“Xankəndi” Xəzərdə üzür

post-img

Onun göyərtəsində də bayrağımız dalğalanır

Dövlət Neft Şirkəti (SOCAR) və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) müşahidə şuralarının razılığı ilə paritet əsaslarla yaradı­laraq Ələt Azad İqtisadi Zonasında qeydiyyatdan keçirilmiş “SA Maritime AFEZCO” birgə müəssisəsinin bazar araşdırmaları nəticəsində alınmış sayca 4-cü “Aframax” tipli tanker istismara verilib.

ASCO-dan verilən məlumata görə, Prezident İlham Əliyevin tapşırığı ilə gə­miyə qədim Azərbaycan torpağının şərə­finə “Xankəndi” adı verilib. Bundan əv­vəl istismara buraxılan “Aframax” tipli digər tankerlərimiz kimi, “Xankəndi”ni də “ASCO Shipmanagement AFEZCO” idarə edəcək. Tanker Türkiyənin Aliağa limanında SOCAR, ASCO, “SA Maritime AFEZCO”nun rəsmi nümayəndələrinin və gəmi heyətinin iştirakı ilə istismara qəbul olunub. Dövlət himnimizin sədaları altında “Xankəndi” tankerində üçrəngli bayrağı­mız qaldırılıb. 

ASCO-nun idarə heyəti sədrinin müa­vini Tariyel Mirzəyev “Xankəndi” tankeri­nin istismara verilməsi münasibətilə bütün dənizçiləri təbrik edib, heyətə uğurlar ar­zulayıb. Tədbirdə, həmçinin gəmi kapita­nına milli suvenirlər təqdim olunub. 

Mərasimdə məhdudiyyətsiz üzmə im­kanlarına malik olan və Xəzərdənkənar sularda üzəcək “Xankəndi” tankerinin istismara verilməsinin Azərbaycan iqti­sadiyyatı və milli gəmiçilik üçün strateji əhəmiyyət kəsb etdiyi vurğulanıb. Qeyd olunub ki, həm “Xankəndi”, həm də di­gər bu tip gəmilərimizdə heyətin milli dənizçi kadrlardan formalaşdırılması əsas prioritetlərdəndir. Artıq bu tip gəmilərin heyət üzvləri sırasında azərbaycanlı də­nizçilər də var. Onlardan ikisi – kapitanın 3-cü köməkçisi Cahangir Yaqubov və 4-cü mexanik Teyyub Məmmədov “Xankəndi” gəmisində işləyir.

Qeyd edək ki, müasir gəmiqayırma­nın son nailiyyətləri əsasında inşa olunan “Xankəndi” tankerinin ümumi yükgötür­mə qabiliyyəti 115 min 521 tondur. Tan­kerin uzunluğu 249,95 metr, eni 44 metr, bortunun hündürlüyü 21,20 metr, suya otu­rumu 15,22 metrdir.

İqtisadiyyat