Erməni millətçilərinin Azərbaycan xalqına qarşı təcavüzünün və soyqırımı siyasətinin iki yüz ildən çox tarixi var. Bu müddətdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə məruz qalmışdır. Məqsəd tarixii Azərbaycan torpaqlarının böyük bir qismini ələ keçirmək və həmin ərazilərdə “böyük Ermənistan” dövləti yaratmaq idi.
Ermənilər tərəfindən azərbaycanlılara qarşı milli qırğın 1905-ci il fevral ayının ilk ongünlüyündən Bakıdan başlamış və tezliklə Azərbaycanın digər bölgələrinə, o cümlədən Naxçıvana da yayılmışdı. 1905-ciil hadisələrinin şahidi olan M.S.Ordubadi “Qanlı illər” adlı əsərində münaqişənin ortaya çıxmasının səbəblərini erməni daşnaksütyun komitəsinin müstəbid idarə üsulunu təşkil etməsi, məhəlli hökumət məmurlarının etinasızlığı, çar üsul-idarəsinin ikili oyunu, müsəlman əhalinin elmsizliyi, baş verən siyasi hadisələrdən bixəbər olması və ermənilərin avtonomiya – idarə muxtariyyəti həvəsində olmaları ilə izah edir.
Ermənilərin türkə olan nifrət psixologiyası 1905-1907-ci illərlə məhdudlaşmamış, 1918-ci ildə də davam etmişdir. Həmin ilin mart soyqırımı olaraq tarixə keçən 1918-ci il hadisələri paytaxt Bakı ilə bərabər, Azərbaycanın bütün bölgələrində – Şamaxıda, Qubada, Gəncədə, Lənkəranda, Qarabağda, o cümlədən Naxçıvanda ağır nəticələri ilə yadda qalmışdır. Həmin dövrdə Azərbaycan Xalq Cümhuriyyəti rəhbərliyi müəyyən səbəblərdən və çətinliklərdən Naxçıvana lazımi dəstək verə bilməmiş, nəticədə ermənilər tərəfindən törədilən cinayətlər Naxçıvandan da yan keçməmişdir.
Bu illərdə Azərbaycandan ayrı düşmüş Naxçıvana yiyələnmək üçün daşnaklar yerli əhaliyə qarşı vəhşiliklər törədir, onları öldürür, yaşayış məntəqələrini yandırır və ərazini azərbaycanlılardan boşaltmağa çalışırdılar. 1918-ci ildə Naxçıvanda ən dəhşətli vəhşiliklər törədənlər içərisində Andranik Ozanyan, Dro, Njde, Doluxanov, Yapon və digər cəlladların başçılıq etdikləri dəstələr böyük rol oynamışlar.
Həmin dövrdə Naxçıvanda fəaliyyət göstərmiş Müsəlman Milli Komitəsinin katibi işləmiş Mirzə Bağır Əliyev hadisələrin, erməni vəhşiliklərinin bilavasitə şahidi olmuş və onları qələmə almışdır. Onun “Qanlı günlərimiz” əsərindən aydın olur ki, 1918-1921-ci illərdə Naxçıvanda ermənilər tərəfindən 74 min azərbaycanlı ən vəhşi üsullarla öldürülmüşdür. Naxçıvanda o zaman ilk soyqırımı Culfa rayonunun Yaycı kəndində törədilmişdir. Erməni qaniçənlər Araz çayı sahilindəki 4 minə yaxın əhalisi olan Yaycı kəndini yerlə yeksan etmiş, kənd sakinlərinin 2500-ə qədərini qətlə yetirmiş və Araz çayına tökmüşdü. Cəsədlərin sayı o qədər çox olmuşdu ki, böyük bir qəbiristanlıq yaranmışdı. O vaxtdan bu, Yaycı qəbiristanlığı olaraq tarixə düşmüşdür.
