“Le Figaro” separatçıların müdafiəçisi rolunda

post-img

Azərbaycan Ordusunun ötən il sentyabrın 19-20-də Qara­bağ iqtisadi rayonunun sepa­ratçı rejimin nəzarətində qalan əra­zilərində keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən, qanunsuz rejimin süquta uğradılmasından sonra tam qanunauyğun, məntiqli və zəruri bir addım atıldı.

Rejimə müxtəlif illərdə rəhbərlik et­miş və Azərbaycan torpaqlarının işğalında, xalqlararası ədavəti qızışdırmaqda fəal rol oynamış, soyqırımı, sülh və insanlıq əley­hinə cinayətlər törətməkdə, qanunsuz si­lahlı birləşmələr yaratmaqda və terrorizmi maliyyələşdirməkdə ittiham olunan şəxslər saxlanıldılar.

Onlar 8 nəfərdir. Bunlar 2023-cü il sentyabrın 27-də saxlanılmış “dövlət na­ziri” Ruben Vardanyan və general David Manukyan, sentyabrın 29-da saxlanılmış “xarici işlər naziri” David Babayan və general Levon Mnasakanyan, oktyab­rın 3-də saxlanılmış “prezidentlər” Ar­kadi Qukasyan, Bako Saakyan, Arayik Arutyunyan, eləcə də “parlament sədri” David İşxanyandır. Hələlik onların üzə­rində məhkəmə prosesi başlamayıb. An­caq sentyabrın əvvəlində Rusiyada Şərq İqtisadi Forumunda iştirak edən baş pro­kuror Kamran Əliyev “Nyus.ru”ya mü­sahibəsində bildirmişdir ki, Azərbayca­nın Qarabağ bölgəsinin və digər suveren ərazilərinin Ermənistanın hərbi təcavüzü nəticəsində işğalından sonra yaradılmış qondarma qurumun separatçı rəhbərlə­rinin barəsində olan cinayət işlərinin is­tintaqı başa çatıb. Baş prokuror cinayət işi materiallarının baxılması üçün yaxın vaxtlarda məhkəməyə göndəriləcəyini de­mişdir. K.Əliyev onu da qeyd etmişdir ki, saxlanılan şəxslərin ölkədaxili qanunlar və beynəlxalq konvensiyaların tələblərinə uyğun bütün hüquqları təmin olunub, on­lara vəkil və tərcüməçilər ayrılıb.

Saxlanılan şəxslər konkret cinayət əməlləri törətməkdə ittiham olunurlar. Dünyanın hər yerində bu cür cinayətlər­də ittiham olunan şəxslər üçün ağır cə­zalar nəzərdə tutulub. Əlbəttə, hadisələri qabaqlamaq, onlarla bağlı hansı hökmün veriləcəyinə dair fikir yürütmək doğru ol­mazdı. Amma qeyd etdiyimiz kimi, keçmiş separatçı “rəhbərlərin” saxlanılması tam təbiidir. Buna baxmayaraq, separatçıların saxlanılması məsələsi son vaxtlar ölkə­mizə qarşı təzyiqin yeni elementinə çev­rilib. Qərbdəki ermənipərəst dairələrin bu istiqamətdəki təzyiqinin, necə deyərlər, dozası hər gün bir qədər də artır. Məsələn, Fransanın “Le Figaro” qəzeti bu prosesə “öz töhfəsini” verib. Qəzetdə dərc edilən geniş məqalədə Qarabağ hərbi yolla “ələ keçirilən erməni anklavı” adlandırılıb. Onun separatçı başçılarının Bakıda qanun­suz olaraq saxlanıldığı iddia edilib. Yazı­da saxlanılan şəxslərin ümumi sayının 23 nəfər olduğu bildirilib. Güman etmək olar ki, “Le Figaro” siyahıya müxtəlif vaxtlar­da, o cümlədən Birinci Qarabağ müharibəsi dövründə ölkəmizə qarşı cinayətlər törət­miş şəxsləri də daxil edib. Qəzet qeyd edib ki, saxlanılan şəxslərin azad olmaq şansları getdikcə azalır: “Ruben Vardanyan, şübhə­siz ki, onların arasında ən məşhurudur və tez-tez medianın diqqət mərkəzində olur. 2024-cü il Nobel sülh mükafatına namizəd olan (?) milyarder xüsusilə mükafat təsis edən Avrora Fondu ilə tanınır. “Xeyriyyə­çi” və dörd uşaq atası 2020-ci il mühari­bəsindən sonra regionda məskunlaşmaq və erməni əhalisinə kömək etmək üçün Rusi­yanı tərk etmək qərarına gəlib”.

