Birgə əməkdaşlığın növbəti 20 yönü yeni bir tarix yaradacaq
Azərbaycan və Özbəkistan tarixi müstəqilliklərinə qovuşduqdan sonra ikitərəfli əlaqələr dostluq, qardaşlıq və strateji müttəfiqlik müstəvisində inkişaf etməyə başlayıb. Xatırladaq ki, hazırda respublikamız keçmiş sovet müttəfiqi və indiki strateji tərəfdaşı olan dost və qardaş Özbəkistanla qarşılıqlı fəaliyyətdə, eləcə də bir sıra beynəlxalq platformalarda uğurla əməkdaşlıq edir. Məhz bunun nəticəsidir ki, son illər ölkələrimiz arasında münasibətlər özünün ən yüksək inkişaf səviyyəsinə yüksəlib.
Azərbaycan və Özbəkistan prezidentləri İlham Əliyev və Şavkat Mirziyoyevin son illərdəki qarşılıqlı səfərləri ölkələrimiz arasında münasibətlərin möhkəmləndirilməsini daha da sürətləndirib. Bu səfərlər çərçivəsində dövlət başçılarının dostluq və qarşılıqlı etimad şəraitində keçən görüşləri ikitərəfli əlaqələrin, o cümlədən iqtisadi münasibətlərin inkişafını, əmtəə dövriyyəsinin artmasını, nəqliyyat və energetika sahələrində əməkdaşlığın yeni mərhələyə daxil olmasını şərtləndirib.
Ölkələrimiz arasında qabarıq nəzərə çarpan bu dinamizm ticarətin genişlənməsinə müsbət təsir göstərib. Belə ki, 2023-cü ildə mövcud sahədə dövriyyə 232 milyon dollar təşkil edib. Cari ilin yanvar–iyul aylarında isə həmin göstərici 118 milyon dolları ötüb. Hər iki dövlətin iqtisadi inkişafını şərtləndirən bir məqamı da xatırlatmaq yerinə düşər. Özbəkistanda Azərbaycan kapitallı 236 müəssisə, o cümlədən 62 müştərək müəssisə, respublikamızda isə dost ölkənin 70 şirkəti fəaliyyət göstərir. Yeni yaradılan birgə investisiya fondu isə bu uğurlu rəqəmlərin stimullaşdırılmasında mühüm rol oynayır. Hazırda əməkdaşlığın genişlənməsinə bir sıra perspektivli sahələrdə gerçəkləşdirilən təşəbbüslər, məsələn, ipək istehsalı, toxuculuq klasterinin yaradılması və qida istehsalı layihələri mühüm önəm daşıyır.
Azərbaycan və Özbəkistan münasibətlərində daha çox diqqətçəkən məqamlardan biri Qarabağ münaqişəsinin həllində respublikamızın ədalətli mövqeyini dost ölkənin hər zaman dəstəkləməsi olub. Belə ki, Özbəkistan dəfələrlə beynəlxalq təşkilatlar, ikitərəfli və çoxtərəfli görüşlər çərçivəsində dövlətimizin ərazi bütövlüyü ilə bağlı mövqeyini qətiyyətlə dəstəkləyib. Vətən müharibəsindən sonra isə qardaş Özbəkistan işğaldan azad olunmuş torpaqlarımızın bərpa-quruculuq prosesinə fəal qoşulub. Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin bilavasitə təşəbbüsü ilə Füzuli rayonunda bu ölkənin vəsaiti hesabına inşa olunmuş məktəb qardaş özbək xalqının hədiyyəsi kimi yüksək dəyərləndirilib.
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin avqustun 23-də hər iki ölkənin işgüzar dairələrinin nümayəndələri ilə görüşündə də bu barədə ətraflı söhbət açılıb. Dövlətimizin başçısının Özbəkistana indiki səfər çərçivəsində keçirilən biznes-forumda artıq 2 milyard dollar dəyərində layihələr portfeli formalaşdırıldığı bildirilib və bu, uzun bir səyahətin başlanğıcı kimi qiymətləndirilib.
Prezident İlham Əliyev biznes-forumdakı çıxışında Özbəkistanla Azərbaycan arasında əlverişli biznes mühitinin mövcudluğunu, iş adamlarının birgə fəaliyyət göstərməyə və birgə investisiya qoymağa maraq göstərdiklərini diqqətə çatdırıb. Dövlətimizin başçısı bunun səbəbini isə belə əlaqələndirib: “Özbəkistan böyük potensiala malik ölkədir və indi bir növ çiyinlərini, qanadlarını yenicə açır və artıq uçur, amma hələ bir az vaxt, bir neçə il lazımdır ki, bu, sözün bütün mənalarında əsl uçuş olsun. Ölkə çox az dövlətlərdən biridir ki, siyasi sabitlik həm Prezidentin siyasətinə, həm də xalqın Prezidentə münasibətinə əsaslanır. Bu isə biznes üçün çox vacibdir. İrəlini görmək çox mühümdür, iş adamlarının, investorların onların investisiyalarının qorunacağını və məmnunluqla, sevinclə işləyəcəklərini, həmçinin gəlir əldə edəcəklərini bilmələri çox vacibdir. Həmçinin Özbəkistanda yaxşı investisiya mühiti var...”
