Dövlətimizin başçısının Qarabağ Universitetindəki çıxışı ilə bağlı qeydlər
Prezident İlham Əliyevin sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışı, bu təhsil ocağının müəllim və tələbə heyəti ilə görüşü zamanı səsləndirdiyi fikirlərə iki aspektdən yanaşmaq mümkündür.
Birincisi, dövlətimizin başçısı milli ruh və ləyaqətin hər bir dövlət və cəmiyyət üçün etalon olduğunu vurğuladı. Digər tərəfdən, dövlətimizin başçısı gənc nəslə tarixdən örnək götürülməsinin vacibliyini aşıladı.
Bəli, Qarabağ Universitetinin fəaliyyətə başlaması müqəddəs zəfərimizin müstəsna töhfəsidir. Bu universitet təkcə təhsil müəssisəsi deyil, eyni zamanda, elm məbədidir. Dahi Nizami əbəs yerə deməmişdi ki, qüvvət elmdədir, başqa cür heç kəs, heç kəsə üstünlük eyləyə bilməz. Qarabağ Universiteti zəfərimizin bizə qazandırdığı üstünlüyün təsdiq məkanıdır, milli ruhumuzun kəhkəşan ocağıdır. O ruh ki, 44 günlük müharibə dönəmində əsgər və zabitlərimizi daim irəli səslədi. Ona görə Prezident İlham Əliyev Qarabağ Universitetinin açılışı zamanı gənc nəslə öyüd manifesti kimi səslənmiş nitqində ilk növbədə savaş günlərini yada salıb, şanlı Ordumuzun hər gün irəli getdiyini, yaşayış məntəqələrini işğalçılardan azad etdiyini vurğulayıb: “Bir gün belə geriyə addım atmamışıq, hər gün bir neçə kənd, bir neçə qəsəbə, şəhər azad edilirdi. Bir nəfər olsun döyüş meydanını tərk etməmişdir. Amma Ermənistanın rəsmi nümayəndələrinin özlərinin etirafına görə, Ermənistan ordusunda 12 mindən çox fərari olmuşdur. Bu, nəyi göstərir? Əlbəttə ki, xalqımızın yüksək mənəvi keyfiyyətlərini göstərir. Bununla bərabər, onu göstərir ki, sinəsini qabağa verən gənclər o qədər vətənpərvərlik ruhunda tərbiyə olunmuşdur ki, onlar üçün Vətən torpaqlarını azad etmək ən şərəfli missiya olmuşdur. Sinəsini qabağa verən, ölümə gedən gənclər bir amalla yaşayırdılar ki, milli ləyaqətimizi bərpa edək və bunu etdik. Ona görə mənəvi-psixoloji üstünlük bir daha bizim ümumi üstünlüyümüzü göstərir”.
Prezident İlham Əliyev Qarabağ zəfərimizi şərtləndirən ən mühüm amil kimi milli ruhun üzərində dayanıb. Bu yerdə İkinci Qarabağ müharibəsi günlərində erməni hərbçilərin əsgərlərimiz barədə dilə gətirdikləri fikirlərdən birini yada salaq. Erməni hərbçilər əllərində pulemyot silah ola-ola səngəri qoyub qaçdıqlarını izah edərkən deyirdilər ki, azərbaycanlılar ölümdən qorxmayaraq üzərlərinə sanki ildırım sürəti ilə şığıyırdılar. 44 günlük müharibə neçə-neçə belə qürur dolu epizodların tarix yaşantısına çevrildiyi müqəddəs dava idi. Dövlətimizin başçısı milli düşüncəni məhz bu davanın məntiqi uğur sonluğu baxımından vacib amil kimi vurğulayır.