Culfa rayonunun Yaycı kəndindən olan yazıcı-jurnalist Fərəc Fərəcov 2002-ci ildə nəşr etdirdiyi “Yaycı soyqırımı” kitabında kəndin yaşlı sakinlərindən aldığı müsahibələrdə törədilən erməni vəhşiliklərini bütün çılpaqlığı ilə ortaya qoyur. Həmin kitabdan bəzi acı xatirələri oxucularımızın da diqqətinə çatdırırıq:
Yaycı kənd sakini Zəhra İsmayılovanın (dünyasını dəyişib) dediklərindən: – O Andranik məlun bizim ailəyə də sağalmaz yaralar vurmuşdur. Anamgil altı bacı idilər: Fatma, Leyla, Züleyxa, Səmənnaz, Zəhra və anam Həlimə. Onlardan təkcə salamat qalanı anam olmuşdur. Qalan beş bacısını, yəni mənim xalalarımın beşini də ermənilər uşaqları, körpələri ilə birlikdə qəddarlıqla öldürmüşlər. Züleyxa xalamın təkcə bir övladı təsadüfən sağ qalmışdı. Adı Abbas idi. Erməni qulduru onu qamçı ilə vurub öldürülmüş anasının yanına sərmişdir. Hər ikisini ölmüş bilmişlər. Lakin xoşbəxtlikdən uşaq sağ qalmışdır.
Haşiyə: Həmin uşaq yaşamış və şərəfli bir ömür yolu keçmişdir. O, mayor rütbəsinə yüksəlmiş, hərbi təyyarəçi olmuşdur. 1941–1945-ci illərin qanlı müharibəsində Abbas Muradov əsl döyüş qəhrəmanlığı göstərmişdir. Sinəsini orden və medallar bəzəyən Abbas Muradov təqaüddə olduğu illəri doğma Yaycıda yaşamış, burada vəfat etmişdir.
“Min evli” adlandırılan bu kənddə soyqırımı zamanı elə bir ailə olmamışdır ki, faciənin qurbanına çevrilməsin. Hər ailənin bir, iki və daha çox üzvü erməni qaniçənlərindən canlarını qurtara bilməmişlər. Onlarla ailə bütün üzvləri ilə birlikdə evlərində qətlə yetirilmişdir. Yasəmən adlı qadının qolunu kəsmişdilər. O, son illərdə dünyasını dəyişmişdir. Oğlu Əbülfəz Süleymanovla (o da dünyasını dəyişib) anası və onun başına gələn müsibətlər barədə ətraflı söhbətimiz olmuşdur. Ə.Süleymanovun söylədiklərindən:
– Anamın sağ qolunu ermənilər güllə ilə vurmuşdular. Başqa bir erməni isə ona yaxınlaşıb güllə dəyən qolunu qamçı ilə vurub yerə salır. Kini, qəzəbi soyumayan erməni qolsuz qalmış anamın kürəyinə də qamçı çəkir. Qan içində olan anam yerə yıxılır. Onu ölmüş bilirlər. Bir müddət Araz qırağında ölülərin içində qaldıqdan sonra sağ olduğunu görüb İrana keçirirlər. Mən gözümü açandan anamı həmişə xəstə və qəmgin görərdim. Bunun səbəbini ondan soruşdum. Anam mənə hər şeyi ətraflı danışdı. Anamgil 8 bacı idilər. Onların altısını ermənilər eyni vaxtda qılıncdan keçirmişdilər. Sona adlı bacısını isə qohumlarımızdan biri İran tərəfə apara bilmişdir. Sonralar o, Naxçıvanda ailə həyatı qurub yaşamışdır.
Həmin vaxt Yaycıda bu cür ürəkağrıdıcı hadisələr az olmamışdır. 1918-ci ilin iyun ayında baş vermiş bu qanlı hadisə erməni faşistləri tərəfindən törədilən soyqırımı idi. Kəndin əhalisi yarıbayarı azalmışdı. Ən çox itkilər qadınlar arasında olmuşdu. İtkin düşənlər də vardı. Danışırlar ki, kənddə 7 il xeyir mərasimləri, şənliklər olmamışdır.
