Mingəçevirdə ölkənin ən böyük elektrik stansiyası tikilir

post-img

Yeni obyektə İtaliyadan güc qurğuları gətirilib

“AzərEnerji”nin Mingəçevir şəhərində tikdiyi ölkənin ən böyük elektrik stansiyası üçün İtaliyadan gəmi ilə bir dəst turbin və generator da gətiri­lib. Hər birinin çəkisi 300 tondan artıq olan həmin qurğular Bakıda ağır tonnajlı kranlarla xüsusi daşınma qoşqularına yüklənib. 

Yükün hündürlüyü 6 metr olduğundan Mingəçevirə qədər körpülərin altı qazıla­raq keçid açılıb. Ümumi gücü 1880 meqa­vat olan yeni elektrik stansiyasında yerinə qoyulan avadanlıqların dərhal quraşdırıl­masına başlanılıb. Yeni elektrik stansiya­sında 4 ədəd turbin və generator olmalıdır ki, onlardan artıq 3 dəsti gətirilib və son dəst turbin-generator da yaxın vaxtlarda ölkəyə çatdırılacaq. 

Hazırda İtaliyadan gəmi ilə gətirilən sonuncu turbin və generatorun gələn ay Bakıya çatdırılacağı nəzərdə tutulub. Çin­dən yola salınan 8 transformator isə artıq Bakıya çatdırılıb. Bundan başqa util qaza­nın hissələri yüklənən sonuncu gəmi bir neçə günə Poti limanına çatacaq və ava­danlıqlar Mingəçevirə daşınacaq. 

Qeyd edək ki, gücünə görə ölkənin ən böyük elektrik stansiyası olacaq bu enerji obyekti son illərdə sürətlə yaradılan bərpa­olunan enerji mənbələrinin enerjisistemə inteqrasiyasının əks təsirlərinin balans­laşdırılması, enerji istehsalında təbii qaza qənaət edilməsi, iqlim dəyişiklikləri ilə bağlı baş verən kataklizmlərin qarşısının alınması, eləcə də ətraf mühitin qorunması baxımından xüsusi önəm daşıyır.

“AzərEnerji” tərəfindən yeni tikilən stansiyanın şərti yanacaq sərfiyyatı “Azər­baycan” İES-in digər blokları ilə müqa­yisədə hər kilovat–saat üçün 120 qram azalmaqla 225 qram təşkil edəcək ki, bu­nunla da illik 1,2 milyard kubmetr təbii qaza qənaət ediləcək, eyni zamanda ətraf mühitə atılan karbon qazının miqdarı 2 milyon ton azalacaq. 

Sonda xatırladaq ki, BMT-nin iqlim dəyişikliyi ilə bağlı əsas müddəaları ara­sında “yaşıl” enerji səmərəliliyi öndə gəlir. Yeni tikilən stansiyası da bu cəhətdən ol­duqca əhəmiyyətlidir.

İqtisadiyyat