Azərbaycan Prezidenti Xankəndidən cəmiyyətin birliyi, inkişafı və gələcəyi üçün vacib elementin ünvanını göstərdi
Hər zaman və hər yerdə ədalətin bərqərar olması, haqsızlıq üzərində zəfər çalması istənilən cəmiyyətin sabit inkişafının və gələcəyə inamın təntənəsidir. Haqq-ədalətə, bəşəri dəyərlərə sadiq siyasətçilərin hamısı, xüsusən, Şərq müdrikləri bu tezisdən kifayət qədər geniş istifadə ediblər.
Bəs, ədalətsizliyin hökm sürdüyü müasir dünyamızda bu müqəddəs dəyəri qoruyub saxlamaq, ona bütün müstəvilərdə riayət etmək mümkündürmü? Mümkündür, amma bir şərtlə: Gərək ədalətin qalibiyyətinə inamını itirməyəsən.
“İnam heç vaxt qırılmamalıdır. Əgər inam qırılsa, onda heç vaxt ədalət zəfər çala bilməz. Amma dünyada ədalət var. Prezident kimi müəyyən dövrlərdə mənim də ağlıma belə fikirlər gəlirdi ki, yəqin dünyada ədalət yoxdur. Amma bilirdim ki, bu ədalətə çatmaq üçün sən gərək onu əldə edəsən, o, göydən düşməz. Sən haqlısan, bütün dünya da sənin haqlı olduğunu etiraf edir, bilir, ancaq nəticə yoxdur. Ona görə gələcək fəaliyyətimiz üçün də bu, əsas olmalıdır”.
Azərbaycan Prezidenti İlham Əliyevin Qarabağ Universitetinin müəllim və tələbə heyəti ilə görüşündə söylədiyi fikirlər bizi bu qeydləri qələmə almağa vadar etdi. Bəli, xalqımız gec-tez ədalətin zəfər çalacağına, torpaqlarımızın yağı işğalından azad olunacağına inamını heç vaxt itirmədi. Qaçqınlığın, məcburi köçkünlüyün bütün məhrumiyyətlərinə mərdliklə sinə gərən soydaşlarımız vaqonlarda, çadırlarda, yataqxanalarda yeni düşüncəli, ən əsası isə, yaralı Vətənini içdən sevən və onun azadlığı yolunda canından keçməyə hazır olan bir nəsil ərsəyə gətirdi.
Sonra məlum olacaq ki, ata-anaları Qarabağda, özləri isə doğma yurddan uzaqda doğulmuş, yurdsuzluq dərdini, nostalji havasını kitablardan, filmlərdən, sənədli xronikadan oxumuş, görmüş gənclərin Vətən sevgisi, doğma torpaqlarına mütləq qayıdacağına inamı nə qədər böyük imiş. Elə bizi böyük qələbəyə aparan da məhz bu inam oldu. Bəli, qələbəyə inam nəsildən-nəsilə ötürülmüşdü və bu inam Birinci Qarabağ müharibəsindən sonra dünyaya gələn, orduda xidmət yaşına çatan, işğalçının üzərinə yeriməyə əmr gözləyən gəncliyin qəlbində birə-beş artmışdı.
Vətənpərvərlik ruhunda böyüyən bu nəsil atalarının qisasını yağı düşməndən alacağına inanırdı. Bunun üçün hamı silaha sarılmağa hazır, dövlət isə tələb olunan bütün zəruri şərtləri yerinə yetirmişdi. Düşmən bizə başqa yol buraxmamışdı. Ədaləti döyüş meydanında bərpa etməli idik.
Amma biz yenə də düşmənə münaqişənin dinc yolla həllini təklif edirdik. Azərbaycan dövlətinin başçısı bütün beynəlxalq tədbirlərdə, dünyanın aparıcı siyasətçilərinin qarşısında Ermənistanı işğalda saxladığı torpaqlarımızı sülh yolu ilə tərk etməyə, beynəlxalq təşkilatları, hayların arxasında duran “gücləri” isə ədalətli olmağa çağırırdı. Əlbəttə, bunun qarşılığında müşahidə etdiyimiz lal sükut, ikiüzlü yanaşmalar, “başımızın altına yastıq qoymağa” hesablanmış riyakar bəyanatlar ədalətə inam hissini zəiflətməli idi.
Yaşadığımız regionda və dünyada ədalətdən əsər-əlamət görmədiyini deyən Prezident İlham Əliyevin bu sözləri həm də bədxahlarımıza ünvanlanıb: “Əlbəttə ki, bu gün işğaldan əziyyət çəkən və ədalətsizliklərlə üzləşən bir çox xalqlar üçün bizim nümunəmiz bir ümid işığıdır. Bu, önəmlidir. Amma bizim xalqımız üçün gələcəkdə öz gücünə güvənmək, güclü olmaq, güclü dövlət qurmaq, heç kimdən asılı olmamaq, heç kimin qarşısında baş əyməmək - bax, bu, əsas hədəflərimizdir”.
