Paytaxtda nəqliyyat axınının tənzimlənməsində böyük rol oynayacaq 12,7 kilometrlik 6 hərəkət zolaqlı Böyükşor–Pirşağı avtomobil yolunun tikintisi sürətlə davam etdirilir. Hazırda layihə üzrə marşrut boyu yolun sağ və sol kənarlarında mühafizə hasarları qurulur. Eyni zamanda, nəqliyyat və piyadaların təhlükəsizliyinin təmin edilməsi məqsədilə müvafiq yerlərdə əyri xətli tirlər quraşdırılır. Yolun ayın sonuna qədər istifadəyə verilməsi planlaşdırılır.
Avtomobil Yolları Dövlət Agentliyinin məlumatına görə, indiyədək ərazinin təmizlənməsi, tikinti altına düşən kommunikasiyaların köçürülməsi və qazma işləri görülməklə yeni torpaq yatağının inşası yekunlaşdırılıb. Hazır olan hissələrdə asfaltlanmanın aparılmasına başlanıb. Yolun hər iki tərəfində piyada səkilərinin inşası və yolboyu işıqlandırma sisteminin qurulması da nəzərdə tutulub.