Özbəkistan paytaxtında “İqtisadiyyatın əsas istiqamətləri – ümumi rifaha doğru addım” adlı sərgi keçirilir. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti sərgidə Azərbaycan məhsulları və ölkədə göstərilən xidmətləri özündə əks etdirən stendi ilə təmsil olunur.
Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri çərçivəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin təşkilatçılığı ilə təşkil olunan sərgidə SOCAR stendi çoxsaylı ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb.
Stenddə SOCAR-ın fəaliyyət istiqamətlərinə, o cümlədən apstrim, midstrim, daunstrim, “yaşıl gündəlik” və insan kapitalı üzrə əldə olunan ən son nailiyyətlərə dair məlumatlar “touch screen” ilə idarə olunan 5 LED monitor vasitəsilə Azərbaycan, rus və ingilis dillərində təqdim edilir.
Burada şirkətin müxtəlif ölkələrdə fəaliyyət göstərən nümayəndəlikləri barədə məlumatlar əldə etmək mümkündür. Səgidə “Şahdəniz Alfa” platforması, oradan boru ilə qazın Gürcüstan vasitəsi ilə Türkiyəyə ötürülməsi və yayılması, eyni zamanda həyata keçirilən fəaliyyətdə insan kapitalının vacibliyi neftçi obrazı ilə 3D effektlərlə təqdim edilir. 3D (LED) fanlarla nümayiş etdirilən “Şahdəniz Bravo” platformasının maketi də sərgi iştirakçılarının dərin marağına səbəb olub.
SOCAR stendində, həmçinin Heydər Əliyev adına Neft Emalı Zavodunda istehsal edilən məhsullar, o cümlədən Aİ 92 və Aİ 95 markalı benzin, neft koksu, kerosin, nafta, bitumen və dizel təqdim olunur.