Artıq yolumuz bəlli, hədəflərimiz aydındır. Milli dövlətçilik arzusuna XX əsrin əvvəllərində çatmış, amma onu tez itirmiş, əsrin sonlarında isə o əvəzsiz neməti ikinci dəfə əldə edəndə əvvəlki taleyi bir daha yaşamamaq barədə düşünməli olduq. Bu, həm də bir tale yazısı idi. İndi bunu tam cəsarətlə deyə bilərik ki, əgər ümummilli lider Heydər Əliyev xalqın tələb və çağırışı ilə siyasi hakimiyyətə qayıtmasaydı, dövlət müstəqilliyimiz, şübhəsiz, əldən gedəcəkdi. Düşünürük ki, o təlatümlü günlərdə vətəndaş həmrəyliyinə nail olan böyük dühanın əsas istinad nöqtəsi canından çox sevdiyi xalqına böyük inamı idi.
“Şuşanın düşməndən azad olunması heç yuxumuza da gəlməzdi”. Bu sözləri qarabağlı, şuşalı dostlarımızdan dəfələrlə eşitmişdik. Amma onlar da qəlblərinin dərinliyində bunun mütləq baş verəcəyinə, Şuşaya qayıdacaqlarına inanırdılar.
Burada bir məqamı qeyd etməyimiz vacibdir. Cənubi Qafqazda sülhün təminatçısı rolunda çıxış edən, sabitləşdirici missiyanı yerinə yetirən qardaş Türkiyə Azərbaycana mənəvi həmrəylik nümayiş etdirərək təcavüzkar Ermənistanın havadarlarına sərt və tutarlı mesajlar göndərdi. 30 il səbir, dözümlülük nümayiş etdirən Azərbaycan xalqı artıq düşməni yerində oturtmaq, onun təcavüzkar niyyətlərinə son qoymaq üçün hər cür imkanlara, üstünlüyə malik idi. Ədalətin zəfər çalacağı gün uzaqda deyildi.
“Tarixi ədalət bərpa olundu. Ötən illərin ən önəmli hadisəsi ərazi bütövlüyümüzün bərpa edilməsi, Vətən müharibəsində parlaq Qələbənin qazanılmasıdır. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, tarixi ədaləti bərpa etdi, işğalçıları əzəli torpaqlarımızdan qovdu və beləliklə, tarixi ədalət bərpa olundu”.
Üç il bundan əvvəl bu sözləri deyən Prezident İlham Əliyev müharibə başlanarkən xalqımızın və dünya ictimaiyyətinin diqqətinə bu mesajı vermişdi: “Tarixi ədalət bərpa olunmalıdır!” İndi bunu bütün dünya bilməli və qəbul etməli idi. Bundan ötrü, yəni, dünyanın həqiqəti görməsi, erməni vəhşiliyinə şahid olması üçün elə müharibənin gedişində bütün təbliğat rıçaqları işə salındı. Bakıda akkreditə olunmuş xarici ölkə səfirlərinin erməni terrorunun nəticələrini görmələri üçün Gəncə və Bərdəyə səfərləri təşkil edildi. İşğaldan azad olunmuş, amma dağıdılmış, tarmar edilmiş ərazilərə beynəlxalq müşahidəçilər, xarici qonaqlar aparıldı. Azərbaycanın bu savaşla ədaləti bərpa etdiyi beynəlxalq aləmin diqqətinə fakt və sübutlarla çatdırıldı.
Prezident İlham Əliyev müharibənin gedişində 30-dan artıq müsahibəni ona görə verirdi ki, 30 il lal-kar olmuş dünya əsl gerçəyi görsün və eşitsin. Həm də bundan sonra Ermənistana heç bir mənəvi-siyasi dəstək göstərilməsin. Çünki onun təcavüzkar və terrorçu dövlət olduğunu hamı bilməlidir.
Bəli, biz tarixi ədaləti yalançı sülh danışıqları masasında deyil, hərb meydanında dişimiz – dırnağımızla bərpa etdik. Bununla da Azərbaycan düşmənin “Böyük Ermənistan” xülyalarını tarixin arxivinə göndərdi. Ədalət yerini tutdu!
Cənab Prezidentin dediyi kimi, bu gün Azərbaycan bütün dünyaya, işğaldan, hətta, müstəmləkəçilikdən əziyyət çəkən xalqlara əyani şəkildə göstərdi ki, ədalətin gec-tez qalib gələcəyinə inamla yaşamaq lazımdır.
İmran BƏDİRXANLI
XQ