Bununla belə, onların Beynəlxalq Qır­mızı Xaç Komitəsinin vasitəsilə vəkilləri və ailələri ilə əlaqə saxladıqları, məktub göndərə və ala bildikləri vurğulanıb. Hətta, qatı ermənipərəst “Le Figaro” da R.Var­danyanın oğlu Davidlə telefon əlaqəsi sax­ladığını, bir neçə dəfə məktub aldıqlarını, atasının “hər şey qaydasındadır” yazdığını bildirib.

Yazıda Ermənistan hökumətinin bu məsələ ilə bağlı mövqeyi də tənqid olu­nub: “Bütün diqqət İrəvana yönəlib. Çünki Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə sülh sazişi üzrə danışıqlar aparır. Ermə­nistan hökuməti “BBC” rus xidmətinin sualına cavab olaraq əmin edib ki, “erməni hərbi əsirlərin, mülki şəxslərin və liderlə­rin” qaytarılması prioritetdir və hər zaman Ermənistan xarici işlər nazirliyinin diqqət mərkəzindədir. Amma təsir imkanları zəif­dir. 2023-cü il dekabrın 7-də saxlanılan şəxslərin qarşılıqlı mübadiləsi zamanı Er­mənistan sonuncu hərbi əsirləri azad edib. Öz növbəsində, Ruben Vardanyanın vəkili Cared Qenser İrəvanın səylərinin tamamilə uğursuzluğuna təəssüflənir və danışıqlarda saxlanılan şəxslərin adlarının heç çəkilmə­diyini təsdiqləyir”.

Qondarma rejim ləğv edilsə də, özünü onun Fransadakı nümayəndəsi kimi təq­dim edən Ovanes Gevorkyan “Le Figaro”­ya bildirib ki, Ermənistanda dövlət səviy­yəsində heç kim həqiqətən bu problemin həllində iştirak etmir.

Ermənistanda siyasi gündəmi fəal şə­kildə izləyən şəxs kimi qeyd edə bilərik ki, separatçı “qlavar”larla bağlı məsələ Ermənistan hakimiyyətinin heç yadına da düşmür. N.Paşinyan özü də daxil olmaq­la hökumətin heç bir üzvü bu məsələni qaldırmır. Sonuncu dəfə avqustun 31-də keçirdiyi mətbuat konfransında Paşinyan bildirmişdir ki, Ermənistan hakimiyyəti R.Vardanyanı Ermənistana və Qarabağa kimin hansı məqsədlə və hansı təminatla göndərdiyini anlamaq istəyir: “Necə oldu ki, Ruben Vardanyan Rusiya vətəndaşlı­ğından imtina etdi? Bu addımı atmağı ona kim məsləhət görüb və ya göstəriş verib? Onu o mənada kim Ermənistana göndə­rib, kim onu Qarabağa hansı məqsədlə, hansı zəmanətlə, hansı təminatla, hansı vədlərlə göndərib? Axırda da kimsə dedi: “Bilirsən nədir, biz, əslində, onun kim ol­duğunu bilmirik, çünki o, başqa ölkənin vətəndaşıdır”. Bu suallara cavab istəyirik. Bizim üzləşdiyimiz həqiqətən ciddi prob­lemdir”.

