Ölkəmiz elektron hökumətə keçiddə öncül mövqedədir

post-img

Azərbaycan BTM reytinqində ən yüksək göstəricisi olan dövlətlər qrupuna daxil olub 

“Elektron hökumət” informasiya texnologiyalarından istifadə eməklə dövlət qurumları tərəfindən vətəndaşlara, hüquqi və fiziki şəxslərə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə informasiya və e-xidmətlərin göstərilməsinə imkan yaradır. İnkişaf etmiş ölkələrdə demokratiyanı daha da inkişaf etdirən amillərdən biri hesab olunan bu platformanın tətbiqi istiqamətində ölkəmizdə də mühüm işlər görülür. 

Məlumat üçün bildiririk ki, “Elektron hökumət” müasir informasiya texnologi­yalarından istifadə etməklə dövlət qurum­ları tərəfindən Azərbaycan Respublikası­nın ərazisində yaşayan bütün vətəndaşlara, hüquqi və fiziki şəxslərə, xarici vətəndaş­lara və vətəndaşlığı olmayan şəxslərə in­formasiya və e-xidmətlərin göstərilməsinə şərait yaradır. Bu istiqamətdə yaradılan imkanların əsas məqsədi isə sosial xidmət təminatında dövlət qulluqçuları və vətən­daşlar arasında olan “məsafəni” azaltmaq, həmçinin bu münasibətləri sadələşdirmək və şəffaflaşdırmaqdır.

Bugünlərdə Azərbaycan nüfuzlu bey­nəlxalq reytinqdə bu sahədə tarixi göstə­riciyə nail olub. Belə ki, BMT-nin Elek-tron Hökumətin İnkişaf İndeksi (EGDI) üzrə sentyabrın 17-də keçirilmiş mətbuat konf­ransı zamanı Azərbaycanın rəqəmsal hö­kumətin inkişafı istiqamətində mühüm irə­liləyiş əldə etdiyi açıqlanıb. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən bildirilib ki, beynəlxalq hesabatda ölkəmiz 2022-ciillə müqayisədə bu il 9 pillə irəliləyərək 193 ölkə arasında 74-cü yerə yüksəlib.

Reytinqin yekun göstəricisində Azər­baycan 1 ballıq şkala üzrə 0.7607 bal toplayaraq tarixi göstəriciyə nail olub. Bununla da Azərbaycan ilk dəfə indeksin ən yüksək kateqoriyası hesab edilən “Very High EGDI” ölkələrin sırasına daxil olub.

Qeyd edək ki, BMT-nin Elektron Hö­kumətin İnkişaf İndeksi hər iki ildən bir açıqlanır. Hesabata ölkələrin rəqəmsal hökumətin inkişafı üzrə göstəriciləri daxil­dir. Bu il açıqlanan hesabatda yer alan göstəricilər isə 2023-cü ilin may ayına qə­dər olan vəziyyəti əks etdirir.

Agentliyin məlumatında bildirilib ki, Azərbaycan indeksin qiymətləndirmə me­yarlarını əks etdirən onlayn dövlət xidmət­ləri və telekommunikasiya istiqamətlərinin hər biri üzrə irəliləyişə nail olub. Hesa­batda, həmçinin qeyd edilib ki, ölkəmizin onlayn dövlət xidmətləri və telekommuni­kasiya infrastrukturu üzrə göstəricilərinin hər birində 21 faiz olmaqla artım qeydə alınıb. Azərbaycan ötən illərlə müqayisə­də ilk dəfə olaraq Elektron İştirakçılıq İn­deksində əhəmiyyətli irəliləyiş əldə edib. Bu indeks üzrə artım 28 faiz təşkil edib və ölkəmizin indeksdə 98-ci yerdən 88-ci yerə yüksəlməsini təmin edib.