Bundan sonra Nehrəm ətrafında rüsvaycasına məğlub edilmiş Andranikin dəstələri geri qaçmağa məcbur olmuşdu. Ordubada doğru irəliləyən Andranik qarşısına çıxan kəndləri dağıda-dağıda bu məsafədə 2 min azərbaycanlını öldürmüşdür. Ordubad ətrafı, Əlincəçay boyu, Şahbuz kəndlərinin əhalisi tərksilah olunmuş, xeyli hissəsi qətlə yetirilmişdir. Həmçinin Sirab, Nursu, Kolanı, Hənzər, Mahmudoba, Əbrəqunus, Qazançı, Paradaş, Xanağa, Bənəniyar, Camaldın, Ərəzin, Kırna kəndlərində də dəhşətli qırğınlar törədilmişdir.
Tarixi sənədlərdə Şərur bölgəsinə bağlı 45 kəndin də erməni komitəçilərinin hücumuna məruz qaldığı və əhalisinin də Araz çayına atılması ilə bağlı məsələlər göstərilir. Müsəlmanlar tərəfindən ələ keçirilən ermənilər Naxçıvanda və onun bütün kəndlərində türklərin qətlə yetiriləcəkləri və hamısının Araz çayına atılacaqlarına dair əmr aldıqlarını etiraf etmişdilər. Erməni dəstələrinə yazılı olaraq göndərilən əmrdə deyilir: “Şərur əhalisini Araz çayına atmaq üçüncü alay komandanlığının əsas vəzifəsidir”.
Digər bir fakt: Andranikin qoşunları Sirab kəndinə istiqamət aldığı vaxt Sirab kəndi ətrafında çoxlu qaçqın toplaşmışdı. Onlar kəndin özündən, habelə uzaq və ətraf kəndlərdən gələnlər idi. 15 mindən artıq erməni quldurlarının silahsız, müdafiəsiz insanların üzərinə hücumu nəticəsində bir gün ərzində 10 mindən artıq günahsız insan qətlə yetirildi. Bu vaxt Duzdağ tərəfdən açılan top səslərini Andranik eşitməsəydi, orada bir nəfər də sağ qalmayacaqdı. Məhz Kazım Qarabəkir paşanın komandanlığı altında döyüşən Qafqaz–Türk ordusu bir günün içərisində Naxçıvana yürüş edib daşnakları geri oturdur və Naxçıvanın yerli özünüidarə hökumətinin qurulmasına yardım edir.
Ümummilli lideri Heydər Əliyev Türk ordusunun bu tarixi xikaskarlığı barədə belə demişdir: “Türk ordusunun, xüsusən də Kazım Qarabəkir paşanın adı Naxçıvanda çox böyük hörmət-ehtiramla yad edilir. Mənim əziz müəllimim Lətif Hüseynov da mənə demişdi: Heydər, əzizim, çalış düşmənlərin qarşısını al, Naxçıvana təcavüzə imkan vermə. Əgər 1918-ci ildə türk ordusu, general Kazım Qarabəkir paşa Naxçıvana gəlməsəydi, hamımızı qıracaqdılar. Bu mənim gözümün qabağında olan hadisədir”.
Bu gün hər birimiz qürur hissi keçiririk ki, 2020-ci ilin sentyabrın 27-də başlayan Vətən müharibəsində ordumuz 44 gün ərzində düşmənə böyük zərbə vuraraq ərazı bütövlüyümüzü təmin etdi. Azərbaycan bu Tarixi Qələbə ilə həm də 200 illik erməni mifini darmadağın edərək ona yerini göstərdi. Məhz bu Qələbə erməni millətçiliyinə, xalqımıza qarşı zaman-zaman aparılmış soyqırımı və deportasiya siyasətini birdəfəlik iflasa uğratdı.
Səbuhi HƏSƏNOV
XQ