Keçən il bu ölkə ilə ticarətin həcmi 15,7 milyard dollara çatıb
Azərbaycan–İtaliya əlaqələri çox möhkəm təməl üzərində qurulub. İki ölkənin münasibətləri ötən dövr ərzində uğurla inkişaf edərək strateji əməkdaşlıq və tərəfdaşlıq səviyyəsinə yüksəlib. Şübhəsiz ki, bu dövlətlər arasında ali və yüksək səviyyəli səfərlər də əməkdaşlığın möhkəmlənməsində önəmli rol oynayıb.
İki ölkənin enerji sahəsində əməkdaşlığında da ötən illər ərzində mühüm uğurlar əldə edilib. Belə ki, 1995-ci il noyabrın 10-da Azərbaycan Dövlət Neft Şirkəti və İtaliyanın ENİ/Agip şirkətinin də daxil olduğu beynəlxalq konsorsium arasında Xəzər dənizinin Azərbaycan sektorundakı “Qarabağ” perspektiv strukturunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə, 1996-cı ilin iyunun 4-də Xəzər dənizinin Azərbaycan sektorundakı “Şah Dəniz” perspektiv strukturunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə, 1998-ci ilin iyunun 2-də isə Xəzər dənizinin Azərbaycan sektorundakı “Kürdaşı” dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə dair sazişlər imzalanıb.
İtaliya Azərbaycandan xam neft və neft məhsullarının ixracında ən iri ticarət tərəfdaşına çevrilib. Cənub Qaz Dəhlizi (CQD) və onun tərkib hissəsi olan Trans-Adriatik qaz boru kəməri (TAP) ikitərəfli enerji əməkdaşlığını və İtaliyanın enerji təhlükəsizliyini möhkəmləndirən vacib amildir. CQD Gürcüstan, Türkiyə, Yunanıstan və Albaniyadan keçərək Azərbaycan qazını İtaliyanın Brindisi sənaye limanındakı son təyinat nöqtəsinə çatdırır. CQD-nin son hissəsi – TAP Azərbaycandan ilk dəfə olaraq təbii qazı İtaliyaya daşıyır.
Ötən illər arasında Azərbaycanın əsas ticarət tərəfdaşları arasında İtaliya xüsusi yer tutub. Belə ki, keçən il ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 15 milyard 685 milyon ABŞ dolları təşkil edib. Dövlət Gömrük Komitəsinin məlumatına görə, il ərzində Azərbaycandan İtaliyaya 15 milyard 208 milyon dollar dəyərində məhsul ixrac olunub. Yeri gəlmişkən, 2023-cü ildə Azərbaycandan İtaliyaya 40 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları göndərilib. İl ərzində İtaliyadan isə ölkəmizə 477 milyon 903 min dollar dəyərində məhsul idxal edilib.
Ölkələrimiz arasında qarşılıqlı ticarət əməliyyatları 2024-cü ilin əvvəlindən də davam etdirilib. Belə ki, cari ilin yanvar–may aylarında Azərbaycanla İtaliya arasında ticarət əməliyyatlarının həcmi 4 milyard 409 milyon 619 min ABŞ dolları təşkil edib ki, bu da ölkəmizin ümumi ticarət dövriyyəsinin 23,91 faizi həcmində olub. Hesabat dövründə Azərbaycan İtaliyaya 4 milyard 228 milyon 930 min ABŞ dolları dəyərində məhsul ixrac edib. Bu isə Azərbaycanın ümumi məhsul ixracının 37,97 faizi deməkdir. Eyni zamanda, yanvar–may aylarında ölkəmiz İtaliyadan 180 milyon 689 min ABŞ dolları həcmində müxtəlif məhsullar idxal edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 1,3 faiz çoxdur.
İtaliyanın da Cənubi Qafqaz ölkələri arasında əsas ticarət tərəfdaşı Azərbaycandır. Bu ölkənin Cənubi Qafqaz ölkələri ilə ticarət dövriyyəsinin 85 faizini Azərbaycan ilə ticarət təşkil edir. 2023-cü ildə İtaliya Respublikasının Azərbaycan Respublikasının xarici ticarət dövriyyəsindəki payı 30,65 faiz (1-ci yer), o cümlədən idxalda 2,76 faiz (7-ci yer), ixracda isə 44,86 faiz (1-ci yer) təşkil edib.
2024-cü ilin yanvar–iyul aylarında isə ticarət dövriyyəsinin həcmi 6,2 milyard ABŞ dolları, o cümlədən idxalın həcmi 0,3 milyard ABŞ dolları, ixracın həcmi 5,9 milyard ABŞ dolları təşkil edib.
İtaliya işgüzar dairələri, həmçinin Azərbaycanda böyük məbləğdə sərmayələr qoyur, həyata keçirilən bir sıra beynəlxalq əhəmiyyətli layihələrdə iştirak edirlər. Təkcə onu demək kifayətdir ki, Azərbaycanda 100-dən çox İtaliya investisiyalı kommersiya qurumu sənaye, kənd təsərrüfatı, nəqliyyat, tikinti, ticarət, xidmət və digər sahələrdə fəaliyyət göstərir.
İtaliya, eyni zamanda, Azərbaycanın Avropa məkanında ən böyük enerji tərəfdaşıdır. Uzun illərdir ki, ölkəmizin neft ixrac etdiyi ölkələrin siyahısında birincilik məhz İtaliyaya məxsusdur. Bu tendensiya cari ilin ilk yarısında da davam edib. Belə ki, hesabat dövründə Azərbaycan 20 ölkəyə, ümumilikdə, 7 milyard dollar dəyərində 11,1 milyon ton neft ixrac edib ki, bu siyahıda İtaliya yenə birinci olub. Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, cari ilin yanvar–iyun aylarında bu ölkəyə 2,7 milyard dollar dəyərində 4,3 milyon ton “qara qızıl” göndərilib.
Hazırda İtaliya Avropa məkanında Azərbaycan qazını idxal edən lider ölkədir. Təkcə onu qeyd etmək kifayətdir ki, Azərbaycan bu ölkənin qazla təchizatında ilk üçlükdə qərarlaşıb ki, bu da enerji sahəsində uğurlu əməkdaşlığı təsdiq edən mühüm məqam kimi diqqət çəkir. Müqayisə üçün qeyd edək ki, indiyə kimi Avropaya tədarük edilmiş 37,9 milyard kubmetr qazın 30 milyard kubmetrdən çoxu məhz İtaliyanın payına düşür. Cari ilin yanvar–may aylarında Azərbaycandan bu ölkəyə 4 milyard 129,5 milyon kubmetr “mavi yanacaq” ixrac olunub. Ümumilikdə isə, bu il Azərbaycandan İtaliyaya 9,6 milyard kubmetr qaz tədarükü proqnozlaşdırılır.
İtaliya şirkətlərinin Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrinə, o cümlədən işğaldan azad edilmiş ərazilərdə yenidənqurma layihələrinə cəlb olunması möhkəm iqtisadi əlaqələrin göstəricisidir və bu tərəfdaşlığın daha da genişləndirilməsi üçün potensial imkanlar mövcuddur. Xüsusilə, kənd təsərrüfatı, aqrar maşınqayırma, irriqasiya sahələrində İtaliyanın qabaqcıl təcrübəsinin öyrənilməsi və bu istiqamətdə tərəfdaşlıq əlaqələrinin inkişaf etdirilməsi mühüm əhəmiyyət daşıyır.