Milli neft strategiyasında yeni önəmli hədəf

post-img

AÇG-nin sərbəst təbii qaz ehtiyatları işə salınır

“Əsrin müqaviləsi”nin 30-cu ildönümü Azərbaycanın neft strategiyası üçün bir sıra əlamətdar hadisələrlə yadda qalıb. Sentyabrın 20-də Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə ölkəmizdə fəaliyyət göstərən hasilatın pay bölgüsü sazişinin xarici tərəfdaşları arasında yeni neft-qaz layihələri ilə bağlı sənədlər imzalanıb. 

ARDNŞ, BP, MOL, INPEX, Equinor, ExxonMobil, TPAO, ITOCHU və ONGC Videsh şirkətlərinin iştirakı ilə Xəzər də­nizinin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq” yataqları və Günəşli ya­tağının dərinsulu hissəsi (AÇG) üzrə möv­cud hasilatın pay bölgüsü sazişinə yeni bir əlavəyə imza atılıb. Bu əlavədə mövcud hasilatın pay bölgüsü sazişinə AÇG yata­ğının sərbəst təbii qaz ehtiyatlarının kəş­fiyyatı, qiymətləndirilməsi, işlənməsi və hasilatı istiqamətində irəliləmək imkanı verən düzəlişlər edilib. Tərəflərin gəldi­yi qənaətə əsasən, AÇG yatağının sərbəst təbii qaz ehtiyatları 4 trilyon kub futadək qiymətləndirilir. 

Yeni qaz sazişi sentyabrın 20-də Bakı­da, “Gülüstan” sarayında Neftçilər Günü və AÇG üzrə hasilatın pay bölgüsü sazişi­nin imzalanmasının 30 illiyinə həsr olun­muş tədbirdə təntənə ilə elan olunub. Təd­birdə SOCAR-ın prezidenti Rövşən Nəcəf, BP-nin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel, ABƏŞ-in prezidenti Qəri Counz və AÇG-nin tərəf­daş şirkətlərinin yüksək səviyyəli rəhbərlə­ri iştirak ediblər.

Qeyd edək ki, sənəd 2049-cu ilədək, AÇG üzrə mövcud hasilatın pay bölgüsü sazişinin müddətinin sonunadək qüvvə­də olacaq. Növbəti 25 il ərzində sərbəst təbii qaz ehtiyatlarının kəşfiyyatı və qiy­mətləndirilməsindən asılı olaraq “Azə­ri-Çıraq-Günəşli” yataqlar blokunda əlavə işlərin görülməsinə milyardlarla dollar sərmayə qoyulması gözlənilir. Yeri gəlmiş­kən, tərəfdaşların sərbəst təbii qaz layihə­sində iştirak payları AÇG üzrə mövcud ha­silatın pay bölgüsü sazişində olduğu kimi müəyyənləşdirilib: (30,37 faiz), SOCAR (25 faiz), MOL (9,57 faiz), INPEX (9,31 faiz), Equinor (7,27 faiz), ExxonMobil (6,79 faiz), TPAO (5,73 faiz), ITOCHU (3,65 faiz), ONGC Videsh (2,31 faiz).

İmzalanma mərasimində SOCAR-ın prezidenti Rövşən Nəcəf çıxış edərək yeni qaz sazişinin imzalanmasını Azərbayca­nın enerji sektoru üçün əlamətdar hadisə kimi dəyərləndirib: “Ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə imzalanmış “Əsrin müqaviləsi”nin bu əlamətdar ildönümündə yeni qaz sazişi­nin imzalanması SOCAR üçün yeni stra­teji mərhələdir. Azərbaycan qlobal enerji bazarlarında etibarlı tərəfdaş kimi enerji ehtiyatlarının daha da şaxələndirilməsi is­tiqamətində səylərini davam etdirir. Bu la­yihə tərəfdaşlarımızın enerji təhlükəsizli­yinə töhfə verməklə yanaşı, Azərbaycanın Avropanın etibarlı enerji təchizatçısı kimi mövqeyini daha da gücləndirəcək”.

BP-nin hasilat və əməliyyatlar üzrə ic­raçı vitse-prezidenti Qordon Birrel sərbəst təbii qaz ehtiyatları layihəsinə başlamaqdan məmnunluğunu ifadə edərək deyib: “Biz AÇG-nin sərbəst qaz ehtiyatlarının işlən­məsində böyük potensial görürük. Bu gün AÇG üçün, həqiqətən, tarixi bir gündür. Məhz öz 30 illiyində AÇG-nin möhtəşəm neft uğurları ilə yanaşı, təbii qaz layihəsi ilə yeni yola çıxması çox əlamətdardır”.