Reytinqdə Azərbaycanın mövqeyi­nin güclənməsinə, xüsusilə son iki ildə Rəqəmsal İnkişaf Strategiyası istiqamətin­də görülən işlər, o cümlədən müvafiq döv­lət qurumlarının koordinasiyalı fəaliyyəti, beynəlxalq ekspertlərlə təcrübə mübadiləsi nəticəsində ərsəyə gələn müxtəlif rəqəmsal hökumət həlləri, ölkə miqyasında həyata keçirilən “Onlayn Azərbaycan” layihəsi kimi təşəbbüslər ciddi töhfəsini verib.

BMT-nin Elektron Hökumətin İnki­şaf İndeksinin İqtisadi və Sosial Əlaqələr Departamentinin Rəqəmsal Hökumət böl­məsinin rəhbəri Vinçenzo Aquaro Azər­baycanın Mərkəzi Asiyada regionun göstə­ricilərini yüksəldən ölkələr qrupuna daxil olduğunu vurğulayıb. Qurumun hesabatın­da dəqiq göstəricilərin ətraflı qeyd olundu­ğunu diqqətə çatdıran bölmə rəhbəri ölkə­mizdə rəqəmsal inkişaf baxımından güclü irəliləyişin olduğunu bildirib: “Həqiqətən də Azərbaycan regionun ümumi göstəri­cilərinin yaxşılaşdırılması, o cümlədən milli inkişaf baxımından çox böyük töhfə verən ölkələrdən biridir. Azərbaycan bu sahədə mükəmməl iş görən ölkələrdəndir”.

Yeri gəlmişkən, ölkəmizdə “Elektron hökumət”in formalaşdırılması beynəlxalq təcrübəyə əsaslanır. Ölkə Prezidentinin “Azərbaycan Respublikasında rabitə və in­formasiya texnologiyalarının inkişafı üzrə 2010–2012-ci illər üçün Dövlət Proqramı­nın (“Elektron Azərbaycan)” təsdiq edil­məsi haqqında sərəncamı, “Dövlət orqan­larının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli fərmanı və digər normativ hüquqi aktlarla onun fəaliyyəti üçün hüquqi baza yaradılıb.

Dövlət başçısının 14 mart 2018-ci il tarixli “Elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid ilə bağlı təd­birlər haqqında” fərmanına əsasən, Azər­baycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasi­yalar üzrə Dövlət Agentliyinin tabeliyində “Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxs yaradılıb. Qurum bu sahədə görülən işlərin əlaqələndiricisi ola­raq “Elektron hökumət”in formalaşması üzrə digər dövlət orqanları ilə birgə müva­fiq infrastrukturun yaradılması üzrə fəaliy­yət həyata keçirir. 

Bir neçə gün bundan əvvəl isə Azər­baycanda yenilənmiş “mygov” rəqəmsal hökumət platformasının təqdimatı keçi­rilib. Rəqəmsal inkişaf və nəqliyyat nazi­rinin müavini Samir Məmmədov bildirib ki, yeni rəqəmsal hökumət platforması vətəndaşlara öz məlumatlarını idarə et­mək imkanı yaradır. Onun sözlərinə görə, vətəndaşlar bir neçə kliklə öz şəxsi məlu­matlarına daxil ola və yeniləyə, vacib bil­dirişləri izləyə və həyat hadisələri ilə bağlı bəzi prosesləri avtomatlaşdıra bilərlər. Nazir müavini, həmçinin deyib ki, 2026-cı ilin sonuna kimi ölkədə 1 milyon vətənda­şın rəqəmsal şəxsiyyət vəsiqələrindən isti­fadəsi nəzərdə tutulur. 

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyətinin sədr müavini Şahin Əliyev isə “mygov” platformasına dair sual-cavab sessiyasında bildirib ki, gələcəkdə Azərbaycanda bütün rəqəm­sal dövlət xidmətləri “mygov” üzərindən təqdim ediləcək. Buna isə zaman lazım olduğunu vurğulayan Ş.Əliyevin sözlərinə görə, hazırda müxtəlif dövlət qurumları ilə xidmətlərin daha əlçatan və rahat formada “mygov” üzərindən təqdim edilməsi ilə bağlı işlər görülür.

İqtisadiyyat