üzrə ümumi sığorta haqları 1 milyard 353 milyon manat, sığorta ödənişləri isə 753 milyon manat təşkil edib. Sığorta haqları ötən ilin eyni dövrü ilə müqayisədə 11 faiz, sığorta ödənişləri isə 28 faiz artıb.
V. Qurbanov bildirib ki, sığorta haqlarının 75 faizi könüllü, 25 faizi isə icbari sığorta növlərinin payına düşür. Hesabat dövründə sığorta haqlarının 54 faizini həyat, 46 faizini isə qeyri-həyat sığorta sahəsi üzrə yığımlar təşkil edib. “Mərkəzi Bank tərəfindən atılan addımların və görülən işlərin sığorta bazarının inkişaf etdirilməsinə xidmət etdiyini nəzərə alaraq qeyd olunan göstəricilərin növbəti ildə də müsbət dinamika ilə inkişaf edəcəyini söyləmək mümkündür”, – deyə o əlavə edib.