Əlbəttə, davanın uğurunu təmin edən həm də düzgün müəyyənləşdirilmiş siyasət xəttidir ki, bu xəttin müəllifi Prezident İlham Əliyevdir. Ölkəmizin liderinin sayəsində Azərbaycanda xalq-iqtidar vəhdəti yaranmışdı ki, 44 günlük müharibədəki zəfərimiz həm də həmin vəhdətin təntənəsi idi. Bu səbəbdən də dövlətimizin başçısı cəmiyyətdə birlik amilini önə çəkir. Həqiqətən, Vətən müharibəsi göstərdi ki, bəlkə də heç bir ölkədə bizim cəmiyyətimiz qədər birlik nümayiş etdirən cəmiyyət yoxdur. “Bizdən sonra gələn nəsil, gənclər də bu yolla getməlidirlər. Onlar, ilk növbədə, milli ruhda tərbiyə almalıdırlar, öz mədəniyyətinə, ənənələrinə, mənəvi dəyərlərinə sadiq olmalıdırlar. Heç kimin təsiri altına düşməməlidirlər, müxtəlif vədlərə aldanmamalıdırlar”, - deyən Prezident İlham Əliyevin növbəti fikirləri indiyədək keçilmiş yolun ağırlığını bir daha gözlər önündə canlandırır. Bəs ağırlıq nədə idi?
Bildiyiniz ki, işğal illərində dünyanın anti-Azərbaycançı, ermənipərəst dairələri düşdüyümüz durumla barışmaq üçün müxtəlif planlar işləyib hazırlayırdılar. Götürək elə, ATƏT-in Minsk qrupu adlandırılan, artıq canını tapşırmış təsisatı. Bu təsisat otuz ilə yaxın müddətdə, guya Azərbaycan və Ermənistan arasında vasitəçilik etdi, sülh danışıqları apardı, ancaq işğalçını öz adı ilə çağırmadı. Prezident İlham Əliyev durumu onların “ölkəmizi daim təzyiq altında saxlamaq, daim bu işğaldan bir təsir amili kimi istifadə etmək, öz maraqlarını təmin etmək” istəyi ilə əlaqələndirir. Əlbəttə, bu əlaqələndirmədə vurğu beynəlxalq dairələrin saxta beynəlmiləlçiliyi və ondan da saxta sülhpərvərliyi üzərinə qoyulur. Axı müxtəlif illərdə paytaxtımıza sülh qaranquşları qiyafəsində “bayquşların”, “quzğunların” gəldiklərini çox görmüşük. Ağıllı cümlələr qurub, sir-sifətlərinə dahi görkəm verib bizə Qarabağı və digər torpaqlarımızı işğaldan qurtarmanın hərbi yolunun olmadığını təlqin ediblər. Məğlubiyyətlə barışmağımıza çalışan qüvvələr başqa bir tezislə də çıxış edirdilər ki, Prezident İlham Əliyev həmin tezis barəsində də söz açıb.
Məlumdur ki, müxtəlif beynəlxalq təşkilatlar zaman-zaman xalq diplomatiyası deyilən məhfumu işə salıb, Cənubi Qafqazı vahid məkan olaraq gördüklərini bildirirdilər. Bizə deyirdilər ki, bu müstəvidə sərhəd anlayışı olmayacaq. Yəni, Avropadakı kimi bir dövlətdən başqa dövlətə asanlıqla keçiləcək. Mövcud trayektoriyada başlıca təbliğat isə bu idi: bir halda ki, sərhəd anlayışı aradan qalxır, torpağın Azərbaycanın və ya Ermənistanın olmasının heç bir əhəmiyyəti yoxdur. Ancaq belə yanaşmanı təlqin edən “beynəlmiləlçilər” Qarabağın Azərbaycan ərazisi olması reallığını düzgün qiymətləndirmək məntiqindən uzaq dururdular. Sanki, bizi şirnikləndirib aldatmaq istəyirdilər. Daha doğrusu, müxtəlif konfrans, seminar, treninq və sair bu kimi toplantılar keçirib, həmin tədbirlərdə səsləndirdikləri gəlişigözəl ifadələrlə insanlarımızı aldadacaqlarını zənn edirdilər. Beləliklə, işğalı leqallaşdırmağa çalışırdılar.
