Qarabağın su qaynaqları bol enerji mənbəyidir

post-img

Azad torpaqlarda 32 SES işə salınıb, 39-u isə qurulacaq

İşğaldan azad olunmuş ərazilərin “yaşıl” enerji zonasına çevrilməsi ilə bağlı Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq “Azərenerji” ASC Qarabağ və Şərqi Zəngəzurda bu günə qədər ümumi gücü 270 meqavat təşkil edən 32 su elekt­rik stansiyası tikib və yenidən qurub. Bu barədə “Azərenerji” ASC-dən məlumat verilib. 

Məlumatda bildirilib: “Bu il sentyabrın 2-də Qarabağ işğaldan azad olunandan sonra bölgədə istifadəyə verilən ən böyük su elektrik stansiya­sının açılışı olub. 40 meqavat gücündə olan “Yuxarı Vəng” SES Kəlbəcər silsiləsinə aiddir və “yaşıl” enerji zonasına daxildir. Stansiya tikilərkən flora və faunanın, eyni zamanda, digər normativlərin qorunmasına tam ri­ayət olunub. Obyektdə Avropa istehsalı olan ekoturbinlər quraşdırılıb. Bu stansiya təkcə Kəlbəcərə deyil, ətraf rayonlara da elektrik enerjisi ötürmək gücündədir”.

Xatırladaq ki, “Yuxarı Vəng” SES Kəlbəcəri 5 il elektrik enerjisi ilə təmin etmək imkanındadır. Stansiyanın istifadəyə verilməsi “Yaşıl dün­ya naminə həmrəylik ili” və COP29 üçün xüsusi əhəmiyyətə malikdir. Ümumulikdə, Qarabağ və Şərqi Zəngəzurun su elektrik enerjisi potensialı 500 meqavata qədər qiymətləndirilir. Bu da gələcəkdə ərazidə daha 39 su elektrik stansiyasının tikintisi ehtimalını artırır.

İqtisadiyyat