Avstriya da Dəmir ipək yoluna qoşulur

post-img

Bakıda keçirilən “Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının qurulmasına dair dəmiryol administrasiyaları rəhbərlərinin məşvərət toplantısı çərçivəsində “Azərbaycan Dəmir Yolları”nın sədri Rövşən Rüstəmov, Türkiyə Dövlət Dəmir Yollarının “TCDD Taşımacılık” şirkətinin İdarə Heyətinin sədri Ufuk Yalçın və Avstriya Federal Dəmir Yollarının Avrasiya – Mərkəzi Asiya üzrə əlaqələr rəhbəri Enikö Györfi arasında üçtərəfli görüş keçirilib. Müzakirələrdə Avstriyanın Bakı–Tbilisi–Qars dəmir yolu ilə yüklərin daşınmasında maraqlı olduğu bildirilib. Toplantıda, həmçinin dəmir yolu ilə yükdaşımalar sahəsində əməkdaşlığın genişləndirilməsi, o cümlədən Orta Dəhliz vasitəsilə yüklərin Çindən Avropaya və əks istiqamətə nəqlinin artırılmasının əhəmiyyəti də geniş müzakirə olunub.

ADY-dən bu barədə redaksiyamıza verilən məlumata görə, görüşdə ANM-nin Orta Dəhliz üzrə yükdaşıma marşrutlarının şaxələndirilməsinə töhfə verəcəyi, yeni as­sosiasiyanın yaradılması və Orta Dəhlizin cənub qanadı olan ANM-in inkişaf etdi­rilməsi ilə Çin–Mərkəzi Asiya–Avropa və əks istiqamətdə səmərəli, sürətli, təhlükə­siz yükdaşıma əməliyyatlarının gerçək­ləşəcəyi vurğulanıb.

Xatırladaq ki, BTQ dəmir yolu ilə yükdaşıma bu il mayın 20-dən bərpa edi­lib, həmin gün 20 konteynerdən ibarət ilk yük qatarı Abşeron Logistika Mərkə­zindən Gürcüstan istiqamətində hərəkət edib. BTQ-nin Gürcüstan hissəsinin təmiri nəticəsində yükdaşımaların həcminin ildə 5 milyon tona çatması nəticəsində dəmir yolu xəttinin Orta Dəhlizin ən cəlbedici hissəsindən birinə çevrilməsi planlaşdırılır.

Gələn ildən dəmir yolu xəttində daha intensiv yükdaşımaların həyata keçiriləcəyi gözlənilir. Artıq Çindən göndərilən yüklərin BTQ ilə nəql edilməsinə dair razılıq əldə edi­lib. Bu il avqustun 13-də “Azərbaycan Dəmir Yolları” QSC ilə “Gürcüstan Dəmir Yolları” SC arasında yaradılan “BTKI Railways” MMC adlı birgə müəssisə BTQ dəmir yolu xəttinin Marabda–Kartsaxi hissəsinin inf­rastrukturunun istismarı və idarə edilməsini reallaşdırmaqla yanaşı, BTQ ilə yükdaşıma­ların səmərəli təşkili və yeni yüklərin cəlbi istiqamətində fəaliyyət göstərəcək.

Bu il dəhliz vasitəsilə 200 blok qatarı keçib, ilin sonuna qədər isə 300-ə yaxın blok qatarının göndərilməsi gözlənilir və bu da təxminən 30 min TEU ekvivalentinə və ya 420 min tonadək yük həcminə bəra­bərdir. Gələn ildən ayda 50 blok qatarının dəhlizlə göndərilməsi planlaşdırılır.

Qeyd edək ki, BTQ-nin tikintisinə 2008-ci ildə başlanılıb və dəmir yolu xətti 2017-ci il oktyabrın 30-da istismara veri­lib.

İqtisadiyyat