Çox təəssüf ki, mahiyyətini vurğuladığımız təbliğata qulluq edən sapı özümüzdən olan baltaları da az görməmişik. Ona görə də Prezident İlham Əliyev bildirib: “Bizdən olan xarici dairələrə satılmışlar da gedib o treninqlərdə ermənilərlə cici-bacılıq edirdilər, sövdələşirdilər, birləşirdilər, birgə məclislər təşkil edirdilər. Qaniçən, Xocalı soyqırımını törədən, Qarabağ bölgəsində bütün şəhər və kəndlərimizi viran qoyan düşmənlə hansı təmaslardan söhbət gedə bilərdi?”
Əlbəttə, dövlətimizin başçısının diqqətə çatdırdığımız sitatdakı sualı ritorikdir. Yuxarıda sadaladığımız “fəaliyyətin” heç bir nəticəsi olmadı. Ona görə ki, Azərbaycan dövləti və cəmiyyəti Qarabağ köklənişindən ayrı düşmədi. Bu köklənişin banisi ulu öndər Heydər Əliyev olmuşdusa, barışmazlığımızı ideoloji müstəvidə möhkəmləndirən, eyni zamanda, ideyaya reallıq məzmunu qazandıran Prezident İlham Əliyevin özü idi.
Digər tərəfdən, Azərbaycan dövlətinin gerçəkləşdirdiyi kurs nəticəsində beynəlxalq dairələrin və erməni beyin mərkəzlərinin sırf zaman amilinə hesablanmış planları alt-üst oldu. Yada salaq ki, həmin dairələr bir çox gedişatları düşünmüşdülər. Məsələn, 20, 30, 50 ildən sonra Azərbaycan insanının Qarabağa baxışını. Hesablamışdılar ki, nəsillərin dəyişməsi nəticəsində işğal faktı arxa plana keçəcək, cəmiyyət onunla barışacaq. “Amma bu işğalı əbədi etmək istəyənlərin də məqsədi o idi ki, gələcək nəsil, gənc nəsil artıq müharibə istəməyəcək, biz Ermənistanla barışaq, işğal da yerində qalsın. Bax, bütün bu planları biz Azərbaycan xalqı darmadağın etdik, alt-üst etdik”, - deyən Prezident İlham Əliyevin fikirləri fonunda Azərbaycandakı cəmiyyət-dövlət vəhdətinin dünyanın riyakar kosmopolitizmini də iflasa uğratdığını söyləyə bilərik. Çünki İkinci Qarabağ müharibəsini Qarabağı görməmiş nəsil qazandı. Cənab İlham Əliyev müsahibələrinin birində bildirmişdi ki, savaşı özünün prezidentliyi zamanında doğulmuş gənclər azad edib. Hesab edirik ki, elə məhz bu amilə görə dövlətimizin başçısı özü ilə nə qədər öyünsə, yenə azdır.
Ancaq indinin özündə də müqəddəs zəfərimizi gözü götürməyənlər var. Onlar çalışırlar ki, Cənubi Qafqazda erməni avantürizmi saxlanılsın. Bu məqsədlə ölkəmizə qarşı müxtəlif təzyiq metodlarını işə salırlar. Prezident İlham Əliyev Qarabağ Universitetindəki çıxışı zamanı mövcud məqama da diqqət yetirib: “Özü də müxtəlif Qərb ölkələrinin siyasətçiləri və yüksək vəzifə tutanlar, bəzi ölkələrin rəsmi nümayəndələri belə bir qəbuledilməz ifadələr işlədirlər ki, Azərbaycan Qarabağı zəbt edib. Yəni, bu, ikiüzlülüyün, riyakarlığın zirvəsidir. Ölkə öz torpağını necə zəbt edə bilər?! Bizim müharibəmiz azadlıq müharibəsi idi. Yəni, bunu deyənlər, bizə qarşı ittihamlar irəli sürənlər də bunu yaxşı bilirlər. Sadəcə olaraq, ikili standartlar, ikiüzlülük, riyakarlıq, islamofobiya və xalqımıza olan düşmənçilik - biz bunu heç vaxt unutmamalıyıq və gənc nəsil bunu bilməlidir”.
