Xalq və dövlət maraqlarının tərcümanı

post-img

Mətbuat böyük qüvvədir. O, tarixi-ictimai mühiti formalaşdırır. Hansı ölkənin tarixi-ictimai, siyasi durumunu bilmək istəyirsənsə, ilk növbədə, həmin ölkənin mətbuatı ilə tanış olmalısan. Bu mənada mətbuat xalq həyatının ensiklopediyası sayıla bilər. Qəzet cəmiyyətin sosial ifliclərini ən çevik müşahidə edən, görən və əks etdirən orqandır. Hər bir ölkənin ictimai fikri, sosial düşüncəsi mətbuat yaranandan sonra intensiv təka­mül edib. Bizdə bu tarix böyük maarifçi Həsən bəy Zərdabinin başında durduğu “Əkinçi”dən başlayır. 

Dünya çapında hər kəsin ana dilində elə söz və ifadələr var ki, onlar qrammatik, leksik və semantik tutumundan daha ge­niş məna daşıyır. Dilimizdə – Azərbaycan türkcəsində bu sözlərə Millət, Vətən, Tanrı, Ana, Dövlət kimi aid oluna bilər. Bəzən biz özümüzə çoxmillətli xalq deyirik. XX əs­rin böyük filosofu Asif Əfəndiyev deyib ki, çoxmillətli xalq ola bilməz, xalq elə millət­dir, çoxmillətli ölkə ola bilər. Azərbaycan çoxmillətli – tolerant ölkədir. 

Yubileyini qeyd etdiyimiz “Xalq qə­zeti” bir əsrdən artıqdır ki, qədim və ulu Azərbaycan xalqının keçmişinə, bu gününə xidmət edir. Tarixin sayılı dönəmlərində “Kommunist” adı ilə çıxsa da, “Xalq qəze­ti”nin bir yolu olub: Xalqdan dövlətə. Bu yol dövləti olan dünyanın bütün xalqları üçün məqbul yoldur. 

“Xalq qəzeti” XX əsr tarixinin bütün dönəmlərində ictimai tərəqqinin yol yol­daşı, milli dövlətçiliyin silahdaşı olub. O, bütün ziddiyyətli, mürəkkəb epoxalarda ic­timai fikri çaşmağa qoymayıb, düzgün yolu göstərib. 

“Xalq qəzeti” elə bir tribunadır ki, 105 ildir xalq bu tribunadan öz milli kimliyini bəyan edir, dərd-sərini, sosial problemlərini açıq-aydın söyləyir. Qəzet xalq məişətinin ən adi qayğılarından tutmuş, ən qlobal mil­li və bəşəri problemlərə qədər hər şeyi əks etdirir. 

Fəqət, “Xalq qəzeti”nin strategiya və taktikasını, əsas konsepsiyasını Azərbay­can dövlətçiliyi, onun tarixi və müasir problemləri, milli dövlət siyasəti təşkil edir. Ölkənin ictimai-siyasi həyatında nə hadisə baş verirsə, “Xalq qəzeti” onu millətin və dövlətin mənafeləri nöqteyi-nəzərindən əks etdirir. Yalnız təsvir etməklə kifayətlənmir, tarixi-fəlsəfi mənasını oxuculara çatdırır. Bu baxımdan dövlətçilik prinsipini rəhbər tutaraq yazılarında kütlənin səviyyəsinə en­mir, kütləni xalqa çevirmək siyasəti yeridir. Kütlədən xalqa, xalqdan millətə – “Xalq qəzeti”nin fəlsəfi qayəsi budur. 

“Xalq qəzeti” dövlətçilik tribunasıdır. Dövlətdə nə baş verirsə xalqa onu aydın, anlaşıqlı dildə çatdırmaq bu qəzetin daim rəhbər tutduğu əsas yoldur. 

Gənc vaxtı ustadım, böyük mütəfək­kir Yaşar Qarayev mənə tövsiyə edirdi ki, “Pravda” qəzetindəki xırda məlumat­ları oxu, ölkənin siyasəti bu məlumatlarda əks olunur, iri yazılara çox da bənd olma! Müqayisə etmirəm. Fəqət deyim ki, “Xalq qəzeti”ndə də bəzən o qədər də diqqəti cəlb etməyən informasiyalarda, əslində, ciddi həqiqətlər ifadə olunur. 