Dövlətimizin başçısı bu cür əlverişli investisiya mühitinin Azərbaycanda da yaradıldığını, ona görə də özbək investorların respublikamızda işləməyə, sərmayə qoymağa ciddi maraq göstərdiklərini xatırladıb. Prezident İlham Əliyev, eyni zamanda hazırda biznes layihələrinin informasiya dəstəyinə ehtiyac duyulduğunu, bu səbəbdən də biznes strukturlarının sahibkarlıq fəaliyyətində hansı imkanların olmasını, hansı iqtisadi sahənin hökumət üçün prioritet təşkil etməsini bilmələrinə zərurət yarandığını vurğulayıb.
***
Daşkənddə Azərbaycan və Özbəkistanın işgüzar dairələri nümayəndələri ilə görüşdən sonra ümumi dəyəri 520 milyon dollar olan 7 birgə layihəyə start verilməsi mərasimi keçirilib. Həmin layihələr sırasında Özbəkistanda dəyəri 200 milyon dollar olan beşulduzlu mehmanxananın və “The Ritz-Carlton” brendi altında premium-sinif rezidensiyasının tikintisi, Qaşqadərya vilayətinin Qamaşı rayonunda istehsal gücü sutkada 350 ton, layihə dəyəri 20 milyon dollarlıq gips, eləcə də gips-karton məmulatları istehsalı zavodunun inşası, “Agalarov Development” tərəfindən 133 milyon dollarlıq yaşayış komplekslərinin salınması, Azərbaycanda isə tekstil klasterinin yaradılması (Yevlax və İmişli rayonları), toxuculuq fabrikinin tikintisi (Xankəndi şəhəri), Özbəkistan-Azərbaycan dostluq bağının salınması kimi təşəbbüslər (Füzuli rayonu) yer alıb.
Vüsalə CƏFƏROVA,
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri ticarət, investisiya və strateji tərəfdaşlıq sahələrində mühüm önəm daşıyır və ölkəmizin Türk dünyası daxilində əlaqələri gücləndirmək siyasəti ilə uyğun gəlir.
Azərbaycan və Özbəkistan son illərdə iqtisadi əməkdaşlıqda böyük irəliləyiş əldə edib. Belə ki, ötən 5 ildə iki ölkə arasında ticarət dövriyyəsi 3 dəfə artıb. Təkcə cari il bu sahədə artım 20 faiz olub. Hər iki dövlət qarşılıqlı ticarəti 1 milyard ABŞ dollarına çatdırmağı hədəfləyib. Əməkdaşlığın əsas sahələrinə enerji, tekstil, kənd təsərrüfatı və şəhərsalma daxildir.
Səfər çərçivəsində liderlərin birgə İnvestisiya Fondu kapitalının artırılacağı ilə bağlı bəyanatları, “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi ilə Özbəkistanın İnvestisiyalar, Sənaye və Ticarət Nazirliyi arasında ticarət-iqtisadi və investisiya əməkdaşlığının daha da genişləndirilməsi üzrə 2024–2025-ci illər üçün Praktiki Fəaliyyət Planı”nın (“Yol xəritəsi”) imzalanması bu sahədə irimiqyaslı layihələrin icrasına zəmin yaradacaq.
İki ölkə arasında ticarət dövriyyəsi də davamlı yüksəlir. Belə ki, bu sahənin inkişafını ifadə edən göstərici 2019-cu ildə 82 milyon ABŞ dolları olmuşdusa, 2022-ci ilə qədər 183 milyon ABŞ dollarına çataraq təxminən 124 faiz artım qeydə alınıb. Ticarət əlaqələrinin genişlənməsinə 2019-cu il oktyabrın 15-də Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci Zirvə Görüşündə Özbəkistanın şuraya tam üzv kimi qoşulması mühüm təsir göstərib.
Bu ilin I yarısında idxalın əhəmiyyətli dərəcədə artımı, əsasən, sənaye məhsulları, avadanlıqlar, avtomobil və tikinti materialları kimi sahələrə aiddir. İxrac isə daha çox kənd təsərrüfatı, neft və neft-kimya sənayesinə aid məhsullar, eləcə də metal məmulatlarını əhatə edir.
Səfər çərçivəsində dövlət başçılarının iştirakı ilə Azərbaycan–Özbəkistan Ali Dövlətlərarası Şurasının I iclasında strateji əməkdaşlığı daha da gücləndirmək məqsədilə mühüm qərarlar qəbul edilib. Hər iki ölkənin liderləri arasında “Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında Müttəfiqlik Münasibətləri haqqında Müqavilənin” imzalanması tarixi əhəmiyyətə daşıyır. “SOCAR” və “Uzbekneftqaz” şirkətləri arasında imzalanan sənədlər enerji sahəsində əməkdaşlığı daha da inkişaf etdirəcək. Bununla yanaşı, turizm sahəsində 2024–2026 illər üzrə fəaliyyət planı, mədəni əməkdaşlıq üzrə yol xəritəsi, təhsil və elm, ədliyyə, əmək fəaliyyəti, ticarət və iqtisadiyyat, regional əməkdaşlığa dair razılaşmalar nəticəyönümlü layihələri hədəfləyir.
Daşkənddə iki ölkə arasında biznes müqavilələrinin imzalanması, ticarət və investisiya layihələri üzrə əhəmiyyətli anlaşmaların əldə olunması ticarət dövriyyəsinin artmasına böyük töhfə verəcək. Bu addımlar regional inteqrasiyanı gücləndirəcək və dövlətlərin iqtisadi maraqlarını dəstəkləyəcək. Azərbaycanın işğaldan azad olunan Xankəndi şəhərində yüngül sənaye müəssisəsinin yaradılmasının qərara alınması isə özbək xalqının qardaş dəstəyinin ifadəsi kimi mühüm önəm daşıyacaq.