N.Paşinyanın son aylarda R.Vardan­yanla bağlı səsləndirdiyi yeganə fikirlər bundan ibarətdir. Digər separatçı şəxslərlə bağlı isə Hayastan baş naziri başqa fikir bil­dirməyib. Zənnimizcə, bu, doğru addımdır. Ölkəmizə qarşı cinayət törətmiş şəxslərin qanun çərçivəsində cəzalandırılması başqa cür şərh və ya təfsir oluna bilməz.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu da bu fikirdədir ki, Ermənistan hökumətini və baş nazirini ölkəmizdə həbsdə olan sepa­ratçıların taleyi zərrə qədər də maraqlan­dırmır. İrəvanda onların adları çəkilmir, əksinə Ermənistan paytaxtına qaçan sepa­ratçılar müxtəlif cinayətlərdə, o cümlədən dövlət çevrilişinə cəhddə və maliyyə ci­nayətlərində ittiham olunurlar. Onun söz­lərinə görə, Hayastanda yerli ermənilərlə Qarabağ erməniləri arasında əvvəllər də ciddi ixtilaflar olub. Paşinyan son çıxışları­nın birində Qarabağdakı separatçıları “kle­rikal feodal tör-töküntülər” adlandırmışdı: “Radikal müxalifətin nümayəndələri isə hesab edirlər ki, Paşinyan qəsdən ölkədə Qarabağ ermənilərinə qarşı nifrətin art­masında maraqlıdır. Bu da səbəbsiz deyil. Çünki radikal müxalifətin mitinqlərinə və küçə yürüşlərinə qatılanların əksəriyyəti Qarabağdan gəlmələrdir. Məsələn, tarixin arxivinə atılmış separatçı rejimin sabiq “dövlət naziri” Ruben Vardanyan hansısa yolla Ermənistana keçə bilsəydi, o da bu gün Bakı əvəzinə İrəvandakı həbsxanada saxlanılacaqdı. İrəvanda Paşinyana qarşı hərəkata keşiş Baqrat Qalstanyan deyil, bö­yük ehtimalla Vardanyan başçılıq edəcək­di. Görəsən, bu halda xaricdəki mərkəzlər Vardanyanı azad etmək üçün qərbpərəst Paşinyana təzyiq edəcəkdilərmi?”

E.Şahinoğlu bu fikirdədir ki, xaricdə­ki mərkəzlər saxlanılan şəxslərdən “si­yasi məhbus” obrazı yaratmaq istəyirlər. Buna görə də Qərb mediasında sifarişli məqalələrin yazılmasını, verilişlərin ha­zırlanmasını təşkil edirlər. Rubenin ailə üzvləri, o cümlədən müxtəlif ölkələrdəki dostları açıqlamalar yayır, jurnalistlərə mütəmadi müsahibələr verirlər. Bu yolla BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində Azər­baycana beynəlxalq təzyiqin artırılmasına çalışırlar.

Onu da qeyd edək ki, saxlanılan şəxs­lərin digər cinayətlərini bir kənara qoyaq, elə təkcə separatçı əməllərlə məşğul olmaq dünyanın hər yerində, o cümlədən Avro­pada da cinayət məsuliyyətinə səbəb olur. İstənilən ölkədə separatçıların üzərində məhkəmə qurulur.

Elə Fransanın cənubunda yerləşən İs­paniyadan ayrılmaq üçün Kataloniya se­paratçılarının 2017-ci il oktyabrın 1-də re­ferendum keçirməsi rəsmi Madridin ciddi etirazına səbəb olmuşdu. Referendumda iştirak edənlərin 90 faizinin bölgənin İspa­niyadan ayrılmasının lehinə olmasına bax­mayaraq, ispan polisi seçki məntəqələrində seçicilərə qarşı kobud güc tətbiq etməklə Kataloniyada səsvermənin qarşısını alma­ğa cəhd göstərmişdir. Həmin il oktyabrın 27-də regional parlamentdə Kataloniyanın müstəqilliyi elan edilmişdir. Buna cavab olaraq İspaniyanın mərkəzi hakimiyyət orqanları ölkə konstitusiyasının 155-ci maddəsinə uyğun olaraq, Kataloniyada muxtariyyətin ləğv edildiyini və birbaşa idarəetmənin tətbiq olunduğunu bildir­mişdilər. Noyabrın 3-də isə İspaniya haki­miyyəti Kataloniya hökumətinin 8 üzvünü həbs etmiş, ertəsi gün isə məhkəmə Kata­loniya bölgəsinin rəhbəri Karles Puçdemo­nun həbsi ilə bağlı order vermişdir. Puç­demon həmin vaxtdan etibarən Belçikaya sığınıb. Avropa Parlamentinin deputatı ol­ması onun həbsinə imkan vermir.

Göründüyü kimi, separatçılıq hər yer­də cəzalandırılır. Azərbaycanda da bu cür əməllərə yol verənlərin cəzalandırılmaları təbii qarşılanmalıdır. Güman etmək olar ki, məhkəmə prosesi zamanı onların törət­dikləri digər cinayətlər də aşkara çıxacaq. “Le Figaro” kimi media vasitələri isə bu cür cılız siyasi addımlarla heç nəyə nail ola bilməyəcəklər. Onların ölkəmizin imicini, nüfuzunu ləkələməyə çalışmaları fayda verməyəcək. Çünki dünya dövlətləri nəyin baş verdiyinin fərqindədirlər...

Səxavət HƏMİD
XQ





Siyasət