“Xalq qəzeti”nin özünəməxsus mədə­niyyət konsepsiyası var: tarixi-ictimai hə­yatda mədəniyyətin rolunu əks etdirmək! Əvvəlcə türkün Tenqrisi, sonra müsəlmanın Allahı özünün kimliyini göstərmək üçün tə­biəti, insan isə özünün kimliyini əks etdir­mək üçün mədəniyyəti, sənəti yaradıb. Tə­biət Tanrının şah əsəri, mədəniyyət və sənət isə insanın özünə ucaltdığı abidədir. “Xalq qəzeti” mədəniyyəti bu yöndən əks etdirir. Qəzetin mədəni siyasətində Dil faktoru – Ana dilini qorumaq başlıca istiqamət təşkil edir. Mən bir filoloq, tənqidçi kimi mətbu­ata onun dilə münasibətinə görə önəm ve­rirəm. Dilə münasibət – millətə və dövlətə münasibət deməkdir. Dilimiz– türkün dili ən böyük, ən qiymətli milli sərvətimizdir. 

“Xalq qəzeti” bütün tarixi dönəmlərdə ana dilimizin saflığının keşiyində durub. Xüsusilə XX əsrin əvvəllərində Firudin bəy Köçərli, Abdulla Şaiq, Nəriman Nəri­manov, Cəlil Məmmədquluzadə və onun “Molla Nəsrəddin”i ana dili uğrunda mü­barizəni Ana Vətən uğrunda mübarizəyə çevirdikləri vaxt “Xalq qəzeti”ndə bu yolu bu gün – bir sıra mətbuat orqanlarının, te­leproqramların dilimizi şil-küt etdiyi bir vaxt, “Xalq qəzeti” nümunə rolu oynayır. “Xalq qəzeti” xalqla dövlət arasında ün­siyyət və mənəviyyat körpüsüdür. O, 30 il mənfur toplumun işğalı zamanı Prezident, Ali Baş Komandan İlham Əliyevlə birlik­də Qarabağ uğrunda mübarizə apardı, milli qürurumuzu müdafiə etdi, böyük siyasət­çi və mütəfəkkir diplomat cənab İlham Əliyevin mahir diplomatik gedişlərini xalqa çatdırdı. Bu zaman mən də bir ziyalı və vətəndaş kimi “İşğalçı müharibə: qürur və kədər”, “Erməni faşizmi” kimi məqalələr yazaraq bu siyasəti, bu diplomatiyanı, bu qələbəni müdafiə etdim. 

“Xalq qəzeti” “Kommunist” adıyla nəşr olunanda bir partiyanın orqanı funksiyası­nı yerinə yetirirdisə, böyük jurnalist Tofiq Rüstəmovun baş redaktor olduğu müstəqil­liyin ilk illərindən bəri xalqa, onun milli maraqlarına, xüsusən milli dövlətçiliyə xidmət edib. Vətən müharibəsi dövründə – 44 günlük ağır və şərəfli gündə bu qəzet Prezident, Ali Baş Komandan, Ordu və Xalq birliyinə xidmət etmişdir. Onun tarixi rolu bu qüdrətli üçlüyün vəhdətinin iştirakı ilə müəyyən oluna bilər. 

Hər bir qəzetin, xüsusən ölkənin baş qəzetinin vəzifələrindən biri də xalqı ma­arifləndirmək, ölkənin taleyini müəyyən edən olayları vətəndaşlara izah etməkdir. “Xalq qəzeti” bunu yaxşı həyata keçirir. Digər qəzetlər yalan, böhtan, şər məlumat­larla, qarayaxma ilə məşğul olduqları bir dövrdə “Xalq qəzeti” bir növ münsif rolun­da çıxış edir. Bu baxımdan qəzet kəsərli söz sahibidir və o prinsipial mövqeyə malikdir. Bu qəzet elə mühüm əhəmiyyəti olan yazı­lar çap edir ki, oxucuda özünə inam və hör­mət yarada bilir. Əgər bu qəzet cəmiyyətdə olan müəyyən qüsuru tənqid edibsə, oxucu inanır ki, hökmən onun bir nəticəsi olacaq və bu qüsur araşdırılacaq. 

Nəşrə başlamasının 105 illiyi dönəmin­də “Xalq qəzeti”ndə ləyaqətli bir kollektiv çalışır. Xalqçıları yubiley münasibətilə sə­mimiyyətlə təbrik edirəm, fədakar işlərin­də onlara Azərbaycan naminə daha böyük uğurlar arzu edirəm. 

Nizaməddin ŞƏMSİZADƏ, 
Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor





Sosial həyat