Qarabağ Universiteti dünyaya səs salacaq!

post-img

Qarabağda ilk ali təhsil müəssisəsi – Azərbaycan Pedaqoji İnstitutunun filialı 1969-cu ildə qurulub və 1973-cü ildən 1988-ci ilədək ali təhsil müəssisəsi kimi fəaliyyət göstərib. İşğal dövründə isə adıçəkilən təhsil ocağı fəaliyyətini dayandırmalı olur.

Böyük zəfərlə başa çatan Vətən müha­ribəsindən sonra bu ərazilərə qayıdış kon­sepsiyası özünü təhsil sahəsində də göstər­di. 2023-cü ilin sentyabrında keçirilmiş antiterror əməliyyatı nəticəsində Xankəndi şəhərinə nəzarət tam bərpa edildikdən son­ra, Azərbaycan Prezidentinin 28 noyabr 2023-cü il tarixili sərəncamı ilə Qarabağ Universitetinin yaradılması haqqında qərar verildi. Bundan sonra Nazirlər Kabinetinin qərarı ilə universitetin Nizamnaməsi təsdiq olundu. Qarabağ Universitetinin fəaliyyəti­nin təşkili üçün Azərbaycan Prezidentinin ehtiyat fondundan Elm və Təhsil Nazirli­yinə 10 milyon manat ayrıldı. Artıq orada zəruri struktur formalaşıb, maddi-texniki baza yaradılıb, professor-müəllim heyəti komplektləşdirilib.

Sentyabrın 16-da digər ali təhsil ocaq­larında olduğu kimi, Qarabağ Universi­tetində də ilk dərs günü olacaq. Biləsuvar şəhər Mübariz İbrahimov adına lisey-mək­təb kompleksinin məzunu Duyğu Quluzadə “Xalq qəzeti”nə müsahibəsində bu univer­sitetin ilk tələblərindən biri olmasının qüru­runu yaşadığını bildirdi. Universitetin mü­hasibatlıq fakültəsində təhsil almaq imkanı qazanan müsahibimin fikrincə, Qarabağ Universitetində yaradılmış şərait Bakıdakı bəzi universitetlərdən daha yaxşıdır.

Qarabağ Universitetində hüquqşünaslıq ixtisası üzrə təhsil alacaq tələbə Zemfira Nəsirova seçiminə görə qürur hissi keçir­diyini söylədi: “Hər bir vətənpərvər tələbə kimi, mən də Qarabağ Universitetində təh­sil alıb, vətənə layiqli övlad olmaq üçün çalışacağam”.

Yardımlının Bozayran kənd tam orta məktəbinin məzunu Səma Əzimli də Qa­rabağ Universitetinin hüquqşünaslıq ix­tisasına qəbul edilib. O qeyd etdi ki, uğur qazanmağın əsas şərti məsuliyyətli və ça­lışqan olmaqdır: “Məncə, ilk növbədə hə­dəfimizi həmişə yüksək tutmalıyıq. Sistem­li və mütəmadi çalışmaq vacibdir. Qarabağ universitetinin prestijli olacağına şübhə etmirəm”.

Universitetdə pedaqoji, iqtisadiyyat, humanitar və sosial elmlər, mühəndislik, incəsənət, turizm olmaqla 6 fakültə üzrə bakalavriat səviyyəsində tədris həyata keçiriləcək. Burada ilin əvvəlindən dərs demək istəyən müəllimlərin sayı günbəgün artırdı. Çünki peşəkar və həvəsləndirici mühit, rəqabətədavamlı özünüinkişaf şə­raiti pedaqoqları Qarabağ Universitetində işləməyə sövq edirdi. Hələ ixtisas seçi­mi başlamamış bu təhsil ocağını seçmək istəyən tələbələrin səsi ölkəmizin bütün re­gionlarından gəlirdi. Bu universitet region­da ixtisaslı, savadlı kadrların sayının daha da çox olmasına, gələcəkdə həmin ərazilər­də bütün sahələr üzrə mütəxəssislərin yetiş­məsinə zəmin yaradacaq.

…Budur, ixtisas seçiminin nəticələri açıqlananda Qarabağ Universitetini seçən tələbələrin topladığı yüksək ballar göz ox­şamağa başladı. Abituriyentlər xüsusilə bu universitetin güzəşt və imkanlarını dəyər­ləndirərək, buraya üz tutmağa qərar ver­dilər. Qarabağ Universitetinə I-IV ixtisas qrupları üzrə qəbul olunan 980 tələbənin orta qəbul balı 467,6 təşkil etdi. 2024–2025-ci tədris ili üzrə universitetin baka­lavriat səviyyəsinə tələbə qəbulu planı da tam doldu. Bu nəticələr neçə illərdən bəri fəaliyyət göstərən digər Azərbaycan uni­versitetlərinin bir çoxunu geridə qoydu.

Qeyd etmək yerinə düşər ki, bu il başqa universitetə qəbul olub, lakin Qa­rabağ Universitetində oxumaq istəyənlər üçün Sabah qrupları vasitəsilə imkan ya­radılacaq. Universitetin hər bir tələbəsinə kompüter, təqaüd, yüksək bal toplayanlara isə əlavə təqaüd veriləcək. Qarabağ Uni­versitetinin müasir maddi-texniki bazası olan universitet kampusu, yeni məzmunlu təhsil proqramları, peşəkar yerli və əcnəbi professor-müəllim heyəti, beynəlxalq, yerli ikili diplom və mübadilə proqramları, el­mi-tədqiqat və startap layihələri tələbələrin ixtiyarına veriləcək.

2024-cü il mayın 20-dən cənab Prezi­dentin müvafiq sərəncamı ilə Qarabağ Uni­versitetinə rektor təyin edilən Şahin Bayra­mov müsahibələrinin birində qeyd edib ki, burada fərqli akademik məzmun yaratmaq və dünyanın qabaqcıl universitetlərində tətbiq olunan formada nəticələrə əsaslanan tədqiqatlar aparmaq məqsədləri var. Rekto­run səsləndirdiyi fikirlərin işartısını indidən görmək olur…

Rizvan FİKRƏTOĞLU
XQ

Sosial həyat