Son 30 ildə Azərbaycanda baş vermiş nəhəng dəyişikliklərin ölkəni dünyanın mühüm enerji təchizatçılarından birinə çe­virmiş AÇG ilə bağlı olduğunu vurğulayan icraçı direktor bildirib ki, bu gün imzalan­mış müqavilə ilkin hasilatın pay bölgüsü sazişi qədər əhəmiyyətlidir. Onun sözlə­rinə görə, yeni saziş AÇG-nin tarixində ilk dəfə kommersiya qazının ixracına im­kan verməklə bu əfsanəvi yatağın iqtisadi dəyərini daha da yüksəldəcək və Azərbay­canın Avropaya enerji təchizatını artırmaq planlarını dəstəkləyəcək.

BP-Azərbaycan şirkətindən verilən məlumata görə, sərbəst təbii qaz layları hazırda hasilatda olan neft laylarının al­tında və üstündə olan çoxsaylı geoloji for­masiyalardan ibarətdir. Bunlar isə mövcud AÇG hasilatın pay bölgüsü sazişinə əv­vəldən daxil edilməyib. 2022-ci ildə AÇG tərəfdaşları və SOCAR qaz təzyiqinə dair məlumatların toplanması üçün sərbəst tə­bii qaz laylarına bir qiymətləndirmə quyu­sunun qazılması barədə razılığa gəliblər. 2023-cü ildə tamamlanmış qiymətləndir­mə quyusundan əldə edilən məlumatların təfsiri gözlənilən təzyiq aralığında 4 tril­yon kub futa qədər əhəmiyyətli təbii qaz ehtiyatlarının olduğunu təsdiqləyib. 

Şirkətin açıqlamasında o da bildirilir ki, yeni əlavəyə uyğun olaraq SOCAR və AÇG tərəfdaşları hazırda sərbəst təbii qaz laylarının işlənməsi üçün növbəti fəaliy­yətləri planlaşdırırlar. Bu fəaliyyətlər çər­çivəsində hazırda iki prioritet laydan qaz hasil etmək məqsədilə ilkin quyu qazılır. Həmin quyu hasilat vasitəsilə qiymətlən­dirmə aparmağa imkan verəcək ki, bunun əsasında da gələcək işlənmə planlarını qurmaq mümkün olacaq. Quyu mövcud “Qərbi Çıraq” platformasından qazılır və ilk qaz hasilatına 2025-ci ildə başlanılacağı gözlənilir. Yeni sazişdə ilkin quyudan ha­sil ediləcək bütün qazın alıcısının SOCAR olacağı barədə də razılıq əldə edilib.

Bununla yanaşı, SOCAR və BP Xəzər dənizinin Azərbaycan sektorunda iki hasi­lat və kəşfiyyat bloku üzrə sazişlərə qoşul­maq niyyətini açıqlayan anlaşma memo­randumu imzalayıblar.

Qeyd edək ki, birinci blok Bakıdan 120 kilometr şərqdə, “Günəşli” yatağından 20-25 kilometr məsafədə, suyun 150–200 metr dərinliyində yerləşən “Qarabağ” neft yatağıdır. Məlum olduğu kimi sözügedən yatağın işlənməsi üzrə 2018-ci ildə im­zalanmış və Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən ratifikasiya olun­muş mövcud risk xidməti sazişi mövcud­dur. 

İkinci blok isə Bakıdan 90–110 kilo­metr şimal-şərqdə, suyun 80–180 metr dərinliklərində yerləşən Əşrəfi – Dan Ul­duzu – Aypara sahəsidir. Bu sahə bir sıra mövcud kəşf olunmuş və perspektiv struk­turları əhatə edir. Adı çəkilən sahəyə aid kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü üzrə saziş 2018-ci ildə imzalanıb və Milli Məclis tərəfindən ratifikasiya olunub. Ha­zırda SOCAR hər iki sazişdə 100 faiz işti­rak payına malikdir.

SOCAR və BP-nin razılaşdırdıqları digər sənəd isə enerji təchizatı təhlükəsiz­liyinin artırılması mədsədilə beynəlxalq neft və qaz apstrim (kəşfiyyat və hasilat) layihələrində potensial əməkdaşlıq im­kanlarını araşdırmaq niyyətlərinin dəstək­lənməsini nəzərdə tutur. Bununla bağlı imzalanmış memorandum çərçivəsində şirkətlər beynəlxalq səviyyədə karbohid­rogenlərin kəşfiyyatı və hasilatı sahəsində sinerji potensialını və bir sıra yeni investi­siya imkanlarını birgə qiymətləndirəcəklər.

Memorandum, həmçinin bu iki şirkətin dünyaya etibarlı və əlçatan enerji təchizatı­nı təmin etmək imkanlarının qiymətləndi­rilməsində öz təcrübə və biliklərini bölüş­mək niyyətini əks etdirir.

İqtisadiyyat