Dövlətimizin başçısı bu fikirləri səsləndirməklə həm də sadaladığı mənfi təmayüllərə qarşı müqavimətin, immunitetin formalaşdırılmasının vacibliyini vurğulayır, həm də mövcud istiqamətdə vəzifələr müəyyənləşdirir. Ən böyük vəzifə isə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsidir. Axı bizə zəfərimizi qazandıran məhz bu tərbiyə idi. Prezident İlham Əliyev bildirir. Bildirir və yada salır: “Heç vaxt Qarabağı görməyən gənclər Qarabağ uğrunda ölümə gedirdilər, ölümə getməyə hazır idilər, şəhid oldular, yaralandılar. Ancaq yenə də bu Zəfəri təmin etmək üçün dayanmadılar. Hərbi hospitallara yerləşdirilmiş hərbçilərimizin bir çoxu həkimlərə müraciət edərək deyirdi ki, tezliklə məni sağaldın, ayağa qaldırın, yenə də gedim döyüşüm, belələrinin sayı çox idi. Yüngül yaralanmış hərbçilər müalicədən sonra yenə də könüllü olaraq döyüş bölgələrinə gedirdilər”.
Bəli, güclü olmaq, vətənpərvər amallara köklənmək son dərəcə vacibdir və bu köklənişdə tarix amili müstəsna əhəmiyyətə malikdir. Nəzərə alaq ki, tariximiz, eyni zamanda, ibrət mənbəyimizdir. Ona görə dövlətimizin başçısı keçmişdən söz açır. XX əsrin əvvəlində xalqımıza qarşı növbəti düşmənçilik addımlarının atıldğını, 1923-cü ildə heç bir əsas olmadan Azərbaycanda, Qarabağda “Dağlıq Qarabağ Muxtar Vilayəti”nin yaradıldığını, bu vilayətin tabeçiliyinin Sovet İttifaqının mərkəzinə bağlandığını, beləliklə, bölgəni Azərbaycandan ayırmaq üçün əsasın yaradıldığını bildirən Prezident İlham Əliyev, həmçinin Vətənimizi parçalamaq üçün “saat bombası” məntiqi ilə davranıldığını, kütləvi erməniləşmə siyasətinin aparıldığını diqqətə çatdırır: “Ancaq Ulu öndər Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gələndən sonra burada bütün separatçıların yuvaları dağıdıldı və sabitlik yaradıldı. Keçmiş “Dağlıq Qarabağ Muxtar Vilayəti”ndə azərbaycanlıların sayı 9 faizdən, təqribən 30 faizə qədər artdı. Dəmir yolu çəkildi ki, azərbaycanlılar müxtəlif bölgələrdən buraya daha tez gələ bilsinlər. Xankəndidə dəmir yolu vağzalı tikildi, böyük infrastruktur layihələri yaradıldı – Sərsəng, Suqovuşan su anbarları. Hansılar ki, ermənilər işğal dövründə bizi sudan da məhrum etmişdilər. Bir neçə müəssisə yaradıldı və bu müəssisələrdə çalışan azərbaycanlılar müxtəlif bölgələrdən, o cümlədən Qarabağ bölgəsindən gəldilər. Bütün bunlar davam edirdi”.
O da məlumdur ki, Ulu öndər 1987-ci ildə istefaya göndəriləndən dərhal sonra erməni millətçilərinin Qarabağ avantürası başladı. Sonra yaşananlar da hər kəsə yaxşı məlumdur. Torpaqlarımızın işğalı fonunda daxildə baş verən hərc-mərcilik dövlətçiliyimiz üçün tənəzzül təhlükəsi yaşatmışdı ki, məhz belə bir məqamda Heydər Əliyev şəxsiyyətinin xalqın təkidli tələbi ilə ikinci dəfə ölkəmizdə rəhbərliyə gəlməsi mənfi meyilləri sıradan çıxardı və əvvəldə vurğuladığımız kimi, Qarabağ məsələsi milli dava halına gəldi. Hesab edirik ki, gənc nəsil bütün bunları unutmamalı və mövcud məqamları, o cümlədən dövlətçilik ideyasını özünün təhsil əzminin prioritetinə çevirməlidir. Qətiyyətlə deyə bilərik ki, Prezident İlham Əliyevin Qarabağ Universitetindəki çıxışı bu prioritetin təntənəli manifesti idi.
Ə.CAHANGİROĞLU
XQ